Taleyi başıbəlalı olan toy - Elvin Nuri yazır

Tarix:11-02-2019, 14:20 Baxış Sayı:90

Taleyi başıbəlalı olan toy - Elvin Nuri yazır
(Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” ixtisasının III kurs tələbələrinin semestr işi kimi hazırlanmış P.O.K. Bomarşenin “Fiqaronun toyu” pyesinin tamaşası haqqında yazı. Kursun rəhbəri ADMİU-nun müəllimi Ruslan İsmayılovdur. Tamaşa 28 Yanvar 2019-cu ildə ADMİU-nun Böyük səhnəsində oynanılmışdır.)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kurs və diplom işi tamaşaları tələbələrin (həm rejissor, həm aktyor tələbələrin) inkişafına olduqca təkan verməkdədir. Müraciət olunan əsərlər həm Azərbaycan, həm də dünya dramaturgiyasının çox sevilən, maraqlı əsərləri sırasına daxil olmuşdur.

Son illərdə ADMİU-nun repertuarı öz rəngarəngliyi ilə seçilməkdədir. Burada tamaşaya qoyulan əsərlər maraqlı səhnə həlləri, rejissor-aktyor işinin rəngarəngliyi ilə göz oxşamaqdadır. K. Abdulla, Elçin, Şekspir, Molyer, Hüqo, Qoqol, Bekket... Bu siyahını çox uzatmaq olar. Bu dəfə də Bomarşe...

Dramaturgiyaya 1767-ci ildə “İki dost” pyesi ilə gələn görkəmli fransız dramaturqu, mütəfəkkiri P. Bomarşe 1770-ci ildə “Yevgeniya” əsərini yazır.

Bundan başqa o, (Bomarşe!) 1775-1792-ci illərdə Trilogiya yazır. Trilogiyaya “Seviliya bərbəri” (1775), “Fiqaronun toyu” (1784), “Günahkar ana” (1792) pyesləri daxildir. Bu trilogiyanın iki əsəri əsasında opera bəstələnir. 1786-cı ildə Motsart “Fiqaronun toyu”, 1816-cı ildə isə Rossini “Seviliya bərbəri” operasını bəstələyir.

Qraf Almavivanın sarayında bu gün təntənəli bir gündür. Yox, heç bir bayram deyil. Bəs nədir?.. Toydur... Qraf Almaviva evlənmir, o, artıq evlidir və öz xanımı Qrafinya Rozinanı dərin məhəbbətlə sevir... Maraqlıdır... Bəs, onda kimin toyudur?.. Fanşettanın?... Ola bilməz... Bağban Antonionun şıltaq, dəcəl qızı Fanşetta hələ balacadır... Bəlkə, bu toy Qrafinyanın musiqi müəllimi Bazilin toyudur?!.. Bu da deyilmiş. Bazilin musiqiyə və “əlahəzrət”i Almavivaya elə başı qarışıb ki, heç nə yadına düşmür. Bu toy, Bomarşenin dediyinə görə, Qrafinyanın himayə etdiyi Kerubinonun da toy təntənəsi deyil. Heç doktor Bartolo və Marselina da toy eləmək fikrində deyillər. Don Briduazonunsa sevgisi yalnız müqəddəs bildiyi forması və pul verib aldığı məhkəmə rəisi vəzifəsinədir.

... Qəribədir... Bəs, bu toy, “başıbəlalı toy” kimin toyudur?.. Ah!.. Yadıma düşdü... Xatırladım... Bu toy Qrafinyanın xidmətçisi Süzanna ilə Qrafın xidmətçisi, saray müdiri “Fiqaronun toyu”dur.
Taleyi başıbəlalı olan toy - Elvin Nuri yazır
Toy günüdür... Hər şey öz qaydasındadır bu toyda... Lakin bir əngəl var, daha doğrusu, əvvəllər sarayda hökm sürən, daha sonra Qraf evləndikdən sonra, ləğv olunan rəzil adətin yenidən gündəmə gəlmə problemi: “Qraf Almavivanın sarayında kim toy edərsə, toy gecəsi gəlin onun yanında qalmalıdır”.

Adəti ləğv etməyinə peşiman olan qraf Almaviva bu gün toyu olacaq Süzannanı əldə etmək istəyir. Bunun üçün yollar fikirləşir... Buna, əlahəzrətinə itaət və sədaqətini bir daha göstərmək istəyən “ikiüzlü nəğməkar” Bazil də yaman can atır... Öz nişanlısına sədaqətindən Qrafın bu rəzil istəyini Qrafinyaya söyləyən Süzanna bir şey fikirləşmək lazım olduğunu bildirir... Və onlar kələk hazırlayıb, Qrafın bütün ümidlərini puç edib, onu utandırır və hamının gözü önündə sədaqətli həyat yoldaşı qrafinya Rozinadan bağışlanmasını istəməsinə nail olurlar. Beləliklə, Fiqaro və Süzannanın toy təntənəsi baş tutur.

Bundan başqa, uşaqlıqda oğurlanmış, sonra “ipək bələkdə və bəzi qızılı şeylərlə birgə” tapılmış Fiqaronun illər sonra tale şirin təbəssümlə üzünə gülür, onu doğma valideynlərinə - Doktor Bartolo və Marselina- qovuşdurur. Onlar hakim Don Briduazonun rəhbərlik etdiyi məhkəmə salonunda təsadüf nəticəsində qovuşurlar.

Bomarşenin qələminin məhsulu olan bu pyes əsrlərin sınağından çıxmış, dəfələrlə həm Azərbaycan, həm də dünya səhnələrində tamaşaya qoyulmuş və geniş tamaşaçı kütləsini özünə cəlb etmişdir.
Taleyi başıbəlalı olan toy - Elvin Nuri yazır
Digər quruluşlardan tamamilə fərqlənən ADMİU-nun müəllimi Ruslan İsmayılovun maskalı oyun üslubunda özünəməxsusluğu ilə seçilən quruluşu (rejissor işi), Nəzrin İsmayılovanın mahnı və rəqslərin (plastik həllərin) təkrarolunmazlığı, bənzərsizliyi tamaşanın daha da baxımlı olmasına lüzum yaradır.

ADMİU-nun “Musiqili teatr aktyoru” ixtisasının III kurs tələbələrinin bir illik zəhməti olan bu kurs işi özünəməxsus quruluşu, rejissor yozumu, rəqs, mahnı, plastik həll və aktyor oyunu ilə fərqlənəcəyi, ADMİU-nun tarixində özünəməxsus yer tutacağı şübhəsizdir. Şübhəsizdir ki, bu tamaşa Sənət Günəşinin parlaq şəfəqləri arasında öz nuru ilə daimi yer tutacaqdır.

Səhnədə gördüyümüz tələbələrin işə olan həvəsi, marağı onların ürəklərindən gözlərinin dərinliklərinə keçmiş, orada əks olunmuş nəhayətsiz (əbədi!) işıq zolağından aydın şəkildə oxunurdu.

Bu tamaşanın ağır yükünü (məsuliyyətini!) öz çiyinlərində daşıyan aktyor-tələbələrin- tamaşanın musiqi və rəqslərinin müəllifi Nəzrin İsmayılova (Qrafinya), Əlizamin Abbasov (Qraf Almaviva), Tural Xəlilbəyli (Fiqaro), Fidan Əliyeva (Süzanna), Hüseyn Sadıqov (Bartolo), Ayşən Əsədova (Marselina), Muxran İsmayılov (Kerubino), Jalə Hacızadə (Fanşetta), Qüdrət Qurbanzadə (Antonio), Elvin Nuri (Bazil), Əli Heydərov (Don Briduazon) bir illik zəhməti, çəkdikləri əziyyəti sonda tamaşaçılar tərəfindən səslənən coşğun alqış nidaları bir andaca unurdurdu...
Taleyi başıbəlalı olan toy - Elvin Nuri yazır
Qeyd edək ki, Antonio rolunun ifaçısı Qüdrət Qurbanzadə, Bazil rolunun ifaçısı Elvin Nuri, Don Briduazon rolunun ifaçısı Əli Heydərov və Fanşetta rolunun ikinci ifaçısı Fəridə Qurbanova ADMİU-nun Teatr sənəti fakültəsinin II kurs tələbələridir.

“Fiqaronun toyu” üçün çəkilən əziyyətin qarşılığı tamaşaçıların uzun sürən səmimi səslənən coşğun alqış nidaları oldu. Gözlənilən nəticə alındı... Bu alqış nidalarını yaradıcı heyəti yeni-yeni qələbələrə doğru aparan yolun başlanğıcı hesab etməmək mümkünsüzdür. Bu alqışlardan stimul alaraq, yeni işlərə imza atmaq həvəsi yaradıcı heyətin ürəyinə əbədi nida kimi öz aydın möhürünü vurdu...

“Fiqaronun toyu” tamaşası bir daha sübut etdi ki, Azərbaycan teatrının, incəsənətinin gələcək taleyi parlaq və işıqlıdır. Və bu gün Azərbaycan incəsənətini zirvələrdə saxlayacaq istedadlı kadrlar yetişməkdədir. Bu cür istedadlar göstərir ki, Azərbaycan incəsənətinin gələcəyi etibarlı əllərdədir!

Elvin NURİ

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ