Oxunub : 79 | Tarix : 16-11-2016, 19:20 | Bölmə: Medeniyyet

Səhnədə “Maraqlı fiqur və ya siçan qadın”


Son illər maraqlı teatr layihələri, sənət axtarışları ilə seçilən M.Teatr-"Mənim Teatrım" daha bir premyerası ilə tamaşaçılarının görüşünə gəldi.
Belə ki, noyabrın 13-də sənət qrupunun quruluşunda yeni tamaşanın premyerası oldu. "Mənim Teatrım"ın yaradıcısı, Əməkdar artist Vidadi Həsənov və istedadlı aktrisa Zümrüd Qasımovanın iştirak etdiyi "Maraqlı fiqur və ya siçan qadın" tamaşasının premyerası Azərbaycan Dövlət Kukla Teatrında baş tutdu.
Frans Kafkanın "Çevrilmə " povesti və Pərviz Seyidlinin eyniadlı hekayəsinin motivləri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Vidadi Həsənov, bəstəkarı Azər Hacıəsgərli, səhnə tərtibatçısı H.V. İsmail, geyim üzrə rəssamı Leyla Əliyevadır.
Maraqlı səhnə həllinin baş qəhrəmanı əyalətdən şəhərə gələn sadəlövh bir qızdır. Böyük şəhərə həyatını qurmağa gələn gənc qızın bütün hissləri, arzuları, böyük və parlaq xəyalları puç olur. Elə şəhərə ilk addımını atdığı andan onu izləyən gənc fotoqraf qızın bütün həyat yolunu dəyişməyə müyəssər olur. Birlikdə oxuyan gənclərin hissləri onlara mənəvi sarsıntıdan başqa heç nə vermir. Belə ki, getdikcə oğlana aşiq olan gənc qız əslində bir yaradıcı insanın fiquru, özünün təbirincə desək “təcrübə siçanına” çevrildiyini dərk edir. Zamanla bu ağrılar intiqam hissinə çevrilərək qadının boş qəlbində özünə böyük yer tutur və sonda onu özünün də istəmədiyi adama çevirir...
Tamaşada qadın ağrısı, qadın faciəsi var. Zümrüd Qasımova arzuları puç, xəyalları darmadağın olan bədbəxt qadının taleyini tamaşaçıya bütün çılpaqlığı ilə çatdıra bilib. Tamaşa ərzində daxili səsi ilə danışan, illərlə fiqur kimi baxdığı qadına səssiz əzab verən, etinasız yanaşan Vidadi Həsənovun kişi obrazı da maraqlı və baxımlıdır.
Anşlaqla keçən tamaşanın sonunda yaradıcı heyəti səhnəyə dəvət edən Vidadi Həsənov tamaşaçılara və "Mənim Teatrım"a dəstək olan hər kəsə təşəkkürünü bildirdi.

Turan Etibaroğlu
Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər