"Qadını cazibədar edən gözləridir"- MÜSAHİBƏ

Tarix:6-11-2017, 13:13 Baxış Sayı:266

"Qadını cazibədar edən gözləridir"- MÜSAHİBƏ


Manera.az-ın bu dəfəki müsahibi şairə Günay Nəriman Həsənlidir.

- Kitab mütaliəsindəki əsas problemlər nələrdir?

- Kitab mütaliəsindəki əsas problemlər başqa problemlərin çoxluğundan qaynaqlanır. Yəni, insanlar eyni zamanda bir çox problemlərin həllinə çalışır və təbii olaraq mütaliəyə kifayət qədər vaxt qalmır. Bugünkü gündə insanlar əsasən yaşam problemləri ilə üzləşir, daha çox çalışaraq, bu problemlərin həllini düşünür. Gənclərin öz vaxtlarının çoxunu internetdə keçirmələri də daha bir problemdir. Müsbət tərəfləri ilə yanaşı internetin mənfi tərəfləri insanlara zaman itkisi verməyidir. İnsanlar, özləri də bilmədən internetin əsirinə çevrilir. Hərçənd ki, bəzən mütaliəni elə internet vasitəsilə də edirlər. Bu faktı da vurğulamaq gərək. Müxtəlif sosial şəbəkələrin əlimizdən aldığı zamanı, mütaliəyə sərf etsək daha səmərəli olar. Daha bir problem, kitab mağazalarındakı kitabların müxtəlif xarici dillərdə və yaxud “kiril əlifbası”nda olmasıdır.

- Kitab oxumamaq üçün vaxt çatışmazlığı bəhanəsinə inanırsızmı?

- Kitab oxumaq üçün vaxt çatışmamazlığı ola bilər, amma bu, kitab oxumamağa haqq qazandırmır. İnsan istəsə hər şeyə vaxt ayıra bilər. Metroda, avtobusda gedərkən, boşuna itirdiyimiz bir neçə dəqiqədə də kitab oxumaq, mütaliə etmək olar.

- Mütaliə seçiminizdə əsas faktorlar nələrdir?

- Mütaliə zamanı əsasən seçdiyim əsərin ruhunun , mənim ruhuma yaxın olması faktoruna xüsusi diqqət yetirirəm. İstər nəsr, istərsə də nəzm olsun. Məndə qəribə bir xarakter də var. Hansı kitabı ki, başlayıram oxumağa, xüsusi tutduğum dəftər var, orada oxumağa başladığım və bitirdiyim tarixi yazıram. Eyni zamanda kitabın adını və müəllifini də qeyd edirəm. Bu vərdiş məndə orta məktəb illərindən formalaşıb.

- Şeir ruh halıdır, ya daxili tələbat?

- . Mənim fikrimcə hər ikisinin sintezindən yaranır şeir. Daxili təlabat səni narahat edir, dincliyini alır, bütün düşüncəni özünə yönəldir (gecə yarısı, şirin yuxuda belə) və həmin an ruh halın da o istiqamətə yönəlirsə, bu zaman şeir doğulur. Şeir yeganə varlıqdır ki, onu həm qadın, həm kişi dünyaya gətirir.

- Nəsrdə yaradıcı adamın özünü ifadə imkanları daha genişdirmi?

- Bəli, nəsrdə yazar özünü daha yaxşı ifadə edə bilir. Bu da meydanın böyüklüyündən irəli gəlir.

- Dramaturgiyanın çağdaş durumu sizi qane edirmi?

- Xeyr, hal-hazırda bu sahədə yazan yazıçılarımız çox azdı. Hətta barmaqla sayılacaq qədərdi, çox təəssüf.

- Fəlsəfəni sevirsiz?

- Fəlsəfəni sevirəm, ona görə ki, onu hamı sevmir. Çünki dərk etmir. Bəlkə də dərk etməyə çalışır, amma bacarmır. Fəlsəfi şeirlər də yazılır, onları sevən də az olur. Məchul görünür çoxlarına belə şeirlər. İndi adamlar asana can atır, dərininə enib, qatlar aralayıb, təhlil etmək yerinə, adına cəfəngiyat qoyub, ötürlər

- Musiqidən nə dərəcədə zövq alırsız?

- Musiqini sevirəm, ancaq hər dəqiqə dinləyə bilmirəm. Bəzən bir mahnı o qədər xoşuma gəlir ki, onu dayanmadan bir sutka dinləyirəm.

- Ölüm sondurmu?


- Ölüm son deyil. Cismin bir formadan başqa formaya çevrilməsidi. Yəni, insan ölür, torpağa basdırılır və çürüyür. Müəyyən müddət sonra həmin yerdə hansısa bir meyvə ağacı bitir. Yenidən insanlar o meyvədən yeyir. Beləliklə davam edir həyat. Bəzi anlarda ruhun da yaşamasına inanıram.

- Qadını cazibədar edən faktorlar nələrdir?

- Qadını cazibədar edən onun xarici görünüşüdü ilk olaraq. Xüsusən də gözləri. Daha sonra əxlaqı və mədəniyyəti.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ