Vay o gündən ki, həmişə təsirlərdə olasan...

Tarix:17-01-2018, 09:53 Baxış Sayı:217

Vay o gündən ki, həmişə təsirlərdə olasan...


Vay o gündən ki, həmişə təsirlərdə olasan...



Müsahibim şair Fərid Hüseyndir.

- İlk kitabınızda “Əlifba sırası”nda şeirləriniz və esseləriniz toplanıb. Əlifba sırasına uyğun hər hərfdə bir açıqlama yer alır. Diqqəti daha çox S hərfinə olan açıqlama çəkir: “İnsanın üzündə bir cüt əlifba var: Gözlər.” Bu yanaşma bir kitab üçün həm fərqli, həm də maraqlıdı. Necə oldu ki, ilk kitabınızı məhz “Əlifba sırası” adlandırdınız?

– Kitabın belə adlanmasına səbəb nəşrdə “Əlifba sırası” adlı sözlərin yer alması idi. Bir də haqqında söz açdığınız giriş yazısı.

- Necə düşünürsünüz şeirlərizin ilk əlifbası harda və necə yaranıb?

- Qəlbimdə, tərcümeyi-halımda və düşüncələrimdə...

- “Əlifba sırası” kitabı sizin lap gəncliyiniz dövrünə təsadüf edir. Kitabda yer alan şeirlər isə kifayət qədər püxtələşmiş, oturuşmuş bir insanın qələmindən süzülüb. Bu püxtələşməyə, müdrikləşməyə görə nələrə və ya kimlərə borclusunuz?


- Allaha, oxuduqlarıma, örnək insanlara və taleyimə...

- “Kitablar aldatdı bizi Nazim baba” şeirini Nazim Hikmətə həsr etmisiniz. İlk şeir təcrübəsində Nazim Hikmət nəfəsi duyulur. Həm də daha dolğun və isti bir nəfəs...

- Yaradıcılığın əvvəl illərində təsir qaçılmazdı, vay o gündən ki, həmişə təsirlərdə olasan.

- 2013-cü ildə “Dözmək üçün məşq” adlı növbəti şeirlər və esseler kitabı işıq üzü gördü. Vaqif Yusifli “İyirmi dörd yaşın hekayyəti və şeiriyyəti” başlıqlı bir yazıda qeyd edir: “Fəridi müasir poeziyanın ən gənc qoluna mənsub yaşıdlarından nə ilə, hansı xüsusiyyətlərlə seçmək, fərqləndirmək olar?” Bu suala özünüz necə cavablandırarsınız.


- Taleyi, düşündükləri və yazdıqlarıyla fərqləndirmək olar.

- Mişel Montendən, Frans Kafkadan, Alber Kamyudan, Milena Yesenskayadan, Orxan Pamukdan, Ahmed Altandan, Yılmaz Erdoğandan və s. müəlliflərdən tərcümələr etmisiniz. Tərcümə işində əsas vacib məqam nədən ibarətdir?

- Hər iki dilin əsas şərtlərini qorumaq, tərcümə müəllifi ola bilmək və müəllifin üslubuna sədaqət.

- “Qandalı görməsin” kitabınız həbsxana həyatınızdan sonra çap olunan kitabınızdır. Şair kimi taleyinizə yazılan həbsxana dövründə daha fəlsəfi və həyati şeirlər qələmə almısınız. Bu dövrü ədəbi yolunuzda necə qiymətləndirirsiniz?

- O günlər taleyimin və yaradıcılığımın bir dönəmidir. Heç kəsə arzulamıram. Ancaq həmin imtahanlı günlər görünür olmalıymış.


- “Bir də heç vaxt” kitabı “Parlaq imzalar” layihəsi çərçivəsində çap olundu. Bu kitabda son dövrlər yazmış olduğunuz şeirlər cəmlənib. Şeirlərdə mifoloji, dini, mistik əhval-ruhiyyə hiss olunur. Bu nə ilə əlaqədardır?

- Belə olmasına səbəb o məsələləri məni düşündürməsi, həyatımın bir parçası olmasıdır.

- “Bir də heç vaxt” kitabında belə bir bölmə var: “Liriklər və antiliriklər”... Bu bölmədə sevgi, ayrılıq, nisgillə bağlı şeirlər var. Necə düşünürsünüz bu mövzular şeir üçün köhnəlməyib?

- Mən anti-lirik şair deyiləm. Belə poeziya nümunələri var, amma biz o etapa keçməmişik və mən özümü o nöqtədə görmürəm. Köhnəlikdənsə söhbət gedə bilməz.

- Kitabda “Müharibə şeiləri” bölməsi də diqqəti cəlb edir. Necə düşünürsünüz ədəbiyyat müharibələrin qarşısını ala bilərmi?

- Ədəbiyyat yol kəsmək, qarşı almaq kimi vəzifələrin öhdəçiliyini eləmir. Ədəbiyyat yolu göstərir, kəsmir. Seçim özümüzündür...

Söhbətləşdi: Tural Cəfərli,
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ