"Xeyir işlərdə sintezator ifa edərək pul qazanırdım"- MÜSAHİBƏ

Tarix:16-09-2017, 12:14 Baxış Sayı:466

"Xeyir işlərdə sintezator ifa edərək pul qazanırdım"- MÜSAHİBƏ


Bu dəfə "TeleMan"da teleaparıcı Rahil Sayadoğlu ilə söhbətləşirik.

- Kitablara maraq nə zamandan formalaşdı?


- Kitablara, xüsusilə də ədəbiyyata marağı məndə atamın şeirləri yaradıb. Uşaqlıqdan onları oxuya-oxuya poeziyanı sevmişəm. Bir də 2005-ci ildə universitetə hazırlaşırdım. Cəfər Cabbarlının “Oqtay Eloğlu” faciəsini oxuyurdum. Özüm də ucadan oxuyurdum, atam da dinləyirdi. Oqtayın uzun illərdən sonra küçədə dilənən qadınla danışarkən onun bacısı olduğunu bildiyi an gözümdən yaş axdı. Baxdım ki, atam da kövrəlib. O əsər nəinki Cabbarlı sevgimi artırdı, ümumiyyətlə ədəbiyyata, oxumağa şiddətli sevgi yaratdı məndə.

- Nəsr, nəzm, dramaturgiya – hansı sənin üçün daha maraqlıdır?

- Əslində hərəsinin öz yeri var və mən bunu heç cür müqayisə edə bilmirəm. C.Cabbarlının drammaturgiyası ilə Ordubadi nəsrini necə müqayisə edəsən axı? Hərəsi özünə görə əjdahadı. Yaxud da Dostoevski nəsri ilə Musa Yaqub nəzmini necə müqayisə edəsən? Adamın dili gəlmir ki, birini o birindən üstün tutsun. Hərəsi özünə görə möhtəşəmdir. Və nəsr, nəzm, drammaturgiya mənə görə ehtiyac məsələsidi. Məsələn elə olur ki, ürəyindən dondurma yemək keçir. Sən o an dana basdırması yox, məhz dondurma istəyirsən. Ədəbiyyat da belədi. Ürəyindən Ramiz Rövşən poeziyası da keçə bilər, Xalid Hüseyni nəsri də.

- Dünya və Azərbaycan poeziyasında dövr fərqi olmadan oxuduğun və sevdiyin şairlər kimlərdir? Yadında qalan ən təsirli şeirlər hansılardır?

- Mən Aqşin Yeniseylə Qismət Rüstəmovu çox bəyənirəm. Aqşin Evrən də əla yazır. Evrənin yaxşı bir misrası var, deyir. “Şərq anasız qalmamışdı, mən anasız qalanda”. Nə gözəl tapıntı.. Ramiz Rövşənin məşhur şeiri var, deyir “Başından var-dövlət yağan ölkənin bəxtəvər günündə dilənən qarı”. Ümumiyyətlə, sosial ştrixlərlə bol şeirlər mənə ayrı cür zövq verir. Amma etiraf edim ki, Nüsrət Kəsəmənli, Nəriman Həsənzadə poeziyasından da zövq alıram. Deyir, “Mən bir xəcalətdən çıxa bilmədim, Bu gizli dərdimi açıq desəm də, Sənə - sənə layiq baxa bilmədim. Səni – sənə layiq dəfn eləsəm də.” Nərimanın şeirlərindəki kədər çox özünəməxsus və təsirlidi mənə görə. Nüsrət də ki, ayrı aləm. “Modern Talking” qrupu musiqidə nə idisə, Nüsrət Kəsəmənli də poeziyada o idi. Bəlkə uğursuz müqayisədi, amma ikisi də dövrünə görə çox güclü təsir dairəsinə malik olublar.

- Nəsrdə bəs? Ən sevdiyin yazarlar və əsərlər hansılardır?

- İndi deyəcəm bəlkə güləcəklər mənə. “Çərpələng uçuran”ı bu yaxınlarda bitirdim. Yenicə oxudum, yəni. Çox bəyəndim, üstəlik mənim kimi kinoya baxmayan adam oturub Yutubda həmin əsərin motivləri əsasında çəkilmiş eyniadlı filmə də baxdım. Ordubadinin “Qılınc və Qələm”i ədəbi qaladı, oxuyub fəth etmək lazım. Dostoevski və Hüqo isə əlçatmaz zirvədi məncə. Bir dəfə bir nəfər tanış uşaq demişdi ki, “Səfillər”i oxuyandan sonra həyata baxışım dəyişdi. Bu ifadə məni elə təsirləndirdi ki, 1-ci kursda oxuyurdum, təcili həmin əsəri tapıb bir nəfəsə oxudum. Düzdü həyata baxışım dəyişmədi, amma ləzzət aldım.

- İncəsənətin digər sahələri ilə maraqlanırsanmı?

- İncəsənətin “ədəbi yaradıcılıq və ekran drammaturgiyası” fakültəsini bitirmişəm. El dilində tərcüməsi “ssenarist”dir. Amma TV-dəki işimizdən dolayı ssenari filan yazmırıq. Vaxt olmur. Digər sahələrlə də maraqlanmıram. Yalandan deməyəcəm. Mənə görə incəsənət də, kobud sənət də, rəssamlıq da, film də, rəqs də - hamısı futboldu. Futbolla dərindən maraqlanıram və düşünürəm ki, buna görə də incəsənətin digər sahələrinə yer qalmır.(Gülür)

- Musiqi dinləyərkən nələrə diqqət edirsən?

- 8 ay fortepiano dərslərinə getmişəm. 10-cu sinifdən 3-cü kursa qədər də müxtəlif xeyir işlərdə sintezator ifa edərək pul qazanırdım. Musiqi duyumum çox yaxşıdı. Ən kiçik improvizələri də duyub, ən kiçik xaric notu da hiss edə bilirəm. Musiqi zövqüm isə çox anormaldır. Ya da buna əksqütblü deyək. Mən Üzeyir Mehdizadə ilə Şopendən eyni dərəcədə zövq ala bilirəm. Bilmirəm, bu, anormallıq sayılır, ya yox. Sırf əhvalıma bağlı bir şeydir.

- Teatrlara gedirsənmi?

- Teatrlara getmirəm. Yalandan deməyəcəm ki, vaxt olmur. Kim vaxtdan şikayətlənirsə, gözünün içinə kimi yalan danışır. Nətər olur, pivə içməyə vaxt tapırıq, teatra yox? Ona görə də etiraf edirəm ki, getmirəm teatrlara və bu ən böyük qüsurlarımdan biridir. Film bazamın kasadlığı isə biabırçılıqdı. Niyəsə kinoya da baxmağa səbrim çatmır.

"Xeyir işlərdə sintezator ifa edərək pul qazanırdım"- MÜSAHİBƏ


- Aparıcı olmaq istək idi, ya məqsəd?

- Aparıcı olmaq nə istək idi, nə də məqsəd. Sadəcə dostumuz Murad Əzimzadəyə başqa layihə verirdilər. “Şəbəkə” boş qalırdı. Təklif etdilər ki, bunu da götür özün apar. Dedim, verin aparım da. (Gülür) Niyə də yox? Və az-çox alındı. Bəlkə də heç alınmadı. Nə bilim.

- Köşə yazıları yazmağı düşünürsənmi?

- Köşə yazılarım olub bir neçə dəfə. Amma son bir ildə belə bir qərar verdim: köşə yazıb saytlara verincə, bir az qısa yazım və Feysbuk profilimdə paylaşım. Saytları ilin-günün bu vaxtında az adam oxuyur. Xüsusilə mənim kimi tanınmayan imzanı kimdir oxuyan? Amma profilimdə paylaşıram, reaksiyaları da canlı olaraq müşahidə edirəm. Neçə layk gəlir, nə yazırlar və s.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ