Oxunub : 1086 | Tarix : 13-01-2016, 13:49 | Bölmə: Layihe / edebi

Emin Akif: "İlk dəfə idi ki, bu qədər əminliklə  qərar verirdim..."  - MANERA.AZ

“YARADICILAR” layihəsini ərsəyə gətirməkdə məqsədimiz yolu Yaradıcılıqdan keçən gənc yazarları geniş oxucu kütləsinə təqdim etməkdir.

Bu dəfəki müsahibimiz Bakı Slavyan Universitetinin I kurs tələbəsi Emin Akifdir.

- Ənənəvi sual: Emin Akif kimdir?

- Emin Akif – Əlizadə Emin Akif oğlu 11 İyun 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. 2001-2012- il arası BSU-nun nəzdində liseyin məzunu olmuşam. 2012-ci ildə Bakı Neft Energetika kollecinə qəbul olmuş 2015–ci ildə Menecment ixtisası üzrə məzun olmuşam. Hal – hazırda təhsilimi BSU-nun Yaradıcılıq fakültəsində davam etdirirəm.

- Yaradıcılığa nə zaman başlamısan?

- Akifin-təxəllüsümün 1 yaşı olmayıb . Daha aydın desək , özümdəki ədəbiyyata həvəsin nə dərəcədə qalıcı və ya keçici olduğunu təxminən bir il əvvəl aydın oldu. Artıq getdikcə ədəbiyyat mənim həyatımın qopmaz hissəsi olmağa başladı. Mən kitablar oxuduqca pis vərdişlərimdən əl çəkmişəm. Zamanımın dəyərini indi daha çox bilirəm

- Yaradıcılıq fakültəsinə gəlişin də ədəbiyyata marağın nəticəsidir...

- Bəli , demək olar ki.

Onu da deyim ki, məktəb illərində ədəbiyyatla o qədər də maraqlanmamışam. Yaxşı şeir əzbərləyirdim. Zaman keçdikcə liseyi bitirəndən sonra maraqlarım məni ədəbiyyata gətirib çıxardı və yazdıqlarımın nə dərəcədə şeir olub – olmadığını dərk etməyə başladım. 120 şeiri “Akifoğlu” təxəllüsü ilə yazmışam. Sonralar öyrəndikcə, oxuduqca 120 şeirimi məhv elədim. Bir ildir ki, “Akif” təxəllüsü ilə yazıram.

- Ən çox müraciət etdiyin mövzular?..

- Bilirsiz, mövzu tükənməzdir. Mənim üçün hər şey ədəbiyyat mövzusu ola bilər. Sadəcə mövzunu necə yazacağın önəmlidir. Məlumdur ki, sevgi mövzusu həmişə aktualdır və yaradıcılığın əksər hissəsini təşkil edir. Son zamanlar bir az bu mövzudan qaçmağa çalışıram. Mövzu axtarmıram. Yazdığım mövzular özü gəlib məni tapır. Ya öz yaşadıqlarımı, ya da kiminsə yaşadığını yazıram. Bu mənada, mövzuların tükənmədiyi halda Vətənə, anaya, ataya, sevgiyə aid şeirlərin yazılmasını şairin, yazıçının zəifliyi kimi qəbul edirəm.

- Ümumiyyətlə, yazı prosesi necə başlayır sənin üçün?

- Bu prosesi tam kiməsə başa salmaq çətindir. Amma mən yazmağa o zaman başlayıram ki, fikirlərim hansısa hadisə və ya mövzu ətrafında dolaşır, məni rahat buraxmır. Yazanda zamanı itirirəm. Şeir yazmaq üçün indiyə kimi qələmdən və vərəqdən istifadə etməmişəm. Ona görə bəzən monitorun qabağından şeirlə, bəzən də şeirsiz durmalı oluram. Şeirin yazılma prosesi insanın ən sakit həm də ən çılğın vaxtıdır. Şeirin texnikasını öyrəndikcə şeir artıq nizamla süzülür gəlir, sən də yazırsan. Əslində mən bu prosesi izah etməməliyəm, çünki bu nə doğum məsələsidir, nə də başqa bir şey. Şair şeiri yazanda nə göydə, nə də yerdə olur.

- Belədir istəyim, diləyim, a Cin,
tut qaytar ömrümü illər qabağa.
Atam da qayıtsın, tutsun əlimdən,
mən dönüm suallar verən uşağa.

– Birinci hansı sualı vermək istərdin?


- Çıxırmı qohumların
Evinin heç damına,
Göz yaşından yağışlar
Tökülürmü başına,
Söylə, necə dözürsən
Hər məzar axşamına?

Danış, cəsədim, danış
Saatın işləyirmi?
Neçə dünya saatı
Neçə gor saatıdır?
Ruhunu günahların
Didirmi, dişləyirmi?

- Gah çıxım atamın çiyinlərinə
Gah qaçım gizlənim görməsin deyə.
Gah anam hirslənsin gəlsin üstümə,
mən ölüm yalandan, döyməsin deyə.

– Ana hər misraya inanır?

- Əksər şeirlərimin birinci oxucusu anamdır. İnanıb-inanmadığını bilmirəm, amma bəzən ağladığını görmüşəm. Bir onu bilirəm ki, mənim üçün çox sevinir.

- Çox mütaliyə edirsən?


- Düzünü desəm, hələ ki, mütaliəm zəifdir. Bu mənim bayaq qeyd etdiyim ədəbiyyat tarixçəmlə bağlıdır. Həm də şəxsi həyatımda atamdan sonra olan dəyişiklik, yəni darmadağınlıq məni bir müddət ədəbiyyatdan kənar salmışdı. Günlərin birində məni Cek Londonun “Martin İden” əsəri ayıltdı və bir də ədəbi mühitə qoşulmağım. Kitabları əksər hallarda elektron oxuyuram. Mütaliə səviyyəsi yuxarı olan insanlara qibtə edirəm (gülür).

- Bəs ən çox kimləri oxuyursan?

- Belə bir kriteriyam yoxdur. Ən sevmədiyim şairin və ya yazıçının kitabı belə əlimə düşəndə oxuyuram ki, onun yaradıcılığı haqqında məlumatım olsun. Azərbaycan ədəbiyyatından oxuduqlarım daha çoxdur, nəinki, dünya ədəbiyyatı. Sırf dedektiv əsərlər o qədər də marağımı cəlb etmir. Şairləri oxumağı çox sevirəm. Hal-hazırkı ədəbiyyatın gedişatını izləyirəm. İnanıram ki, Yaradıcılıq fakültəsini ən pis halda yaxşı oxucu kimi bitirə biləcəm.

- Gözlərimdə yarpaq kimi
Həyat yolum solur gedir.
Deyirlər ki, qollarında
Günahsızın kitabı da
Günahlarla dolur gedir...

- Yaşadığımız ömür
Allahın bəstəsiymiş
Körpə çığırtısından
son azan səsinədək.
İnsan uzun yaşamaq
xəstəsiyimiş.

Ölüm – tez keçsin deyə
nəfəsini tutduğun
zəhlətökən hıçqırıqmış.
ölümün əsl səsi –
xırıldayan qışqırıqmış.

- Fakültədə ən çox nədir səni qane edən?

- Məni fakültəyə gətirən bir ədəbi məclisdə təsadüfi tanışlığım oldu. İlk dəfə idi ki, özümə əminliklə hansısa qərarı verirdim və nəticəsi də budur ki , bu gün mən Yaradıcılıq fakültəsində məşhur ədiblərdən dərs alıram. Fakültədə məni qane edən , ətrafımdakılarımla olan ortaq nöqtəm ədəbiyyatdır. Yazdığından asılı olmayaraq ədəbiyyat həvəsli insanlarla hər həftə üz-üzə gələndə rahat oluram. Fakültədə aldığım dərslər məni qane edir. Bu neçə ay ərzində öyrəndiyim çox şey var. Mən özümü bu mühitə aid hiss edirəm. Ədəbiyyatın məni özünə aid bilməsini isə zaman həll edəcək.

- Gələcək yaradıcılığınçün hər halda maddiyyat da lazımdır. Səncə qələmin gücü yetəcək?

- Hə, gəldik sarı simə. Bu gün bir yazıçının, şairin önündə duran əsas problemlərdən biridir. Ədəbiyyat pulun qulu deyil. Yəni , yaxşı ədəbiyyat nümunəsi yaratmaq üçün lüks yaşayışının olması gərək deyil. Orxan Pamukun həyatına nəzər salmağımız kifayətdir. Amma, bəzi məsələlər var ki, maddiyyat rol oynayır. Azərbaycanda yazıçı qonorarsızlıqdan əziyyət çəkir.

- Azərbaycanda söz əhli olmaq asandır, yoxsa zövqlü?

- Ümumiyyətlə, sözün içində olmaq çox çətindir. Çətin olduğu qədər də zövqlü. Ədəbiyyat mənim həyat tərzimdir. Məni bütöv qəbul etməyən insanlar mənə yalnız hansısa ədəbi personaj kimi lazım ola bilər.

- Yaradıcılıqla bağlı gələcək planların...

- Qismət olsa, üzümüzə gələn il kitab çap etdirməyi düşünürəm. İşin çox hissəsi görülüb. Belə qərara gəldim ki, mənim kitabım oxucuların sifarişləri əsasında çap edilsin. Yəni, istədim ki, oxucularımın az da olsa, sayını müəyyən edim. Əsl oxucu... Qalır çapdan sonra kitabın maraq cəlb etməsinə, oxucu sayı toplamağına bunuda zaman göstərər. Məqsədim kitabın alıcılarının oxucuya çevrilməsidir.

- Növbəti görüşlərə qədər müəllifdən bir şeir...

Sən dənizsən
Sakitliyi tez-tez pozan
Təlatümlü dalğaların özü sənsən.
Sən nə qədər coşsan,daşsan mənim üçün
Sakitliyin, tənhalığın özüsən sən.

Sən xəzana bənzəyirsən payız kimi
Göz yaşların ovcundadır. dolma belə
Ağlamağı qoy qırağa şeir kimi
Ax qəlbimə, yazım səni bir zövq ilə.

Sən mələksən
Mələklərin ən gözəli
Çiynimdə yox, ürəyimdə gəzən mələk
Bu ofsundur sevgi deyil,bu ofsunun
Pozulmağı ömrüm boyu deyil gərək.

Sən günəşsən
Amma ki, mən yer deyiləm
Gecələri həsrətinə dözmərəm ki.
Sən elə bir əsərsən ki, gecə-gündüz
Təkrar-takrar oxusam da bezmərəm ki.

Sən dənizsən
Çox dərindir mənan sənin
Sən arzusan yaşamağa həvəs verən
Həyat sənin, sən həyatın bənzərisən
Sənə həyat söyləmirəm əbəs yerə
Sən həyatsan.
Sən həyatsan.

Ramilə QARDAŞXANQIZI
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər