Bernardo Bertaluççi kim idi? - Nekroloq

Tarix:3-12-2018, 12:27 Baxış Sayı:42

Bernardo Bertaluççi kim idi? - Nekroloq
Bir neçə gün öncə vəfat edən əfsanəvi italiyalı kinorejissor Bernardo Bertaluççi haqqında “The Guardian” qəzetində çıxan nekroloqu təqdim edirik:

Öz nəslinin ən görkəmli rejissorlarından biri kimi tanınan Bernardo Bertaluççi 77 yaşında vəfat etdi. O, dünya şöhrətini əsasən “Parisdə son Tanqo” (1972) əsərindəki açıq-saçıq səhnələrlə qazanmışdı. Bu kinoda o, orta yaşlı bir amerikalı kişi ilə gənc fransız qadın arasındakı ağrılı, sevgisiz və nəşəsiz münasibəti göstərmiş, film haqqında isə bu sözləri demişdi: “hər bir seksual münasibət mühakiməyə məhkumdur”.

Bu kinodan 15 il sonra o, “Sonuncu İmperator”la (1987) ən böyük beynəlxalq zəfərini qazandı, film 9 “Oskar”a layiq görüldü. Bertaluççiyə görə, kino “əsl poetik dildir”, bu iddianı onun bütün filmləri təsdiq edir. O, əslində sənətə birinci şair kimi başlamışdı, onun “Sirrin axtarışı” şeirlər toplusu 1962-ci ildə “Viareggio” mükafatını qazanmışdı (atası da bu mükafatı ondan əvvəl qazanıb).

Bernardo tanınmış italyan şair Attikio Bertoluççinin və müəllimə Ninettanın oğludur. Uşaqlığında o, tez-tez atasıyla doğulub böyüdüyü Parma şəhərinin kinoteatrına gedərdi. 16 yaşında olanda o, ilk dəfə 16mm-lik filmlər çəkməyə başladı. Atasının vasitəsiylə şair Pyer Paolo Pazolini ilə tanış oldu, Pazolini 1961-ci ildə ilk filmi “Accatone”ni çəkəndə Bernardonu prodakşn köməkçisi kimi işləməyə dəvət etmişdi.

Bir il sonra o, Pazolinin 5 səhifəlik hekayəsi əsasında özünün ilk kinosunu – “Qüssəli oraqçı”nı çəkdi. Kino Romadakı bir fahişənin ölümünün təhqiqatı idi, cinayətin sonrakı günü müxtəlif insanlar hadisəyə müxtəlif bucaq altından baxırdılar. Film boyunca gözə dəyməyən müstəntiqə danışılan hər bir epizod fərqli üslubda lentə alınmışdı. Rejissorun etiraf etdiyi kimi bu, “heç vaxt 35mm-də çəkiliş etməyən, amma çox sayda filmə baxan bir insanın filmi idi“.

“İnqilabdan əvvəl” (1964) olduqca məhrəm bir filmdir. Burada radikal siyasətlə komfort VƏ gənc xalası ilə yaşadığı coşğun məhəbbətlə burjua evliliyi arasında qalan orta sinifdən olan eqoist bir oğlanın problemlərindən danışılır. O hər iki cəbhədə uğur qazanacağına ümid edir. Film əsas etibarilə Stendalın “Parmadakı qocalar evi” romanı əsasında çəkilib. Texniki cəhətdən mükəmməl olan filmdə sonrakı filmlərində də öz əksini tapdığı kimi Bertaluçinin mövzuları bir-biriylə əlaqələndirmək istedadı gözə çarpır, məsələn, sitayiş edilən ata ilə siyasətdəki libido arasındakı əlaqə. Buna baxmayaraq, filmdəki qəhrəman kimi Bertaluççinin də yanaşmasında diletantlıq elementləri var.

Bu təəssürat onun 1968-ci ildəki “Partnyor” filmində daha da güclənir. Jan Lui Qodarddan açıqca təsirləndiyi görünən film sözün həqiqi mənasında iki hissəyə bölünməklə iki nəfər olan bir gənc adamdan bəhs edir. Dostoyevskinin “Oxşar” adlı qısa romanından götürülən hekayə 1968-ci ilin Romasına uyğunlaşdırılıb, filmin əsas qəhrəmanı olan Pyerre Klementi başqaları italyanca danışdığı halda fransızca danışır. Eyni ildə Bertaluççi Serjio Leonenin “Bir zamanlar Qərbdə” filmində də ssenaristlərdən biri kimi yer almışdı.
Bernardo Bertaluççi kim idi? - Nekroloq
Bertoluççini qüvvələrini əvvəllər “İnqilabdan əvvəl” kinosunda operator kimi işləyən kinematoqraf Vittorio Storaro ilə birləşdirdikdən sonra şöhrəti daha da artdı. “Hörümçəyin strategiyası” (1970) onların direktor və fotoqrafiya dizayneri kimi birlikdə çəkdikləri 8 filmdən birincisi idi, onlar Xorxe Luis Borxesin “Satqının mövzusu“ hekayəsini “İrlandiyadan İtaliyaya gedən qəhrəman”a asanlıqla dəyişdirmişdilər. İlkin qaynaq nə qədər edipvari və labirintvari olsa da, filmdə Po vadisinə gələrək 1936-cı ildə faşistlər tərəfindən qətlə yetirilən atasının kəndini ziyarət edən oğlandan bəhs edilir, əslində isə onun qəhrəman hesab etdiyi atası bir satqın idi.

“Konformist” (1970) filmində Bertoluççinin Froydian və siyasi qayğıları bir yerə gəlir və müharibədən əvvəlki İtaliyanı (Storaro tərəfindən gözəlcə göstərilib) ironik şəkildə araşdırır, adi faşizm düşüncəsinə nüfuz etməyə çalışır.

Konformist

Uşaqlıqda onun təhrik etməyə çalışan sürücünü güllələməsi və basdırılmış homoseksuallığı Marsello üçün burjua evliliyinə razılıq vermək və faşist partiyasına öz xidmətini təklif eləməsi üçün ciddi faktordur, partiya ondan keçmiş professoruna sui-qəsd törətməyi də istəyir. “Komformist”də biz Bertoluççinin çiçəklənən parlaq üslubunu hərtərəfli görürük: bir-birini əvəzləyən dəqiq çəkilişlər, barok kamera bucaqları, zəngin rəng effektləri, dekor və işıqla kölgənin dolaşıq oyunu əsərə məxsusi bir canlılıq qazandırır.

“Parisdə son Tanqo” filmi çıxandan sonra, Bertoluççi Bolonyada pornoqrafiya filmi çəkmək ittihamıyla məhkəməyə verilmişdi. Bəraət almasına baxmayaraq, o vətəndaşlıq hüquqlarını (həmçinin səsvermə hüququnu) 5 illiyinə itirmiş və İtaliya məhkəməsi filmin bütün nüsxələrinin məhv edilməsinə dair göstəriş vermişdi. Son illərdə baş rol aktrisasının filmin çəkilişlərindəki səhnələrə razılıq verməsi ilə bağlı ziddiyətlər də ortaya çıxıb.

“Parisdə son tanqo”nun dünyada populyarlaşması və yaxşı gəlir gətirməsi Bertaluçiyə nəhəng maliyyə azadlığı verdi, bunun sayəsində o, çoxdan planlaşdırdığı “1900” layihəsini gerçəkləşdirə biləcəkdi. 6 milyon dollar büdcəsi olan 5 saatlıq epik film 1977-ci ildə çıxdı, Bertoluççi özünün əvvəlki filmlərindəki özünüanalizdən uzaqlaşmış və daha populyar tərzdə, Amerikan epik üslubu ilə 30-cu illər rus filmlərindəki sosialist realizmini birləşdirməklə, sinfi mübarizədən bəhs edən bir film çəkməyə çalışmışdı. Filmdə bir kəndli qadının oğlu olan Olmo və mülkədar oğlu Alfredonun toqquşan həyatları vasitəsiylə İtaliyanın tarixi göstərilir. Qəhrəmanların ikisi də eyni gündə, 27 may 1901-ci ildə doğulublar, hadisələr 1945-ci ilə qədər davam edir. Əksərən mübaliğəli və didaktik olan filmin son 30 dəqiqəsi xüsusilə maraqlıdır.

1979-cu ildə çəkilən “Luna” filmi ana və oğlunun coşğun münasibəti haqqında idi. Beynəlxalq miqyasda tanınan opera müğənnisinin atasının axtarışında olan korlanmış oğlu ilə az qalsın insest bir münasibəti vardı. Bu filmdə Bertaluççinin virtuozluğu danılmazdır, filmdə möhtəşəm səhnələr (ariya və duetlər) bir-birini əvəz edir.

Luna

“Gülünc adamın ölümü” (1981) Bertaluççinin 1964-cü ildən bəri müasir İtaliya ilə ilk əlaqəsi idi. Ellipsis, kvazi-triller janrındakı filmdə fabrik sahibi ilə oğlunun məcburən maşına basıldığını görən bir adamın hekayəsindən bəhs edir. Polis qurbanın radikal sol baxışlarına görə, öz oğurluğunu yalandan təşkil etdiyindən şübhələnir. Oğlun atasının axtarışında olduğu “Hörümçəyin strategiyası” filminin əksinə olaraq, burada ata oğlunu axtarır. Lakin terrorçuluğa qeyri-müəyyən baxış sərgiləyən bu film tamaşaçıları və tənqidçiləri məmnun etməmişdi, çünki filmdə cinayət həll olunmayıb.

Bertaluççinin növbəti filmi ortalığa bir də 6 ildən sonra çıxdı. Bu dövr ərzində o, Daşiyel Hammetin “Qırmızı məhsul” əsəri əsasında ssenari yazmış, beləliklə, Amerikada ilk filminin ortaya çıxacağına ümid etmişdi. Bundan heç nə çıxmayanda isə o, “Sonuncu İmperator”u ingilis dilində çəkmək üçün Çinə səfər elədi. Bu, bütövlükdə Çində və rəsmi olaraq Çinin iştirakının olduğu ilk vestern filmi idi. Maoist rejimin tərbiyə verdiyi Çinin sonuncu imperatoru, yaxud “Cənnətin oğlu” Pu Yi haqqındakı film çox bahalı bir layihə idi, o, Çinin 60 illik kataklizmlərlə dolu tarixindən bəhs edirdi.

Bertaluççinin yuxarı siniflərin aşağı sinifləri öyrənməkdən bəhs etdiyi növbəti araşdırması olan bu film 21 milyon dollarlıq büdcənin hər sentinə dəyir. Filmdə həmçinin 9000 kostyuma və 2000 kilo torta görə italyan heyətinə əlavə 19,000 dollar ödəniş edilmişdi. Xüsusilə Storaronun Qadağan Olunmuş Şəhərdəki sarayın qızılı ehtişamını çəkməsi möhtəşəm alınıb.

Çində iki il qaldıqdan sonra Bertaluççi özünün “şərq trilogiyası” adını verdiyi layihəsini davam etdirdi. Onun qeyri-Qərb cəmiyyətlər barədə araşdırması qarşısında yeni bir cığır - egzistensial və fəlsəfə mövzular açdı. Əlcəzair, Marakeş və Nigerdə çəkilən “Sığınacaq səma” (1990) və Butan ilə Nepalda çəkdiyi “Kiçik Budda” (1994) bu qəbildən idi.

“Sığınacaq Səma” Pol Baulsun mistik, metafizik yarım-avtobioqrafik romanı əsasında çəkilib, eqosentrik bir cütlük münasibətlərinin mənasını tapmaq üçün səyahət edirlər. Bertaluççi hiss edirdi ki, “Sığınacaq Səma”nın “Parisdə son Tanqo” ilə oxşar cəhətləri çoxdur. “Souncu Tanqodakı boş ev səhra deyilmi, səhra boş ev deyilmi”, - o sual verirdi. Lakin gözəlcəsinə çəkilmiş quraq mənzərələrə rəğmən filmin özü çox quru alınmışdı.

“Kiçik Budda” Siddhartranın taleyindən və onun aydınlanmasından bəhs edir. Süjetdə buddist ustadın reinkarnasiyası sayıla biləcək 8 yaşlı amerikalı oğlan uşağının müasir hekayəsindən də bəhs edilir. Syetl şəhərinin mavi çalarından və qədim hekayənin qızılı və qırmızı çalarının ziddiyətindən bəhs edən film əslində uşaqlar üçün nəzərdə tutulsa da, sadə olmaqdan daha çox bəsit idi, ona görə də nə uşaqlar, nə də yetkinlər ondan razı qalmadı.

Bahalı və ekzotik təşəbbüslərindən sonra Bertoluççi özü üçün doğma yurda qayıtdı, kiçik büdcəli və daha məhrəm filmlər çəkməyə başladı. 1996-cı ildə çəkdiyi “Sürüşkən gözəllik” Tuskanada rəssam və bohemlərin məskunlaşdığı bir villada amerikalı yeniyetmə qızın cinsi oyanışından bəhs edir. Romada çəkilmiş “Mühasirəyə alınmış” (1998) filmi isə tərki-dünya ingilis pianoçusu ilə onun afrikalı qulluqçusu arasındakı münasibəti haqqındadır. Əslində İtaliya televiziyası üçün nəzərdə tutulan “Mühasirəyə alınmış” filmi Bertaluççiyə film çəkilişindən 1960-cı illərdən bəri itirdiyi spontanlığı yenidən qazanmağa imkan verdi.

Bertaluççi sonra “Xəyalpərəstlər” (2003) ilə 1968-ci il Parisdəki tələbə üsyanını göstərmək istədi, amma filmdəki hadisələr əsas etibarilə seks və kinolar üzərində qurulmuş, üsyan isə arxa fonda qalmışdı. Jan Koktonun “Pis uşaqlar” əsərindən təsirlənərək çəkilən filmdə Bertaluççinin bir çox filmlərində öz əksini tapan kinoya sitayiş elementləri var.

Kürəyində ciddi problemləri yarandığından və əlil arabasından istifadə edən Bertaluççinin növbəti filminin ortaya çıxması üçün düz 9 il lazım oldu. “Mən və sən” (2012) onun 1981-ci ildən sonra çəkdiyi ilk italyan filmi idi, nisbətən kiçik aktyor heyəti və bir məkanda az büdcəylə çəkilən film yarım-ögey bacısıyla zirzəmidə gizlənən oğlandan bəhs edir.

Bertoluççi ssenarist və rejissor Klare Peploe ilə 1978-ci ildəki evliliyinə sadiq qalmışdı. Onun “İnqilabdan əvvəl” filmində rol almış aktrisa Adriana Asti ilə olan birinci evliliyi isə boşanma ilə nəticələnmişdi.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ