“Ac qalıb şeirlərimi sataram, amma şəxsiyyətimi alçaltmaram” – Tural Turan

Tarix:24-12-2018, 16:27 Baxış Sayı:206

“Ac qalıb şeirlərimi sataram, amma şəxsiyyətimi alçaltmaram” – Tural Turan

Bu dəfəki həmsöhbətimiz bir neçə gün öncə yeni, həm də beşinci şeirlər kitabı ilə oxucularının görüşünə gələn istedadlı şair Tural Turandır. “...Və bütün qaranlıq otaqlar” kitabı ilə iyirmi gündən artıqdır ki, ölkə mediasının gündəmini zəbt edən şairdən müsahibə üçün vaxt qoparmaq o qədər də asan olmadı. Vədələşib yarım saatlıq görüşdük. Suallarımızı ünvanlayıb, cavablarımızı aldıq.


Onunla müasir Azərbaycan ədəbiyyatının problemlərindən danışmışıq. Söhbətimizi “biz niyə hələ də dünya ədəbiyyatına ayaq aça bilmirik?” – sualı ətrafında qurmuşuq. Tural bəyə görə bunun bir çox səbəbləri var. Görünür, bu problem onu da narahat edir. Yaxşısı budur suallarımı verim, o da ətraflı cavablasın.

-Tural bəy, elə bu gün hamını narahat edən əsas sualdan başlayaq. Biz niyə hələ də dünya ədəbiyyatına çıxa bilmirik?

-Bunun bir neçə səbəbi var. Birinci səbəbi, dünyanın başa düşdüyü dildə yazmırıq. Yəni, ədəbi düşüncəmiz hələ də “sovet buxovu”ndan xilas ola bilməyib. Hətta müstəqillik dövrünün uşaqları – gənc nəslin nümayəndələri də bu “buxov”un virusuna yoluxublar. Dünya cəsarətli sözə sarı əyilir, bəzək-düzəksiz etiraf ədəbiyyatına önəm verir. Baxın sən səsini çıxarırsan, dünya qulağını sənin ağzına dirəyir amma heç nə eşitmir. Nə eşidə bilir, nə də başa düşür...

-Səbəb?

-Görünür, bu anlayışlar hələ də bizim yazı dilimizə, yazı formamıza, yazılarımızın məzmununa hopmayıb. Azərbaycan xalqı istedadlı xalqdır. Yaradıcı insanlarımız həmişə olub və olacaq. Məsələ mütaliəsizlikdən doğan cırlaşmış düşüncələrimizdədir. Üstəlik, elə istedadlar tanıyıram ki, ədəbiyyata, yaradıcılığa, hətta öz yazılarına xaltura kimi yanaşır. Sözün, mətnin içərisinə girə bilmirlər. Çiy fikirləri bəzəyib-düzəyib oxucu qabağına çıxarırlar. Oxucu isə çörəyi qulağının dibinə yemir, başa düşür ki, “altı bəzək, üstü təzək”dir. Öz oxucumuzun bəyənmədiyi mətnləri dünya ədəbiyyatına necə çıxara bilək?! Bir məqamı da deyim ki, dünya ədəbiyyatına çıxmaq üçün yazılarının mənşə dili də önəmlidir. Məsələn, Çingiz Abdullayev niyə oxunur, çünki rus dilində yazır. Aydındır ki, rus dilinin auditoriyası bizim dillə müqayisədə çox genişdir. Bu gün Avropada Azərbaycan dili mərkəzləri nə qədərdir?! Heç mən Azərbaycan dili üzrə tərcümə mərkəzlərindən danışmıram. Bu gün Qərbdə Türkiyə tükcəsində cəmi üç-dörd mərkəz var. Orada Türkiyə türkcəsində yazan ədiblərin əsərləri oxunur, müzakirə edilir, resenziyalar yazılır. Yaxşı bildiklərini çap edirlər. Təssüf ki, Azərbaycan dili ilə bağlı bunu deyə bilmərik. Çünki özümüzü tanıtmaq istəmirik. Sadəcə olaraq maraqlı deyilik.

-Bəs başqa hansı əskikliklərimiz var?

-Paxılıq. İnkişafımıza maneə törədən ən böyük səbəblərdən biridir. Baxın, Tolstoy deyirdi ki, istedadlı adam paxıl ola bilməz. Düz deyib. İstedad sahibi niyə başqasının paxıllığını çəkməlidir. Düşünür ki, öz yolu və cığırı var. Həmin istiqamətdə ən güclü odur. Deməli, paxıllığı edənlər də istedadsızlardır. Baxın, bu gün bizdə yolsuzluq problemi var. İmitasiyalar çoxdur. Əksər gənclər ya bir-birlərini, ya da özlərindən əvvəlki nəsri yamsılayırlar. Bu da geriyə doğru saymağa bənzəyir və ya yerində addımlamağa. Paxıllıq o həddədir ki, hətta bir-birlərinin yaradıcılıqlarını qısqanlar üz-üzə gələndə salam vermirlər. Bir-birlərinin şəxsiyyətlərini alçaldırlar. Bu yazıçılığa, işıqlılığa sığarmı?! Əqidə və düşüncə problemi, ehtiyac, sosial çətinlik kimi nüanslar da yazıçılarımızın, şairlərimizin önündə “Biləcəri təpəsi”nə çevrilib. Onu aşa bilməyəcəyiksə, deməli, hələ otuz-qırx il sonra da siz mənə “biz niyə hələ də dünya ədəbiyyatına ayaq aça bilmirik?”-sualını ünvanlayacaqsınız (gülür).

-Tural bəy, siz yaşıdı olduğunuz şairlər, yazıçılar arasında öz ağırlığınız, çəkinizlə seçilirsiniz. Çox ağır oturuşunuz, duruşunuz var. Kənardan baxan deyər ki, qaraqabaq adamsınız. Söhbət əsnasında bu hiss olunmur amma...


-Bilirsiniz, yazar – şair, yazıçı sözünə fikir verdiyi qədər, özünə də fikir verməlidir. Üst-başı töküldüm-itdim ola bilər. Amma şəxsiyyəti duru olmalıdır. Öz ağırlığını, ədəbi çəkisini qorumalıdır. Şəxsiyyətinə ləkə gətirməməlidir. Mənim düşüncəm budur. Onu da deyim ki, bu məsələdə tək deyiləm, Fuad Cəfərli də, Emil Rasimoğlu da ağırlıqlarını, çəkilərini qoruyan şairlər arasındadır. Bu siyahını artıra da bilərəm. Bu adamların adını ona görə çəkmirəm ki, mənimlə oturub-dururlar. Ona görə çəkirəm ki, ağır olduqları üçün, şəxsiyyətlərini aşağı salmadıqlarına görə bir oturub bir dururuq. Mənim çevrəmdə yüngül xasiyyətli adamı bir dəfə görərsiniz, ikinci dəfə özüm onların üstündən xətt çəkirəm. Təbii ki, salam-kəlamı,məclislərdə hörmətlərini saxlamaq şərti ilə. Mənim üçün yazılarımdan da öndə dayanan şəxsiyyətimdir. “İstedadlı şair araq içər”, “tufeyli olar”, “ailəsini dağıtmaqla gündəmə gələr” kimi anlayışlar mənə yaddır və bunu edənlər də kimlərinsə şəxsi həyat uğursuzluqlarını yamsılayanlardır. Baxın, mən də zarafat edə, söyüş söyə bilərəm, amma bunu ictimaiyyət önündə etmək olmaz. Çünki mənə tərbiyə verənlərdən bu cür öyrənmişəm. Atamgilin, babamgilin tökdüklərini yığmışam. Uşaqlığım yaşlı insanların, ağır kişilərin, sözü kotallı nənələrin əhatəsində keçib. Görünür, sizin dediyiniz ağırlıq da oradan keçir. Hətta sizə bir şey deyim, anam bu günə qədər elə fikirləşir ki, mən söyüş bilmirəm (gülür).

-Bəs başqa yazıçılarda hansı yüngül hərəkətləri müşahidə edirsiniz?

-Kişi sözü üzə deyər. Lazım olanda üzlərinə deyirəm. Müsahib görəndə, diktafon arxasında kişilənən, yaxud kiminsə şəxsiyyətinə söz atmaqla, eyham vurmaqla gündəmə gələnlərdən deyiləm.

-Dəfələrlə ədəbi mühiti “bədəvi mühit” adlandırmısınız. Səbəblərini də izah etmisiniz. Amma kitabınızın təqdimatında iştirak edənlərin demək olar ki, yarısı bugünkü ədəbi mühitin nümayəndələri idi. Tənqid edirsiniz, yenə də sizi sevirlər. Səbəbi nədir?

-Təqdimata gələnlər Tural Turanın şəxsiyyətinə sayğı göstərib gələnlər idi. Hətta xeyli insan vaxt tapıb gələ bilməmişdi. Mən hər kəsin şəxsiyyətinə hörmətlə yanaşmışam. Ona görə də məni çox qısqanmırlar (gülür). Bu öz yerində. Gəlim sizin sualınıza; ...çünki mən də onların düşündüyünü deyirəm. Ola bilsin ki, kiminsə işi kimdənsə keçir, deməyə çəkinirlər. Amma ədəbiyyata məni heç kim gətirməyib. Əlimdən tutan, “day-day”ım olmayıb. Ona görə də düşündüyümü deyirəm. Deyirsiniz ki, təqdimata gələnlərin yarısı yazıçı və şairlər idi. Bu əslində uğurdur. Elə şair və yazıçılar var ki, hamısı öz həmkarlarımızdan ibarət olur. Təqdimat bitdikdən sonra da kitabı çıxan şəxsin boynuna “ağır qonaqlıq”lar qoyulur. Bir-birini tərif edirlər. Qonaqlıq bitəndən sonra da arağın qoxusu ağızlarından çəkilən kimi bir-birlərinin qeybətini qırırlar. Baxın, bu cür hal davam elədikcə, bizim dünya ədəbiyyatına çıxmağımız mümkün deyil.

-Tural bəy, səmimi cvab istəyirəm, nə vaxtsa yeməyə çörək tapmasanız kiməsə yaltaqlıq edə bilərsinizmi?

-Bəlkə də bu sualı söhbətin əvvəlində versəydiniz müsahibədən imtina edərdim. Amma bir cümlə ilə cavab verəcəyəm. Səmimiliyimə şübhəniz olmasın. Baxın, ac-susuz qalıb şeirlərimi pul müqabilində kiməsə sata bilərəm, amma şəxsiyyətimi alçaltmaram. Şəxsiyyətimə, imzama necə sayğı duyduğumu yuxarıda da qeyd etmişəm.

-Tural Turan, son bir ildə iki kitab çıxarmısınız. Maşallah, məhsuldarsınız. Hətta il yarıma üç kitabınız çıxıb. Bu qədər sürət və enerji haradandır?

-Ürəyimə damıb ki, tez öləcəyəm (gülür). Doğrusu, 25-35 yaş arası bir yazarın ən enerjili dövrüdür. Bilmirəm, bu qədər iş-güc arasında kitabımı çap etdirdikcə, təqdimatlar keçirdikcə qəribə bir enerji alıram. Dünya ədəbiyyatına çıxmağı və “Nobel”i ölkəyə gətirməyi qarşıma məqsəd qoymuşam. Bunun üçün də çoxlu mütaliə, müşahidə, səyahət və yazmaq lazımdır. Əsas olan isə orijinal müşahidə qabiliyyətidir. “...Və qaranlıq otaqlar” kitabım sayca beşincidir. Doğrudan da medianın gündəminə düşə bildi. Aparıcı saytlar, qəzetlər bu kitab haqqında xəbərlər tirajladılar. Şəxsimə qarşı bu qədər diqqəti görmək məni duyğulandırmaqla yanaşı, enerji də verir. Təqdimat və digər məsələlərdə əməyi olan dostlarımın hər birinə təşəkkür edirəm. Sevinc Xanqızına, Bəyim Əbilovaya, Emil Rasimoğluna, Fuad Cəfərliyə, Sərvər Kamranlıya, Nofəl Ümidə... Adlarını çəkə bilmədiklərim var. Bağışlasınlar. Təqdimata gələnlərə, gəlməyənlərə - hər kəsə sonsuz təşəkkürlər.

Söhbətləşdi: Elşən İsmayıl
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ