Rafis İsmayılovun 80 illiyi qeyd olunub

Tarix:16-02-2019, 16:49 Baxış Sayı:64

Rafis İsmayılovun 80 illiyi qeyd olunub
Fevralın 15-də Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayılovun anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirilib.

Manera.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan tədbir çərçivəsində qonaqlar, əvvəlcə rəssamın əsərlərindən ibarət sərgiyə baxıblar.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, respublikada mütəmadi olaraq tanınmış mədəniyyət və incəsənət xadimlərinin yubileyləri keçirilir, onların yaradıcılıq gecələri təşkil olunur. Bu istiqamətdə Mədəniyyət Nazirliyi xüsusi olaraq dəstəyini nümayiş etdirir.

Bugünkü tədbirin də bu qəbildən olduğunu söyləyən nazir müavini, Rafis İsmayılovun həyat və yaradıcılığından danışıb, incəsənətin inkişafına verdiyi töhfələrdən bəhs edib.
Rafis İsmayılovun 80 illiyi qeyd olunub
Rəssamın sənət yoluna nəzər salan V. Əliyev qeyd edib ki, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra rəssam, Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında çalışan sənətkar, 30-dan artıq bədii filmin rəsmlərinə quruluş verib. O, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Üzeyir ömrü”, “Qara gölün cəngavərləri”, “Qəribə adam”, “Oxuyur Müslüm Maqomayev”, “1001-ci qastrol”, “Yapon və yaponiyalı”, “Pirverdinin xoruzu”, “Dantenin yubileyi”, “Anın quruluşu”, “Özgə ömür” və “Təhminə” kimi filmlər üzərində işləyib.

Vurğulanıb ki, Rəssam “Danışan işıqlar”, “Xeyir və Şər”, “Göyçək Fatma”, “Lağım” cizgi filmlərinin quruluşçu-rəssamı, habelə “Xətai”, “Metexan”, “Romeyo və Cülyetta”, “Spartak”, “Oliver Tvist”, “Qaçaqlar”, “Kventin Dorvard” və başqa kitabların illüstrasiya müəllifi kimi tanınır. O, həmçinin atalar sözləri, Dədə Qorqud motivləri və xalq mahnıları mövzusunda çox sayda rəsm əsərlərinin müəllifidir.
Rafis İsmayılovun 80 illiyi qeyd olunub
R. İsmayılov 1970-2007-ci illərdə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunmuş 25 bədii filmdə rəsmlərə quruluş verib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, Xalq rəssamı Arif Hüseynov rəssamın yaradıcılığından, insani keyfiyyətlərindən söz açıb, ona yaradıcılıq axtarışlarında uğurlar arzulayıb, yubileyi münasibətilə sənətkarı təbrik ediblər.

Sonda rəssam özü çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, 2003-2005-ci illərdə Azərbaycan Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bir sıra tamaşaların bədii tərtibatçısı olan sənətkarın əsərləri R. Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır. Rəssamın ayrı-ayrı əsərləri yerli və xarici şəxsi kolleksiyalarda da saxlanılır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ