"Deməyin, uşaq yazarı yoxdur!" - LAYİHƏSİndə Mənsurə Qaçayqızı | MANERA.AZ

Tarix:14-08-2015, 13:44 Baxış Sayı:1535

"Deməyin, uşaq yazarı yoxdur!" - LAYİHƏSİndə Mənsurə Qaçayqızı | MANERA.AZ


“Deməyin uşaq yazarı yoxdur!” layihəsi sizə
Mənsurə Qaçayqızını təqdim edir:


Mənsurə Qaçayqızı (Nəcəfova Mənsurə Qacay qızı) Bərdə rayonunun Uğurbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakultəsini bitirib. 4 kitab müəlllifidir: Dünəndə qalan sabah (Təfəkkür nəşriyyatı, şeirlər, 2008), Gerçək olan ( Yazıçı nəşriyyatı, şeirlər, 2009), Uğurlu bəy və uğurbəylilər (Təfəkkür nəşriyyatı, publisistik, 2011), “Küsəyən Süsən” (Çənlibel nəşriyyatı, uşaqlar üçün, 2015).

“Müharibə rəngi ”əsərinin və eyni adlı filmin ssenari müəllifidir. Hal- hazırda filmin çəkilişləri gedir.

“Ulduz”, “Azərbaycan” jurnallarında eyni zamanda müxtəlif qəzet, almanax (“Ədəbi Azadlıq” 2011 müsabiqəsinin hekayələr toplusunda dərc olunub) və saytlarda mütəmadi olaraq dərc olunur.

Mənsurə Qaçayqızının nağıllarını təqdim edirik:


Çiçi don...

Nigara atası don almışdı. Nigar donun adını “çiçi” don qoymuşdu. Donun üstündə on dənə gül şəkli vardı. O donu geyindi. Don ona çox yaraşırdı. Üstündəki gülləri bir-bir saymağa başladı. Güllərin sayı gah on oldu, gah da on bir... Nigar yenidən sayırdı. On, yox, on bir... On oldu. Yox, on bir oldu. Saydı, saydı... Nigar güllərin sayın itirdi. Bağçaya getdi. Bağçada gözəl güllər vardı. Bir gül də dərib donun üstünə qoydu. İndi siz deyin. Güllərin sayı, ondu ya on bir?

Nurunun şarı

Uşaqlar futbol oynamaga gedirdilər. Nuru da onlarla getmək istədi. Razı olmadılar.
- Sən kiçiksən.
Nuru ağlamağa başladı. Hikmət əlindəki şarları Nuruya verdi.
- Yaxşı aglama. Bir az böyü, sən də futbol oynayacaqsan. Al bu şarları. Biz qol vuran zaman şarları havaya burax. Meydanda rəngli şarlar görünsün.
Meydançanın ətrafında çoxlu uşaqlar var idi. Hamı maraqla oyunu izləyirdi.
Qol...Qol...Qol...
Rəqib qapıya qol vurulmuşdu. Hikmət ətrafa boylandı. Şarlar görünmürdü. Nuru da yox idi. Dostlar narahat oldular. Oyun dayandı. Nuru hara gedə bilərdi? O balaca idi. Hamı Nurunu axtarmaga başladı. Bu zaman uzaqdan evlərinə qaçan Nurunu gördülər. Şarlar onun əlində idi. Uşaqlar Nurunun arxasınca onlara gəldilər. Nuru evlərinə çatıb nənəsini səslədi:
- Nənə, ay nənə... Qol...Qol... Qol...
O qələbə sevincini nənəsi ilə bölüşürdü...

Qar adamın kürkü

Qar yağırdı. Ayan dostları ilə həyətdə qartopu oynayırdı. Uşaqlar qartopu oynadılar. Sonra qardan adam düzəltdilər. Evə getmək vaxtı idi. Ayan qar adamı çöldə qoyub evə getmək istəmirdi. Qar yağır, qar adam necə olacaq? Üşüyər...Tək qalıb qorxar...
Hava qaralırdı. Uşaqlar evə getdilər. Anası evdə onu gözləyirdi. Evə gəldi. Yeməyini yedi. Yata bilmirdi. Pəncərəyə yaxınlaşdı. Qar adamın üstünə lopa-lopa qar yağırdı. Pəncərədən qar adamla danışmaga başladı:
- Tək qalmısan sən orda? Yata bilmirəm burada? Gözlə gəlirəm. Heç hara getmə ha...
İsti, güllü kürkünü götürüb həyətə endi. Kürkü qar adama geyindirib evə qayıtdı. İndi qar adamın əynində kürkü vardı. Ayan da güllü yorganını üstünə sərib yatırdı. O yuxusunda gülümsəyirdi.

Qarmon

Nicat balaca qarmonu görüb çox sevindi. Atası ona qarmon almışdı. Kiçik qarmon rəngli və gözəl görünürdü. Qarmona əl vurdu. Barmaqları ilə musiqi alətinin dillərinə toxundu. Bağçada öyrəndiyi mahnılar səslənməyə başladı. Nicat sevindiyindən atılıb düşdü. Gülşənin də onun qarmonunu görməsini istəyirdi. Qarmonu qucağına alıb, evdən çıxdı. Anası onun sevindiyini görüb gülümsünərək, arxasınca baxdı.
Gülşən bağçada onu gözləyirdi. Taxta oturacaqda əyləşdilər. Nicat qarmonu dizinin üstünə qoydu. “Cücələrim” mahnısını ifa etdi. Gülşən maraqla onun qarmonuna baxırdı. Nicat musiqini bitirib qarmonu Gülşənə uzatdı:
- Al.
Gülşən qarmonu qucağına aldı. Barmaqlarını qarmona toxundurdu. Musiqi səsi uşaqları şənləndirirdi. Nicat evlərinə getmək istəmirdi. O getsə dostunu qarmondan ayıracaqdı. Necə etsinlər ki, ikisinin də qarmonu olsun?
Nicat dedi:
- Mən istəyirəm, sənin də qarmonun olsun.
-Neyləyək? – Gülşən qarmondan ayrılmaq istəmirdi.
Nicat bir az fikirləşib sevincək dedi:
- Gəl qarmonu bölək.
Gülşən də qarmonun bölünməsini istədi. Onda ikisinin də qarmonu olacaqdı. Nicat evlərinə qaçdı. Bir azdan əlindəki mişarla geri döndü. Qarmonu yerə qoydular. Gülşən mişarın bir ucundan, Nicat isə o biri ucundan tutmuşdu. Uşaqlar qarmonu iki yerə böldülər. Bir hisəsini Gülşən, o biri hissəsini Nicat götürdü. İndi ikisinin də qarmonu vardı. Uşaqlar sevinirdilər.
Gülşən dedi:
- Gəl ikimiz də birdən ifa edək.
Amma qarmon səslənmədi. Musiqi alətini bölməklə onu zədələmişdilər. Nicat pərt olmuşdu. Gülşən qarmona baxıb ağlamağa başladı. Uşaqlar qarmonu bölməklə onu zədələdiklərini başa düşmüşdülər.

Küsəyən Süsən

Süsən küsəyən qız idi. Hamıdan tez-tez küsürdü. Bağçanın həyətində qızılgüllər var idi. O istədi gül dərib dostu Sevincə versin. Gül koluna yaxınlaşdı. Əlini gülə uzatdı. Ehtiyatsızlıq etdi. Gülün tikanı Süsənin barmağına batdı. Süsən barmağındakı qanı görüb qızılgüldən də küsdü. Ləçəklərini üzüb atmağa başladı. Gül ləçəkləri yerə səpələnmişdi. Qızılgül pərt olmuşdu. O görkəmindən utanırdı. Qızılgülün bu halı Sevinci məyus etdi. O Süsəndən uzaqlaşdı. Gül koluna yaxınlaşıb, qollarını gülün boynuna doladı. Sığalladı. Qızılgül üzünü günəşə tutdu. Süsən dostunun hərəkətindən utandı. Qızılgülün yerə tökülən ləçəklərini yığmağa başladı.

Layihə rəhbəri: Əfsanə Laçın
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ