manera.az
manera.az

Mirzə Cəlil ənənələrinin davamçısı

Mirzə Cəlil ənənələrinin davamçısı
Vicdanlı, zəhmətkeş, xeyirxah, təvazökar insan, təcrübəli redaktor, yazıçı-publisist və dramaturq... Şamil Fərzəliyevi tanıyanlar onu belə səciyyələndirirlər.

MANERA.AZ Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli nümayəndəsi, SSRİ Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü olmuş Şamil Xurşud oğlu Fərzəliyevin (Şamil Xurşud) həyat və yaradıcılıq yoluna nəzər salır.

O, Ucar rayonunda dünyaya göz açmışdı. Valideynləri 1918-ci il hadisələri zamanı Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindən Ucar rayonuna köçmüşdülər.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olunmuş Şamil Fərzəliyev hələ tələbəlik illərindən bədii-publisistik yaradıcılığa başlamışdı.

Təhsilini başa vurduqdan sonra “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifələrində çalışıb. 1967-ci ildə Moskvanın İctimai Elmlər Akademiyasını bitirib, Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsində təlimatçı işləyib.

Şamil Fərzəliyev 1972-ci ildə “Azərbaycan gəncləri” qəzetinin redaktoru vəzifəsinə təyin edildi. Onun rəhbərliyi dövründə bu qəzet respublikada ən nüfuzlu və oxunaqlı nəşrlərdən birinə çevrildi. O, jurnalistlərin dövrün məlum ideoloji çərçivəsindən çıxmaları üçün hər cür şərait yaradır, standart, şablon yazı tərzini qəbul etmirdi. İstər bədii, istər publisistik yaradıcılığında çalışırdı ki, oxucu onun yazılarından nəyisə öyrənə bilsin.

Mirzə Cəlil və Əvəz Sadıq ənənələrinin davamçısı

1981-ci ildə “Kirpi” satirik jurnalının baş redaktoru təyin edilən Şamil Fərzəliyev ömrünün sonunadək bu vəzifədə çalışıb.

Tanınmış yazıçı-publisist Yusif Kərimovun xatirələrindən: “Kirpi” jurnalına, “Azərbaycan gəncləri” qəzetinə redaktor təyinatları Azərbaycan KP MK-nın bürosunda təsdiqlənməli idi. Bizi qəbul edən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Şamil Fərzəliyevlə “Çox qaraqabaqsan, yəni sən satirik jurnal çıxara bilərsən?”, - deyə zarafat etmiş, sonra isə “Eşitdiyimə görə qaraqabaq adamın içərisi yumorla dolu olur...” demişdi.

Cəmiyyətdəki mənfi hallara, nöqsanlara göz yummayan Şamil Fərzəliyev “Kirpi”də Mirzə Cəlil və Əvəz Sadıq ənənələrini davam etdirir, həmkarlarında peşə etikasına, jurnalistikanın əsas prinsiplərinə sadiq olmaq, şərəf və ləyaqəti, dövlət və xalqın mənafeyini hər şeydən üstün tutmaq hisslərini aşılayırdı. Ömrünün 30 ilini mətbuata həsr etmiş Şamil Fərzəliyevin publisistik yazıları, xüsusilə felyetonları həmişə maraqla qarşılanırdı. Qələmə aldığı mövzuya, toxunduğu problemə vətəndaşlıq mövqeyindən yanaşır, yazılarında milli ləyaqəti, mənəvi paklığı, nəcib insani keyfiyyətləri təbliğ edir, satqınlığı, mənəvi simasızlığı cəsarətlə tənqid atəşinə tuturdu. Ən böyük amalı bu idi ki, həyat həqiqətləri oxuculara olduğu kimi çatdırılsın.

Onun yaratdığı bədii obrazlar fərdi xüsusiyyətləri ilə seçilirdi

Ötən əsrin 50-ci illərində ədəbiyyata gəlmiş Şamil Xurşudun əsərləri ədəbi tənqidin də diqqətini cəlb edib və yaradıcılığı həmişə müsbət qiymətləndirilib. O çalışırdı ki, yaratdığı obrazlar fərdi xüsusiyyətləri ilə seçilsin, təsvir etdiyi hadisələrin mahiyyəti oxucuya dolğun və canlı şəkildə çatdırılsın. Yazıçının “Sizi unutmaram”, “İnsan yaşayır”, “Azarkeş nənə”, “Xəstələr”, “Özüm və özün”, “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi” və “Sakitlik olmayacaq” kitabları indi də aktuallığını itirməyib. Xalq yazıçısı Əli Vəliyev onun yaradıcılığını belə səciyyələndirirdi: “Şamil Xurşud xalqın məişətinə, adət və ənənəsinə yaxından bələd olan yazıçıdır. Onun dili aydın və səlisdir, xalq məsəlləri, ifadələri ilə zəngindir. O, klassik və müasir sənətkarlardan öyrənməyə çalışdığı kimi, xalq yaradıcılığının həmişə gur və şəffaf qaynaqlarından da bəhrələnir”.

Şamil Fərzəliyev, həmçinin hadisələri inandırıcı və əhatəli təsvir edən dramaturq idi. Onun “Sən tək deyilsən”, “Məhəbbət novellası”, “Yaz yağışı”, “Sevinc”, “Yol ayrıcında”, Mirzə Şəfi Vazehin həyatına həsr etdiyi “Bəxtiyar deyil” səhnə əsərləri ədəbi mühitdə maraqla qarşılanır və səhnəyə qoyulurdu.

Yaşıdları ona ağsaqqal kimi baxır və sözünü eşidirdilər

Xalq şairi Məmməd Araz, ədəbiyyatşünas-alimlər Qulu Xəlilov, Xalid Əlimirzəyev, şairlər Şahmar Əkbərzadə, Rəfiq Zəka Xəndan, Məmməd Aslan, yazıçılar Yusif Kərimov, Nahid Hacızadə və onlarca digər tanınmış qələm sahibləri Şamil Xurşudun yaradıcılığı ilə yanaşı, insani keyfiyyətlərini də yüksək qiymətləndirirdilər. Çünki o, çoxlarının qolundan tutar, mənəvi dəstək olardı. Hətta yaşıdları ona ağsaqqal kimi baxır, sözünü eşidirdilər.

O, kəndə bağlı, təbiətən xeyirxah insan və əsl el adamı idi. Özünə əbədi ünvan olaraq dünyaya göz açdığı torpağı seçdi. 1986-cı il aprelin 24-də vəfat edən Şamil Fərzəliyev vəsiyyətinə əsasən Ucarda dəfn olundu.

İllər ötür, zaman dəyişir. Ədəbiyyatımızda və milli mətbuatımızda silinməz iz qoymuş Şamil Xurşud kimi söz adamları isə öz əsərlərində yaşayır və daim hörmətlə xatırlanır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930