III Şəki Beynəlxalq Teatr Festivalına start verilib

Tarix:14-05-2018, 17:27 Baxış Sayı:184

III Şəki Beynəlxalq Teatr Festivalına start verilib
Festivallar şəhəri kimi tanınan qədim Şəki daha bir beynəlxalq festivala ev sahibliyi edir.

MANERA.AZ xəbər verir ki, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalına start verilib.

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.

Mayın 19-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, İran, Gürcüstan, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri iştirak edirlər.

Festival iki istiqamət üzrə - milli və beynəlxalq mərhələdə keçirilir. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatr kollektivi mayın 12-dən 18-dək respublikanın müxtəlif bölgələrində tamaşalar nümayiş etdirəcək. Bölgə tamaşaçıları respublikanın aparıcı teatr kollektivlərinin hazırladığı bir-birindən maraqlı səhnə əsərlərini izləmək imkanı qazanacaqlar.

Beynəlxalq proqram çərçivəsində tamaşalar mayın 12-dən 17-dək Şəki şəhərində, bir tamaşa Lənkəranda, iki tamaşa isə mayın 18-19-da Bakıda oynanılacaq.

Festivalın təntənəli açılış mərasimində təşkilatçı qurumların rəsmiləri, tanınmış teatr və incəsənət xadimləri, qonaqlar, həmçinin şəkili teatrsevərlər iştirak ediblər.

Mərasimdən əvvəl festival iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucalan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Sonra tədbir iştirakçıları teatrın foyesində Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edən sərgi ilə tanış olublar.

Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, belə bir mötəbər teatr bayramının Şəkidə keçirilməsinə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə şəhər sakinləri, teatrsevərlər adından minnətdarlığını bildirib. Qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki artıq festivallar şəhərinə çevrilib. Hər il bu şəhərdə 3-4 beynəlxalq festival keçirilir.

Elxan Usubov bildirib ki, milli-mənəvi dəyərlər insanları birləşdirən əsas amildir. XIX əsrin 70-ci illərində təşəkkül tapan Azərbaycan peşəkar teatr sənəti xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, təbliği, estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayır.
III Şəki Beynəlxalq Teatr Festivalına start verilib
Qeyd olunub ki, qədim mədəniyyətə malik olan Şəkidə teatr sənətinə maraq böyükdür. Bu şəhərdə teatr sənətinin tarixi ənənələri var. 1879-cu ildə Şəkidə ilk dəfə Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası tamaşaya qoyulub. 1933-1950-ci illərdə Şəkidə fasilələrlə Dövlət Dram Teatrı, 1959-1975-ci illərdə isə xalq teatrı fəaliyyət göstərib. 1975-ci ildən fəaliyyət göstərən və öz dəsti-xətti ilə seçilən Şəki Dövlət Dram Teatrının səhnəsində Azərbaycan dramaturqları ilə yanaşı, dünya klassiklərinin də əsərləri tamaşaya qoyulub. “Hesab edirəm ki, III Şəki Beynəlxalq Teatr Festivalı şəhərimizin mədəni həyatında mühüm hadisəyə çevriləcək”, - deyə Elxan Usubov bildirib.

Mərasimdə mədəniyyət nazirinin müavini Ədalət Vəliyev çıxış edərək, 145 illik tarixi olan Azərbaycan teatrının keçdiyi şərəfli yola qısa nəzər salıb, son illər teatrlarımızın qazandığı uğurlardan danışıb.
III Şəki Beynəlxalq Teatr Festivalına start verilib
Üçüncü dəfə keçirilən və teatr ənənələrimizdən birinə çevrilən festivala marağın həddən artıq böyük olduğunu vurğulayan nazir müavini beynəlxalq festivalda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən 60-dan çox təklif daxil olduğunu diqqətə çatdırıb.

Açılış mərasimindən sonra tamaşaçılar İranın “Titovak” teatrının kollektivinin Şekspirin “Maqbet” faciəsi əsasında hazırladığı “Maqbet-Zar” əsərinə tamaşa ediblər.

Uğurla başa çatan tamaşanın sonunda teatrın yaradıcı kollektivinə Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından hədiyyələr təqdim olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ