manera.az
manera.az

Mücrim təxəllüslü şairimiz - İmran Verdiyev yazır

Mücrim təxəllüslü şairimiz - İmran Verdiyev yazır
Mücrim Kərim Vardani Oğuz (keçmiş Vartaşen) rayonunun Kərimli (keçmiş Vardanlı) kəndində anadan olmuşdur. Doğum və ölüm tarixləri bəlli deyil.

Şeirlərində toxunduğu mövzular və tarixi hadisələr onun XVIII yüzilliyin sonlarında doğulduğunu və XIX əsrin ortalarına qədər həyatda olduğunu göstərməkdədir.

Əlyazmalarda şairin həyatı və əsərləri barədə çox az məlumat verilir. Əsərlərinin cüzi bir hissəsi bizə gəlib çatmışdır. Şairin şəxsiyyətinin başqa şairlərlə eyniləşdirilməsi və ya əsərlərinin başqalarının adına çıxılması hallarına da təsadüf edilmişdir (Molla Kərim Kəşfi, Aşıq Ələsgər və s.)

M.Kərimin şeirlərini ilk dəfə S.Mümtaz özünün “El şairləri” kitablarında çap etdirmişdir. Ötən əsrin 60-70-ci illərində isə Ə.Cəfərzadə onun haqqında bir neçə məqalə yazmış və əldə olan şeirlərini “Sünbülstan” adı ilə 1978-ci ildə “Gənclik” nəşriyyatında cap etdirmişdir. Sonralar Ə.Cəfərzadənin tədqiqatları akademik F.Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabına daxil edilmişdir. Son dövrlərdəki tədqiqatlarda da M.Kərimin həyatı və əsərləri barədə müəyyən məlumatlara rast gəlmək mümkündür. Məsələn, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib və nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları “ kitabında digərləri ilə yanaşı M.K.Vardaninin də multukultural dəyərləri özündə əks etdirən, dünyaya sülh, barış və qardaşlıq mesajları verən yaradıcılığı barədə məlumat verilmişdir.

Əsərlərindən və müasirlərinin yazdıqlarından belə anlaşılır ki, Mücrim Kərim öz dövrünün mədəni və savadlı şəxslərindən biri olmuş, ərəb-fars dillərini mükəmməl bilmişdir. Təsadüfi deyildir ki, dostu Ə.Qarağani onu “sahibkamal, alim, şair, haqq aşığı, şairlər şahı və tamam məclislərin yaraşığı” kimi təqdim edir. “M.K.Vardaninin həyat və yaradıcılığı” monoqrafiyasının müəllifi G.Pənahın tədqiqatlarında M.Kərimin bir müddət ikisinifli rus dilli məktəbdə müəllimlik etdiyi də qeyd olunur. O, müasirləri və həmyerliləri olan A.Padarlı, P.Qarağani, M.R.İltica, Q.Cəbrayıl, M.Rövşən və Ə.Salami ilə sıx əlaqə saxlamışdır. Adları çəkilən şairlər M.Kərimin öz evində təşkil etdiyi musiqili-ədəbi məclisin fəal üzvləri olmuşlar. M.Kərim başda olmaqla onların Şəki və Şirvanda fəaliyyət göstərən digər ədəbi məclislərdə, o cümlədən Şamaxıdakı “Beytüs-Səfa” ədəbi məclisində iştirak etdikləri də istisna olunmur.

Şair səyahət etməyi çox sevmişdir. Əsərlərindən də göründüyü kimi, o, Türkiyə, İran, Rusiya və ərəb ölkələrini gəzib dolanmış, Həcc ziyarətində olmuş, bir müddət Türkiyə sultanının sarayında yaşamışdır (G.Pənah). Qoşmalarının birində Ərəb, Əcəm, Dağıstanı, Gürcüstanı gördüyünü, Təkə-Türkmən çöllərini seyr etdiyini, türklərlə çörək kəsdiyini, Noğay, Çərkəz və Rusiyanı gəzdiyini söyləyir. “Peterburq” rədifli natamam qoşmasında isə şair burada olduğunu bildirir və “Dəryada gövhər tək daşdı Peterburq”, “Hamı vilayətdən başdı Peterburq” söyləyərək şəhəri tərif edir. Peterburqla İranı qarşılaşdıran M.K.Vardani Peterburqun timsalında Qərb həyat tərzinə və Qərb mədəniyyətinə öz münasibətini bildirir.

M.K.Vardani sözə, sənətə böyük qiymət verir, yazarlardan elm, bilik, yüksək mədəniyyət, qavrama qabiliyyəti, ariflik və şeirdə dürdanəlik tələb edirdi. “Bu yerlər” adlı müxəmməsində bu barədə deyirdi:

Şairi-fərzanə gərək şeirdə,
Arifi-hər nəzmü nəsəq nəsrdə.

“Bir mənəm ancaq ki, olan şəhrdə, dürri-girənmayə kimi bəhrdə” deyən M.Kərim hələ sağlığında özünü əsl şair kimi təsdiq etmiş, həm mənzum, həm də mənsur (qismən) əsərlər yazmışdır.

M.Kərimin Əlyazmalar İnstitutunda saxlanılan və 121 vərəqdən ibarət olan A-347 şifrəli əlyazmada “Sünbülstan” adlı divançası qorunur. Bu divança avtoqrafdır, müəllif tərəfindən 1840-1841-ci illərdə köçürülmüşdür. Divança dibacə (müqəddimə) ilə başlanır və 23 qəzəli əhatə edir. Dibaçədə isə nəzm və nəsr bir-birini izləyir. Divançanın adı barədə müəllif belə bir qeyd vermişdi: “... gahi giley-güzarlıq bina qılıb gahi həmdü səna qıldım və ol məcməi “Sünbülstan” adlayıb şakər isminə tapşırdım. Qərəz bu ki, rəğbət olunub məhafil və məcalisdə oxunsun və “Sünbülstan” adlanmaqda qərəz odur ki, mənim mürği-ruhum onun daimi təsxirində müqəyyəddir”.

Onun yaradıcılığının əsasını xalq (aşıq) və klassik şeir tərzində yazdığı əsərlər təşkil edir. Xalq (aşıq) şeiri tərzində olan əsərləri qoşma, təcnis, gəraylı, bağlama və bayatı, klassik şeir tərzində olan əsərləri isə qəzəl, müxəmməs, müstəzad və mürəbbe şəkillərindədir. O, klassik şeir tərzində yazdığı əsərlərdə əruzun 6 bəhrindən istifadə etmişdir. Şairin yaradıcılığına xalq (aşıq) ədəbiyyatı, M.Füzuli və M.P.Vaqifin təsiri daha çox duyulur.

M.Kərimin yaradıcılığında müxtəlif mövzulara müraciət olunsa da, aparıcı mövzu məhəbbətdir.

Şairin əsərlərində saf və təmiz məhəbbət tərənnüm olunur. Təsvir olunan gözəllər real həyatda yaşayırlar. Amma bu gözəllərin heç cənnət bağında da tayı bərabəri yoxdur, onların hüsnü göydə Günəşi və Ayı utandırır.

Camalın artıqdır şəmsü qəmərdən.
Yolunda keçmişəm can ilə sərdən,
Biçarə Kərimi salma nəzərdən,
Əgərçi kafərəm, gəldim imanə.

M.K.Vardaninin məhəbbət mövzusunda olan şeirlərində sevən ürəyin döyüntülərini, aşiqin çəkdiyi ahu zarı və intizarı aydın görmək mümkündür:


Fələyin əlindən qılan ahu zar,
Biri mənəm, biri, ya rəb, kim ola ?
Gülü-rüxsarına çəkən intizar,
Biri mənəm, biri, ya rəb, kim ola ?

Şair sevdiyi gözələ “şahü sərvərim”, “şahi-zəmanə”, “sultanım, sərdarım, ağam”, “sonam”, “təbibim” deyə müraciət edir, “Şahbazi-aləm mən səni billəm” söyləyir. Sevdiyinin “fəraqü hicrində qalan” aşiqin dili ilə deyilir:

Ey ağalar, könlüm çapdı ələmlər,
Sultanım, sərdarım, ağam gəlmədi.
Dərdü qəm tapdağı olmuşam həmin,
Göz qaldı yollarda, sonam gəlmədi.

Lirik qəhrəman çəkdiyi əzab-əziyyətdən usanmır, “Əritdi canımı atəşi hicran”, “Gözüm yaşı oldu dəryayi-ümman” desə də, qətiyyən bədbinliyə qapılmır, şükr edir, gələcəyə nikbin baxır:

Ağlama zar, ey Kərim, şükr elə allahına,
Rəyin ilə dövr edər gərdişi-dövran bu gün.


M.Kərim gözəlin daxili və xarici aləmini vəhdətdə götürür. Şairə görə, zahiri gözəllik gözün, daxili gözəllik ruhun sevdiyi, dəyərləndirdiyidir.

Görsəm günəş cəmalın zahidlərə nümayən,
İbadətin unutsun hər alimi-abidat....
Göftarə gəl, həbibim, şəkkərfəşanlıq eylə,
Ta heyrətə boyansın hər aqilu kamilat.


O, İ.Nəsimi kimi kamil insanı “canımın cananəsi” hesab etməklə “insan yer üzünün əşrəfidir” hökmünü bir daha təsdiq edir. M.Kərim yüksək qiymət verdiyi insanın alçaldılmasına, onun əzablara qatlaşmasına, amansız istismara məruz qalmasına, cahilliyə, “dərbədər” və “qəmxar” olmasına dözə bilmir, acı-acı şikayətlənir:

Mənə ol qədr təğafül elədi munca zaman,
Az qalıbdır ki, olam dərbədər, avarə, sabah.

Kərimin kimsəsi yoxdur ki, deyə, hali-dilin,
Həmdəm ol bir neçə dəm mən kimi qəmxarə, sabah.


“Çıxıbdır” adlı qoşmasında isə şair “Bizim zəmanənin zayı çıxıbdır” deyərək konkret içtimai nöqsanlardan və yaramazlıqlardan söz açır:

Naçalniklər alıb qoyun-quzunu,
Kafər görsün pristavın üzünü,
Demək olmur bircə sözün düzünü,
Gərilmiş kamanın yayı çıxıbıdr.

Yüzbaşı aparır dəni, samanı,
Kəndxuda söyləyir hərzə, yamanı,
Mollanın, qazının çıxıb yalanı,
Əfəndilər lap hərcayı çıxıbdır.


Şairin yaradıcılığında vətən gözəlliklərinin təsviri, vətənin tərənnümü və vətənə məhəbbət qırmızı xətlə keçir. Bunu onun 16 bəndlik naməlum bir şairə qarşı yazılmış hərbi-zorba səciyyəli “Bu yerlər” rədifli müxəmməsində daha aydın görmək mümkündür. Bu əsər Vətənə özünəməxsus ekskursiya təəssüratı oyadır.

Müxəmməs şairin doğma yurduna və onun şanlı tarixinə məhəbbət hissi ilə yazılmışdır. M.Kərim fəxrlə “bu yerləri” – Vətəni “gürz ilə qalxan”, “sahibi ürfan”, “sünbülü reyhan”, “baği gülüstan”, “sərvi xuraman”, “pələngü aslan”, “Mücrimi Vardan” yeri adlandırır. O, məmləkətin qədim tarixə malik olduğunu, bilikli adamların, ürfan sahiblərinin diyarı olmasını, vətən övladlarının böyük qəhrəmanlıqlara qadir olduğunu nəzərə çatdırır. Yadelli işğalçılara, “şahi-firəng”lərə nifrətini bildirir, onlara “it kimi üstümüzə hürmə, gürz ilə başını əzərik” deyir. Ə.Cəfərzadənin qənaətinə görə, bu müxəmməs M.F.Axundzadənin “Hekayəti-Molla-İbrahim Xəlil kimyagər” əsərində toxunulan hadisələrlə səsləşir.

Vətən torpağını “göz dərmanı” sayan M.K.Vardani hər dəfə səyahətə çıxanda bir ovuc torpaq götürər, yad eldə Vətənin qoxusunu bu torpaqdan alarmış. O, qurbətdə şah olmaqdansa, öz ölkəsində dilənib gəzməyi üstün tutur və bu barədə bayatılarının birində belə söyləyir:

Əzizinəm, dilən gəz,
Süsən, sünbül, dilən gəz.
Kərim, Rumda şah olma,
Vardanlıda dilən gəz.


M.Kərimin nəsri də maraq doğurur. Bura onun divançasının dibaçəsində nəsrlə yazılmış parçalar və əlyazmalarının birində Fövqü Şirvaninin Məhərrəm Pəhlivan barəsindəki şeirinə verilimiş şərh aid edilə bilər.

Birincidə, ədib illərlə uğrunda cəfalar çəkdiyi dostundan zülm və xəyanət gördüyündən söz açaraq M.Füzulinin məşhur “Vəfa hər kimsədən, kim, istədim, ondan cəfa gördüm” başlıqlı qəzəlini xatırladır və deyir: “Bəs hər yerdən əlim üzülüb, bir yari-vəfadar qalmayıb”.

İkinci nümunədə isə, ləzgilərin Şəkiyə hücumu, Şəki üsyanının aqibəti, Məhərrəm Pəhləvan və İlisu sultanı Danyal bəy haqqında izahat verilir. Ədibin nəsr əsərləri XIX əsr nəsr dilini öyrənmək baxımından faydalı mənbədir.

İmran VERDİYEV
Oğuz rayonundakı Yaqublu kənd tam orta
məktəbinin müəllimi, Əməkdar müəllim.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031