Aşpazının Mirzə Fətəli Axundov haqqında söylədiyi xatirə

Tarix:30-06-2018, 15:08 Baxış Sayı:192

Aşpazının Mirzə Fətəli Axundov haqqında söylədiyi xatirə
Manera.az 1938-ci il sentyabrın 24-də “Ədəbiyyat qəzeti”ndə Mirzə Fətəli Axundov haqqında dərc olunmuş xatirəni təqdim edir.
Bu xatirəni Axundovun uzun müddət aşpazı işləyən bir adam danışır. Düşünürük ki, bu xatirə ilk dəfədir ki, müasir oxuculara təqdim olunur:


Mənim atam Nəcəf Tiflisdə sabiq Varansovski küçəsində Mirzə Fətəli Axundovun yanında aşbaz idi. Özümüz də Mirzə Fətəli Axundovun yanında olurduq. O zamanlar mən balaca uşaq idim. 11-12 yaşım ancaq olardı. Atam nağıl eləyir ki, on iki ildən artıq mən Mirzə Fətəlinin yanında xidmət elədim. Bu on iki ilin müddətində bircə dəfə də olsa mən Mirzə Fətəlidən incimədim və bu on iki ildə yadıma gəlməyir ki, Mirzə Fətəli evində tək çörək yemiş olsun.

Atam həmişə anama Mirzə Fətəlinin xasiyyətlərindən danışıb gülərdi.

Atam deyir ki, bir gün Mirzənin arvadı Tubu xanım yayqabağı ev tökmüşdü. Mən də mətbəxdə bişmiş hazırlayırdım. Mirzə də balqonda gəzirdi. Həyətə bir qoca dilənçi gəlir. Dilənçi Mirzəni balkonda görüb ona müraciət edərək, yalvarıb ondan sədəqə istəyir. Mirzənin bu dilənçiyə çox yazığı gəlir. Balqonun məhccərinə salınmış xalçanı itələyib balqondan həyətə salır və dilənçiyə deyir ki, götür tez get ki, Tubu xanım görməsin. Dilənçi xalçanı götürüb gedir. Mənim də heç bir şeydən xəbərim yox, əlimdə işimi görürəm. Mirzə də gəlib mətbəxin qapısı ağzında dayanıb mənim hazırladığım bişmişə tamaşa eləyir. Bir də onu gördüm ki, balkonun o biri başından Tubu xanımın ucadan səsi gəlir. Öz-özümə dedim, yenə Allah xeyir eləsin, görəsən nə olubdur ki, Tubu xanımın səsi həyəti götürübdür. Mirzə də dinməzcə durub mənə baxır. Bir də gördüm ki, Tubu xanım hirslənmiş, çığıra-çığıra mətbəxin qabağına gəldi və üzünü Mirzə Fətəliyə tutub dedi: Balqonda səndən başqa adam yox idi. Qapılar da bağlı idi. Məhəcərdən xalça yoxdur. Oğrunun əli çatası deyil ki, deyəm oğru aparıbdır. Bax, bu sənin işindir. Bu saat gərək düzünü deyəsən ki, xalça məhəccərdən necə olub. Gördüm ki, Mirzə balaca gülümsünən kimi olub dedi: mənim xəbərim yoxdur. Tubu xanım yenə hirsləndi və Mirzədən əl götürməyib dedi: Vallah, atamın goru üçün bu sənin işindir. Gərək bu saat xalçanın yerini mənə deyəsən ki, səndən əl çəkim.

Mirzə yenə gülümsünən kimi olub Tubu xanımın üzünə baxıb dedi: de ki, Rəşidin canı üçün işim olmayacaq, sözün doğrusunu deyim. Gördüm Tubu xanım balaca gülümsündü. Rəşidin canı üçün işim yoxdur dedi. Ancaq de görüm xalça necə olub? Həyətə dilənçi gəlmişdi. Qoca kişi idi, mənə yalvarıb sədəqə istədi. Sözün doğrusu, qoca kişinin dilənçiliyinə və qocalığına yazığım gəldi. Fikirləşdim ki, bu qoca kişiyə nə verim ki, onun dərdinə bir əlac olsun. Gördüm ki, balqonda məhəccərə salınmış xalçadan məsləhətlisi yoxdur. Öz-özümə fikirləşdim ki, bizdə bir neçəsi var, bəlkə bu qocanın altına salmağa həsir parçası da yoxdur. Xalçanı verdim ki, heç olmazsa aparıb altına salar və hər durub-oturanda məni yad eləyər. İndi işin həqiqəti budur.

Gördüm ki, Tubu xanım başını bulaya-bulaya daha heç bir söz demədən çıxıb getdi. O gedəndən sonra Mirzə çoxlu güldü.

Atam nəql eləyir ki, Mirzə qayıdıb mənə dedi:

- Ay Nəcəf, yaxşı eləməmişəmmi?

Atam deyir ki, mən də gülə-gülə dedim: Ay Mirzə, pul versəydin hamısından yaxşı idi. Dedi ki, yox Nəcəf, pulu hər kəs verə bilər. Şərt odur ki, elə şey verəsən ki, dar günündə kişinin harayına çatsın. Bəlkə naxoşladı yatdı, heç olmazsa satıb doktora, dərmana verər və dərdinə əlac olar. Atam Mirzənin bu əhvalatını həmişə nəql eləyib gülərdi.

Mirzə Fətəlinin həyətində olan kirayəşinlərin heç birisindən Mirzə ev kirayəsi almazdı. Məşədi Allahverdi adında qoca bir kişi 8 baş körpə uşağı var idi və dolanacağı çox ağır keçirdi. Mirzə atama tapşırmışdı ki, hər gün hazırladığı bişmişdən Məşədi Allahverdinin evinə göndərsin. Günlərin bir günü Mirzə balqonda oturmuşdu, axşam tərəfi idi, çay içirdi. Məşədi Allahverdinin uşaqlarından birisi ağılayıb anasından çörək istəyir. Evdə çörək olmayır. Arvad nə qədər yalvarıb uşağı sakit etmək istəyirsə uşaq sakit olmayıb ağlayır. Mirzə uşğın nə səbəbə ağladığını bilmir. Balqondan uşağa beş qəpik pul tullayıb uşağa deyir ki, ağlama, götür pulu, get konfet al. Uşaq pulu götürüb yenə ağlayır. Mirəz uşağın ağlamasına dözə bilməyib bu dəfə ona 10 qəpik tullayıb yenə uşağa deyir ki, ağlama, götür get konfet al. Uşaq yenə pulu götürüb ağlamağını davam etdirir. Bu minvalla Mirzə uşağa 50 qəpik verib nəhayət uşağı sakit edə bilir. Məşəd Allahverdinin arvadı pulu götürüb o günkü gün gedib uşaqlarına çörək alıb dolanır. Bu minvalla Məşədi Allahverdinin arvadı Mirzəni balqonda görəndə həmişə uşaqların birisini yalandan döyüb ağladırdı ki, Mirzə görüb uşağa pul versin.

Bir gün yayda Mirzə Fətəli yaylağa - Nuxaya getmişdi. Gedəndə bizi də aparmışdı. Mirzə olan həyətdə cürbəcür meyvə ağacları var idi. Mən ağaca dırmaşıb gilas dərirdim. Lap ağacın üst budağında idim. Bir də gördüm ki, həyət darvazası açıldı, Mirzə həyətə girdi. Düz gəldi mən gilas dərdiyim ağacın dibində durub dedi: Oğlum, bax bu aşağı budaqda iki dənə yaxşı gilas var, düş onu ordan dər, mənə ver. Mən ağacın başından enib Mirzə göstərən aşağı budağa gəlmək istədim ki, Mirzə göstərən gilası dərib Mirzəyə verəm. Bir də onda gördüm ki, Mirzə yerdən bir ağac götürüb mənim üstümə hücum edərək: yenə ağaca çıxıbsan?.. – deyə qışqırarkən mən ağacdan hoppanıb qaçdım. Atam deyir ki, mən həyətin o biri başında durub tamaşa eləyirdim. Gördüm ki, mənə yaxınlaşıb dedi: Nəcəf, söhbət onun gilas yeməyində deyil, dərd burasındadır ki, uşaqdır, ağaca çıxır, bir də ağacdan yıxılıb şikəst olar. Atam deyir ki, mən gülə-gülə Mirzədən soruşdum: - yaxşı, ay Mirzə, bəs nə əcəb uşaq ağacın başında olanda ona bir söz demədin? Mirzə mənim üzümə baxıb dedi: əyər ona ağacın lap başında olanda çığırsaydım uşaq qorxub tullanardı və şikəst olardı.

Nəql elədi: Qafar Nəcəfqulu oğlu QafarovБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ