“Estrada mahnısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Tarix:6-11-2018, 22:14 Baxış Sayı:80

“Estrada mahnısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Noyabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan birinci “Estrada mahnısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Müsabiqə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının dəstəyi ilə reallaşıb.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək müsabiqənin əhəmiyyətindən söhbət açıb.

Bildirib ki, müsabiqədə əsas məqsəd unudulmaz bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlıqla yaratdığı musiqi incilərini örnək götürərək müasir estrada mahnı janrında öz melodik zənginliyi, musiqi və mətnlərin vəhdəti, forma mükəmməlliyi, mətn mövzusunun diqqətli seçimi və mənəvi-estetik səviyyəsi ilə ədəbi-bədii meyarlara cavab verən yeni mahnıları aşkar etməkdir. Ötən ilin dekabrın 8-də elan edilən müsabiqənin 1-ci seçim turuna ümumilikdə 57 peşəkar və həvəskar bəstəkar tərəfindən 87 mahnı təqdim edilib.

Şərtlərə görə müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni mahnılar təqdim edilib. Mahnılar vokal ilə müxtəlif tərkibli instrumental ansambllar və ya estrada orkestri üçün nəzərdə tutulub. Bu ilin mart, aprel aylarında müsabiqənin seçim turları keçirilib, oktyabrın 22-də isə qaliblər müəyyənləşib.

“Estrada mahnısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Qeyd edilib ki, müsabiqəyə təqdim olunan əsərlər Xalq artistləri Firəngiz Əlizadə, Rauf Babayev, əməkdar artistlər Gövhər Həsənzadə və Vüqar Camalzadədən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Sonra qaliblər diplomlarla mükafatlandırılıblar. Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq Rəna Qədimova, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və İlahə İsrafilova layiq görülüb. Bəstəkarlar İttifaqının üzvləri Zabitə Məmmədova, Yalçın Məlikov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Lalə Əhmədovaya isə həvəsləndirici mükafatlar təqdim edilib.

Qeyd edək ki, noyabrın 7-də Heydər Əliyev Sarayında müsabiqə qaliblərinin qala-konserti olacaq.
//azertag.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ