"Sevgiləri ən gözəl şairlər yaşayır"- Layihə

Tarix:15-08-2017, 14:07 Baxış Sayı:1553


"Sevgiləri ən gözəl şairlər yaşayır"-  Layihə
Manera.az və Birifinq.az birgə “Bir qadın, bir kişi soruşur” layihəsində ölkə ədəbiyyatının və ictimai mühitinin tanınan simalarını fərqli suallarla tanımağa çalışacaq. Nərgiz Nənə və Tural İsmayılovun suallarına şair Emin Piri cavab verir.

"Sevgiləri ən gözəl şairlər yaşayır"-  Layihə


Nərgiz soruşur:

- Yaradıcı şəxslərin təqdimata hər zaman ehtiyacı olur. Əsas da yaradıcılıqlarının birinci dövründə, gənc yaşda. Siz lazımı qədər tanınmış deyilsiniz. Elə yaşıdlarınız var ki, qələmi heç də lazımi qədər formalaşmayıb, amma sizdən məşhurdular. Bunu nə ilə bağlayırsız? Təbiətinizlə, yoxsa başqa səbəblər var?

- Müəyyən qədər razıyam. Amma baxır, insan hansı təbəqədə tanınmış və hansı formada tanınmaq istəyir. Yaradıcığını qalmaqal tanınmışlığı üstələyirsə bu adama qeyri-ciddilik də gətirir. Baxın, bəzi gənclərimiz niyə tanınmaq istəyir: toylarda, məclislərdə masa-masa gəzib əlində rumka tutub araq pulu dilənməkçün. İstedadlı şəxs buna gedərmi? Allah kəssin, elə həyatı.
Hədəflədiyim bir təbəqə var ki, kifayət qədər məncə uğurlu alınır. Və həmin təbəqədən kənarı məni elə də ilgiləndirmir. Sualın ikinci hissəsinə gəldikdə isə, bəli, əvvəllər daha çox utancaq biri idim. Kütlə arasına çıxmağı elə də sevmirdim. Bilmirəm, bu, kompleks idi, ya ayrı bir şey. Amma doğrudan da təbiətimdə elə bir nüans var idi. Indi isə bunlardan azadam. Amma planladığım başqa şeylər var. Götürək, elə bu yay fəslini. Başqaları kimi hansı status yazım, hansı açıqlamanı verim düşünərkən, mən bu yayı doyasıya həyatımı yaşamağı, dincəlməyi daha üstün tuturam. Yəhudilərin bir sözü var, az olsun ömür boyu olsun. Tək bu günü, sabahı düşünmürəm. 100 il yaşayacamsa, 70 il sonranı da nəzərə almışam.

- Hələ də bəzi yaradıcı şəxslər var ki, ədəbi qurumların bağlanmasını istəyirlər. Sizcə niyə bağlanmalıdı, yaxud əksinə?

- Bizdə istedadlı insanlar var idi. Bütün məşğuliyyətləri AYB-AYO ətrafı söhbətlər oldu. Bütün enerjisini buna xərclədi, yaradıclığına nəsə qalmadı. Ağıllı, istedadlı adam enerjisini belə bəsit söhbətlərdənsə yaradıcılığına ayırar. Söhbət hansısa ümummilli məsələlərdən gedirsə bundan da ciddi taleyüklü məsələlər var.

- Belə istedadla başqa sahələrdə çalışsanız, indi kifayət qədər yaxşı maddi vəziyyətdə idiniz. Mən şəxsən buna əminəm. Bu yaradıcılıq prosesində nə var ki, belə insanı bütün maddi imkanlardan məhrum olmağa razı salır. Bu bir növ könüllü köləlik deyilmi?

- Bəli, nə qədər imtina etsək də yaradıcılıq prosesi adamdan enerji, vaxt alır. Bəlkə də siz dediyiniz kimi ola bilərdi. Amma yaradıcılıq mənimçün maddi rol oynamadığından bu məni narahat etmir. Ədəbiyyatdan qazancım 0 da ola bilər, milyon da. Olsa daha yaxşı. Olmasa da narahat etmir. Yazı mənimçün ruhsal anlam daşıyır. Huzur tapıram. Huzur da elə bir şeydir ki, onu milyonlara dəyişmək olmur. Maddi durumumdan o qədər də narazı deyiləm. Gənclər arasında şeirimə görə ən çox qonorar alanlardan olmuşam. Şeirlərimin də haqqını verim. Bəzi maddi uğurları şeirlərim gətirib.

- Həm də jurnalistika ilə məşğulsunuz. Bu sahənin sizə verdikləri nə oldu, aldıqları nə?

- Hazırda müəlliməm. Mətbuata ara-sıra yaradıcılıq materiallarımı verirəm. Bəzənsə xoşladığım hansısa mövzuda bir araşdırmamı. Hazırda mətbuat məcburiyyət yox, bir rahatlanma prosesi oynayır məndə. Həmişə bu sualdan qaçmışam. Çünki özümü heç vaxt jurnalist hesab etməmişəm. Ola bilər, hansısa müsahibəm, açıqlamam, bir köşəm illərin jurnalistindən, on illərin media adamından dəfələrlə çox oxunur. Amma yenə də mən peşəkar jurnalist deyiləm. Bizdə mediadakıların əksəriyyəti dolanışıq səbəbindən adına jurnalist sözünü götürüb. Bunu peşəkarlıqla eyni götürmək olmaz. Açığı desəm jurnalistika terminlərindən, nəzəri biliklərindən də xəbərsizəm.
Amma tanınmaq baxımından, maddi gəlir baxımından həyatımda rol oynayıb. Yeni insanlar tanımışam. Yuxarıda dediyim kimi çox utancaq biri idim. Media bir növ bu utancaqlığı məndən aldı. Aldığı saflığım və enerjim olub. Ədəbiyyat adamı mətbuatda çalışanda ədəbi enerjisini media yeyir.

- Şair, rəssam, heykəltaraş, bəstəkar və s. Bunların sevgi anlayışını necə təsnifləndirərdiniz?

- Bəlkə də təkəbbürlü çıxar bu dediyim. Məncə sevgiləri ən gözəl baxımdan şair yaşaya, duya bilər. Sonra bəstəkar, sonrasa rəssam. Əsəd Cahangir də səhv etmirsəmsə essesində belə deyirdi, Dünya əsas üç simvoldan ibarətdir: Söz, Səs, rəng. Söz( şair) həmin nərdivanın ən üstü pilləsidir. Tanrı da insanlarla sözlə danışmağa başlayıb və dünyanı ol sözündən yaradıb. Səs və rəng sözdən yaranmadır.
Şair həyatı bir qədər də köçəri həyatdır. Oturaq deyil. Ona görə də daha fərqli daha rəngarəng olur.

Tural soruşur:

- Ədəbiyyat bizdən nə aldı və nə verdi?

- Enerji və vaxt almağı şəksizdir. Amma bunun qarşılığında nə verib nəzərə almaq lazımdır. Bekarçılıqdan məşğul olsaydıq bəlkə də itirmiş olardıq. Məncə bu sırf mənəvi, ruhsal istəklərlə bağlıdır. Hətta daha böyük şeylər almış olsa da peşman olmazdım. Düzdü, bunu tam əminliklə gələcək illərdə demək olar. Bizə nə verdiyini həm də biz cəmiyyətə nə vermişiklə ölçmək lazımdı.

- Nəsrdə niyə özünü sinamırsan?

- Düzünü desəm, belə fikrim var. Daha doğrusu hekayə ideyalarım, süjetlərim və əlyazmalarım var. Amma şeir qədər özümü hazır hiss etmirəm. Oturaq insan deyiləm. Yəqin ki, yaxın aylarda hekayələrimi üzə çıxardacağam.

- Uşaqlar üçün nələr edə bilərik?

- İlk növbədə uşaq ədəbiyyatını inkişaf etdirmək lazımdı. Bizə adi gələ bilər, amma sırf kitab bazarı kimi də nəzərə alsaq, Azərbaycanda ən çox məktəbli, uşaq ədəbiyyatı satmaq mümkündür. Uşaq ədəbiyyatını küçümsəyirik. Müstəqil Azərbaycan ədəbiyyatı dövrünün hekayələrinə cizgi filmləri çəkə bilsək, həm dövlət, həm də uşaqlarçün böyük işlər görmüş olarıq. Və ya hər məktəbdə uşaqlarçün gənclik kitabxanası yarada, gənc yazarlarımızın kitablarını yerləşdirə bilərik.

- Niyə qadınlarla ünsiyyətlərindən peşmanlıqla danışırsan?

- Deməzdim peşmanam. Sadəcə bizdə ayrılma mədəniyyəti yoxdur. Insanlar ayrıldıqdan sonra qəribə qısqanclıq, düşmən kimi yanaşırlar. Bu tək qadınlara yox, kişilərə də aiddir.

- Həyatda səni formalaşdıran nələrdir?

-Həyatda məni hər şey formalaşdırır. Ayağımın altından keçən qarışqa da, hələ bizə gəlib çatmayan, milyon işıq ili uzaqda olan mənşəyi müəyyən edilməmiş daş parçası da.
"Sevgiləri ən gözəl şairlər yaşayır"-  Layihə
MANERA.AZ,
BRİFİNQ.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ