manera.az
manera.az

Nərmin Abdullayeva: Disleksiya problemli uşaqlar

Nərmin Abdullayeva: Disleksiya problemli uşaqlar
Nərmin ABDULLAYEVA,
Xaçmaz rayon Çarxı kənd G.Rəsulov adına tam orta məktəbin ibtidai sinif müəllimi



Bu, gerizəkalılıq əlaməti deyil, zamanla kompleks müdaxilə ilə normala çevrilə bilən bir haldır

“Hörmətli valideyn! Övladınız dərsdə özünü apara bilmir, dərsi dinləmir, yoldaşları ilə söhbət edir, sinifdə gəzişir, fikri həmişə başqa yerdə olur, elə hey pəncərədən çölə baxmaqla məşğuldur. Hələ yazıb oxumağından danışmıram. Demək olar ki, bacarmır. Zəhmət olmasa, məktəbə gəlin.”

Sizə bu cümlələr tanış gəlir? Tanışdırsa, o zaman düzgün ünvandayam. Yəqin ki, bu məktubu alandan sonra övladınızı o ki var danlayır, ona müxtəlif cəzalar verir, üstünə qışqırırsınız. Onun bacarıqsızlığından təngə gəldiyinizi və müəllimin şikayətlərindən artıq yorulduğunuzu deyirsiz. O zaman DAYANIN!!! Mən sizə başqa alternativ təklif etmək istəyirəm. Bilirsiniz, o nədir? Hər şeyə rəğmən DAVAMLI SEVGİ! Bəli, siz düz eşitdiniz. Ona hər nə olur-olsun, davamlı sevgi verməyə çalışın. Sizə qəribə gəldi, elə deyilmi? Siz düşünürsünüz, uşağım hər gün evə müəllimin danlağıyla gəlsin, amma mən ona sevgi göstərim? Bu harda görülən işdir? Onu nəyə görə daha da ərköyünləşdirməliyəm? Amma inanın, bunu sizə mən deyirəm, yəni bir müəllim. Bəli bir müəllim olaraq sizə müraciət edirəm, əziz valideyn ! Xahiş edirəm, növbəti abzasdan başlayaraq yazdıqlarımı diqqət və səbrlə oxuyasınız. Sizi əmin edirəm ki, yazının sonunda mənə haqq verəcəksiniz. Övladınıza bu yazıdan sonra daha başqa - sevgi və qayğı ilə baxacaq, hətta, bəlkə dərsdən evə qayıdan kimi onu bağrınıza basacaqsınız.

Hər bir uşaq individualdır. Əvvəlcə övladınızın bu çətinliyinin səbəbini araşdırmağa, başa düşməyə çalışın. Görəcəksiniz ki, həqiqətən də, bu, ondan asılı olan hal deyildir. Dərsdə özünü apara bilmirsə, dərslərə hazırlaşmaqda, yazıb-oxumaqda çətinlik çəkirsə, suallara cavab verə bilmirsə, bunun mütləq bir səbəbi vardır. Məsələn, yazıb-oxumada problemi varsa, sözlərlə çətinlik yaşayırsa, bilməlisiniz ki, bu problemin, ya da çətinliyin adı pedaqoqikada disleksiya adlanır. Bu haqda bir az sonra. Yəni hər uşağın özünün qavrama tezliyi var. Hamı eyni formada dərk etmir ətrafı. Bəziləri tez, bəziləri gec qavrayır baş verənləri. Buna görə biz övladlarımızı bacarıqsızlıqda günahlandıra, onlarda ruh düşkünlüyü yarada bilmərik.

İndi isə gələk disleksiyaya. Disleksiya yazıb-oxuma ilə bağlı bütün çətinliklər, zaman, hərəkət, istiqamət anlayışlarının qavrama çətinliyi, ümumiyyətlə, ətraf aləmi qavrama gecliyidir. Bunun baş verməsində iki səbəb göstərilir. 1)anadangəlmə; 2)inkişaf prosesi və zədədən asılı.

Məsələnin bu tərəfi sizi maraqlandırsa, internetdə axtarış edib ətraflı oxuya bilərsiniz. Yəni anadangəlmə necə olur, zədə və inkişafa bağlı olduqda bu, necə baş verir.

Ümumiyyətlə, valideyn bilməlidir ki, bu, gerizəkalılıq əlaməti deyil və zamanla kompleks müdaxilə ilə normala çevrilə bilən bir haldır. Kompleks müdaxilə dedikdə, bura həkim, psixoloq, loqoped, nevropatoloq, pediatr müdaxiləsi daxildir. Əgər övladınızda disleksiyanın əlamətlərini görürsünüzsə, onu bacarıqsızlığında günahlandırmaqdan əl çəkərək lazımi tədbirləri görməlisiniz.

Disleksiya sizi qorxutmasın. Dediyim kimi, vaxtında müdaxilə edilərsə, zamanla keçib gedən problemdir. Dünyada bu problemdən əziyyət çəkən tək sizin uşağınız deyildir. Leonardo Da Vinçi, Pablo Pikasso, Uolt Disney, Albert Eynşteyn, Tom Kruz, Con Lennon, Bill Geyts, Məhəmməd Əli (siyahını uzatmaq olar) kimi məşhurlar da bu problemdən əziyyət çəkmişlər. Bəli, bəli, tanıdığınız bu məşhurlar. İşığı kəşf edən Tom Edissonumu deyim, kimyadan “3” alan Mendeleyevimi, yoxsa oxuyub-yazmağı bacarmayan dünyaca məşhur “Ford” avtomabilinin yaradıcısı Henri Fordumu. Bu gün bu dahiləri dünya tanıyır, ixtiralarından faydalanır. Bəs necə oldu, onlar bu mərtəbəyə çata bildilər ? Əlbəttə, mənəvi dəstək olan, onlara güvənib, inanan insanların sayəsində - anası, atası, müəllimləri...

Məsələn, Edissonun məktəbə getdiyi dördüncü ayında müəllimi valideynə “Uşağınız gerizəkalıdır, o heç nə bilmir, bizim məktəbdə ona yer yoxdur” məzmunlu bir məktub yollamışdı. Ancaq valideyni göz yaşlarına güclə əngəl olaraq o məktubu uşağına tamam əks formada oxumuş, bu gün hamının tanıdığı Edissonun yetişməsinə səbəb olmuşdur.

Edisson sonralar öz xatirələrində yazır ki, evdəki köhnə əşyalar arasında müəllimin bir zamanlar anama göndərdiyi məktubu tapdım. Onu oxuyanda gözlərimə inanmadım. Bu gün Edisson varsa, bu, anama görədir.

Məsələn, Bethoven. Müəllimi tələbəsinin tamamilə istedadsız olduğunu demişdir. Bu günsə onun simfoniyaları dünyada məşhurdur. Və yaxud da 4 yaşına qədər danışa bilməyən Eynşteyn. Müəllimi onun haqda “əqli cəhətdən geri qalıb” fikrini söyləmişdir.

Bəli, hörmətli valideyn. Sizə övladınızı sevməniz üçün daha nə qədər nümunə gətirməliyəm? Yoxsa, artıq məni anlayırsınız?

Uşaqların təhsildə çətinlik çəkməsinə, nailiyyətinin aşağı olmasına səbəb olan başqa bir problem də yaddaş və diqqət dağınıqlılığıdır. Sonradan qazanılan yaddaşsızlığın bir neçə səbəbi ola bilər.

* Gündəlik qida rasionunun düzgün qurulmaması. Rasiona gündəlik qoz, yağlı balıq, alma, sitrus meyvələri, qaragilə, yumurta kimi ərzaqların daxil olması yaddaşın möhkəmlənməsinə müsbət təsir edir.

* Mədə-bağırsaq sistemi fəaliyyətinin pozulması. Uşağın həzm sistemində problem olduqda qəbul olunan qida normal mənimsənilmir, nəticədə isə beyinin hüceyrələri aclıq hissi keçirir və yaddaşın zəifləməsi, diqqətsizlik əmələ gələ bilər.

* Kəllə-beyin travması.

* Xroniki stress, yorğunluq, halsızlıq;

* Onurğa sütununun əyrilikləri. Nəticədə beyində qan dövranı pozulur.

Mütəxəssislərin köməyi ilə uşaqda yaranan problemlərin əsas səbəbini araşdırmaq, həllinə çalışmaq lazımdır.

Bütün bu sadaladıqlarım, inanıram ki, yazını oxumağa başlamamışdan əvvəlki fikirlərinizi az da olsa dəyişəcək. Bəzən səbəbi anlamadan mühakiməyə qalxırıq. Ancaq tənbəlliyimizi kənara qoyub araşdırsaq, uşaqlarımzı öyrənməyə çalışsaq, nəticəsi necə də gözəl ola bilər.

Övladınızın yazıb-oxuya bilməməyi onun gözəl insan, gələcəkdə dahi şəxsiyyət olmasına əngəl deyildir. Onların digər bacarıq və qabiliyyətlərinə şübhə ilə yanaşmayın. Əksinə övladınızı hər şeyə rəğmən hər şeyin gözəl olacağına ruhlandırın. Bəlkə siz elə gələcəyin dahisini yetişdirirsiniz.

Bir şagirdim vardı Yusif adında. Disleksiya problemli idi. 2-ci sinifdə oxumasına baxmayaraq yazıb oxumağa çətinlik çəkir, hərfləri sözlərdə birləşdirə bilmir, yaddaşsızlıqdan əziyyət çəkirdi. Düzü, hələ onda disleksiya haqqında məlumatlı deyildim. Sonradan araşdırma aparanda Yusifi çox yüklədiyimi anladım. Deyirdi ki, müəllim, vallah oxuya bilmirəm, çalışıram, amma alınmır. Sonra valideynlərini bu haqda məlumatlandırdım. Çıxış yolu göstərdim. Ancaq nəticəsi necə oldu bilmirəm. Çünki mənim o siniflə son ilim idi. Ümid edirəm övladlarına laqeyd qalmayacaqlar.

Pedaqoji təcrübəmin ilk ilində Kamilə adlı bir şagirdim vardı. O da yazıb oxumaqda çətinlik çəkirdi. Ancaq sinif yoldaşlarından fərqli elə gözəl şəkillər çəkirdi ki.

Digər bir şagirdim Əfsan. O da disleksiya problemlidir. Lakin fərqli dünyasının olduğunu sinfə ilk girdiyim gün hiss etmişdim. Çox gözəl və anlamlı şəkillər çəkir. Rəngləri çox sevir. Ən çox da maşın, göy cisimləri və raket çəkməyi sevir.

Bəzən övladlarınızı daşıya bilməyəcəyi yüklə yükləyib onları ümidsizliyə siz valideynlər sürükləyirsiniz. Aamir Khan adlı bir hind rejissoru var. Onun təlim- tədrislə bağlı filmlərini izləyin. “Yerdəki ulduzlar” filmini isə mütləq izləyin, əziz valideynlər! O film sizə yazıdakı fikirlərimi həm də əyani olaraq göstərəcək.

“Solomon adalarındakı aborigenlər meşə sahələrini qırıb özlərinə otlaq sahələri açanda ağacları kəsmirlər. Onlar - bütün tayfa meşəyə toplaşıb sadəcə ağacları təhqir edirlər. Bir neçə gündən sonra ağaclar quruyur və məhv olur” (“Yerdəki ulduzlar” filmindən).

Yəni övladınıza dediyiniz hər neqativ söz, danlaq onları yavaş-yavaş mənəvi tənəzzülə, məhvə aparır.
İnanıram ki, bundan sonra övladınızı günahlandırmadan əvvəl düşünəcək, onu dinləməyə, dərdini anlamağa çalışacaq və həllinə dəstək olacaqsınız!

Övladınızı kəşf edin, öyrənin. Ondakı sirli dünyanı görməyə çalışın. Bunu sevginiz və ona inamınızla edin. Mütləq nail olacaqsız.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031