Sevinc Elsevər - "Ləmanın cəzası" - LAYİHƏ

Tarix:18-05-2015, 13:15 Baxış Sayı:1593


Sevinc Elsevər - "Ləmanın cəzası" - LAYİHƏ Sevinc Elsevər

Manera.az-ın “Deməyin uşaq yazarı yoxdur!” layihəsi sizə Sevinc Elsevər (Pərvanə)- i təqdim edir:

Sevinc Elsevər (Pərvanə) 1983-cü ildə doğulub. Uşaqlara həsr etdiyi “Varmı məndən gözəl?” adlı şeir və hekayələr kitabı 2010-cu ildə “Beşik” nəşriyyatında işıq üzü görmüşdür. Müxtəlif ədəbi saytlarda uşaq şeirləriylə çıxış edir. “Qadağan saatları” və “Qadının yoxmu?” şeir kitablarında əlavə olaraq uşaq şeirləri də dərc olunub. 9-16 yaş qrupu üçün nəzərdə tutulmuş “Donu qırmızı” adlı romanı çapa hazırdı.
Ailəlidi, 3 uşaq anasıdı.

Ləmanın cəzası

Dovşanını küncə qoyur
Baxır yenə qaçıb gəlib
Ləman cəza verməyi
Atasından öyrənib

Dovşan özündən dəcəl
Qızın sözünə baxmır
Ləman da hərdən belə
Adamı yandırıb-yaxır

Sevmir Ləman
Küncdə dayanmağı
Dolu olur
Oyuncaqlarla
Evin künc-bucağı
Küncdəki yerini o
Verir oyuncaqlara
Deyir: “anacan, küncdə
Yer yoxdu daha”...

Min dəfə söz verib ki
Dəcəllik etməyəcək
Nə Ləman ağıllanır
Nə dovşanı
Ikisinin də əlindən
Zara gəlibdir hamı...

Küncə qoyulanda
Küsürsən hamıdan
Ay dəcəl Ləman?

Səni dünyaca sevir
Atan-anan
Kimsə deməyib onlara
“Cəza verməzlər uşaqlara!”
Tez ol iri hərflərlə
Bu sözləri
Yaz, yapışdır divara

Daha küncə qoyma
Oyuncaqlarını
Burma qulaqlarını
Vermə cəza onlara
Yoxsa sənin kimi
Küsərlər
Ağlayarlar.

Kukla qızın şeiri

Anam saçımı hördü
Barbidən gözəl oldum
Bir az anama oxşadım
Bir az nənəmə çəkdim.

Göz-qaşımdan xalama
Dodağımdan bibimə
Yerişimdən əmimə
Oxşamışam deyirlər

Xalamın yanağından
Xal hoppanıb yanağıma
Öpüb-öpüb qızardıb
Babam yanaqlarımı

Boyum atama çəkib
Belə getsə böyüyüb
Evdən yekə olacam
Hamı deyir toppuşam
Nənəm kimi yumru kökə olacam

Bilirəm hamıdan çox
Anama bənzəyirəm
Bəs niyə deyirsiz ki
Kukla kimi gözələm?
Bilmirsiz, analar
Kukladan da gözəldi?!

Mən oyuncaq olsam?!

cücəm filimdən böyük
meymunumsa cücəmdən
dovşan meymunumdan
mən böyüyəm hamıdan

mənim oyuncağımı
düzəltsəydilər əgər
böyük olardım görən
televizordakı fildən?!

axı niyə olmasın,
Şrek oyuncaq olub
o boyda div ovcumun
içindəcə oturub...

yox, mən oyuncaq olsam
tez-tez gülməyim tutar
ay aman,
olarmı tərpənmədən
mən bir yerdə oturam?!

Dam-dam-dam

dam- dam-dam
yuxum gəlmir yatam
yağış yağır evimizə
döyəcləyir ləyəni
dam-dam-dam
yağışla oynayıram
əllərimə damır yağış
evin içində yağır yağış
qoymadı anam
yağışa çıxam
yağış evimizə gəldi

dam-dam-dam
bu gün yağış bizə gəldi
dam-dam-dam
yağışda çimir qurbağam
çətirimi açmışam
dup-dup-dup...

Cubbulu Nərminin şeiri

nənəm saçıyla
babam bığıyla
süd içib, ana?
gör necə ağdı
nənəmin saçı
babamın bığı.
bir bax ağardı
mənim də ağzım
mən də südümü
içib qurtardım.

Hamınızı sevməyə

Babam ağac əkəndə
deyir mənimçün əkir
Ən dadlı yeməkləri
anam mənə bişirir

Təzə güllü yorğanı
nənəm mənimçün salır.
Ürəyim nə istəsə
hər axşam atam alır.

Günəş mənimçün doğur
dünyanı görə bilim
Ay da mənimçün çıxır
gecə “qorxmuram” deyim...

Mən də varam dünyada
hamınızı sevməyə
böyüyüb quş olaram
qanadımda uçarsız
böyük ağac olaram
kölgəmdə oturarsız
mən delfinə dönərəm
okeanda üzərik
nənəm yenə yandırar
mənim üçün üzərrik.

Hesab dərsi

Balaca Rəşid
Saydı barmaqlarını, saydı
Bir... iki dedi, dayandı
Böyüklər nə dillər tökdü
Üçü, dördü yedi
Elə bir, iki deyib
Sözünün üstündə dayandı

Saydı, ağacları saydı
Maşınları
Evləri, otaqları
Pəncərələrdə işıqları saydı
Hamısının cəmi iki elədi

Bircə göydəki ayı, günəşi düz saydı
Səhər günəşə bir dənədi dedi
İkinci günəşi tapa bilmədi
Axşam aya...
Ulduzları da vurdu, böldü, çıxdı, topladı
Yenə cavab iki elədi...

Pişik bığları

pişiklərin bığlarını kəsməklə
ələ salaraq
nələri əllərindən aldığınızı bilirsinizmi, uşaqlar?
təkcə pişik qüruruna toxunmursuz ki
onları məhrum edirsiz ağaca dırmaşmaq bacarığından
yolunu azanda evinə qayıtmaqdan
siçanların dalınca dəliyə soxulmaq hünərindən

itlərin hücumuna düçar olanda
dırmaşa bilmirlər ağaca
bığlarını qırxanda
atalarınız kimi yaraşıqlı olmur pişiklər
yazıq olur onlara...

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ