Əsrarəngiz qotika - UŞAQLAR ÜÇÜN | MANERA.AZ

Tarix:15-08-2015, 14:38 Baxış Sayı:1924


Əsrarəngiz qotika - UŞAQLAR ÜÇÜN | MANERA.AZ
Qədim zamanlarda az qala söyüş sayılan italyan mənşəli “qotika” sözü “adət edilməyən” və ya “barbar” mənasını verir. İlk qotik binalar əcaib-qəraib görünsə də, heyrət doğururdu. Bəs orta əsrlərə aid bu tikililər nə ilə seçilirdi?

Qotika XII əsrdə Fransanın şimalında yaranıb, XIII əsrdə müasir Almaniya, Avstriya, Çexiya, İspaniya, Böyük Britaniya ərazilərinə yayılıb. Sen-Deni abbatlığının kilsəsi qotik üslubda ilk tikili sayılır. Bu kilsə abbat Suqerinin şəxsi layihəsi əsasında inşa edilib. Amma çox az adam bilir ki, onun inşası prosesində dayaq və daxili divarların çoxundan imtina olunub. Yəni bu kilsəni başqa məbədlərdən içərisində artıq divar və dayağın olmaması fərqləndirir. İçərisi çox geniş və eyni zamanda çox gözəldir. Sen-Deni kilsəsinə bənzəyən yaraşıqlı və uca binalar tez dəbə düşdü.

Almaniya, Avstriya, Çexiya, İspaniya və İngiltərədə qotik üslubda kilsələr peyda olmağa başladı. Bu tikililərin hamısı sanki səmaya uzanır. Qotik binanın hər bir detalı – tağlar, mil şəkilli uca qüllələr, sütunlar, əlvan şüşəli pəncərələr sanki səmaya çatmağa can atır. Dəyirmi tağları, nəhəng divarları və kiçik pəncərələri olan roman üslubu ilə müqayisədə qotikaya şiş uclu tağlar, ensiz və uca qüllə və sütunlar, müxtəlif oyma naxışlı dəbdəbəli fasad - vimperqlər (qotik binaların portalları və pəncərə yerləri üstündə şiş uclu çatlar), timpanlar (binanın heykəllərlə və s. ilə bəzədilən qabaq hissəsi), arxivoltlar (qurşayan qövs), habelə əlvan şüşəli çatma pəncərələr səciyyəvidir. Qotik üslubun bütün elementləri şaqulidir.

Qotikanı möhtəşəm və eyni zamanda vahimə yaradan üslub adlandırırlar: binaların pərvazlarını (karnizlərini) və daş divarlarını qarqulya və əjdahalar bəzəyir. Hesab olunurdu ki, bəşəri günahları təcəssüm etdirən bu eybəcər məxluqlar öz görkəmi ilə cin-şeytanları ürküdür və deməli, əməli-saleh insanlar üçün qorxulu deyil.
Məsələn, Fransanın ən uca qotik kilsəsi sayılan Reyms kilsəsinin divarlarını qoyun, qaban, əjdaha və ya qrifi xatırladan qarqulyalar bəzəyir. Amma bu əcaib fiqurların köməyi ilə memarların çox məharətlə novları gizlətdiklərini müşahidə edəndə bu bədheybətlərdən qorxu hissi azalır. Qotik məbədə tamaşa etdikcə, diqqətini cəlb edən detalların sayı artır: sivri uclu yarpaqlar, budaqlar, tikanlı qızılgüllər, yırtıcı quşlar və göyərçinlər. Burada hər bir detal əhəmiyyətlidir. Məsələn, göyərçin Müqəddəs Ruhun, qartal isə Allahın rəmzidir. Maraqlıdır ki, Ulm kilsəsini yırtıcı quşlar deyil, sərçələr bəzəyir. Halbuki sərçə heç bir dini məna daşımır. Sadəcə, Ulm şəhərinin rəmzi sayılır. Kilsənin daxili bəzəyi heç də az təəccübləndirmir. Onların bəziləri muzey kimi fəaliyyət göstərir. Əsrlər boyu bu məbədlərdə müqəddəs əşyalar və böyük sərvət toplanıb. Məsələn, İspaniyanın Sevilya şəhərinin kafedral kilsəsində təkcə Murilyo, Velaskes və Qoyya kimi böyük rəssamların əsərləri deyil, həm də minədək qızıl suyuna salınmış fiqur saxlanılır. Orta əsr bənnaları qotik məbədləri tələsmədən ucaldıblar və ancaq gözəl bina ucaltmaq barədə düşünüblər. Buna görə də bəzi binaların tikintisi on illər deyil, yüz illər çəkib.

Qotik üslubda kilsənin insanda doğurduğu təəssüratı ifadə etmək üçün münasib söz tapmaq çətindir. Bu uca tikililər bürc, qüllə, sürahi, sivri uclu tağlarının saysız-hesabsız oxları ilə sanki səmaya can atır. Divarlar hiss olunmur, sanki heç yoxdur. Tağlar, qalereyalar, bürclər, sıratağlı meydançalar, nəhəng pəncərələr, əlqərəz, şəbəkə formalarının son dərəcə mürəkkəb və incə rəqsləri. Təsvir etdiyimiz bu məkan boş deyil: həm içəridən, həm də bayırdan tikilini çoxlu sayda heykəllər bəzəyir. Heykəllərə təkcə portal və qalereyalarda deyil, binanın damında, pərvazlarda, kapellaların altında, dolama pilləkənlərdə, habelə novça və divar çıxıntılarında rast gəlinir. Bir sözlə, qotik kilsə qeyri-adi bir aləmdir və onun ruhuna həqiqətən orta əsrlər şəhərinin mühiti hopub.

Qotik üslubda olan ən tanınmış abidələr: Paris Notrdam kilsəsi (Fransa), Köln kilsəsi (Almaniya), Vestminster abbatlığının kilsəsi (İngiltərə), Müqəddəs Vita kilsəsi (Çexiya), Milan kilsəsi, Santa-Mariya-del-Fyore kilsəsi (İtaliya), Sevilya kafedral kilsəsi (İspaniya).

Əsrarəngiz qotika - UŞAQLAR ÜÇÜN | MANERA.AZ
Əsrarəngiz qotika - UŞAQLAR ÜÇÜN | MANERA.AZ
Əsrarəngiz qotika - UŞAQLAR ÜÇÜN | MANERA.AZ
Əsrarəngiz qotika - UŞAQLAR ÜÇÜN | MANERA.AZ
Əsrarəngiz qotika - UŞAQLAR ÜÇÜN | MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ