Bir dəfə Şahmar Ələkbərov zəng elədi ki, kinostudiyaya gəlmə... » Manera.Az

Bir dəfə Şahmar Ələkbərov zəng elədi ki, kinostudiyaya gəlmə...

Tarix:9-08-2018, 11:22 Baxış Sayı:98

Bir dəfə Şahmar Ələkbərov zəng elədi ki, kinostudiyaya gəlmə...
Ömür ki var, bir yelkənli qayıqdır...


Bu yazıda milli kinomuzun inkişafında məxsusi xidmətləri olan aktyor, rejissor Şahmar Ələkbərovun yaradıcılıq yoluna nəzər salmaq istərdik.

O, kinoya sərhəd qoşunlarında xidmət edən əsgər Fərrux rolu ilə gəlmişdi. Bu gənc qəhrəmanda səmimiyyətin bütün çalarları birləşib. Sevgiyə sədaqət, öz xidməti borcuna sadiqlik, çətinliyə dözüm və s. bunu deməyə əsas verir. Bu, onun ilk rolu olduğundan istərdim ki, buna qədər keçdiyi həyat yoluna ötəri nəzər salaq.

Ş.Ələkbərov 1943-cü il avqustun 23-də Gəncə şəhərində dünyaya göz açıb. Doqquz yaşı olanda ailə Bakıya köçüb. Sonrakı bütün həyatı bu şəhərlə bağlı olub. Burada orta məktəbi bitirib, Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Üçüncü kursdan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə götürülüb.

Doğrudur, bu teatrda bir sıra uğurlu rollar oynayıb, amma onun sənət yolu daha çox C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə bağlı olub. Azərbaycan kinosunda yaratdığı əvəzsiz rollar ona, sözün əsl mənasında şan-şöhrət gətirib. Şahmar Ələkbərov Adil İsgəndərovun dəvəti ilə kinostudiyanın nəzdində yaradılan Kino aktyorluğu studiyasında oxuyub. “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi faliyyətə başlayıb.

Şahmarın bəxti onda gətirmişdi ki, həm müəllimi istedadlı sənətkar Rza Təhmasib, həm də fəaliyyətə başladığı ilk iş yerində studiyanın rəhbəri Adil İsgəndərov kimi nəhəng rejissorlar olmuşdular. Bu da taledir. Deyilənə görə, Adil müəllimin ona xüsusi rəğbəti var imiş. Onunla hətta zarafat etməyi də xoşlayarmış. Mənə belə bir əhvalat danışıblar. Günlərin birində Şahmar Ələkbərov Adil müəllimə müracət edib ki, rejissor kimi film çəkmək istəyir. Adil müəllim də sözü göydə tutan adam olub. Yaxınlaşıb Şahmara deyib: “Bu kostymun xoşuma gəldi, neçəyə almısan. Mən də istəyərdim, bu parçadan kostyum tikdirim”. Artıq heç nə deməyib – yəni, bu söhbəti qurtar. Bununla da Şahmar müəllimin film çəkmək arzusu yalnız Adil müəllim kinostudiyadan gedəndən sonra reallaşır.

Onun kino qəhrəmanlarını sadalamaqla qurtaran deyil. Mənim onlar arasında daha çox sevdiyim bir obraz var. O, da “Mən ki gözəl deyildim” filmində müharibə illərində uzaq qəsəbələrdən birində sürücü işləyən Məzahirdir. Bu şən, zarafatcıl oğlanın rolu elə bil Şahmar üçün yazılıb. Tamaşaçıya belə gəlir ki, o, filmdə elə özünü oynayır. Məzahir səmimi, pilə kimi yumşaq xasiyyətə malik bir gəncdir. Sevgi duyğuları da çox təmizdir. Yəqin ki, filmi görənlər Məzahirin xaraktercə səmimi, romantik bir gənc olduğunun şahidi olublar. Onu sevməmək olmur. Bütün psixoloji məziyyətləri ilə tamaşaçıda xoş ovqat yaradır. Doğrudur, o, filmin baş qəhrəmanı deyil, amma baş qəhrəman qədər filmin yükünü çəkir.

Şahmar Ələkbərov kinorejissor Tofiq Tağızadənin bu filmindən başqa “Yeddi oğul istərəm”, “Qızıl qaz” filmlərində də maraqlı obrazlar yaratmışdır. Qəzənfər “Yeddi oğul istərəm” filminin qəhrəmanlarından biridir. Aktyorun bu rolu səmimi və yaddaqalandır. Onun ölüm səhnəsini xatırlayıram. Qəqəni “Ölmə, Qəzənfər dayı, ölmə!” deyərək onu qucaqlayarkən, aktyorun sifət cizgilərində heç bir bədbinlik hiss olunmur.
Mən onun tarixi qəhrəmanları barədə də söhbət açmaq istəyirəm. “Babək”də Cavidanı oynayır. Maraqlı tarixi obrazdır. Biz onu döyüş səhnəsində görürük. Qəhrəman kimi öz əqidəsi uğrunda ölümə gedir. “Qatır Məmməd” filmində də baş qəhrəmanı oynayır. Bu filmin taleyi barədə məlumatım var. Belə ki, əvvəlcə onu başqa rejissor çəkirdi və film yarımçıq qaldı. Onu yenidən Xalq artisti, görkəmli operator və rejissor Rasim Ocaqov çəkdi. Baş rola da əvvəl başqa aktyor, sonra isə Şahmar Ələkbərov çəkilmişdi. Qatır Məmməd Gəncəbasarlı xalq qəhrəmanı idi. Aktyor bu obrazı elə əsl qəhrəman kimi yaratmışdı. O da sonda xəyanətin qurbanı olur.
Çoxları düşünür ki, Şahmar həmişə müsbət qəhrəmanları ifa edir, ampluadan çıxa ­bilmir. Amma “Atları yəhərləyin” filmində o, bu ampluadan tamam uzaqlaşır. Onun qəhrəmanı mənfi çalarlı obrazdır. İbrahim Nəbinin yaxşılıqlarını unudur və axırda onun ələ keçirilməsinə yardımçı olur. İman (“Axırıncı aşırım”) müsbət xarakterli obrazdır. Öz əqidəsindən dönməyən, sədaqətli bir insandır.

Onun ekran qəhrəmanları mılli kinomuzun qiymətli nümunələridir və bu gün də sevilə-sevilə baxılır.

Sərbəst film çəkmək arzusu onu rahat buraxmırdı. Həm də səhhətində baş verən problemlər daha onun aktyor kimi işləməsinə imkan vermirdi. Beləliklə, o, rejissor kimi işləməyə qərar verdi və ilk dəfə Gülbəniz Əzimzadə ilə birgə “İmtahan” filmini çəkdi. İctimai motivli bu filmdə Şahmar Ələkbərov, çox böyük həvəslə işləmişdi. Hər şey ona tanış idi. Kamera da, operator işi də, dekorasiyaların qurulması da, aktyor oyunu da ki, öz peşəsi idi. Amma narahatçılığı var idi. Ssenarini Anar özünün “Şəhərin yay günləri” povesti əsasında yazmışdı. Şahmar Gülbəniz Əzimzadə ilə elə rahat işləyirdi ki, elə bil, uzun illər rejissorluq etmişdi. Film ekranlara çıxanda artıq bütün təşvişlərə son qoyuldu. Ssenari müəllifi də, Gülbəniz Əzimzadə də, tamaşaçılar da onun işindən razı qalmışdılar. Şahmar Ələkbərova da bu lazım idi.

Gözəl səsə, xüsusi intonasiyaya və nitqə, peşəkar aktyorluq qabiliyyətinə malik olan ölməz sənətkarın Azərbaycanın məşhur şairi Əliağa Vahid haqqında çəkdiyi “Qəzəlxan” filmi kifayətdir ki, onun rejissorluğundan da ağızdolusu danışasan. Mən bu filmə dəfələrlə baxmışam. Filmdə Vahidin rolunu aktyor Loğman Kərimov ifa edir. Maraqlı filmdir. Filmdə vahid süjet xətti yoxdur. Buna baxmayaraq, şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Müəlliflər ustad şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamlarını lentə almaqla onun ümumiləşdirilmiş bədii obrazını yaratmağa nail olmuşlar.

Mərhum Şahmar Ələkbərovun son ekran işi olan “Sahilsiz gecə” filmi çəkildiyi 1989-cu ildə böyük səs-küyə səbəb oldu. “Sahilsiz gecə”nin baş qəhrəmanı Zibeydə müharibə dövründə əxlaqsızlığa düçar olmuş yetim bir qızdır. Onu bu yola çəkən adamlar arasında bir erməni qadını da var. Həyatının böyük hissəsini bu mühitdə keçirən Zibeydənin mənəvi oyanışı yalnız ahıl yaşında baş verir. Kənddə iki gəncin xəlvəti sevgisinə şahid olan qadın əvvəlcə bu sirri saxlamaq üçün ödənc istəyir, lakin sonra xatirələr burulğanında öz nakam gəncliyini yada salır və fikrindən vaz keçir...

Bu film ekrana çıxdığı gündən böyük mübahisələr doğurdu. “Azərbaycan qadınının keşiyində duran” bəzi şəxslər Şahmar Ələkbərovun ekran işini “daş-qalaq” etdilər. “Sahilsiz gecə” cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan biryolluq itdi. Ona münasibət bu gün də birmənalı deyil.
Hətta aktrisaları hədələyənlər də az olmamışdı. Filmdə baş rola çəkilmiş aktrisa Mehriban Xanlarova vaxtilə maraqlı açıqlamalar vermişdi: “Film nümayiş olunanda bəzi etirazlara səbəb oldu. Həmin vaxt Şahmar Ələkbərov bərk xəstə olsa da, belə şeylərə fikir vermirdi. Çox peşəkar yanaşırdı və deyirdi ki, belə şeylər olur. Amma mənim haqqımda da deyirdilər ki, guya o filmdən sonra məni döyüblər. Bu, tamamilə yalandı. Amma mən bu gün də sevinirəm ki, “Sahilsiz gecə”yə çəkilmişəm. Çünki Şahmar Ələkbərov kimi bir adamla işləmişəm”.

Filmdə erməni qadının obrazını yaratmış mərhum Xalq artisti Nuriyyə Əhmədova isə ömrünün sonunda verdiyi müsahibədə film haqqında daha açıq məqamlara toxunmuşdu: “Bir dəfə Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət doludur, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq, etiraz edib qışqırırlarmış. Sonradan məlum olub ki, bu aksiyanın keçirilməsində kinostudiyada işləyən ermənilərin də əli varmış. Əslində, filmdə etiraz ediləsi məqam yox idi. Orada, sadəcə olaraq, qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə qadınları, özləri də istəmədən, pis yola düçar edir. O vaxt belə mövzuda film çəkmək çətin iş idi, amma Şahmar bunu bacarmışdı. Çox təəssüf ki, o cür ekran əsəri yiyəsiz qaldı.”

Ş.Ələkbərov son tikəsini dostları ilə bölüşən bir adam olub. Sənətdə və dostluqda kamil insan olduğu kimi, ailədə də bunu qoruya bilmişdi. Şahmarla həyat yoldaşı Kəmalə xanım gözəl ailə nümunəsi yarada bilmişdilər. Əldə etdiyimiz məlumata görə, Şahmar Ələkbərovun xanımı və ailə qurmuş əkiz qızları İzulət və Ləman Ələkbərovalar çoxdandır, xaricdə yaşayırlar.

Cəmi 49 il ömür sürmüş qəhrəmanımız bu qısa zamanda çox iş görüb. Onun başlıca missiyası yaxşılıq etmək idi. Kinostudiyanın yaxınlığında yaşayan Ş.Ələkbərov “20 Yanvar” hadisəsində də öz mərdliyini, vətənpərvərliyini sübüt edib. Belə ki, tanklar şəhərə girib dinc sakinlərə hücum edəndə o, xəstə ola -ola onlarla insanı atəş altından çəkib aparıb, səhərə qədər evində saxlayıb.

Amansız xəstəlik sənətkara həddindən artiq əziyyət versə də, son günə qədər onu sevdiyi işindən ayıra bilməyib. Müalicə üçün Almaniyaya aparıblar, oradan çox pis vəziyyətdə qayıdıb. Beləliklə, əlacsız xəstəlik onu həyatdan aparıb.

Bu gün Şahmar müəllim aramızda yoxdur. Amma ömrünü həsr etdiyi qiymətli rolları, dəyərli filmləri onu unudulmağa qoymur. Demək olar ki, hər gün televiziyada onun çəkildiyi, dublyaj etdiyi və çəkdiyi filmlər tamaşaçıları onunla yenidən görüşdürür. Radioda səsləndirdiyi və bu gün qızıl fondda saxlanılan verilişlərini dinləyirik. Xalqımız milli sərvətimizə çevrilmiş bu sənət əsərlərinin müəllifini heç zaman unutmayacaq.

M.MÜKƏRRƏMOĞLU
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ