Teatrın direktoru mənə dedi: “Ac pişik ətə baxan kimi, sən də...”- Müsahibə

Tarix:13-02-2019, 20:54 Baxış Sayı:108

 Teatrın direktoru mənə dedi: “Ac pişik ətə baxan kimi, sən də...”- Müsahibə
Manera.az GTT-nin aparıcı aktrisası, respublikanın Xalq artisti Naibə Allahverdiyevanın müsahibəsini təqdim edir:

Teatrda vəziyyət necədi?

- Bilirsiniz ki, teatr hər bir aktyorun yaradıcılığında əsas yer tutur. Çünki canlı sənətdir... Və bu baxımdan teatra təsadüfi insanlar gələ bilməz. Kinoda isə bu mümkündür. Sonuncu tamaşam “Öldürsənə məni caniko” oldu. Və çox böyük uğur qazandı. Hazırda isə yeni tamaşalarımız hazırlanır. Məncə ən maraqlı rollar hələ qarşıdadır.

Televiziyaya münasibətiniz ?

- Məncə televiziya sadəcə reytinqə işləməməlidir. Burada əsas ölçü keyfiyyət götürülməlidir, kəmiyyət yox... Televiziya mənəvi-mədəni təbliğata yönəlməlidir. Amma təəssüf ki, sponsorları nəzərə alsaq, belə istisnalar çoxdur. Bununla yanaşı etiraf edim ki, belə səviyyəli, maarifləndirici proqramlarımız da var. Aztvdə “Sabah-Yaradıcılıq emalatxanası” bildiyimə görə yenidən fəaliyyətə başlayır. Bu da sənət adamları üçün sevindirici bir haldır.

Bir aktrisa kimi çəkilən seriallarda görünmürsünüz, niyə?

- Məncə bu sualı rejissorlara yönətsəniz, daha doğru olar. Seriallara gəldikdə isə deyə bilərəm ki, bura təsadüfi aktyorlar daha çox cəlb olunur, nəinki professionallar. Lakin zaman hər şeyi ələkdən keçirir. Və əvvəl-axır keyfiyyət öz sözünü deyir.

Bu gün sənətdə sanki bir xaos əmələ gəlib... Sizcə bunun kökünü nədə axtarmaq lazımdır?

- Vaxtilə televiziyanın qapısına belə yaxınlaşa bilməyən insanlar, hazırda hər gün tamaşaçı zövqünü korlayır. Bayağı musiqi insanı bezdirir. Halbuki, bizim dünya şöhrətli sənətkarlarımız olub. Gənc nəsil məhz onlardan örnək götürməlidir. Bu xaosun yaranmasında təbii ki, bizim də günahımız var. Biz onlara baxmasaq, onları kanallara, məclislərə dəvət etməsək, onlar irəli gedə bilməz.

Populyarlığı zərrə zərə qazanmısız... İndi isə bu çox ucuz başa gəlir... Buna münasibətiniz?

- Mən Naxçıvanda populyar aktrisa idim. Bu teatra məni inzibati işə götürdülər. Heç yadımdan çıxmaz, həsrətlə səhnədəki aktyorların oyununa baxırdım, Teatrın direktoru yanaşıb mənə dedi ki, “Ac pişik ətə baxan kimi, nə vaxta kimi belə baxacaqsan ?”. Bu söz mənim çox xətrimə dəydi və onun arxasınca dedim ki, “Hər zamanın bir hökmü var”... Əziyyətlə qazanılan uğurun ömrü uzun olur...

Sizə həyatda nə stimul verir?.

- Mən insanları sevirəm... Allah hər şeyi sevgiylə yaradıb. Xoşbəxtəm ki, uşaq saflığımı itirməmişəm. Və bunun müqabilində Allah həmişə mənə öz mükafatımı verir. Sənətim, gözəl insanlar, ailəm mənə böyük stimul verir. Yadıma gəlir ki, o vaxt küçəmizdə bir ruhi xəstə qadın vardı. Hamı ona daş atır, onu təkləyirdi. Mən onların qabağını kəsib, buna yol verməməyə çalışırdım. Hələ uşaq ikən dərk edirdim ki, gücsüz insana güc tətbiq olmaz. Həyat bumeranqdı... Heç kəs heç nədən sığortalanmıyıb...

Sizi sevənlərə və sevməyənlərə sözünüz?

- Nə olursa olsun həyatı, insanları sevməyə davam edirəm. Və inanın hər kəsin uğuruna öz uğurum kimi sevinirəm. Məni sevənlərin də sevməyənlərin də canı sağolsun...

P.S O tükü-tükdən seçməyi bacarır. Həssaslığı və saflığı bəlkə qədərindən də çoxdur. İnsanı tərifləməyi də, səhvini üzə deməyi də bacarır. Xoşbəxtəm ki başqalarından fərqli olaraq səni daha yaxından tanıdım. Və hesab et ki, səni ürəkdən sevən, bütün uğurlarına öz uğuru kimi sevinən tamaşaçı və dost qazandın.

Söhbətləşdi: Təranə FEYZULLAYEVAБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ