Miniatürün gəncliyi - Ziyadxan Əliyev yazır

Tarix:6-12-2017, 12:20 Baxış Sayı:26

Miniatürün gəncliyi - Ziyadxan Əliyev yazır
Rəssam Günay Mehdizadənin qədim ənənəyə müasir münasibəti


Hələ orta əsrlərdə yaranan və Şərq, o cümlədən də Azərbaycan təsviri və tətbiqi sənətində ortaq ifadə vasitəsi kimi mövcud olan miniatür üslubunun zamanın axarında duyulası evolyusiyaya uğraması danılmazdır. Etiraf edək ki, XX əsrin ilk və son qərinələrində əski bədii ənənəyə rəssamlarımızın müxtəlif nəsilləri yaradıcı münasibət göstərməyə səy göstərsələr də, onların məlum üsluba ənənə və müasirlik həlli kontekstində yanaşa bilməmələri üzündən göstərdikləri təşəbbüslər arzulanan nəticəni verməmişdi.

Ölkəmizin müstəqillik qazanmasından sonra təsviri sənət məkanında yenidən miniatür ənənələrinin dirçəldilməsinə yeni təşəbbüslər göstərildi. 2008 və 2010-cu illərdə təşkil olunan “Şərqdən-Şərqə” sərgilərinin iştirakçıları ilə yanaşı, ayrı-ayrı rəssamların da münasibəti göstərdi ki, onlar öz yaradıcı potensialını bu sahədə yeni və özünəməxsus bədii tutumda ifadə etməyə qadirdirlər. Belə yaradıcılardan biri də ilk əsərləri ilə sənətsevərlərin rəğbətini qazanan Günay Mehdizadə olub...

Əslində onun rəssamlar üçün o qədər də ənənəvi olmayan yaradıcılıq bioqrafiyası kimlərəsə çox qəribə və təzadlı da görünə bilər. Əgər təsviri sənət sahəsində professional təhsil almayan və ixtisasca kompüter mütəxəssisi olan Günayın rəssamlığa meyil göstərməsi bu təzadın yarısıdırsa, onun çoxları kimi müasir texnikanın bədii imkanları əsasında kompüter qrafikası nümunələri yaratmaq əvəzinə, rəngkarlığın klassik ifadə formalarına müraciət etməsi bu qəribəliyin digər və çox önəmli hissəsidir. Özü də əgər Günay çoxları kimi ənənəvi bir yaradıcılıq - bədii ifadə yolu seçsəydi, yəqin ki, əsərləri başqalarından fərqlənməz və bir o qədər diqqət çəkməzdi. Bu mənada onun qədim milli mənəvi qaynaqlarımıza diqqəti və onlara yaradıcı və özünəməxsus yanaşması nəticə etibarilə yeni bədii-estetik tutumlu olmuşdur.

Qənaətimizcə, bu prosesdə onun yaradıcılığı boyu miniatür ənənələrini improvizə etməklə öz dəstxətini tapmış görkəmli fırça ustası, respublikanın Əməkdar Rəssamı Bəyim Hacıyevadan dərs almasının önəmli rolu olmuşdur. 2006-cı ildən sonrakı müxtəlif respublika sərgilərində davamlı iştirakının dəyərləndirilməsi və onun Azərbaycan Rəssamlar İttifaqına üzvlüyə qəbul edilməsini də Günay Mehdizadənin yenicə gerçəkləşməyə başlayan bədii axtarışlarına rəsmi dəstəyin ifadəsi hesab etmək olar...

Bu yerdə qeyd edək ki, qədim miniatürlərlə anım yaradacaq əsərlər yaratmaq hər bir rəssamdan milli bədii-fəlsəfi dəyərlərimizə, Şərq və müsəlman mədəniyyətinə dərin bələdçilik tələb edir. İndiki durumda Günay Mehdizadənin müxtəlif mövzulu əsərlərində həmin əski ənənələrə yaxınlıq, onların müasir təfsirinə meyil duyulur.

Ən maraqlısı gənc rəssamın cəmisi-altı-yeddi ili əhatə edən yaradıcılığında öz bədii axtarışlarını yeni-yeni bədii keyfiyyətlərlə zənginləşdirməsidir. Belə ki, əgər o, miniatür üslubuna tapınan axtarışlarında əvvəlcə formaların daha bütövlüyünə, rənglərin dekorativ-lakonik biçiminə meyilli idisə, sonrakı dövr əsərlərində o, bu bədii keyfiyyətləri forma-biçimin “paralanmış” hissələrinin məcmusunun yaratdığı bədii-estetik tutumun təsirliliyinə nail olmuşdur.

Bunu həm birinci mərhələnin ifadəsi olan “Ailə”, “Nənə”, “Qonşular”, “Məhsul bayramı”, “Mahnı”, “Nar nağılı”, “Küpələr”, “Novruz”, “Rəqs”, “Mis qablar” və “Gənclik” lövhələrində, həm də “Qırmızı ağaclar”, “Meyvələrlə natürmort”, ”Güllər”, “Güldanla natürmort”, “Nar və ağ kuzələr”, “Qədim qablar”, Milli qablarla avtoportret” və s. əsərlərində müşahidə etmək mümkündür...

Bu il qardaşlaşmış İzmir və Bakı şəhərlərində Azərbaycanın respublika və müstəqillik günlərində baş tutan “Rənglərin qardaşlığı” sərgisi rəssamın davamlı olaraq apardığı axtarışlarına əyani baxış oldu. Həm Türkiyə, həm də sənətsevərləri, eləcə də daha tələbkar həmkarları onun yaratdıqlarının timsalında miniatürün “gəncləşən” və bu halda əski təravətini itirməyən bədii improvizələrinə şahidlik etdilər.
Miniatürün gəncliyi - Ziyadxan Əliyev yazır
İzmirdə onun “Azərbaycan qardaşlıq və iş birliyi dərnəyi”nin fəxri üzvü seçilməsi, onun sənət uğurları ilə yanaşı, həm də son illərdə Türkiyə və Azərbaycan arasında “mənəvi körpü” rolunu oynamasının dəyərləndirilməsi kimi qəbul olundu. Onun Türkiyə Respublikasının qurucusu Atatürkə həsr etdiyi portretin bu gün görkəmli dövlət xadiminin Ankaradakı ev-muzeyində sərgilənən yeganə rəssamlıq əsəri olması da ilk növbədə azərbaycanlı yaradıcının istedadına olan rəğbətin ifadəsidir.

Bakı sərgisinin kuratoru olan Günay xanım gördüyü müxtəlif səpgili maraqlı işlərlə həm də yaxşı təşkilatçı olduğunu da təsdiqlədi. İki qardaş ölkə rəssamlarının birgə sərgisi ərəfəsində onun əsərlərinin miniatürün dünəninə və bu gününə həsr olunmuş məruzə fonunda Türkiyənin Azərbaycandakı səfirliyində nümayişi də “Rənglərin qardaşlığı”nın yaddaqalan hadisələrindən oldu...

Günay Mehdizadənin ərsəyə gətirdiyi bədii nümunələri dəyərləndirməli olsaq, öncə onlarda müəllifin rənglərin təsirliliyini bütün tutumu ilə göstərmək bacarığının mövcudluğunu qeyd etməliyik. Belə ki, o, insan, təbiət və təbii nemətlərin bədii görkəm almasında istifadə etdiyi nikbin rənglərin ən müxtəlif çalarlarının belə əsərin ümumi ruhuna qata biləcəyi ovqatı arzulanan tutumda göstərməyə nail olmuşdur. Bunun tamaşaçıda duyğulandırıcı ruh yaratması kifayət qədər görünəndir. Təbii ki, gənc rəssam bu prosesdə avropalılar kimi kolorit bütövlüyü əvəzinə, qədim miniatürçü sələfləri kimi rənglərin harmoniyasını əldə etməyə çalışmışdır. Odur ki, “ilahi nuru”na bələnmiş gerçəklik təəssüratı yaradan bədii görüntülər qeyri-adi dərəcədə cəlbedici və təsirlidirlər...

Mövzu seçimindən tutmuş onların bədii şərhinə kimi milli dəyərlərimizə tapındığını sərgiləməkdə davam edən Günay Mehdizadə müxtəlif ovqatlı bu əsərlərində -yığcam detallardan təşkil olunmuş kompozisiyalarında onu koloritli adət-ənənələrimizin, zəngin etnoqrafiyamızın və geyim mədəniyyətimizin bilicisi kimi görürük. İstedadlı fırça ustasının rənglərin harmoniyasını uğurla ovqat ifadəsinə yönəldə bilməsini də onun qədim ənənələrə yaradıcı münasibətinin nəticəsi saymaq olar.

Sonda deyək ki, yaradıcılıq axtarışlarında davamlı mövqe nümayiş etdirən rəssam ərsəyə gətirdiyi əsərlərlə həm real-gerçəkçi, həm də qədim bədii ənənələrin ifadə imkanlarının nəhayətsizliyini nümayiş etdirməyə nail olmuşdur. Düşünürük ki, haqqında söz açdığımız əsərləri hər bir yaradıcını sayagəlməz sınaqlara çəkən sənət yolunda onun uğurlu gələcəyinə zəmanət verən yaddaqalan nümunələrdir. İnanmaq istərdik ki, Günay xanımın adı çox tezliklə sənətsevərlərin sərgi salonlarında arayacaqları imzaya çevriləcəkdir. Bunun üçünsə qədim miniatürə “gənclik təravəti” verən rəssamın yaradıcılıq potensialı kifayət qədərdir...

Ziyadxan Əliyev,
Əməkdar İncəsənət Xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ