manera.az
manera.az

İstedadsız söz adamı olmur, özünü aldadan qrafoman olur...- Müsahibə

İstedadsız söz adamı olmur,  özünü aldadan qrafoman olur...- Müsahibəİstedadsız söz adamı olmur,  özünü aldadan qrafoman olur...- Müsahibə
Manera.az-da yayımlanan “Söz adamı” layihəsinin növbəti qonağı şair, tərcüməçi Zahid Sarıtorpaqdı.



– Bu yaxınlarda “Dərdin sarı çəpkəni” adlı kitabınız işıq üzü gördü. Uzun zamandır kitabınız dərc olunmurdu. Ədəbi imzanız kifayət qədər tanınsa da, ədəbi proseslərdə aktiv deyilsiniz, bu nə ilə əlaqədardı?

– Bu kitabımda üç romanım yer alıb: ““Dərdin sarı çəpkəni” , “Kül”, “Qarğa marşrutu”. Bu romanlarım son üç-dörd ildə ayrı ayrılıqda “Azərbaycan” jurnalında da çap olub. Ədəbi prosesdə aktiv olmamağımla bağlı səsləndirdiyiniz fikirlə razı deyiləm. Məsələn, son yeddi ildə iki şeir və bir nəsr kitabım işıq üzü görüb. Səkkiz tərcümə kitabım nəşr olub. Üç tərcümə kitabım da nəşr prosesindədi. Ədəbiyyat saytlarında davamlı olaraq yazılarım gedir. Bundan artıq neyləyə bilərəm ki? O ki qaldı ədəbi mühitdə az görünməyimə, bu, sadəcə, intriqalara qoşulmamaq, “gündəm xəstəliyi”ndən həmişə uzaq olmaq istəyimdən irəli gəlir.

– Yaradıcılığa şeirlə başlamısınız. Hal-hazırda şeir yazırsınızmı… Şeirdən sonra nəsrə keçmək çətin deyilmi?

– Poeziya ilə nəsrin arasında manipulyasiya etmək adi istəkdən deyil, daxili zərurətdən doğur. Enerjini necə “xərcləmək” mənim üçün problem deyil. Nəsrlə məşğul olduğuma görə çoxdandı şeir yazmırdım. Son vaxtlar bir neçə şeir yazmışam. Amma bu tezkən paylaşmaq fikrim yoxdu, üstündən zaman keçməsini istəyirəm.

– Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Bu qurum sizin yaradıcılığınıza hansı təsirləri göstəırmişdir, ümumiyyətlə ədəbi qurumun yaradıcı insanın həyatında hansı rolu var?

– Yaradıcılıq qurumunun kiminsə yazı-pozusuna hansısa təsiri göstərib-göstərməməsi məntiqlə düz gələn bir şey deyil. Nə təsir ola bilər axı? Sadəcə yazdıqlarım bu qurumun ədəbi orqanlarında çap olur və bundan razıyam.

– Müasir ədəbi mühitdə kimləri oxuyursunuz? Gənclərdən diqqətinizi çəkən yazarlar kimlərdi?

– Çox maraqlı imzalar var. Çox istedadlı gənclər yetişir. İmkan düşdükcə, bacardığım qədər oxumağa çalışıram. Amma ad çəkməyəcəm. Unutduqlarım inciyə bilər…

– Bəzən istedadı ilə yadda qala bilməyənlər mübahisə və qalmaqal ilə gündəmdə qalmağa çalışırlar… Buna münasibətiniz necədir?

– Ədəbiyyat kross yarışıdı yəni? “Görək kim-kimi” prinsipinin bu sahəyə aidiyyəti olmamalıdı. Doğrudan da belədi. Ədəbiyyatda necə deyərlər təngnəfəs olmağın nə mənası var? Sabiri gətirin gözünüz qabağına, kitabının da üzünü görmədi. Amma əbədi olaraq ədəbiyyatdadı. Meksika yazıçısı Xuan Rulfo bütün ömrü boyu kiçik həcmli bircə roman yazıb: “Pedro Paramo”, amma şedevrdi. Gündəmdə qalmaq istəyi özünə güvənməyənlərin işidi. Belə şeylər şou-biznesdəki qalmaqallardan heç nəylə fərüqlənmir. İstedad haqda danışanda, böyük ustad Nazim Hikmətin fikri necə də yerinə düşür: “Pətəyində balın olsun, arısı gələr Bağdaddan…”

– İstedad və zəhmətin söz adamının yaradıcılığında nisbəti necədi?

– İstedadsız söz adamı olmur, sadəcə, özünü aldadan qrafoman olur. Onun da həqiqi ədəbiyyata dəxli yoxdu. Belələri münbit şumluqlara buğda deyil, qovurğa səpdiklərinin fərqində olmurlar və bilmirlər ki, heç nə cücərməyəcək…Ən başlıca amil istedad, Allah vergisi olsa da, yaradıcılıqda zəhmətin çox böyük rolu var və mən onun nisbətinin yox, önəminin qat-qat artıq olduğunu deyərdim.

– Dünya ədəbiyyatından kimləri dahi hesab edirsiniz?
– Dahilər çoxdu. Sevdiyim şair və yazıçılar çoxdu. Hansı birini deyim? Sadalamaqla qurtarmaz… Amma XX əsr şairlərindən Nazim Hikməti, Rayner Mariya Rilkeni çox sevirəm. Nasirlərdən Marsel Prustu, Frans Kafkanı, Andrey Platonovu, Xulio Kortasarı, Xorxe Luis Borxesi, Qabriel Qarsia Markesi…

– Ədəbi mükafatlara münasibətiniz…

– Mükafatın maddi tərəfi önəmli ola bilər. Bu, heç də pis deyil. Ancaq ad, şan-şöhrət baxımından mükafata can atanların cəhdi mənə çatmır. Onu da deyim ki, bu vaxtacan heç bir mükafatım olmayıb.

– Gənc yazarlara tövsiyyələriniz…

– Son dərəcə səmimi olmaq, zəhmət çəkməkdən qorxmamaq, şöhrət azarından qaçmaq, yazdığını dərhal çap etdirməmək…

– Söz adamı kimi sözə olan münasibətinizi necə ifadə edərdiniz…

– Bu sualınıza “Üfürülmüş çırağın ruhu” adlı ilk şeirlər kitabıma “Müəllifdən” başlığı altında yazdığım kiçik bir essedən aşağıdakı ifadələrlə cavab vermək istərdim: “Bütün çırpıntıların Səs, Zaman, Məkan üçbucağında Sözə çevrilməsi şeirə baxışımı zaman-zaman dəyişir. Səsin Sahibi məlum, Zamanın Sahibi məlum, Məkanın Sahibi məlum. Sözün yiyəsi isə Odur. Bəs onda biz kimik? Odur ki, hərdən biz yazarların kimin daş-qaşı ilə «beş daş» oynadığımızı düşünəndə az qalır alnıma soyuq tər gələ...” Bu gün təkcə şeirdə deyil, nəsrdə də, tərcümədə də əlahəzrət Sözə münasibətim belədi, heç dəyişməyib...

Tural Cəfərli,
Manera.az


-

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031