manera.az
manera.az

Ədəbiyyat uğrunda şəhid olan yazıçı - Heydər Ələddinoğlu yazır

Ədəbiyyat uğrunda şəhid olan yazıçı - Heydər Ələddinoğlu yazır
2007-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Doris Lesinq deyirdi: “Yazar üçün vaxtdan və sözdən qiymətli nə var?! Yazıçı olmaq üçün həyatının,xüsusilə də şəxsi həyatının yaşana biləcək xoşbəxt anlarının çoxunu qurban verməlisən.”

Haqqında yazacağım bu yazıçı da həyatının yaşana biləcək xoşbəxt anlarının çoxunu ədəbiyyata qurban versə də,həm də həyatının ən xoşbəxt anlarını ədəbiyyatla yaşayan, Azərbaycan Yazıçılar Birliyinin üzvü,Prezident mükafatçısı, “Qızıl qələm” Media mükafatına layiq görülmüş, Dövlət Sərhəd Xidmətinin təsis etdiyi müsabiqənin (2010) qalibi olmuş 20-yə yaxın kitabın müəllifi tanınmış yazıçı-mərhum Əvəz Süleymandır.

Məşhur Amerika yazıçısı Henn Toro deyirdi: “Gəlin əvvəlcə insan olaq,amerikalı isə sonra,daha əlverişli vaxtlarda olarıq”.Əvəz Süleyman da qələm adamı,söz adamı olmaqla yanaşı ilk növbədə övladlarını sevən,onların yolunda canını belə əsirgəməyən, daim qohum-əqrəbanın qayğısına qalan,el-oba təəssübkeşi olan vətənpərvər bir ziyalı, əsl pedaqoq,gözəl bir insan idi.El arasında gözəl bir məsəl var. “Soruşurlar qardaşın necə adamdır? - Deyir bilmirəm,çünki yoldaş olmamışam”.Aramızdakı yaş fərqi lap çox olsa da Əvəz müəllimlə qələm dostu olan bir şəxs kimi,xarakterik xüsusiyyətlərinə yaxından bələd olduğumdan onun ədəbiyyata,dostlara, yaxından münasibətdə olduğu adamlara həssas davranışları,məhrəm münasibətləri haqqında ətraflı şəkildə yaza bilərəm.Nə vaxtsa biləndə ki,hansısa yazıçı dostlarından biri xəstələnib,yaxud da hansısa bir çətinliyə düşüb,avtomobilini uzaq məsafələrə sürməkdən belə çəkinmirdi.Mən deyərdim ki, o,bu fədakar missiyanı sevə-sevə həyata keçirərdi.Eşidəndə ki,hansısa bir yazar dostu dünyasını dəyişib,hətta uzaq səfərdə olsaydı belə işlərini yarımçıq qoyub xəbər edərdi ki,gözləyin iki saata ordayam.Dəfndə sonadək iştirak edər,mərhum haqqında nitq söyləyər və yaxınlarına təskinlik verərdi.

Əvəz Süleymanın kitabları,yaradıcılığı haqqında da geniş yaza bilərəm.Lakin bu faktorla bağlı özümdə bir “hədd hissi” duyuram.Çünki onun yaradıcılığı,kitabları ədəbi tənqidçilərin sevərək müraciət etdiyi bir yaradıcılıq yolu olaraq bundan sonra da müəyyən bir aspektdə tədqiq ediləcəkdir.Lakin özümdə cəsarət hissi toplayıb bir neçə kəlmə Əvəz Süleyman yaradıcılığı barəsində onu deyə bilərəm ki,onun qələmi,nəsr dili özünəməxsusluğu ilə seçilirdi.Necə ki,vaxtilə Belinski deyirdi: “Lermantovu Puşkin,Nekrasov və başqa şairlərlə müqayisə edirlər.Ancaq o nə Puşkin,nə Nekrasov, nə də bir başqasıdır.O, Lermantovun özüdür”.
Ədəbiyyat uğrunda şəhid olan yazıçı - Heydər Ələddinoğlu yazır
Əvəz Süleymanın Şamaxıda yaşayan və Allaha bağlılığı ilə ətraf ərazilərdə də tanınan və hörmət duyulan mərhum Hacı Ağa haqqında yazdığı kitab nəinki bölgədə,hətta respublika səviyyəsində yazıçıya qarşı hörmət,ehtiram və diqqət yaratdı.Onun yaradıcılığının əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki,o, nəzərdə tutduğu mövzunu,istər hekayə şəklində,istərsə də povest halında qısa yazırdı.Vaxtilə Stanislav Yeji Lets deyirdi: “Gəlin bacardıqca qısa yazaq.Onsuz da həyatda söz əlindən tərpənmək olmur”.Mərhum yazıçının “Dərd bağbanı” adlı kitabından ”Zalda ölən oğlan” hekayəsindən bir fikri oxucuların nəzərinə çatdırmaq istəyirəm.Hekayədə baş verən hadisələr səliqəli geyimli və yaraşıqlı bir oğlanın ilk baxışdan ətrafdakı insanların rəğbət hissi ilə ona diqqət yetirmələri və bir qədər sonra bu gəncin telefonuna zəng gəldiyi vaxt hamının eşitdiyi halda yalan danışması (Şamaxıda olduğu halda Bakıda olduğunu və o üzdən işə gələ bilmədiyini söyləməsi) və sonra da ətrafdakı insanların ona ikrah hissi ilə yanaşmasından bəhs edir.Yazıçı mücərrəd anlayış olan yalanı “söz texnikası” ilə elə obrazlaşdırır ki,oxucu onun yazı məharətinə heyran qalmaya bilmir: “...Bəli cavan oğlan hamının gözündə öldü.Daha o yox idi.Yalan zalda öldürdüyü oğlana baxıb məğrur-məğrur gəzirdi.Milçək kimi hamının üz-gözünə sırmaşır,insanlar onu şillələyib qovurdu.Yalansa abırsız-abırsız gülür,hamınızı çürüdəcəyəm deyirdi”. Bax budur yazıçı qələminin möhtəşəmliyi,budur sözün gücü,qüdrəti!..

Əvvəldə qeyd etdiyim kimi fikrim mərhum yazıçının əsərlərini tədqiq etmək, onun yaradıcılıq qalareyasını sərgiləmək deyil.Sadəcə, söz yazıçı taleyindən,yazıçı həyatından gedirsə, bir neçə kəlmə də olsa onun ədəbi fəaliyyəti və yaradıcılığı barədə nəsə demək haqqı da əldə etmiş oluruq.

Əvəz Süleyman uzun müddət pedaqoji fəaliyyətlə məşqul olub.Sadə müəllimlikdən məktəb direktorluğuna qədər yüksəlib.Bəlkə də onun ədəbiyyata gəlişi və ədəbi yaradıcılıqla məşqul olması da təhsil ocaqlarında dil-ədəbiyyat fənnini tədris etməyindən irəli gəlib. Düşünürəm ki, onun ədəbiyyata yarı yaşdan sonra, yəni bir qədər gec gəlməsi elə pedaqoji fəaliyyətə ciddi yanaşması səbəbindən olub.O klassikləri, müasirləri şagirdlərinə tədris etdikcə fikirləşib ki,elə mən də nəsə yaza bilərəm,bu sahədə nəsə edə bilərəm.Fikirləri onu aldatmayır.Doğurdan da bir də baxıb görür ki,kitablar,yubileylər ,alqışlar və s.

Hələ həyatda olarkən haqqında nəsə yazmaq istəyində olsam da,bu yazını yazdığım vaxt Əvəz müəllimin haqq dünyasına qovuşmasından üç aydan da bir az artıq vaxt keçir.Hələ də istər mən,istərsə də doğmaları onun ölümünə inanmırlar.Hərdən indi də mənə elə gəlir ki,iş yerimdə olan açıq qapıdan özü içəri daxil olmamış M.Ə. Sabirdən, S.Ə,Şirvanidən,Nəsimidən,Xaqanidən uca səslə dediyi şeirləri daxil olacaq,şeiri bitirdikdən sonra gülər üzlə hal-əhval tutacaq və yaradıcılıqda hansı yeniliklərin olması barədə soğu-sual edəcəkdir.Ancaq neyləyəsən ki,həytın qanunundan kənara çıxmaq mümkün deyildir və gec-tez harda olsaq, bir gün ölüm mələyi hər birimizi yaxalayacaq və Allah-Təalanın əmrini yerinə yetirmiş olacaqdır.Necə ki,böyük N.Gəncəvi şeirinin bir beytində deyirdi:

“Hərçənd dünyada ölüm gerçəkdir,
Ölüm ölmək deyil,yer dəyişməkdir”.


Əvvəldə söylədiyim kimi, Əvəz müəllim ədəbiyyata,qələm dostlarına, onların kitab təqdimatlarına və yubileylərinə böyük diqqət göstərərdi.Elə bu səbəbdən də hətta sosial şəbəkədə tanış olduğu,heç bir dəfə belə üzünü görmədiyi yazıçı dostlarının tədbirlərinə qatılmaq üçün,bir neçə kəlmə söz demək üçün və bundan böyük zövq aldığı üçün tez-tez Bakıya səfərlər edər,müxtəlif bölgələrdə keçirilən ədəbi tədbirlərə görə uzaq məsafələr qət edərdi.Mən nahaq yerə yazımın başlığını “Ədəbiyyat uğrunda şəhid olan yazıçı” qoymamışam.Bəli,Əvəz müəllim məhz ədəbi missiyasını yerinə yetirərkən,yəni bu səbəblə səfər etdiyi Bakıdan Şamaxıya qayıdarkən ürək tutmasından yolda dünyasını dəyişdi.Mən heç də tərəddüd etmədən deyərdim ki,o,ədəbi missiyasını yerinə yetirərkən, bu yolda şəhid oldu.

Vaxtilə Frans Kafka deyirdi ki, “olümün olduğu yerdə ciddi heç nə ola bilməz”.Amma mən bu fikirlə qətiyyən razılaşmıram.Çünki ölümün olduğu yerdə daha nələr olmalı idi ki?!.Hansısa bir dahi də deyirdi ki,”Nöqtə hələ son demək deyil,bəzən də özündən sonra gələcək hərfin böyük olduğunu göstərir”.Bu fikirlə isə tam razılaşıram.Çünki Əvəz Süleymanın bu dünyadakı həyatına nöqtə (son) qoyulsa da,bu nöqtədən sonra hələ neçə-neçə böyük hərflər gələcəkdir.Bu böyük hərflər onun dünyaya gətirdiyi övladları,şirin-şəkər nəvələri və bir də özündən sonra qoyub getdiyi kitabları,əsərləri, həmçinin çoxlarına ibrət hissi aşılayan dostluq münasibətləri olacaqdır...

Şamaxı, 17 iyun, 2019.

Heydər ƏLƏDDİNOĞLU,
AYB-nin, DGTYB-nin üzvü, şair
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031