manera.az
manera.az

Kəmalə Cəfərzadənin vida mərasimi keçirildi - FOTOLAR

Kəmalə Cəfərzadənin vida mərasimi keçirildi - FOTOLAR

Azərbaycan teatrşünaslığının tanınmış nümayəndəsi, dəyərli xanım, gözəl ziyalı Kəmalə Cəfərzadə son mənzilə yola salınıb.

Amansız xəstəliklə mübarizə aparan Kəmalə xanım iyulun 31-də gözlərini əbədi yumdu. Ölümü ilə sevənlərini, doğmalarını yasa, göz yaşlarına qərq etdi.

Bu gün Təzəpir məscidində Kəmalə xanımla vida mərasimi keçirildi. Kəmalə xanımla son dəfə vidalaşmağa yaxınlarından əlavə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə heyətinin sədri, xalq yazıçısı Afaq Məsud, Xalq artisti Afaq Bəşirqızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru professor Məryəm Əlizadə, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Azər Paşa Nemət və jurnalist dostları, tanınmış ədəbiyyat, mədəniyyət xadimləri gəlmişdilər.

Vida mərasimində dostları Kəmalə xanım haqqında ürək sözlərini manera.az saytına danışıblar.
Kəmalə Cəfərzadənin vida mərasimi keçirildi - FOTOLAR

Afaq Bəşirqızı-Xalq artisti
Kəmalə mənim yaxın dostum, bacım, sirdaşım idi. Kəmalənin dünyasını dəyişməsi xəbəri ilə ürəyim çat verdi. Sanki ürəyimdə böyük çat yarandı. Kəmalə mənim səhhətimə görə həmişə çox qorxurdu. Amma özü də istəmədən ən böyük ziyanı mənə vurdu. Bacım, sənin yoxluğunla ürəyim paralandı. Allah qəni-qəni rəhmət eləsin. Dost itirdik. Çox böyük ziyalını itirdik. Çox böyük yaddaş, savad sahibini itirdik. Teatr aləmini gözəl bilən, teatrşünası, ziyalını itirdik. Azərbaycan mədəniyyətinin cibindən getdi. Kəmalə təkcə dostların ürəyində yaşamayacaq, həm də özünün yazdığı kitablarla, hansı ki, onun adı orada hallanmırdı. Amma o kitabları o yazmışdı. Mehdi Məmmədovdan, Azərbaycan Teatrından saysız-hesabsız onun məqalələri, kitabları var idi. Həmin əsərlərlə hər zaman yaşayacaq. Bizimlə yaşayacaq. Bizdən sonra övladlarımızla yaşayacaq. Kəmalə hər zaman yaşayacaq.
Kəmalə Cəfərzadənin vida mərasimi keçirildi - FOTOLAR

Məryəm Əlizadə-Professor
Bu gün biz Kəmalə xanım Cəfərzadəni son mənzilə yola salırıq. Kəmalə xanım mənim əziz dostum, rəfiqəm, anam, bacım idi. Amma bütün bunlar Kəmalə xanımın kimliyini ifadə etməkdən ötrü çox adi və aciz sözlərdir. Kəmalə xanım böyük insan, şəxsiyyət idi. Çox ziyalı bir nəslin nümayəndəsiydi. Azərbaycanın görkəmli Xalq yazıçısı Əzizə Cəfərzadənin mənəvi qızı idi. Əzizə xanımın yanında böyümüşdü. Çox gözəl teatrşünas idi. Onun gözəl qələmi, ürəyi, qəlbi var idi. Onun alicənablığı var idi. Mən hesab edirəm ki, Kəmalə xanımı nəinki ailəsi, dostları, əzizləri və bütün tanıyanlar itirdi. Kəmalə xanımı eyni zamanda teatr icması itirdi. Uzun illər o, Teatr Xadimləri İttifaqında çalışdı və özünü sevdiyi sənətə - teatrşünaslığa həsr elədi. Kəmalə xanım haqqında danışanda mən istəyirəm ki, dünyanın ən gözəl, ən nadir sözlərini ona aid edim. Görürsünüz, kim eşidib bilirsə ağlayır. Axır zamanlar belə yas məclislərində ağlayan adamlar az olur. Amma Kəmalə xanım üçün hamı ağlayır. Allah o dünyasını versin. Yeri behişt olsun. Nə qədər ki, onu tanıyanlar, doğmaları, dostları yaşayacaq Kəmalə xanım da bizimlə birlıikdə yaşayacaq.
Kəmalə Cəfərzadənin vida mərasimi keçirildi - FOTOLAR

Elmira Kərimova-Fəxri mədəniyyət işçisi
Kəmalə xanımın itkisi çox ağırdır. Səkkiz aydır amansız xəstəliklə mübarizə aparırdı. Kəmalə xanımla 52 il dostluq etmişik. Bunun nə demək olduğunu yaşamayan anlamaz. 52 il birlikdə olmaq, acılı-şirinli bütün həyatımızı birgə bölmək, dost, sirdaş, ana, bacı... Kəmalə mənə hər kəsdən yaxın, əziz olub. 1976-cı ildən 2014-cü ilədək isə Teatr Xadimləri İttifaqında birgə çalışmışıq. Kəmalə haqqında danışmaq çox ağırdır. Hər həftə Məryəm xanımla ziyarətinə gedərdik. Son günlərinə qədər onu tək qoymadıq. Kəmalə xanımı itirməklə sanki keçmişi, ötüb keçən həyatımı, gənclik xatirələrimi də itirdim. Əziz dostumun, bacımın haqqında saatlarla danışa bilərəm. Allah o dünyasını versin. Bu dünyada çox əziyyət çəkdi...

İlqar Əlfioğlu-Jurnalist
Kəmalə xanımla bir neçə il birlikdə çalışdıq. Amma Kəmalə xanımı çoxdan, Əzizə xanım Cəfərzadənin vasitəsilə tanıyırdım. Mənim fikrimcə Kəmalə xanım Azərbaycanda qadınlıq nəciblik, əsilzadəlik, müdriklik timsalı idi.Yaddaşımızda da elə qalacaq. Rahat yatsın. Çünki, dostlarının qəlbində heykəlini ucaldıb, gedib. Nə qədər ki, bizlər sağıq Kəmalə xanım unudulmayacaq.
Kəmalə Cəfərzadənin vida mərasimi keçirildi - FOTOLAR

Zakir Fəxri-Şair,tərcüməçi,
Kəmalə xanım çox dəyərli bir xanım idi. Qədimdə şah saraylarında saray xanımları olardı. Alicənab, aristokrat. Bax, Kəmalə xanım elə qadın idi. Anası, rəhmətlik Əzizə xanım da eləydi. Çox mehriban, insanpərvər. Elə bil ki, anası Əzizə xanım idi. Bilirsiniz, ölüm haqqdır. Amma dünyadan yaxşılar gedəndə insanın içində çox böyük acı təəssüf olur. Yaxşılar gedir və əvəzi gəlmir. Kəmalə xanımın itkisi insanlığın itkisidir.

Əlisəmid Kür-Şair
Kəmalə xanımı 1976-cı ildən Teatr Xadimləri İttifaqında çalışandan tanıyırdım. Kəmalə xanım gözümüzün önündə kübar, mələk kimi bir qadın, sənəti sevən, çalışdığı yerə sadiq olan bir insan idi. Allah rəhmət eləsin!
Kəmalə Cəfərzadənin vida mərasimi keçirildi - FOTOLAR

Nəriman Əbdülrəhmanlı-Publisist, tərcüməçi
Kəmalə xanım ziyalı bir ailədən çıxmışdı. Özü də Azərbaycanın ən gözəl ziyalılarından biri idi. Ədəbiyyatı, mədəniyyəti, insanlığı qiymətləndirən bir qadın idi. O, Azərbaycan mədəniyyətinə vurğun idi. Söhbətlərində, danışıqlarında Azərbaycan mədəniyyətini, tarixini, xalqımızı o qədər gözəl bilirdi ki, onunla ünsiyyətdə olmaq böyük xoşbəxtlik idi. Qismətimizə onunla birlikdə işləmək də düşdü. Kəmalə xanımdan insanlıqda, ədəbiyyata, mədəniyyətə sevgidə çox şeylər öyrəndik. Məkanı cənnət olsun!
Kəmalə Cəfərzadənin vida mərasimi keçirildi - FOTOLAR

Gülcahan Mirməmməd-Jurnalist
Kəmalə xanım, mədəniyyətdən, teatrdan yazan jurnalistlərin ən birinci və ən böyük dostu idi. O bizi təkcə informasiya, məlumatla təmin edən, kimlərinsə telefonunu bizə çatdıran, hansı aktyora, rejissora necə yanaşmağı, pıçıldayan adam yox, bizə böyük bacı kimi həyatın hər üzündə məsləhət verməyi bacaran, yol göstərən xeyrimizə sevinən, şərimizə şərik olan bir xanım idi. Kəmalə xanımın sayəsində mən, illərlə Teatr Xadimləri İttifaqını öz ata evim kimi sevmişəm. Teatr Xadimləri İttifaqında Nəcibə, Kəmalə və Elmira adlı gözəl xanımlar yaxın rəfiqə idi və onların mədəniyyətdən yazan jurnalistlə qucaq açdıqları kimi heç kim bizimlə belə yaxınlıq etməyib. Allah, Elmira xanıma can sağlığı versin. Hər iki xanıma isə Allahdan rəhmət diləyirəm. Kəmalə xanımın ensiklopedik biliyi var idi. O, təkcə teatr aləmini tanımırdı. Azərbaycan, dünya mədəniyyətini bilən adam idi. Lazım gəldikcə öz sevgisini paylaşmağı bacaran, sevdiklərini sevindirməyi bacaran bir xanım idi. elə ona görə də Kəmalə xanım iş yerini dəyişdikdən sonra da əlaqəmiz kəsilmədi, işgüzar münasibətimiz şəxsi dostluqla davam etdi. Kəmalə xanım bir dəfə dedi ki, “Mənim evimdə bir sandıq var. Mağazalara yolum düşəndə özümə, ailəmə gərək olmasa da, dostlar üçün düşündüyün maraqlı hədiyyələri alıb, ora yığıram. Sonra kimlərisə təbrik edəndə mənim əlimdən tutur". Kəmalə xanım özü də bizim üçün həmin sandıq kimi dolu bir adam idi. Ondan nəyi eşitmək, bilmək istəsəydik Kəmalə xanım səxavətlə cavab verirdi. Təsəvvür edin ki, Kəmalə xanımla dəfələrlə yol yoldaşı olmuşuq, festivallarda iştirak etmişik. İlk baxışdan gördüyü insanı sevməyi və özünü də sevdirməyi bacaran bir insan idi. Kəmalə xanımın ürəyi böyük idi. Boyundan belə böyük... Keçən il elə bu vaxtlar oğlumla Kiyevdə Ürək institutunda yatırdıq. Kəmalə xanımla arada zəngləşirdik. Mənə ürək-dirək verirdi. Mən də hər dəfə onunla həyat yoldaşı Mübariz müəllimə salam göndərirdim, o da gümrah səslə deyirdi ki, çatdıraram. Bakıya qayıtdıqdan sonra bildim ki, Mübariz müəllim vəfat edibmiş... O, çox sevdiyi, hər əziyyətini çəkdiyi həyat yoldaşının vəfatını mənim ürəyim qırılmasın deyə, gizlətməyi bacaracaq böyük ürək sahibi idi.

Kəmalə Cəfərzadənin vida mərasimi keçirildi - FOTOLAR
Kəmalə Cəfərzadənin vida mərasimi keçirildi - FOTOLAR
Kəmalə Cəfərzadənin vida mərasimi keçirildi - FOTOLAR
Kəmalə Cəfərzadənin vida mərasimi keçirildi - FOTOLAR


Xatırladaq ki, Kəmalə Cəfərzadə 1950-ci ildə Şirvan şəhərində anadan olub.

Kəmalə Cəfərzadə 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatrşünaslıq” fakültəsini bitirib. Bir müddət AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində çalışıb, 1977-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Nəşriyyat şöbəsində baş redaktor, Yaradıcılıq şöbəsinin baş mütəxəssisi, rəisi, sədrin köməkçisi, 1998-ci ildən 2014-cü ilə kimi isə məsul katib vəzifəsində işləyib. 2014-cü ildən Azərbaycan Dövlət Tərcümə Mərkəzində şöbə müdiri vəzifəsində çalışıb.

Ömrünün son illərində Azərbaycan Bədii Tərcümə və Əlaqələr Mərkəzində əvvəlcə redaktor, sonra isə şöbə müdiri vəzifəsində çalışan Kəmalə Cəfərzadə 2013-cü ildə ölkə Prezidentinin Sərəncamı ilə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

Kəmalə Cəfərzadənin vida mərasimi keçirildi - FOTOLAR


Manera.az saytının adından ailəsinə dərin hüznlə baş sağlığı veririk hər bir zaman qəlbimizdə yaşayacaqsız KƏMALƏ XANIM...Allah rəhmət eləsin



Turan EtibaroğluБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031