"Hamının müğənni olmağındansa..."- Emin Piri ilə müsahibə

Tarix:3-08-2017, 12:47 Baxış Sayı:540

"Hamının müğənni olmağındansa..."- Emin Piri ilə müsahibə


Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir məna gətirir. “Söz adamı” layihəsinin növbəti qonağı şair Emin Piridir.

- Yaşamaq, yaratmaq, ölmək. Başlanğıc və son… Bu haqda nə düşünürsüz?

-Mənim düşüncəmdə başlanğıc və son deyə anlayışlar o qədər də fərqli deyil. Bir-birinin təkrarı və ya eynisidir.Yaratmaq həm də var olma deməkdir. Amma baxır, kimin anlamında yaratma nədir. Çünki bəzi dağıtmalar da həm də yaratmaq anlamını daşıyır.

- Şair ömrünə yazılan taleyə niyə çox vaxt Günəş doğmur?

-Bəlkə də ən uğurlu talelər şairlərə yazılır. Sadəcə şairlər başqalarının xoşbəxt ola biləcəyi durumlarda da bir talesizlik axtarır. Bir növ xoşbəxtliyi bədbəxtləşdirir. Bunu bir növ klassik şairlərə və hələ də burada ilişib qalanlara aid etmək olar.

- Şair mütləqmi bədbəxt olmalıdır?

- Normal adam böyük poeziya yarada bilməz. Normal dedikdə əgər hər kəsdən fərqlənirsənsə, normal adlanan cəmiyyətdə sən zatən anormalsan. Ümumiyyətlə, insanların xoşbəxtəmmi, bədbəxttəmmi deyimləri arasında ilişib qalmasını anlamıram. Belə düşüncələrlə beyni məşğul etmək əvəzinə həyatı yaşasa hər şey daha yaxşı olar.

- İstedad və zəhmət. Bir şairin yaradıcılığında bu iki anlayışın rolunu necə görürsüz?

-İstedadı yoxdursa ədəbiyyatda yazıb yaratmağa dəyməz. Zəhməti nə olur, olsun. Amma zəhmət olmadan da istedadı məhv edə bilərsən. Təsəvvür edin ki, istedad oddu, sənsə zəhmət çəkməsən qorumasan o od sönəcək. Ona görə də, zəhmət çəkib o odun keşiyində də durmaq lazımdır.

- Kitablara olan marağın artması üçün hansı addımlar atılmalıdır? Biz niyə kitab oxumuruq?

-Deməzdim ki, biz kitab oxumuruq. Sadəcə bəzi sahələrə diqqət çox azdı. Hansısa biri deyirsə, Azərbaycan cəmiyyəti kitab oxumur, yalan deyir. Sadəcə hədəfi düzgün seçmək və çalışmaq lazımdı. Digər ölkələrlə müqayisədə zəifdir, bunu bilirəm. Baxın, bizdə elə yazarların çoxu tələyə düşür, hansı kitab Türkiyə daha çox reklam olunursa o kitabdan danışır, onu oxuyur, ondan yazılar yazır. Bu da onu göstərir ki, media və tvlər ilə ortaq layihələr həyata keçirmək lazımdı. Səlim Babaullaoğlu səhv etmirəmsə bu yöndə tvlərlə ortaq layihələr aparır. Kifayət qədər uğurlu olur. Ikinci təbliğat isə əsas təhsildir. Təhsil inkişaf etdikcə avtomatik olaraq kitab bazarı istədyimiz yerə yüksələcək.

- Hər oxuyan Molla Pənah olmaz… Bəs hər yazan?

-Ümumiyyətlə, bu deyimdən xoşum gəlmir.

- Ən böyük sual nədir? Ölüm haqqında düşüncələriniz…

-Anına görə dəyişir, bəzən ən kiçik görünən suallar başqa vaxt ən ağır suala çevrilər. Ölüm başlanğıcdır. Bu qorxulu və ya son demək deyil. Bu sadəcə qoyub getdiyin insanlarçün çətindi. Insanlar özü üçün ağlayır gedən üçün yox.

- Dünya tarixində ən böyük hadisə nədir sizin üçün?

-Dəmirin və elektrikin kəşfi.

- Ədəbi qurumlara münasibətiniz…

-Normal. Bu insnaların azad seçimidir. Istər ədəbi qurum yaradar, istər üzv olar, istərsə də heç birinə yaxın düşməz.

- Şeirdə hər hansı bir düstur olmalıdırmı?
-Şeirin əsas düsturu mənə görə öz deyimin olan poeziyadır. Poeziya yoxdursa, mənim gözümdə şeir deyil.

- Gənclərin ədəbiyyata axınına münasibətiniz…

-Əla. Hamının müğənni olmağındansa, ədəbiyyata gəlməyindən qorxmaq lazım deyil. Həmin gələn gənc heç olmasa məcburən osla da 4-5 kitab oxuyacaqsa, pis bir hal deyil.

- Fizik, ya kimyaçı olmaq çətindirmi?

-Mənim seçimimə qalsa fizik olardım. Kimyanı elə də sevə bilmirəm.

- Son olaraq söz haqqında sözünüz…

-Hər şey indi başlayır.

Tural Cəfərli
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ