Çağdaş teatr və iqtisadi inkişaf

Tarix:16-02-2019, 13:40 Baxış Sayı:66

Çağdaş teatr və iqtisadi inkişaf
İFTİXAR
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi,
C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrının direktoru.
iftihar-piriyev@mail.ru


Sənətşünaslığın, xüsusən də teatrşünaslığın missiyası yalnız teatrların tarixini araşdırmaq, tamaşaları təhlil, tənqid və təqdir etmək, sənətkarların yaradıcılığını işıqlandırmaq və təbliğ etməklə yekunlaşmamalıdır. Respublikada sağlam teatr mühitinin formalaşmasında aktiv mövqe tutmaq, yaranan ən çıxılmaz vəziyyətlər zamanı, teatrların inkişafı naminə atılacaq mühüm addımlar üçün öz mütəxəssis rəyini ortaya qoymaq, teatrlarda dövrün tələblərinə uyğun islahatların aparılması üçün yaxından iştirak etmək, öz sənətşünas mövqeyini qəti şəkildə bəyan etmək, bilik və bacarığını bu işdə tam olaraq istismara buraxmaq sənətşünasların, xüsusən də teatrşünasların ümdə məslək, vicdan və vəzifə borcudur.

Çünki teatr sənətinin enerji xəzinəsinin bazası təkcə yaranan tamaşaların oynanılması zamanı tamaşaçıların verdiyi impulslar hesabına dolmur, bu baza, ən çox, sənətşünasların verdiyi cərəyanla bitməz-tükənməz dərəcədə yüklənir, dolur, dolğunlaşır, bazanın enerjisi yüksək həddə qədər çoxalır və güclənir. Bir sözlə, sənətşünasların, xüsusən teatrşünasların verdiyi cərəyan, impuls teatr sənətinin enerji bazasının dinamikasının azalmaması və tükənməməsi üçün əsas mənbədir.

Təəssüflər olsun ki, Azərbaycan məkanında bu günə qədər heç bir dövrdə, heç bir sənətşünas və ya teatrşünas tərəfindən teatrlarda hər dövrün tələblərinə uyğun olaraq, islahata duyulan ehtiyacların yerinə yetirilməsi üçün konkret səmərəli təkliflər olmamışdır. Bu səbəbdən də teatr sənətimiz öz axarı ilə bu günə qədər bəzi teatr komponentlərini özünə birləşdirməkdən başqa irəliyə gedə bilməmiş, monoton bir sənət yolu keçmiş, müxtəlif zamanlarda istedadların bacarığı sayəsində olduğu qəlibin içində öz estetik və fəlsəfi qayəsini zənginləşdirsə və zaman-zaman yaradıçılıq modelini yeniləyə bilsə də, fəaliyyət predmetində qlobal dəyişikliyə nail ola bilməmiş, o üzdən də gah intibah, gah tənəzzül etmiş, ölməmək üçün orta yol tutaraq, rentabelsiz müəssisə qismində, sosialist inqlabından əvvəl həm sənətkarların öz məhdud imkanları hesabına, bəzən də sponsorlar hesabına, inqlabdan sonra isə dövlət hesabına yaşamışdır. Bu gün də dövlət hesabına yaşamağa davam etməkdədir. Təəssüflər olsun ki, teatrlarımız hələ də tutduğu bu monoton fəaliyyət üsulundan xilas ola bilmir və xilas olmağın yollarının axtarılması barədə heç düşünmək üçün cəhd belə etmir. Bilməliyik ki, belə yaşam tərzi uzunmüddətli bir zamanı əhatə etmək üçün yetərli deyildir.

Sual doğa bilər ki, nə etməli?.. Fikrimizcə, bu gün teatr sənəti üçün yeni bir dövrün başlanğıcının tam zamanıdır. Ona görə də yeni fəaliyyət mexanizmi yaratmaq, teatr sənətini maddi asılılıqdan xilas etmək üçün səmərəverici islahatlar aparmaq gərəkdir. İslahatlar apararkən, ilk növbədə gücü, teatrların yeni model iqtisadi bazasının yaradılmasına və durmadan, davamlı olaraq zənginləşdirilməsinə yönəltmək lazımdır. Düşünürəm ki, zamanın, dövrün, insan təfəkkürünün bütün sahələrdə, xüsusən texnogen sektorda yaratdığı inqilabi dəyişkənliyin vüsət aldığına istinadən, teatr sənəti, ümumiyyətlə incəsənət sferası da özünün maddi-texniki bazasının gücləndirilməsi istiqamətində inqilabi dəyişiklik hərəkətinə start verməlidir.

Yeni sistemə görə kadr reformasına xüsusi üstünlük verilməlidir. Direktor, baş rejissor idarəçilik sistemi prodüsser fəaliyyət sistemi ilə əvəzləndirilməlidir. Repertuar teatrı fəaliyyət prinsipi ləğv olunmalıdır. Çünki çağdaş teatr, teatr sənətində kult idarəçiliyinin zamanının çoxdan ötdüyünü həyəcan siqnalı ilə səslənməkdədir. Baş rejissorların öz yaradıcılıq qayəsi ilə uyğunluq təşkil edən, bir xətt üzrə qurulan repertuar siyasəti və yaradıcılıq konsepsiyası, bir şəxsin yaradıcılıq yolunun diqtəsində məhdudlaşır. Bu da binar nəzəriyyəsinin qanunları çərçivəsindən o tərəfə inkişaf edə bilməyən bir yeknəsəklik yaradır. Yeknəsəkliyin sonu isə durğunluqdur. Nəzərə alsaq ki, binar nəzəriyyəsinin qanunlarını inkar edən və haqlı olan, elmdə və praktiki reallıqda inqilabi dəyişiklik edən, çağdaş dövrün inkişaf prosesini sürətləndirən, texnogen aləmi ildırım sürəti ilə zənginləşdirən, təxəyyülü sıçrayışla dəyişdirən qeyri-səlis məntiq nəzəriyyəsi müasir dünyanın inkişaf proseslərini günbəgün yeniləyən bir nəzəriyyə kimi aktual və səmərəlidir, o zaman sözsüz şəkildə inanmalıyıq ki, teatrların hazırkı yaradıcılıq prosesi bu nəzəriyyənin qanunlarına tam olaraq ziddir və onun çevik dinamikası ilə ayaqlaşa bilmir.

Ona görə də, hər teatra nəsib olmayan yalnız yüksək sənət nümunəsi ilə yaşamaq xülyası, dünya teatrlarını ölüm faciəsi ilə qarşı-qarşıya qoymuşdur. Təbii ki, istisnalar vardır. Unutmaq lazım deyil ki, yüksək sənət nümunəsinin yaradılması zəngin iqtisadi bazaya söykənir. Teatrların daima dövlət büdcəsi hesabına yaşamalı olmasını mütləq hesab etmək səhvdir. Və ya yalnız yüksək sənət nümunəsi hesab olunan tamaşaların yüksək gəlir gətirə biləcəyinə inanmaq, bu prinsiplə teatrların özünü saxlaya biləcəyini düşünmək də heç doğru deyildir. Çünki bədii keyfiyyətindən asılı olmayaraq, istənilən tamaşa tamaşaçını özünə cəlb edə və etməyə bilər.

Teatrlar büdcə asılılığından xilas olmağın yollarını yalnız səviyyəli tamaşalar yaratmaqla nail ola biləcəyinə özünü inandırmağa çalışmamalıdır, başqa, daha real yollar axtarmalı, özünümaliyələşdirmə sisteminin mexanizmini yaratmalı, dövlət büdcəsinə gəlir gətirə biləcək rentabelli sahəyə çevrilmək üçün özünün iqtisadi xəzinəsinin yeni bazasını qurmalıdır. Bunun üçün də, yüksək sənət nümunələri yaratmaq niyyətində olan hər bir teatr, vəsait əldə etmək üçün öz nəzdində kommersiya strukturu yaratmaqla maddi-texniki bazasını möhkəmləndirməli, həmin struktur hesabına toplanan vəsaitlə asılılıqdan qurtarmaqla yanaşı, özünü yaşatmalı, hazırladıqları tamaşaları istənilən texniki imkanlarla və yüksək bədii tərtibat, geyim və yüksək səviyəli musiqi nümunələri ilə və müasir bədii efektlərlə zənginləşdirməlidir. Yaratdıqları yüksək sənət nümunələri ilə cəmiyyət üçün müxtəlif cəhətlərdən səmərəli olmağa çalışılmalıdır.

Cəmiyyətin fiziki cəhətdən qüsurlu zümrəsinə xeyriyyə tamaşaları oynamalı, orta məktəb və unuversitetlər üçün təmənnasız xidmətlər göstərməli və ya ali məktəb tələbələri üçün endirimli qiymətlərə tamaşalar oynamalı, cəmiyyətin digər üzvlərinə isə mükafatlarla zəngin olan həvəsləndirici “sürpriz bilet”lər satmalı, “sürpriz buklet”lər və “sürpriz təqvim”lər satışını təşkil etməlidirlər. İqtisadi inkişaf dövrünün tələbləri budur ki, teatrlar vəsait qazanmaq üçün bütün kommersiya vasitələri yaratmaqla öz iqtisadi potensiallarıını gücləndirməlidir.

Dövlət universitetlərində olduğu kimi ödənişli hazırlıq kurslarının yaradılması, milli geyimlər və digər geyim növlərinin tikilib satılması, icarəyə verilməsi, mediya qurumlaının (radio, televiziya, qəzet, jurnal, sayt, internet-radio, internet-televiziya və s.), nəşriyyatların, mətbəələrin yaradılması, çap məhsullarının satışı, əyləncə üsullu turizm şirkətlərinin qurulması, ailə təsərrüfatlarının yaradılması, kommersiya dükanlarının açılması və sair bu kimi qanunla qadağan olunmayan, qanunauyğun olan bütün kommersiya vasitələri yaratmaqla öz gəlir mənbəyini genişləndirməlidir. Əldə olunan gəlirlər hesabına teatrın ümumi vəziyyətinin yüksəldilməsi ilə yanaşı, əməkdaşların maaddi-sosial rifahını da yaxşılaşdırılmalıdır.

Yeni teatr, həm yeni şərtlərə uymalı, həm də öz ecazkar təsir qüvvəsi ilə cəmiyyəti ram edənə, sənətin ali missiyası barədə elmi-nəzəri fikirlərə inandırmaq üçün təfəkkürlərdə özünə yer tutana qədər cəmiyyətin tələblərinə cavab verməli və tədricən psixoloji faktora sirayət etməklə, öz sehrinə salaraq, tamaşaçının düşüncə və dərk etmə bazasına daxil olmalıdır. Bununla da, sənətin ecazkar cazibə qüvvəsi ilə bütövlükdə insan təfəkkürünü həm reformanın şərtləri ilə, həm də bu şərtlərin həqiqətini tam aydınladana qədər geniş təbliğat və maarifləndirmə yolu ilə fəth etməlidir. Dediyimiz kimi, istənilənə nail olmaq üçün tamaşaçı tələbinin komponentlərinə üstünlük vermək mütləqdir.

Nədir bu komponentlər? Əlbəttə ki, tamaşaçının üstünlük verdiyi bütün amillər. Tamaşaçı bu gün nəyə üstünlük verir? Heç şübhəsiz ki, ilk növbədə öz iqtisadi vəziyyətinin yaxşılaşmasına, eyni zamanda mənəvi zənginliyə. Bu yolda tamaşaçı hər bir tələbə uyğunlaşmağa hazırdır. Bu amili nəzərə alaraq, biz, həmin istiqamətdə həm tamaşaçıya yardım etməli, həm də öz maraqlarımıza çatmaq üçün illyuziyalar yaratmalıyıq. Demək ki, tamaşaçının maraq dairəsində olan amillərlə onu sehirləmək daha asan və rahatdır. Yəni tamaşaçının tamaşanı görəcək anına qədər onunla əyləncə qurmaq və həmin əyləncə vasitəsi ilə onu salona çəkib gətirmək lazımdır. Əgər biz tamaşaçıya sürprizlərlə dolu olan, içərisində pul və ya qiymətli əşyalarla zəngin olan “sandıqca”lar, yuxarıda qeyd etdiyimiz biletlər, təqvimlər, bukletlər və sair təklif ediriksə, tamaşaçı həmin “sandıqça”ların içindəki sürprizlərə sahib olmaq üçün mütləq reaksiya verəcəkdir. Bu reaksiya ikitərəfli maraqların vəhdətinə çevriləcəkdir.

Bunlara nail olmaq üçün biz teatr mütəxəssislərinin ilk işi reformanın layihəsini peşəkarcasına işləyib hazırlamaq, daha sonra isə həm teatr sənətkarlarını, həm də cəmiyyəti bu struktura adaptasiya etmək üçün durmadan izahatlar verməkdən ibarətdir.

Əminliklə bildirmək istəyirəm ki, yeni teatr reforması bütün incəliyi ilə ərsəyə gətirilsə, mütləq öz səmərəsini verəcək, respublikada yeni özəl və vətəndaşlara təmənnasız xidmət göstərmək məqsədi ilə bələdiyyə teatrlarının yaranmasına və sürətlə inkişaf etməsinə gətirib çıxaracaq, dünyəvi miqyas ala biləc bir yenilik kimi Azərbaycan modeli olaraq ilk və nümunəvi bir örnəyə çevriləcəkdir.

Bu örnəyin yaradılması üçün sənətşünasları və teatr xadimlərini, peşəkar mütəxəssisləri aktuallığa dəvət edirəm.

MANER.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ