manera.az
manera.az

“Sakit Don”u doğrudanmı Şoloxov yazıb? - ARAŞDIRMA | MANERA.AZ

“Sakit Don”u doğrudanmı Şoloxov yazıb? - ARAŞDIRMA | MANERA.AZ
manera.az
22 yaşında Şoloxov belə fundamental əsər yaza bilərdimi?

XX əsrin ikinci yarısında Rusiyada ədəbi aləmi bu sual çox düşündürdü: "Sakit Don" əsərini kim yazıb? Hərçənd orta məktəb şagirdi də bilirdi ki, əsərin müəllifi Mixail Şoloxovdur. Məhkəmə sənədlərinə oxşayan çoxsaylı məqalələr, kitablar, televiziya çıxışları sübut etməyə çalışırdı ki, bu doğru deyil. Başıbəlalı "Sakit Don" ətrafında yaranan qalmaqal az qala əsrin hadisəsinə çevrilmişdi.

Hələ 1928-ci ildə, "Oktyabr" jurnalında əsərin iki cildi işıq üzü gördükdən sonra roman ətrafında söz-söhbətlər, dedi-qodular başlamışdı. Halbuki əsər dərc olunan kimi müəllifinə həm ölkədə, həm də beynəlxalq aləmdə şöhrət gətirmişdi. Şübhə yox idi ki, dünya ədəbiyyatına daha bir ölməz əsər daxil olub.

Müəllifin yaşı əvvəl heyrət, sonra isə şübhə doğurmuşdu, birinci əsərin nəşri zamanı müəllifin cəmi 22 yaşı vardı, ikinci əsəri bitirəndə isə 23. Doğrudan da qəribə idi, gənc bir oğlanda belə dolğun mülahizələr hardan idi? Belə mükəmməl ədəbi ifadə tərzi müəllifindən təcrübə istəyirdi. Bunu fenomenal istedad və ya Allah vergisi kimi qəbul edə bilməzdilər, çünki Sovet İmperiyasında nə möcüzələrə inanırdılar, nə də Allaha. Kim isə hansısa bir zabitin mövcudluğu haqqında versiyanı ortaya atmışdı, fərziyyələrə görə, "həmin zabit kitabın əlyazmalarını yolda salıb itirmiş, Şoloxov isə əsəri tapıb onu mənimsəmişdi".

Mariya Ulyanovanın rəhbərliyi altında böyük bir komissiya yarandı. Şoloxov, günahkar tələbə kimi bu bu komissiya qarşısında özünü təmizə çıxarmaq üçün "Sakit Don"un qaralamalarını təqdim etməliydi.

Şoloxov qaralamaları təqdim etdi və şübhələr dərhal dağıldı. "Hətta diqqətli olmayan oxucu da Şoloxovun erkən yazdığı əsərlər ilə "Sakit Don" arasında ümumi üslub oxşarlığını hiss edib tanıya bilər" - deyə açıq məktubda A.Serafimoviç, L.Averbax, B.Kirşon, A.Fadeev, və B.Stavski yazırdılar.

Əsərin əlyazması niyə ortalıqda yox idi?

1965-ci ildə Şoloxova Nobel mükafatını təqdim edildikdən sonra köhnə şayiələr yenidən baş qaldırdı. Bəzi arqumentlər hətta sadəlövh təsir bağışlayırdı. Məsələn: "Niyə daha sonra müəllif "Sakit Don" səviyyəsində əsər yazmadı?" Halbuki belə hallara tarixdən kifayət qədər nümunə göstərmək olar. Məsələn, Fransua Rableni yalnız bir kitabın müəllifi kimi tanıyırlar. Servantes yalnız "Don Kixot"un müəllifi kimi şöhrət tapıb. Conatan Svift "Qulliverin səyahəti" kimi ikinci bir əsər yazmayıb və s. "Sakit Don"un Şoloxova aid olmadığını iddia edənlərin əlində daha bir dəlil vardı. Əsərin əlyazması ortada yox idi.

Şoloxovu tanıyanlar əlyazmanın ikinci dünya müharibəsi illərində itirildiyini desələr də, fakt faktlığında qalırdı.

Nəhayət, 1999-cu ildə bir sensasiya baş verdi. "Sakit Don"un əlyazması tapıldı! Əslində onun itməsi və tapılması bir dedektiv romanını xatırladırdı....
Mixail Şoloxov 11 may, 1905-ci ildə Rusiyanın cənubunda, Rostov vilayətindəki Veşenskaya stanitsasının Krijilino adlı kazak xutorunda anadan olub. Ona Kuznetsov soyadını verirlər və kazak oğlu kimi torpaqdan pay ayırırlar. Məsələ burasındadır ki, onun anası, uşaqlıqdan yetim qalmış kəndli qızını zorla kazak-atamana ərə vermişdilər. Amma o Mixail Şoloxova vurulub ərini tərk etmişdi. Yalnız 1912-ci ildə Kuznetsovun ölümündən sonra Mixail əsl atasının soyadını alır, anası ilə atası isə rəsmən evlənirlər.

Ata Şoloxovun özü mütaliə etməyi sevməsə də, oğlunun təhsili üçün pula heyfi gəlmirdi. 6 yaşından ona kənd müəllimi Timofey Timofeyeviç Mrıxin dərs verir. 1914-ci ildə bir il Moskvada gimnaziyada təhsil alır. Sonra 3 il Voronej quberniyasının Boquçar şəhərində oxuyur. Alman ordusunun şəhərə gəlişindən sonra gimnaziyanı tərk edir və evlərinə qayıdır.

Rusiyada vətəndaş müharibəsi başlayanda Şoloxov Qırmızı Ordu sıralarına daхil olur. Pulemyotçu kimi Don uğrunda qanlı döyüşlərdə iştirak edir. Kazak həmyerlilərindən fərqli olaraq, ilk gündən sovet rejiminin ardıcıl və əqidəli tərəfdarı kimi tanınır.

Həmin dövrdə Donda ikinci bir təhlükə yaranmışdı. Xırda silahlı dəstələr, bandalar Don stanitsalarına, kəndlərinə hücum eləyib kazakları talayırdılar. Konkov xutoru yaxınlığında döyüşdə Mişa girov düşür və onu dindirən Nestor Maxno onu güllələyəcəyi ilə hədələyir. O, iki gün güllələnəcəyi günü gözləyir, amma onu azadlığa buraxırlar.

Şoloxov beləcə Sakit Donda bütün qanlı-qadalı hadisələrin şahidi olur, bəzilərində iştirak edir, dəfələrlə ölümlə üz-üzə gəlir və son dəqiqədə xilas olur. Belə emosional gücü heç bir təcrübə əvəz edə bilməzdi...

1922-ci ilin oktyabrında Şoloxov Moskvaya təhsil almağa gedir. Amma fəhlə fakültəsində oxumaq ona müyəssər olmur, çünki komsomol sıralarında deyildi. Müxtəlif işlərdə çalışır, gah yükdaşıyan olur, gah hesabdar, gah da körpü salır. Elə həmin illərdə onda ədəbiyyata meyl oyanır. "Gənc qvardiya" ədəbi qrupunun seminarlarına getməyə başlayır. Gənc yazıçılarla tanış olur, özünü inqilabi janrda - felyetonlarda sınamağa başlayır. "Şolox" imzası ilə yazır. Amma tezliklə anlayır ki, qəzetçilik ona görə deyil. "Məndə operativlik yoxdur, mən daha geniş həcmdə yazmaq istəyirəm, elə tərzdə ki, oxucularda böyük maraq oyatsın" - deyirdi Şoloxov.

Yazıçı 1923-cü ilin sonlarında Dona gedir, keçmiş stanitsa atamanının qızı Mariya Petrovna Qromoslavskaya ilə evlənir və Moskvaya qayıdır. İlk hekayəsini yazır. Hekayə Gənc qvardiya tərəfindən qəbul edilmir. Nəhayət, 1924-cü ilin dekabrın 14-də "Gənc leninçi" qəzetində Şoloxovun "Xal" hekayəsi dərc olunur və bu əsər Don hekayələrinin silsiləsini ərsəyə gətirir.

1926-cı ildə "Sakit Don" əsəri üzərində işləməyə başlayır. Bütün materiallar əlinin altındaydı. "Mən iki müharibə və inqilab müddətində Donda məskən salmış müxtəlif təbəqələrin yaşantılarını, onların faciələrini göstərmək istəyirdim", - deyə o yazırdı.

Sakit Donun birinci hissəsi 1927-ci ilin yazında, ikinci cildi isə payızında başa çatır. "Oktyabr" jurnalında dərc edildikdən sonra əsər birmənalı qəbul edilir. Lunaçarski 24 yaşlı Şoloxov haqqında yazırdı: "Bu əsər rus ədəbiyyatının bütün dövrlərinin ən yaxşı nümunəsidir". Qorki də heyranlığını gizləyə bilmirdi: "Şoloxovun istedadını inkar etmək mümkün deyil".

Şoloxova hər ehtimala qarşı əsərin ideyasını redaktə etməyi və Qriqorini bolşevik kimi göstərməyi təklif edirdilər. O isə qəhrəmanına qahmar çıxır və dəyişikliyi yolverilməz sayırdı. Əsər haqqında belə deyirdi: "O dövrdə Qriqori kimi çox insan ideoloji seçimində tərəddüd etmişdi. Mən Qriqorini olduğu kimi göstərdim, tarixi təhrif etmək istəmirəm. Həm də bu, ağların qırmızılarla mübarizəsidir, qırmızıların ağlarla yox".

Şoloxovu kim girov saxlamışdı?

1931-ci ilin iyununda Şoloxov Stalinlə görüşür və "Sakit Don"un üçüncü hissəsinin taleyi müsbət həll olunur, o təhriflərə uğramadan çapa gedir. Paralel olaraq "Yeni dünya" jurnalında "Oyanmış torpaq" əsəri dərc olunur. Belə söz-söhbət gəzirdi ki, Stalin "Sakit Don"un üçünü hissəsinin çapına razılıq verərək əvəzində ondan kollektivləşmə haqqında bu əsərin yazılmasını istəyib. Amma bu barədə rəsmi məlumat yoxdur.

"Sakit Don" əsərinə görə Şoloxova birinci dərəcəli Stalin mükafatı verilir, hərçənd müəllif qəhrəmanını bolşevikə çevirmir. Böyük Vətən müharibəsi başlayanda Şoloxov kitab üçün aldığı pul mükafatını ölkənin müdafiə fonduna keçirir, özü isə 1941-ci ildə müharibəyə gedir. O, hərbi müxbir kimi "Pravda" qəzetinə məqalələr yazırdı.

Yazıçının nəhəng kitabxanası və arxivi Veşenskaya qəsəbəsinin bombardmanı zamanı məhv olur. Mərmilərdən biri isə Şoloxovun düz evinə düşür, anası həlak olur, yazılar yanır... 4 dekabr 1990-cı ildə Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru Feliks Kuznetsovun "Şoloxovu kim girov saxlamışdı" adlı məqaləsi dərc olunur. Məqalədə deyilirdi ki, "Sakit Don"un iki cildinin əlyazmasını axtarıb tapmaq onlara nəsib olub. Əlyazmada 885 səhifə var. Onun 605 səhifəsi Şoloxovun öz xəttiylə yazılıb, 280 səhifənin isə həyat yoldaşı Mariya Petrovna üzünü köçürüb.

Kuznetsov qeyd edirdi ki, Şoloxova məxsus olan əlyazmada qaralamalar, əsərin bu və ya digər hissəsinə aid variantlar var. Həmçinin o, əlyazmaların onillik axtarışını təfsilatıyla təsvir edirdi; belə ki, izlər alimləri Vasiliy Kudaşevun evinə gətirib. Şoloxov onunla dostluq edirdi və Moskvaya gələndə adətən onun evində qalırdı. "Sakit Don"un ilk iki cildinin əlyazması onun evində idi. Müharibədə Vasili həlak olur. Arvadına göndərdiyi məktublarda əlyazmaları Şoloxova verməsini xahiş edirdi (həmin məktublar da qorunur). Müharibə illərində Şoloxovla görüşmək Mariya Petrovnaya nəsib olmur, sonrakı illərdə isə dul qadının dediyinə görə, mənzildən mənzilə köçərkən əlyazmalar itib-batıb.

1990-cı ildə jurnalist Lev Kolodnın mətbuatda yazıları dərc olunmağa başladı. O yazırdı ki, itmiş əlyazmanın harada olduğunu bilir. Bir neçə ildən sonra o, bilgilərini cəmləşdirərək "Sakit Don"u kim yazıb" adlı kitab çap etdirir. Kitabda o, yazırdı ki, əlyazmaları tapmaq ona necə müyəssər olub və əlavə edirdi ki, bu əlyazmalar Şoloxovun şəksiz müəllifliyini təsdiq edir. Amma jurnalist Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun əməkdaşlarına əlyazmaların harada olduğunu demir, sadəcə institut və əlyazmanın sirli sahibinin arasında vasitəçi ola biləcəyini söyləyir. Jurnalist əlyazmanın hazırkı sahiblərinin istədiyi məbləği də söyləyir - 50 min dollar. İnstitut bu məbləği verməyə hazırlaşarkən vəziyyət dəyişir, artıq əlyazma üçün 500 min dollar tələb edirlər. Hökumətin himayəsindən məhrum olan institutun bu məbləği verməyə gücü çatmazdı. Bir neçə ildən sonra izlər tədqiqatçıları yenidən Kudaşevin evinə gətirir. Artıq dul qadın dünyasını dəyişmişdi. Qızı isə vaxtilə anasının apardığı danışıqlardan və əlyazmadan xəbərsiz olduğunu söyləyirdi.

İki ildən sonra Kudaşevin qızı da vəfat edir. Onun uşaqları yox idi. Sirli vəsiyyətnamə isə varisin kim olduğunu gizli saxlayırdı. Jurnalist də susurdu.

Nəhayət, Daxili İşlər Nazirliyinin köməyi ilə varislərin kimliyi müəyyən edilir. Telefon açıb görüş təyin edirlər. Əlyazmanı verməyə tərəddüd edənlərlə direktor açıq danışır: "Şoloxovun xatirəsinə hörmət əlaməti olaraq, həm də bir vətəndaş kimi təəssübkeşliyi ilə onu bizə verməyinizi, ya da satmağınızı xahiş edirik. Əlbəttə, fantastik deyil, real qiymətə".

Beləcə İnstitut əlyazmanı əldə edir. Yazıçılar İttifaqının növbəti yığıncağında əlyazma yazıçılara, ekspertlərə təqdim olunur. Və əsərin başqası tərəfindən yazıldığını iddia edən hər bir şəxs böyük yazıçının saralmış vərəqlərin üstündə kalliqrafik xətti ilə yazılmış (düzəlişlərdən, əlavələrdən, qaralamalardan ibarət) əlyazmasını görə bilir. Bədii şedevrin necə ərsəyə gəldiyi göz önündə idi...
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031