Müharibə məni ədəbiyyatdan ayırdı

Tarix:15-01-2018, 16:50 Baxış Sayı:124

Müharibə məni ədəbiyyatdan ayırdı


Vaqif İsaqoğlu: “Mənim bu kitablarımdakı hər bir söz və sətir qanlı səngərlərin yadigarıdır”


İndiki orta nəsil onu istedadlı və ən məhsuldar ədəbiyyatçı kimi tanısa da, gənclərin əksəriyyəti belə bir yaradıcı şəxsdən demək olar xəbərsizdir. Səbəb təkcə ədəbi mühitdəki soyuqluq, bədii yaradıcılığa münasibətinin öləziməsində deyil, həm də onun özünün uzun müddət ədəbiyyatdan uzaq düşməsindədir. Çünki o, ədəbi və ictimai titulları ilə daha çox tanınanların əksəriyyətindən fərqli addım atdı: Qarabağda müharibə başlayanda əyninə hərbi forma geyinib bir əlində qələm, digərində silah soyuq səngərlərə üz tutdu, vətən uğrunda igidliklə döyüşən vətən oğullarının döyüş sücaətindən reportajlar hazırlayırdı...

Söhbət tanınmış şair, 47 kitabın müəllifi Vaqif İsaqoğludan gedir. Həm də AYB-in və AJB-nin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Həsən bəy Zərdabi” və “Məməd Araz” diplomunun daşıyıcılardan olan şair Vaqif İsaqoğlu “Ədəbi düşüncə” rubrikasının qonağıdır. Müsahibimiz söhbətə yaradıcılığının ilk illərindən başlayır:

- Orta məktəbdə oxuduğum illərdən ədəbiyyata, poeziyaya böyük həvəsim vardı. Hələ 8-ci sinifdə məktəbimizin “Günəş” adlı divar qəzetinə redaktor təyin olunmuşdum. Vaqif Məxbub imzası ilə satirik məqalələr və şeirlər yazırdım. “Məxbub” sözünün mənası dost, yoldaş deməkdir. Məktəbdə əlaçı olduğum üçün bütün müəllim və şagirdlərin dostu idim. Ona görə də bu imza ilə çıxış etdim. Həmin illərdə Tovuz rayonunun “Həqiqət” qəzetində kiçikhəcmli məqalələrim və şeirlərim çap olnurdı. 1974-cü ildə, 8-ci sinifdə oxuyarkən bizi rayon Komsomol Komitəsinə aparıb komsomola keçirirdilər. Elə həmin ərəfədə “Komsomolçu” başlığı altında məqalə yazdım. Rayon qəzetində çap olunan ilk məqaləm də məhz “Komsomolçu” olub. Dəqiq xatırlayıram, həmin məqalədən 2 manat 70 qəpik qonorar aldım və bu pulla həyətimizdə alma ağacı əkdim. Bir neçə ildən sonra həmin alma ağacı bar verdi. Hər il atam bu ağacın meyvəsini aparıb bazarda satardı. Çünki ailəmiz böyük olub, 7 nəfərlik külfəti atam çətinliklə dolandırardı. Aradan illər keçəndən sonra alma ağacı qurudu. Artıq o ağacın yerində cavan bir alma ağacı böyüyür.

- Əlaçı şagird olduğunuzu deyirsiniz. Ancaq deyəsən, Köhnə Qala kənd orta məktəbində təhsil alan zaman sizi məktəbdən qovmaq istəyirmişlər. Bu nə ilə bağlı idi?
- Bəli, o vaxt 8-ci sinifdə oxuyurdum, artıq özümü gənc hesab edirdim. Ədəbiyyatın, həyatın nə olduğunu anlamağa başlayırdım. O vaxtlar qorxunun nə olduğunu bilmirdim, içimizdə həmişə haqq-ədalət axtarırdım. “Günəş” adlı divar qəzetində də ən çox haqqa və ədalətə yer ayırırdım. Amma bir qış sinif otaqları qızdırılmırdı, pəncərələrinin sınan şüşələrini düzəltmirdilər, tabaşir çatışmırdı, müəllimlər hərdən dərsə gecikirdi. Mən isə məktəbdəki bu nöqsanları divar qəzetində satira atəşinə tuturdum. Bu səbəbdən məni məktəbdən uzaqlaşdırmaq istəyirdilər. Orta məktəbi əla qiymətlərlə bitirsəm də, tale üzümə gülmədi. Ona görə ki, indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə sənəd verdim, “konkurs”a düşdüm. Amma atamın pulu olsaydı, elə həmin il tələbə adına layiq görülərdim. Halbuki həmin il tərcümeyi-halını yaza bilməyənlər və məndən aşağı nəticə göstərənlər ali məktəbə daxil oldular. 1983-cü ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində əla qiymətlərlə oxuyurdum, “Lenin” təqaüdçüsü idim. Yaxşı oxuduğuma, həm də yaradıcılığıma görə məni Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almağa göndərdilər. Oranı bitirib “Azərnəşr”də fəaliyyətə başladım.

- Mətbuat və ədəbiyyat yaxın sahələr olsa da, fərqli sahələrdir. Bu iki sahəni yaradıcılığınızda necə uyğunlaşdıra bildiniz?
- Mən ədəbiyyata jurnalistikadan çox əvvəl gəlmişəm. Mənim mətbuatdakı fəaliyyətim də əsasən, ədəbi mühitlə bağlı olub. Mənim fəaliyyətimin, necə deyərlər, onurğa sütunu ədəbi düşüncədir. Ona görə də ədəbiyyata çox erkən, hələ 8-9-cu sinifdən gəlmişəm. O illərdə “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri” qəzetlərində, “Pioner”,“Göyərçin” “Elm və həyat”, “Azərbaycan qadını” jurnalarında hekayə və şeirlərim çap olunurdu.

- “Boz qurd” kitabınız o dövrlərdə ən oxunan əsərlərdən sayılırdı. Bu kitab həm də böyük əks-səda doğurmuşdu. İndi niyə gündəmdə deyilsiniz?
- Ona görə ki, Qarabağ müharibəsi mənim də həyatını dəyişdi, uzun müddət ədəbiyyatdan, yaradıcılıqdan uzaq düşdüm. Yəni müharibə məni ədəbiyyatdan ayırdı və 1991-ci ildən 2003-cü illərdə mayor rütbəli zabit kimi Müdafiə Nazirliyində çalışdım. Qarabağla yanaşı doğulduğum Tovuz rayonun da başı üzərini qara buludlar almışdı. İndi özlərini fədakar adlandıran və efirlərdə “mənəm-mənəm” deyib sinəsinə döyən bəzi yazarlar kimi şan-şöhrət dalınca qaçmadım. Mən şan-şöhrəti cəbhə bölgəsində yağı düşmənlə döyüşən igidlərimizdə, qəhrəmancasına şəhid olan oğulların torpağa tökülən qanında axtarırdım. Günlərim cəbhə bölgəsində keçdiyinə görə ədəbiyyata vaxt ayıra bilmədim. Amma Qarabağ mövzusu, döyüşlərlə bağlı silsilə yazılarım mətbuatda dərc olunardı. Hətta “Qarabağda izim qaldı”, “Anama deyin ki...”, “Ömür də bir nəğmədir”, “Döyüşə gedən ana”, “Alın yazısı”, “Tovuz harayı” kitablarım işıq üzü gördü. Mənim bu kitablarımdakı hər bir söz və sətir qanlı səngərlərin yadigarıdır. 1993-cü ildə “Qoy ədalət zəfər çalsın” devizi altında keçirilən respublika müsabiqəsində 1-ci yerə layiq görüldüm.

- Orta nəsil ədəbiyyatçılar layiq olduqları pillədə yer tuta bilməmələrindən şikayətlənir. Bunu necə izah edərdiniz?
- Ədəbiyyat ilk növbədə bəxt və tale məsələsidir. Tanınmaq və məşhur olmaq üçün bəxt və tale önəmli rol oynayır. Yaxşı maddi imkanın olmalıdır ki, gündəmdə qala biləsən. Bu gün istedadlı qələm adamları, istedadsız və imkanlı qələm adamlarının kölgəsi altında qalır. Amma “Ney səsiyəm”, “Aman ayrılıq” kimi bir neçə gündəmdə olan mahnıların sözləri mənə məxsusdur. O ki qaldı sualın ikinci hissəsinə, mən indiyədək yaşadığım 55 illik ömür tarixini özüm yazmışam. Bu illər ərzində nəyi düz, nəyi səhv etmişəmsə, o ancaq mənim işimdir. Ona görə də nə gileylənməyə, nə də fəxr etməyə lüzum görmürəm.

- Azərbaycanda çağdaş ədəbi mühiti necə dəyərləndirirsiniz?
- Azərbaycanda vaxtilə formalaşan ədəbi mühit çoxdan dağılıb. Dağılmayan nə qalıb ki?! Kitabxanalar dağılıb, insanlar arasında dostluq münasibətləri qırılıb, ədəbiyyata, yaradıcılığa münasibət də çox dəyişib. Qısası, Avropa ənənələri həyatımıza daxil olduqca dəyərlər də, formalaşmış ədəbi mühit də, hətta cəmiyyəti tərbiyələndirən yaradıcı insanların düşüncə tərzi də dəyişir. Son 22-23 ildə dağılan təkcə Qarabağ kəndləri deyil ki! Qısa müddət ərzində 1000 illik mədəni sərvətimiz dağılıb. Belə şəraitdə həyatın axarı ilə getmək üçün gərək şərəf və vicdanı unudasan. Əsl ədəbiyyat isə şərəfə və vicdana, haqq-ədalətə xidmət etməlidir.

Qələndər XaçınçaylıБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ