"Burax, gözlərinin həbsindən məni"- Layihə -MANERA.AZ

Tarix:8-06-2015, 11:26 Baxış Sayı:934

"Burax, gözlərinin həbsindən məni"-  Layihə -MANERA.AZ

Nüsrət Kəsəmənli 1946-cı ildə Qazax rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin ikinci kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985).

60 - cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şeirinə musiqi bəstələnmişdir. "Bir kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifidir. Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.

Fəal ictimaiyyətçi olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləmişdir (1985-ci ildən). "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olmuşdur (1985-ci ildən).
Nəğməkar şair 17 oktyabr 2003-cü ildə Təbriz şəhərində vəfat etmişdir.



ƏLLƏRİN NƏ YAMAN SOYUQDUR, GÜLÜM...

Əllərin nə yaman soyuqdur, gülüm.
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki, əlim,
Əllərin əlimin buz əlcəyidir.
Biz ki, cənubluyuq bu soyuq hardan?
Gərək külümüz də soyuq olmasın.
Gözümüz dünyada ən qaynar bulaq,
Gərək əlimiz də soyuq olmasın...
Oddan yoğrulmuşuq, atəşik axı,
Qəlbimiz - duyğular tonqalı kimi.
Yanağın
Elə bil alov dilimi,
Əllərin bir taxta yonqarı kimi...
Əllərin nə yaman soyuqdur, gülüm,
Niyə bu soyuğu indi duymuşam?
Bir ömrün məhəbbət taleyini mən
O soyuq əllərə necə qıymışam?!
Ay üzü baharlı, əli qış sonam!
Gileyim gülməli gəlməsin mənim.
Qorxuram
sevgidə soyumağın da
Əlindən başlaya, əlindən sənin;
Əllərin nə yaman soyuqdur, gülüm.

SƏN DEMƏ, TƏZƏDƏN SEVMƏK OLARMIŞ...

Sən demə, təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş.
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman gələ bilərmiş.

Ürək bulud kimi boşalırsa da
Demək, bulud kimi təzədən dolur,
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur.

Sən demə, təzədən sevmək olarmış,
Köhnə yaraları vaxt, zaman silir,
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilər.

Ağlaya-ağlaya dünyaya gəlib,
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?!

Sən demə, təzədən sevmək olarmış,
Sevgi fürsət deyil quş kimi uça.
Nə də kölgədir ki, qaçasan qova,
Ya da sən qovasan,
o səndən qaça...

Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.

İlk sevgi yuvadan düşən quşcuğaz,
Körpə qanadları pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...

Mən ki, görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir, bir dəfə sevilir insan,
Sən demə, təzədən sevmək olarmış...

BURAX GÖZLƏRİNİN HƏBSİNDƏN MƏNİ...

Çəkir varlığımı dara gözlərin,
Aparır ruhumu hara gözlərin?
Qara bir məhbəsdir qara gözlərin,
Burax gözlərinin həbsindən məni.

Yandırıb-yaxmaqda od qüdrəti var,
Təkcə mən blirəm nə hiddəti var,
Axı, cəzanın da bir müddəti var,
Burax gözlərinin həbsindən məni,

Qaldım cazibəndə, bihuş kimiyəm,
Mərhəmət gözləyən baxış kimiyəm,
Qəfəsə salınmış bir quş kimiyəm,
Burax gözlərinin həbsindən məni.

Günüm elə səndən şikayət olub,
Bu sevgi bir dastan, hekayət olub,
Məhəbbət nə vaxtdan cinayət olub,
Burax gözlərinin həbsindən məni.

Zindana könüllü saldım özümü,
Eybi yox, payıza döndər yazımı,
Mən günah işlədim artır cəzamı,
Saxla gözlərinin həbsində məni.

BİRİ VARDI, BİRİ YOX

Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardi, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən.
Məclislərdə can deyib, can eşidən
Dostlarımın biri vardı, biri yox.

Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox...

Uzaq gəzdi əmi, dayı, bibilər.
Sözarası mənə "evlən" dedilər,
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək, bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən,
Vaxt gələcək, sən özün deyəcəksən,
Deyəcəksən: "Biri vardı, biri yox!"

Təqdim etdi: Şəhanə Müşfiq

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ