"Mən bu sahənin vurğunuyam, xəstəsiyəm"- Allahverdi Şəfiyev TeleManda/ MANERA.AZ

Tarix:3-04-2017, 13:43 Baxış Sayı:717

"Mən bu sahənin vurğunuyam, xəstəsiyəm"- Allahverdi Şəfiyev TeleManda/ MANERA.AZ


Manera.az “TeleMan” layihəsini təqdim edir. Bu layihədə televiziyada vəzifəsi olan, televiziya işinin içindəki insanlarla televiziya və maraqlı olan bir çox məsələlər barədə danışırıq. Həmsöhbətimiz ARB 24 xəbər kanalının baş redaktor müavini Allahverdi Şəfiyevdir.

- Televiziya sizin üçün nəyi ehtiva edir?

- Teleradio sahəsində çalışmaq mənim uşaqlıq arzum olub. Şükür Allahıma ki, məni muradıma çatdırdı. Düzdür, evdəkilərdən çox üzümü həmkarlarım görür. Günümün 80-85 faizini məhz işimə həsr edirəm. Ona görə də "bura mənim ikinci ailəmdir" desəm, yanılmaram. Tam səmimi deyəcəm, mən karyeraya başladığım illərdə yalan olmasın, düz 2-3 il 35-150 manat civarında əmək haqqı alırdım. Təbii ki, enişli-yoxuşlu günlərim də olub. Amma bütün bu və digər amillər məni yolumdan, amalımdan döndərə bilmədi. Sonda mən də dördüncü hakimiyyətin vicdanlı üzvü olduğumu istbat etdim. Ümid edirəm sualınızı cavablandıra bildim.(Gülür) Televiziya mənim ruhumdur. Mən bu sahənin vurğunuyam, xəstəsiyəm.

- Televiziyada çalışmaq hansı yaş dövründə sizin üçün istək yox, məqsəd oldu?

- Heç vaxt heç nəyə və heç kimə barmaqarası baxmamışam və baxmaram. Verilən hər hansı bir tapşırığı canla-başla və təbii ki, məsuliyyətlə yerinə yetirməyi sevmişəm. Söz götürməyi deyil, gördüyüm işin söz edilməsini sevmişəm. İnkişaf etmək, bu sahənin dərinliyini, sirrlərini bilmək üçün haqqlı tənqidlərdən nəticə çıxarmağa, üzərimdə daha çox çalışmağa və sağlam rəqabətə üstünlük vermişəm. Mənim bu sahəyə olan istəyim və məqsədim 2003-cu ildə (ilk dəfə televiziya sahəsinə gəldikdə) necə idisə, hal-hazırda da həmin formadadır. Biri o birindən nə çox, nə də ki azdır - paraleldir.

- Televiziyaçılığın mediadakı önəmini bir neçə sözlə necə ifadə edərdiniz?

- Digər media qurumlarından fərqli olaraq, bu, audio-vizual sahədir. Bu haqda çox deyilib, çox yazılıb. Amma əsas budur ki, hal-hazırda televiziya ən çox izləyicisi olan mediadır. Və düşünürəm ki, yaxın gələcəkdə bu gercəklik dəyişməyəcək.

- Yaxşı nitq, görünüş, savad... Efir siması üçün başqa nələr lazımdır sizcə?

- Sadaladığınız hər üç komponent olduqca mühüm və vacibdir. Düzdür, indi bizim tv-lərdə belə bir kompleks adam tapmaq çətindir, amma mümkündür. Mən kiçik, lakin efir üçün önəmli olan 1-2 nüansı əlavə etmək istərdim. Təsəvvür edin, hər hansı bir aparıcıda sadaladığımız bu 3 komponentin hər biri var. Amma işinə sevgisi yoxdur, oxuduğunu duya bilmir, tamaşaçı ilə səmimi ünsiyyət qura bilmir. Belə olan halda mavi ekranların qarşısında əyləşən insan avtomatik olaraq digər kanala baxacaq. Xəbəri həmin aparıcıdan deyil, başqa kimdənsə almaq istəyəcək. Ona görə, mən deyirəm ki, insan gərək ilk növbədə işini sevsin və gördüyü işin məsuliyyətini və ciddiliyini dərk etsin.

- Xəbər kanalı üçün əsas prioritetlər nələrdir?

- Bu məsələdə Amerika kəşf etməyə ehtiyyac yoxdur. İlk növbədə dəqiqlik, operativlik və qərəzsizlik. Və bunu televiziya sahəsi ilə bağlayanda onu əlavə edək ki, xəbərlər anlaşıqlı dildə və tərzdə olmalıdır. Axı televiziyaya baxanlar bu xəbəri bir dəfə görür və eşidir. Belə olan halda onlar gördüklərini dərhal dəqiq qavramaq imkanı əldə etməlidirlər. Bəzən xəbər təqdim edənlər bunu elə qəliz dildə çatdırırlar ki, tamaşaçı onu dərk etməkdə çətinlik çəkir. Bu, yolverilməzdir.

"Mən bu sahənin vurğunuyam, xəstəsiyəm"- Allahverdi Şəfiyev TeleManda/ MANERA.AZ


- Onlayn medianı izləyirsiz?

- Təbii ki, söhbət xəbərdən gedirsə, fərq etməz harada işləyirsən. İnformasiyanı əldə etmək üçün hər bir vasitədən istifadə etməlisən. İstər onlay, istər çap, istərsə də televiziyalara baxmalısan. Bu, həm sənin üzərində işləməyə, inkişaf etməyə yardımçı olur, həm də eyni xəbərin fərqli təqdimatlarını izləməyə və müqayisə aparmağa imkan verir. Amma çox vaxt bəzi saytlar İP artırmaq üçün ucuz reklamlara əl atırlar. Bəzən elə başlıqlı xəbərin içərisindən elə bir xəbər çıxır ki, adamın lap əti tökülür. Düşünmürlər ki, təqdim etdikləri xəbər onların İP-sini artıra bilər, amma ciddiliklərinə də zərbə vurar. Belə olan halda xəbər axtaran insan inanmıram ki, o sayıtlara bir daha müracəit etsin. Bizim şirkətin daha bir kodeksi ondan ibatərdir ki, hər hansı bir xəbəri ilk mənbədən dəqiqləşdirmədən efirə vermək olmaz. Bizim üçün informasiyanın dəqiqliyi operativliyindən daha üstündür. Məncə hər bir şəxs özünə və oxucusuna hörmət etməli, insanların hissləri ilə oynamamalıdır.

- Televiziya və sayt arasında informasiyanın çatdırılmasında hansı əsas fərqlər var?

- Tam səmimi deyəcəm. Hazırda tv-lərin əksəriyyəti onlayn mediaya uduzur. Bu faktdır. Çünki internet əsridir. Hara getsən, kimə baxsan ən azı əlindəki mobil telefon vasitəsi ilə müxtəlif sosial şəbəkələrə daxil olur, xəbərləri oxuyur, məlumatlanır. Amma bizim kanalada xəbərə yanaşma və təqdim olunma bir az fərqlidir. ARB 24 Azərbaycanın xəbər kanalıdır. Adından göründüyü kimi, bizim işimiz, vəzifəmiz tamaşaçılara ancaq dolğun, obyektiv və düzgün xəbəri hər 30 dəqiqədən bir çatdırmqdır. Siyasi, sosial, iqtisadi, mədəni, idman və digər səpkili xəbərləri təqdim etmək üçün geniş bir heyyət çalışır. Ona görə tam mübağiləsiz deyə bilərəm ki, biz xəbər sahəsində heç bir kanala və heç bir sayıta uduzmuruq.

- Kitab oxuyursuz?

- Düzünü desəm, kitab oxumağı sevirdim. Amma indi bütövlükdə özümü işə həsr etdiyim üçün kitab mütaliəsinə vaxtım çatmır.

- Hansı filmləri izləyirsiz?

- Məktəb illərindən bəri tarixə böyük həvəsim olub. İstər ölkə, istərsə də dünya tarixi ilə daim maraqlanmışam. Bu maraq kino seçiminə də sirayət edib. Ən çox izlədiyim filmlər tarixi janrda lentə alınan ekran əsərləridir.

- Musiqi duyumunuzu necə qiymətləndirirsiz?

- Mən 2 ilə yaxın İctimai Radioda aparıcı kimi da işləmişəm. İlk dəfə efirə gündə bir dəfə olmaqla, 30 dəqiqəlik verilişlə çıxmışam. Daha sonra həftədə ən azı beş dəfə olmaqla saat 22-23:00-dan düz səhər 06-00-dək veriliş aparmışam. Bu müddət ərzində tamaşçılarla ünsiyyətdə olub onların zövqünə oxşamaq elə də asan iş deyil idi. Böyüklərimə təşəkkür edirəm mənə etimad göstərib bu işi həvalə etdikləri üçün. Musiqi duyumu olmayan insan çətin radioda işləyə bilsin.

- Ən çox hansı fənni sevməmisən?

- Biologiya, kimya və fizika. Bu fənnlərə qarşı antipatiyam sonsuz olub. Riyaziyyat, coğrafiya, tarix və ədəbiyyat fənnlərinə qarı olan sevgim isə həddsiz olub.

- Fəlsəfə ilə aranız necədir?

- Deməzdim ki, aram yoxdur. Bəzən dost-tanışlarla görüşməyə imkan olduqda bu mövzuda müzakirələr aparmağa üstünlük veririk.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ