Sonralar eşitdim ki...-Layihə

Tarix:2-04-2018, 12:32 Baxış Sayı:144

Sonralar eşitdim ki...-Layihə


İstər şirin, istər isə acı olsun, xatirə insana iztirab verir.. Həm də bu xatirə bizi həyata bağlanmağa, yenidən yaşamağa sövq edir. "Xatiratım" layihəsinin qonağı şair Kənan Hacıdır. Onun oxucularla bölüşdüyü xatirəni təqdim edirik:

Hansısa bir xatirəmi bölüşmək... Xatirələr o qədər çoxdur ki... Amma bu gün şəhərdə uzun illərdən bəri görüşmədiyim sinif yoldaşım Nərimanla rastlaşdım. Hal-əhvaldan sonra çox kədərli bir xəbəri mənə çatdırdı. Digər sinif yoldaşımız Xalid bu yaxınlarda dünyasını dəyişib, hələ qırxı çıxmayıb... Bu xəbər tikan kimi ürəyimə batdı, elə bil ürəyimindən bir ilmə qopdu. Demək, bizim nəslin də yarpaq tökümü başlandı. Sinif yoldaşlarımızdan birini - Samiri Qarabağ savaşı bizdən aldı. İndi də Xalid... Xəstəlikdən öldü Xalid. Onunla yaxın dost deyildik. Amma kənd klubunun arxasına çəkilib siqaret çəkməyi birlikdə öyrənmişdik. "Fironun dəftəri" romanında onun epizodik obrazı var. Dərs oxuyan deyildi, amma nadinc deyildi, sakit uşaq idi. Orta məktəbin səkkizinci sinfini güclə bitirib dayısının emalatxanasında rəngsazlığı öyrəndi. Sonra işin-gücün daşını atıb pis əməllərə qurşandı. Əhatəsi zərərli adamlardan ibarət idi deyin, o da bu axına düşüb zərərli vərdişlərə aludə oldu. Sonralar eşitdim ki, hansısa əməlinə görə həbs edilib. Məhbəs həyatı onun sağlamlığını əlindən aldı. Sonuncu dəfə hardasa 15 il bundan əvvəl kənddə görmüşdüm onu. Kökəlmişdi. Zarafatla yumruğumu yüngülcə qarnına vurub "yoo, yaxşısan" demişdim. Pilə kimi gülüşü vardı, gözlərindəki məsumluq nədənsə insanda kədər hissi oyadırdı. Xalid çox erkən yaşda atasını itirmişdi, olduqca kasıb ailədə böyümüşdü. Amma onunku heç gətirmədi. Özünə gün-güzəran qura bilmədi Xalid... Xalidlə bağlı yaddaqalan xatirəm yoxdur, amma onun qüssəli baxışları heç gözlərimin önündən çəkilmir. Arzularından əl üzmüş adamın ölmüş ümidlərə arxa çevirməsi kimi küsgün bir halı vardı. Az danışan adam idi, ən çox baxışları danışırdı və bu baxışlar nələr demirdi, İlahi?! Onun ölüm xəbəri bir anda məni uşaqlığıma qaytardı. Hind kinosuna baxmaq üçün kənd klubunun qarşısına toplaşan uşaqlardan ən fərasətlisi Xalid olardı. Nə fənd işlədirdisə, zala biletsiz keçirdik. Ertədən gedib klubun arxasında öskürəkdən boğula-boğula siqaret çəkdiyimiz günlərin havasını, hətta o siqaretin - "Kosmos" Yavanın tamını belə damağımda hiss elədim. Sinif yoldaşlarım içərisində ən az xatırladığım da elə Xalid idi. Xalid mənimçün taledən incik düşmüş insanların ümumiləşmiş obrazı idi. Başqa, sağlam mühitə düşsəydi, çox faydalar verə bilərdi Xalid. Lap elə öz həyatını da yaxşı-pis, qura bilərdi. Amma Xalid nə üçünsə bu boğucu, qaranlıq mühitdən qopmağa cəhd eləmədi və elə o bataqlıq da onun sonunu gətirdi... Gözəl bir həyat yaşamalıykən ömrü pul kimi havaya sovurdu. Orta məktəb şəkillərinə baxmaq istədim, bacarmadım. Sən bu həyatın böyründən ötüb keçdin, Xalid... Sən heç yaşamadın ki... Heyif Tanrı verən o ömürdən..

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ