manera.az
manera.az

“Nəsiminin edamına görə Suriya Azərbaycandan üzr istədi” - MÜSAHİBƏ

“Nəsiminin edamına görə Suriya Azərbaycandan üzr istədi” - MÜSAHİBƏ
MANERA.AZ ədəbiyyatşünas Firudin Qurbansoyun müsahibəsini təqdim edir:

- Məlum olduğu kimi, Prezident İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edib. Bir Nəsimi araşdırmaçısı kimi, bu barədə nə deyə bilərsiniz?

- Olduqca vacib, yerində verilmiş sərəncamdır. Birinci növbədə, ona görə ki, Azərbaycanın son dərəcə yüksək, son dərəcə qeyri-adi tale yaşamış şəxsiyyətinə, mütəfəkkirinə, aliminə və ən böyük şairlərindən birinə verilən qiymətdir. Bu, həm respublika daxilində, həm də hüdudularımızdan çox-çox kənarda insanların diqqəti üçün vacib sərəncamdır. Sərəncamdan xəbərdar olanlar Nəsiminin kimliyi ilə maraqlanacaqlar. Digər tərəfdən, sərəncamdan irəli gələn məsələlər var ki, bunlar da alimlərimizə, sənətkarlarımıza - rəssamlarımıza, musiqiçilərimizə, şairlərimizə, yazıçılarımıza - Nəsimi mövzusuna müraciət etməyə, onun şəxsiyyəti ilə yaxından təmas etməyə imkan verəcək. Bu baxımdan, yüksək səviyyəli sərəncamdır.

Eyni zamanda, Prezident keçən ilin noyabr ayının 15-də Nəsiminin 650 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Bu da son dərəcə yüksək səviyyəli qərardır. Düşünürəm ki, 2019-cu ildə Nəsiminin yeni nəşrləri olacaq, Şamaxıda tədbirlər keçiriləcək, dünyanın hər yerindən Nəsimi ilə maraqlananlar Azərbaycana gələcəklər. Nəsimi təkcə Azərbaycanda öyərənilmir, Türkiyədə, İranda və başqa ölkələrdə də öyrənilir. Yəqin ki, Nəsimi haqqında başqa dövlətlərin arxivlərindəki sənədlər də araşdırılacaq, yeni faktlar üzə çıxarılacaq. Bu mənada sərəncamın böyük əhəmiyyəti var.

- Bizdə Nəsiminin bəlli obrazının yaranmasında “Nəsimi” filminin az rolu olmayıb. Sizcə, yeni Nəsimi obrazının yaradılmasına ehtiyac varmı?

- Ehtiyac var. Əslində bizim bildiyimiz Nəsimi təhrif olunmuş Nəsimidir. O film Sovet dövründə çəkilib. Orda Nəsimidən bolşevik düzəltmək istəyirdilər. İsa Muğanna da obrazı o cür yaratmışdı. Muğanna Nəsimidən heç nə bilmirdi və bilə də bilməzdi. Ona görə ki, Sovet dövründə, dindən kənar mühitdə təhsil almışdı. Nəsimi isə başdan-ayağa dindir, fəlsəfədir, Sovet ideologiyasına uyğun gəlməyən işıqlı şəxsiyyətdir. Biz Muğannadan Nəsimini bilməyi tələb edə bilməzdik. Rus dilindən başqa əcnəbi dil bilmirdi, ərəb-fars dillərini oxumamışdı ki, xarici mənbələri araşdırsın, Nəsimi haqqında öyrənsin. İndinin özündə də get akademiklərdən, elmlər namizədlərindən soruş, qoy Nəsiminin bir beytini izah eləsinlər, izah edə bilməzlər. Çünki o beytlərdə Quran ayələrinə, peyğəmbər hədislərinə, irfan alimlərinə elə istinadlar var ki, onları bilmədən beytin mənasını açmaq mümkün deyil. Bu mənada Nəsimini öyrənmək üçün gərək ömrünü qoyasan. Buna görə də bizdə nəsimişünaslıq elmi çox zəifdir; nə şairliyi, nə alimliyi, nə də həyatı yaxşı öyrənilib.

- Nəsiminin doğum yeri haqqında müxtəlif fikirlər səsləndirilir. Bakıda, Təbrizdə, Diyarbəkirdə, hətta Şirazda doğulduğunu iddia edənlər var.

- Mən bir neçə ay əvvəl bir məqalə yazmışdım, “Ədəbiyyat qəzeti”ində çap olunub. Orada sübut eləmişdim ki, Nəsimi niyə görə Təbrizdə, Diyarbəkirdə, Şirazda doğula bilməz, məhz Şamaxıda doğula bilərdi.

- O məqaləni oxumuşam. Orada qəzəllərinə istinadən çıxış edirsiniz.

- Bəli. Onun qəzəllərində işlətdiyi elə sözlər var ki, dialekt sözlərdir, yalnız Şamaxı tərəflərdə işlənir. Məsələn, Nəsimi fars divanında “qoqqu” sözü işlədib. “Qoqqu”, türk sözüdür, Şirvanda bayquşa verilən addır, Azərbaycanın başqa yerində işlənmir. Nəsimi şamaxılı olmasaydı, bu sözü işlədərdimi? Yox. Halbuki heç bir farsca yazan şairlərin şeirlərində bu söz yoxdur.

Təbrizdən çıxan alimlərin özləri Nəsimi haqqında yazırlar ki, qədim mədəniyyət mərkəzi olan Şamaxıda anadan olub. Məsələn, təbrizli alim Beqderi Nəsimi haqqında farsca çıxan kitabını “İmadəddin Nəsimi Şirvani” adlandırıb. Yəni o alim özü də Nəsiminin şamaxılı olduğunu təsdiqləyib.

- Nəsimi Şamaxıdan olduğunu qəzəllərində açıq söyləyib?

- Nəsimi Şamaxıdan olduğunu gizlədirdi. Çünki Teymurilər həddindən artıq amansız idilər. Onlara qarşı çıxanların təkcə özlərini deyil, ailələrini, nəsillərini də məhv edirdilər. Buna görə də Nəsimi Şamaxıdan olduğunu bəzən gizlədirdi ki, ailəsinə xətər dəyməsin.

- Nəsimi Fəzlin qızı ilə evlənmişdi...

- Bu fakt doğru deyil. Nəsimi Fəzlin qızını almayıb.

- Nəsiminin fəlsəfəsi nə idi?

- Nəsimi irfan alimi idi. İrfan alimləri isə öz ruhları ilə işləməyi bacarır, ruh haqqında geniş məlumata malik idilər. Ona görə də hər hansı bir təriqətin hücrəsi başqalarının üzünə qapalı idi. Üstə gəl, sirri bilib kənarda deyənin də cəzası birmənalı ölüm idi. Ancaq Nəsimi təkcə irfan alimi kimi yox, həm də zülmlə barışmayan ruhu böyük şəxs idi. Nəinki özü barışmır, eyni zamanda kütlələri bu işdə səfərbər edə bilirdi. Nəsiminin qətli də siyasi baxışına görə oldu.

- Yəni dini zəmində öldürülməyib?

- Qətiyyən. Nəsimini altı ay dustaqda saxladılar, ona qarşı yönəldilən bütün ittihamları Qurani-Kərim və peyğəmbər Hədislərindən gələn məntiqlə rədd elədi. Sadəcə, siyasi görüşlərinə görə edam elədilər. Teymurilərin qəddar rejimi vardı, Nəsimi onlara etiraz edirdi.

- Alternativ kimi nə təqdim edirdi?

- O, deyirdi ki, insan Allahın yaratdığı azad məxluqdur. Əgər Allaha baş əyirsə, heç bir hökmdara baş əyməməlidir.

- Belə bir fikir də var ki, Fəzlullah Nəimi hürufilikdən istifdə edərək Teymurilərə qarşı fars dövləti yaratmaq istəyirdi.

- Nəimi əsərlərini ərəb-fars dillərində yazsa da türk idi. Düzdür, onun türk dilində yazdığı bir qəzəlini əsərimdə vermişəm, xeyli zəifdir. Amma Nəimi fars deyildi, Naxçıvan yaxınlığındakı Astrabad şəhərində anadan olmuşdu.

- Nəsiminin edam hökmündə də siyasi səbəb göstərilmişdi?

- Xeyr, edam hökmündə dindən çıxmış, zındıq kimi təqdim edilmişdi.

- Dərisinin soyulması faktı düzdür?

- Nəsiminin dərisi öldürüləndən sonra soyulub. Başı, qolları kəsilib, sonra dərisi soyulub.

- Filmdə göstərildiyi kimi diri-diri soyulmayıb?

- İnsanın dərisini diri-diri soymaq mümkün deyil.

- Fərmanda öldürüləndən sonra dərisinin soyulması qeyd edilib?

- Bəli.

- Niyə bu qədər qəddar olublar? Təkcə edamla kifayətlənmək olmazdı? Yəni Nəsimi belə böyük günah eləmişdi?

- İslam qaydalarına görə, fiqh elmində bu cür edam hökmü yoxdur. Buna baxmayaraq, İslam coğrafiyasında bu cür qəddar ölüm hökmləri tətbiq olunurdu. Hətta mən sizə deyim ki, Nəsiminin edamına görə 1973-cü ildə Suriya rəsmi şəkildə Azərbaycandan üzr istəyib. O vaxt Nəsiminin 600 illiyi keçirilirdi, Suriyadan da rəsmi nümayəndə gəlmiş, məktub gətirmişdilər. Həmin xəbər qəzetlərdə də dərs olunub.

- Necə düşünürsünüz, Nəsiminin qəbri vətənə gətirilməlidirmi?

- Onun qəbrinin vətənə gətirilməsini istəməzdim. Hər şeydən əvvəl ona görə ki, Nəsiminin qəbri daha yoxdu, 7-8 il bundan qabaq dağıdılıb.

- Sovet dövründə Nəsiminin yaradıcılığı bu cür izah olunurdu: “Ənəlhəqq”, yəni Allah yoxdur, həqq məndədir...

- Olduqca yanlış baxışdır. Doğru deyil. Nəsimi insanı insana səcdədən çəkindirməyə çalışırdı. Nəsimi demək istəyirdi ki, hər bir insanda Alllahdan bir zərrə var, ruh var.

- Anadoluda Qul Nəsimi adlı aşıq olub, onu bəzən İmadəddin Nəsimi ilə də qarışdırırlar.

- İmadəddin Nəsimi “əlif-lam” deyilən xüsusi bir şeir şəkli yaradıb. Bu üsulu mən divan ədəbiyyatındakı hər hansı bir şairdə görməmişəm. Amma aşıq poeziyasında qalıb. Bir Aşıq Musa adında bir nəfərin, bir də Aşıq Ələsgərin “əlif-lam”ı var. Yəni Nəsiminin poeziyası aşıq ədəbiyyatına çox böyük təsir göstərib. Qul Nəsimi də ola bilsin Nəsimiyə ehtiram əlaməti olaraq bu adı götürüb.

- Səhv etmirəmsə, Nəsimi həm də ələvilərin yeddi ərən pirindən biri hesab olunur.


- Ümumiyyətlə, Nəsiminin edamından sonra gizlinə çəkilən hürufilər bektaşilərin içinə də əriyib assimliyasiya oldular. Ona görə onlarda Nəsimi ehtiramla yad edilib.

- Nəsiminin poeziyada əhəmiyyəti nədir?

- Nəsimi türkdilli poeziyada təzə məzmunlar, təzə şeir şəkilləri gətirən yeganə şairdir. Eyni zamanda sözün poetik qüdrətini o qədər böyük səviyyəyə qaldırdı ki, Azərbyacan dilinin, saf, səlis, deyim tərzini birinci Nəsimi reallaşdırıdı. Ondan sonra gələn şairlər əlbəttə Nəsiminin ardıcıllarıdır. Bütün Osmanlı, Səfəvi şairləri Nəsiminin şeirlərindən qidalanıblar.

- “Nəsimi” filminin yenidən çəkilməsinə ehtiyac var?

- Əlbəttə. Nəsimi filminin yenidən çəkilməsinə ehtiyac var. Bu çəkilişlərdə böyük məmuniyyətlə iştirak edərdim. Birinci “Nəsimi” filmində nə həqiqi Nəsimi mühiti verilib, nə də orda həqiqi Nəsimi var. Nəsimi haqqında spiritik rəqslərdən ibarət, hücrələrin həyatını əks etdirən mistik bir film çəkmək olar.../Söhbətləşdi: Mirmehdi, aznews.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031