18 may - Beynəlxalq Muzeylər Günüdür

Tarix:18-05-2019, 20:38 Baxış Sayı:59

18 may - Beynəlxalq Muzeylər Günüdür
Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü qeyd olunur.

Manera.az xəbər verir ki, bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” mövzusuna həsr olunub.

Belə ki, ənənəvi mədəniyyət mərkəzləri olmaqla yanaşı muzeylər, həmçinin öz kolleksiyalarının qorunması və interpretasiyasının yeni yollarını axtarırlar. Onlar həm gələcək nəsillər, həm də müasir auditoriya üçün əhəmiyyətli olacaq yeni muzey ənənələri yaradırlar. Artıq bu gün muzeylər ziyarətçilərin innovativ proqramların iştirakçısı ola biləcəyi interaktiv mərkəzlərə çevrilirlər.

Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.

Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.

Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb.

Ötən əsrin 90-cı illərində işğal olunmuş bölgələrimizdə yerləşən tarixi abidə və muzeylərimiz erməni təcavüzkarları tərəfindən qarət olunub və dağıdılıb. İşğal olunmuş torpaqlarımızda 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Onlardan 22 muzey, 4 rəsm qalereyası tamamilə məhv olunub.

Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ