Bu il ölkəmizin musiqi həyatında hansı yeniliklər baş verib?

Tarix:3-01-2018, 13:28 Baxış Sayı:50

Bu il ölkəmizin musiqi həyatında hansı yeniliklər baş verib?
Musiqi hissin uğultusudur, deyirlər. Onu insanların universal dili də adlandırırlar. Musiqi həm də sirli bir xəzinədir. Elə bir xəzinə ki, bitib-tükənməz, gah xoş əhval yaradar, gah kədərləndirər, ya da riqqətə gətirər.

Zəngin musiqi ənənələrinə malik olan ölkəmizin bu il musiqi həyatında hansı hadisələr yaşanıb, nə kimi yeniliklər baş verib?

Manera.az bu suallara cavab tapmaq üçün ölkənin musiqi həyatında baş verən hadisələri diqqətinizə çatdırır.

Bu il Prezident İlham Əliyevin sərəncamları ilə görkəmli bəstəkarlar, Xalq artistləri Tofiq Quliyev və Cövdət Hacıyevin 100, Emin Sabitoğlunun 80, dünya şöhrətli müğənnilər, SSRİ Xalq artistləri Şövkət Məmmədovanın 120, Müslüm Maqomayevin 75, Mstislav Rostropoviçin 90 illik yubileyləri qeyd olunub. Cövdət Hacıyevin yubileyi ilə bağlı tədbirlər il ərzində bir sıra xarici ölkələrdə də keçirilib.

Rusiyanın Tver vilayətinin Vışniy Voloçek şəhərində M.Maqomayevin yubileyi münasibətilə musiqiçinin adına verilmiş küçənin və sənətkarın barelyefinin açılışı olub. Həmçinin dövlət başçısının Sərəncamı ilə Azərbaycan professional vokal ifaçılığının banisi, SSRİ Xalq Artisti Bülbülün anadan olmasının 120 illiyi ölkəmizin təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlərlə qeyd edilib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illiyi münasibətilə təşkil edilən mərasim də ilin yaddaqalan tədbirlərindən olub.

Dövlət başçısının sərəncamları ilə Xalq artistləri, maestro Rauf Abdullayev və görkəmli pianoçu Fərhad Bədəlbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olunmaları ölkə rəhbərliyinin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. R.Abdullayevin 80, F.Bədəlbəylinin 70 illik yubileyləri münasibətilə böyük konsert proqramı musiqisevərlərə gözəl ərməğan olub.

Paytaxtımızda Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 23-dən 27-dək keçirilən IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı Rusiya, Avstriya və Almaniyadan tanınmış musiqiçiləri, kollektivləri bir araya gətirib.

Tanınmış müğənni, bəstəkar Emin Ağalarov, məşhur rusiyalı media meneceri, prodüser Sergey Kojevnikov və Rusiyanın Əməkdar Artisti, müğənni Qriqori Lepsinin birgə layihəsi olan beynəlxalq “JARA” musiqi festivalı iyulun 27-dən 30-dək yenidən estrada həvəskarlarını Xəzər dənizi sahilinə toplayıb. Festival bu dəfə də bir-birindən maraqlı konsert proqramları ilə əsl musiqi bayramı ovqatı yaşadıb.

İlin yaddaqalan mədəniyyət hadisələrindən biri də Şəkidə keçirilən “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı olub. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iyulun 29-dan avqustun 3-dək IX Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilib. Builki festivalın konsertləri Qəbələ ilə yanaşı, Şəki və İsmayıllıda da təşkil olunub. Festivalın iştirakçıları arasında respublikanın tanınmış musiqiçiləri Murad Adıgözəlzadə, Azər Rzazadə, İsfar Sarabski, eləcə də xarici ölkələrdən Janna Qandelman (İsrail), Mixael Sladkin (ABŞ), Dmitri Yablonski (ABŞ), Canluicci Sartori (İtaliya), Mojca Zlobko Vaygl (Sloveniya), Nomeda Kazlaus (Litva) və digərləri yer alıb. Festival çərçivəsində tamaşaçılar açıq havada konsert proqramlarında klassik musiqilərin qəlbləri riqqətə gətirən sədası ilə Azərbaycanın əsrarəngiz təbiətindən zövq alıblar.

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 26-dək keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı ənənəsinə sadiq qalaraq Azərbaycan musiqiçiləri ilə yanaşı, Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna və İrandan tanınmış musiqiçiləri bir araya gətirib. Hər il olduğu kimi, bu dəfə də festival çərçivəsində konsertlər, konfranslar, ustad dərsləri təşkil edilib.

Oktyabrda gerçəkləşən növbəti Beynəlxalq Caz Festivalı isə paytaxtımızda əsl caz ab-havası yaradıb. Festival bu dəfə də dünyanın məşhur ifaçılarını Bakıya toplayıb və zəngin proqramı ilə zövqləri oxşayıb.

Bu il ilk dəfə olaraq dahi bəstəkar Qara Qarayev musiqisi orqan alətinin cazibəsində təqdim edilib. Qara Qarayev sənətinin vurğunları ümumbəşəri və milli ənənələri bir araya gətirən bəstəkarın əsərlərini orqan aləti üçün işlənmiş variantda dinləmək imkanı qazanıblar. Layihənin ideya müəllifi tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq idi.

Ölkəmizin musiqi mühitində səbirsizliklə gözlənilən musiqi hadisələrindən biri də, təbii ki, muğam müsabiqəsi layihəsidir. Bu il martın 14-də altıncı “Muğam televiziya müsabiqəsi”nə start verilib. Müsabiqəyə 20 iddiaçı vəsiqə qazanıb. Xatırladaq ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilib.

Bu il mütəfəkkir şair Nəsiminin vəfatının 600 illiyinə həsr edilən tədbirlər silsiləsindən aprelin 7-dən 9-dək Amsterdamda Xalq Artisti Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası keçirilib. Avqustun 25-dən 30-dək Özbəkistanın Səmərqənd şəhərində keçirilən ənənəvi “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalında ölkəmizi təmsil edən istedadlı tarzən, Beynəlxalq müsabiqələr laureatı, Əməkdar Artist Sahib Paşazadə və Əməkdar Artist, nağara ifaçısı Kamran Kərimov müsabiqənin “Qran-Pri” mükafatına layiq görülüb.

Yola salmaqda olduğumuz ilin ən yaddaqalan hadisəsi isə, sözsüz ki, Koreya Respublikasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan və İranın birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” nominasiyasının təşkilatın Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi olub. Nominasiya sənədi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin İran tərəfi ilə birgə əməkdaşlığı şəraitində təqdim edilib. Kamançanın bu təşkilatın siyahısında yer alması milli musiqi sənətimizin beynəlxalq aləmdə təbliğinə mühüm töhfə olmaqla yanaşı, muğam sənətimizin bütöv şəkildə dünyaya inteqrasiyası deməkdir.

Bütün bu sadalananlar deməyə əsas verir ki, ölkəmizin musiqi həyatı ötən illərdə olduğu kimi bu ildə əlamətdar hadisələrlə zəngindir.
/azertag.az/
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ