"Qadağaların əleyhinəyəm"- Müsahibə

Tarix:11-08-2017, 10:00 Baxış Sayı:311

"Qadağaların əleyhinəyəm"- Müsahibə


"Onların yaradıcı dünyası"nda ədəbiyyatla bağlılığı olan televiziya və müxtəlif sahələrdə çalışan insanları danışdıracağıq. Müsahibimiz teleaparıcı, yazar Yeganə Cansaildir.

" Bahalı həyat, bahalı maşınlar, lüks restoranlar, həyatın hər anını brendləşdirmək... Aparıcılarımızın çoxu buna can atır".

- Yaradıcılıq həyatın hansı mərhələsində insanı dəyişdirə bilir?

- Hər şey qədərindən artıq olanda, sərhədləri aşanda qəliblər qırılır... Həyatında müəyyən dəyişikliklər baş verir. Məsələn, manyakcasına yaradıcılığla məşğul olmaq istəyirəm. Tükənmədən hər gün müşahidələrimi, fikirlərimi yaza bilərəm. Əlbəttə ki, belə olduğu halda hansısa dəyişikliklər baş verər. Ya yaradıcılıq məni milyonçu edər, ya da dəli. İstənilən mərhələdə düzgün faydalanmaq lazımdır...

- Esse, hekayə- indi bizim nəsrimizdə səncə bunlardan hansı daha yaxşı alınır?

- Məncə esse daha uğurlu alınır. Yazılan hekayələr natamamdır, yazarlarımız oxucuya səmimiyyət elektrikini ötürmür. Oxuyursan, görürsən ki, elə bil nəsə çatmır. Ümumiyyətlə, hekayə sevən adam deyiləm. Ona görə də oxumuram.

- Köşə yazısı yazmaq tələbatı nədən qaynaqlanır səncə?


- Hər günümüz gündəmi zəbt edən xəbərlərlə qaynayır. Hər səhər xəbərləri oxuyuram. İlahi, nə qədər zorlama, qətl, əcaib qan püskürən hadisələr baş verir. Bütün bunların fonunda əlin yalnız köşə yazmağa çatır. o yazılarda baş verən bütün eybəcərliklərə etiraz etməklə, camaatı maarifləndirməklə aqressivlikdən az da olsa qurtula bilirsən.

"Qadağaların əleyhinəyəm"- Müsahibə


- Yazıdan efirə keçən adamların fərqi olurmu doğrudan da? Məsələn, sən öz yaradıcılıq potensialını necə nümayiş etdirirsən efirdə?


- İnsanın öz bazası zəngin olmalıdır. Bunun yazıyla heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, bu gün bəzi efir adamları üçün zənginlik intellektdə deyil, elə sözün birbaşa mənasında əhəmiyyət kəsb edir. Bahalı həyat, bahalı maşınlar, lüks restoranlar, həyatın hər anını brendləşdirmək... Aparıcılarımızın çoxu buna can atır. "Luxury life" əlbəttə ki, hər kəsin arzusudur. Amma başının içi boş olandan sonra, ağzını açıb iki kəlmə cümlə qura bilməyəndən sonra kimə lazımdı o bahalı maşının?

- Şeirə münasibətin maraqlıdır. Poeziya sənin üçün nələri ehtiva edir?


- Poeziya...başqa dünyadır. Məsələn, küçədə gedərkən özünün də xəbərin olmadan fikirlərinin göydəki aya ilişib qalmasıdır. Ağaclardır...qüsursuz ağaclar. Həssaslıqdır...toxunsan ağlayacaq. Dünya təsəvvür edin ki, uşaqlarçün "özün rənglə" kitabçası kimi bir şeydir. Şeirlər isə onun rəngləri...

- Elm, fəlsəfə səni nə qədər cəlb edir? Bu sferalarda baş verən yenilikləri izləyirsənmi?


- Tələbəykən fəlsəfə ilə çox maraqlanırdım. Gördüm ki, çox dərinə getdikcə adam daha da tənhalaşır...daha oxumadım.

- Qadında cazibə və gözəllikdən də önəmli olan nüanslar nələrdir səncə?


- Qadının ən seksual yeri beynidir. Sən nə qədər gözəl, cazibədar olsan da cəmiyyətdəki mövqeyini beynin təyin edir. Əlbəttə ki, qadın hər zaman baxımlı və gözəl görünməlidir. Mən saçı-başı baxımsız xanımları anlaya bilmirəm. İnsan niyə axı özünü gözəl görünməkdən məhrum eləsin? Sən xirtdəyə qədər problemin içində boğulsan da qadınsan. Cazibədarlıq və ağıl iki ən yaxın dostdur.

"Qadağaların əleyhinəyəm"- Müsahibə


- Sərbəstlik deyəndə sənin üçün nələr ifadə olunur?

- Sərbəstlik nə yazıq ki, bu gün bizdə yanlış fikirləri assosasiya edir. Sərbəstlik mən nə istəyirəm onu da edəcəm demək deyil. Sərbəstlik sənə rahatlıq gətirən fikirlərindir, qadağalarsız həyatındır. Bütün hallarda qadağaların əleyhinəyəm. Nə vaxtsa ailə qurub övlad sahibi olanda uşağıma heç nəyi qadağan etməyəcəyəm. Çalışacağam ki, olar-olmaz qənaətinə özü gəlsin.

- İntellektsiz insanlarla ünsiyyətə məcbur olanda özünü necə sakitləşdirirsən?


- Bu, dəhşətdir. Sən çaydan danışırsan, o isə aydan. Adətən, susmağa üstünlük verirəm. Çünki cahil insanla danışmağın faydası yoxdur.

- Kitab oxumağın sənin gələcəyin üçün hansısa önəmli bir planlamaya səbəb olduğuna inanırsanmı?

- Kitab zatən insan şüurunu, fikirlərini formalaşdırmaq üçündü. Kitab oxumayan adamları heç vaxt anlaya bilməmişəm.

Söhbətləşdi:
Tural İsmayılov
MANERA.AZ


"Qadağaların əleyhinəyəm"- Müsahibə
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ