manera.az
manera.az

Könlüm gözəllərin əmanətidir - Əlirza Həsrətin şeirləri

Könlüm gözəllərin əmanətidir - Əlirza Həsrətin şeirləri
Manera.az tanınmış şair Əlirza Həsrətin 50 illiyi münasibətilə oxuculara 50 şeirini təqdim edir:

KÖNLÜM GÖZƏLLƏRİN ƏMANƏTİDİR

Eşq nəzir qoymağa ürəkdir bu pir,
Yaşanmış günlərdən şam tutub bir-bir.
Könlüm gözəllərin əmanətidir,
Sevdim bu ruzunu qurban şəklində.

Nə ağıl vaxtıdır,nə hünər indi,
Sevsən,çiçəkləyər bu qan-tər indi.
Başına çevirir gözəllər indi,
Əlimin duzunu qurban şəklində.

Eh,yarı qaranlıq,yarı işıq biz,
Zirvəyə sığınan qarlı qışıq biz.
Belə təmənnasız yaşamışıq biz,-
Ömrümüz uzunu qurban şəklində.

SƏNƏ HARDAN BAXSAM...

İnandım dağların etibarına,
Sənə hardan baxsam,dağ şəklindəsən.
Gəl şəkil çəkdirək quzey qarına,
Görsünlər bu eşqin ağ şəklindəsən.

Bəzəksən ən gözəl şeir sətrinə,
Sevməyi öyrəndim sənin xətrinə.
Hamı bihuş olub çiçək ətrinə,-
Bağbanı divanə bağ şəklindəsən.

Gəlsə adım sənin dilinə ağır,
Məni baxışınla,gözünlə çağır.
Çöhrəndən sevdalı qəriblik yağır,
Əlirza Həsrətin sağ şəklindəsən.

BU ZALIM SƏRHƏDƏ VƏTƏN YAPIŞIB

Bəlkə min yol düşüb dünya gözümdən,
Görən hər düşəndə nədən yapışıb?
Bir quşun ruzusu olacaq deyə,-
Hər gün saçımıza bir dən yapışıb.

Dirəklər aşiqdir tikanlı telə,
Nə deyək bu qürbət elata,elə?
Üstündən atlanmaq olmur ki belə,-
Bu zalım sərhədə Vətən yapışıb.

Güllər kəməndini atıb çəmənə,
Dağlar göz eləyir dumana,çənə.
Göydə yer vermədi mələklər mənə.-
Dedilər,ruhuna bədən yapışıb.

ANA

Böyüdüb uçurtdun yuvandan məni,
Harda gecələsin bu quşun,ana?
Səni incidəndə dəcəl vaxtımda,
Üstümdə duanmış qarğışın,ana.

Gəlsə hüzuruna,baş əyər şah da,
Şah baş əyən yerdə susar silah da.
Saçının qarını əritməz ah da,
Kiçik çiləsiyəm bu qışın,ana.

Balandır qayıdıb səfərdən elə,
Saçını üzümə aç,pərdəm elə.
Ömrə səpələnmiş bir dərdəm elə,
Çək məni,qoynuna yığışım,ana.

RƏNGİNİ İTİRMİŞ EŞQDİR HƏSRƏTİN

Rəngini itirmiş eşqdir həsrətin.
Girib aramıza yaman uzandı.
Səni tanımağım ayrılığından
Yarı cinayətin, yarı cəzandı.

Qəlbimdən süzülən şirin duyğusan,
Hələ yaz nəfəsin gəzir üzümdə.
Ahdan köz götürən bir ocaq kimi
Yanır baxışının yeri gözümdə.

Hər gün göz yaşımla suvardım deyə
Cücərdi qəlbimdə bu eşq tumu da.
Bir qız yuxusunda dəfn eləməyə
Çiçəklər aparır tabutumu da.

AYRILIQ YERİNDƏN QIRILDI BU EŞQ

Sənin dodağında çiçəkləmişdi,
Bir zalım əliylə dərildi bu eşq.
Gözlərim yolunu elə çəkdi ki,‐
Ayrılıq yerindən qırıldı bu eşq.

Qərib fəryadıydı, aşiq halıydı,
Divanə ruhların qeylu‐qalıydı.
Bağrımın başında lalə xalıydı,
Keçib göz yaşından duruldu bu eşq.

Yenə pəncərəndə yellənir pərdən,
Xatirən şam tutub ən xoş xəbərdən.
Hər gün mən ölmüşü qaldırıb yerdən,
Sənin ayağına sərildi bu eşq.

SƏNSİZ ÜRƏYİMDƏN SOYUQLAMIŞAM

Ruhum aynasıdır baxışlarının,
Belə kim çəkibdir pərim,şəklini?
Bilmirəm hayandan göstərim sənə,-
Könlümə düşdüyün yerin şəklini?

Qoy sərhəd telinin üstündən aşım,
Bir az da qürbətə qarışsın başım.
Üzümə nə gözəl tutub göz yaşım,-
Arazın şəklini,Kürün şəklini.

Təpədən-dırnağa çovğunam,qışam,
Yenə qış ömrümdə buz bağlayıb şam.
Sənsiz ürəyimdən soyuqlamışam,
Bəri dur,üstümə sərim şəklini.

BÜLBÜL NƏZMƏ ÇƏKƏR QƏFƏSDƏ MƏNİ

Əcəb şəklin çıxar bu qarda sənin,
Ayrılıq da sənin,qübar da sənin,
Arxanca düşmüşəm dağlarda sənin,
Məni bu çöllükdə yalquzaq eylə

Zirvə sevdalıdır bu yoxuş,bu dik,
Gəl,duman yerində bi qalacıq tik,
İkimiz bir eşqin nişanəsiyik,
Mən ocaq qalayım,sən sazaq eylə.

Bülbül nəzmə çəkər qəfəsdə məni,
Sevərsən belə hər həvəsdə məni,
Öldürür bu qərib “şikəstə” məni,
Gözünü üstümdən çək uzaq eylə.

KİM SƏNƏ OXŞAYIB, SEVMİŞƏM ELƏ

Kim sənə oxşayıb, sevmişəm elə,
Kim sənə oxşayıb, bir tutmuşam mən.
Hər gün bu sevdanı nəzir eləyib,-
Sənu ürəyimdə pir tutmuşam mən.

Hicrandır sevginin əli-ayağı,
Əlsiz-ayaqsızlar neynir dayağı?!
Dinsəm, açılacaq gülləsayağı,
Dilimin ucunda sirr tutmuşam mən.

Hələ yaxınlar var bizdən uzaqda,
Yol dara şəkilib izdən uzaqda.
Bir dağam könüldən, gözdən uzaqda,
Gör belə nə gözəl qar tutmuşam mən.

TƏKLƏNDİM BİR EŞQİN YOL AYRICINDA

Təkləndim bir eşqin yol ayrıcında,
Ucaltdı göylərə bu ad-san məni.
Sevməkdir cavabı hər sual eşqin,
Sınadın gör neçə imtahan məni.

Aramızda bu nə bəhsəbəsdi ki,
Bəhs edib sevmək də cana qəstdi ki.
Od gəzən könlümü həsrət kəsdi ki,
Endirin sinəmin dağından məni.

Günah yumağadır gözlərdəki nəm,
Mənalı yaşasaq bu ömrü,nə qəm?!
Ölən sevgilərin edam yeriyəm,
Belə hər tərəfdən tutub qan məni…

SƏNƏ ÇİÇƏK DEDİM,XƏBƏRİN OLSUN

...Tumurcuq gözləri gülür baharın,
Bənövşə ah çəkir kolun içində.
Diksinib boylanır ayaq izlərim,
Arxamca uzanan yolun içində.

Şəklimiz çəkilib quzey qarına,
Bu sevda dağın da gələr karına.
Ovcunu tutmusan göz yaşlarına,
Hələ oynayırsan selin içində.

...Gəl qucaq qollarım çəpərin olsun,
Çəpərdən keçməyə təpərin olsun.
Sənə çiçək dedim,xəbərin olsun,
Bu qədər çəmənin,gülün içində.

DAĞLAR ARXA DURAR...

Mənim getməyim də qayıtmağımdır, –
Dünyaya kal gəlib, kal gedənlərə.
Tüstü bəzək verməz, çırpı od olmaz,
Yalandan alışıb, kül gedənlərə.

Gəl şəkil çəkdirək qoşa qanadda,
Yanıram, üstümə bir az qan at da.
Burda köç gözləyir hərə bir adda,
Demək də olmayır qal, gedənlərə.

Sərhəd tellərini köklə baş-ayaq,
Qərib sevdasıdır, nəyini sayaq?
Dağlar arxa durar, zirvələr dayaq, –
Özü cığır açıb, yol gedənlərə.

QƏRİB ZİRVƏLƏRİN DUMANI GƏLDİ

Düşüb sümüyümə qürbət havası,
Gözümə dəyirsən Vətən şəklində.
Çarmıxa çəkilən yol ayrıcı var,
Ay zalım, bu başsız bədən şəklində.

Burda nə ayrılıq, nə göz yaşı var,
Burda könül verən yad var, naşı var.
Yaşanmış günlərin qan yaddaşı var,
Kölgəmə qoşulub gedən şəklində.

Qərib zirvələrin dumanı gəldi,
Arxamca su atan hansı gözəldi?
Xatirən sevdiyim gövhərdi, ləldi,
Saçıma hər düşən bu dən şəklində.

DUMAN GECİKƏNDƏ

Yolumun üstündə kol var, koğuş var,
Məni yaman yerdə yordu yoxuşlar.
Xırmanda keflənib oynayar quşlar,
Köhnə dəyirmana dən gəlməyəndə.

Son şərqi üstündə neçə qu ağlar,
Bir zalım yaramı tərsinə bağlar.
Sən hardan biləsən nə çəkir dağlar,
Duman gecikəndə, çən gəlməyəndə.

Ayrılıq qədimdir, məhəbbət ulu,
Hər gün imtahana çəkir bu qulu.
Ölümə nə var ki, kəsədir yolu,
Ayrılıq qan salır sən gəlməyəndə.

DAĞLARIN HAVASI ÇATMIR ŞUŞADA

Çarmıxa çəkilib bu Vətən elə,
Qurşunlar torpaqda bitən dən elə.
Bir qərib ahıdır duman, çən elə,
Dağların döşünə yatmır Şuşada.

Bu necə şikəstə, bu nə bayatı?
Sahibsiz hər cığır bir ürək çatı.
Dağılıb obası, köçüb elatı,
Heç kəs murazına çatmır Şuşada.

Hər şəhid bu yurdun Vətən kirəsi,
Bayrağa çəkilib qanı, şirəsi.
Nə Göy yerindədir, nə Yer kürəsi,
Günəş də heç doğub-batmır Şuşada.

Elə qırov tutub saçım, göynəyir,
Siz Allah,yaramı açın, göynəyir.
Xocalı hıçqırır, Laçın göynəyir,
Dağların havası çatmır Şuşada.

YUXUMDA BİR QƏRİB AHI DİKSİNİR

Yuxumda bir qərib ahı diksinir,
Hər yağanda yuvasına qar quşun.
Ruzu gəzir saçlarımın dənində,
Məlhəmidir, bəlkə, bu qübar quşun?!

Xumar-xumar gülür gözü mehin də,
Bir dünya var bir sevdalıq behində.
Aynalanıb solğun çiçək şehində,
Oxumağa bəhanəsi var quşun.

İmtahana çəkmə məni yoxuşda,
Xatirələr üşüyür bu ağuşda.
Lələyindən ocaq çatıb koğuşda,
Deyirlər ki, divanəsi var quşun.

QƏRİB OCAĞININ İSTİSİ OLMAZ

Sərhəd telləridir köklədiyim saz,
Duman da dağlarda görünür az-az.
Qərib ocağının istisi olmaz,
Gərək kül altında köz saxlayasan.

Duruşu başqadır bizdə dağın da,
Şamama rəsmisən qonşu tağında.
Nə var əyilməyə yar qabağında,
Gərək ürəyini düz saxlayasan.

Alıb ağuşuna yenə su arxı,
Yandırır ayrılıq qorxusu arxı.
Hayandan bağrıma basım bu arxı,-
Üstümdə yalandan göz saxlayasan?!

SAÇIMI ÜŞÜDƏN PAYIZ QIROVU

Saçımı üşüdən payız qırovu,
İllərin çəkdiyi tumardı elə.
Bu ikinəfərlik sevgi oyunu,-
Mənim uduzduğum qumardı elə.

Ruhuma şam tutan quzey qarımı?
Quşlar dimdikləyir dəymiş barımı.
Bir zaman nənəm də corablarımı,-
Deyinə-deyinə yamardı elə.

Döyür gözlərini dağda duman-çən,
Sovulmuş xırmanda hardandır bu dən?
Sən çətir tutduğun xatirələrdən,-
Ömrümə göz yaşı damardı elə.

GƏLƏRSƏN

Son nəğmə nəzirdir,belə Qu zəvvar,
Arxı qucaqlayıb axan su zəvvar.
Ahımdan tanıyır məni bu zəvvar,
Çarmıxa çəkilsəm pirdə,gələrsən.

Sevib qaytarmaq var sevda borcunu,
Xatirə payınla doldur xurcunu.
Günahdır,hörməzlər saçın ucunu,
Eləyib üzünə pərdə,gələrsən.

Ürəklər oynadan zilin,bəmin var,
Kirpiyin islanıb,üzdə nəmin var.
Gözəl ayrılığın,gözəl qəmin var,
Salıb Əlirzanı dərdə gələrsən.

BEHİNƏ BAX-BAX

Öpüb yanağından quzey qarının,
Bu qərib dağların mehinə bax-bax.
Yorğun arzularım hər gün baş vuran,-
Bu gecə gülünün şehinə bax-bax.

Azadlıq duası,ucalıq dini,
Döyüş meydanıdır qəzəbi,kini.
Göylərin altına verib çiynini,
Zirvədə yurd salan şahinə bax-bax.

Yolun ortasında məni tək qoyub,
Nə şanı saxlayıb,nə pətək qoyub.
Hər eşqin üstünə bir ürək qoyub,
Əlirza Həsrətin behinə bax-bax.

ELƏ AYRILIQ DA BİR EŞQ PAYIDIR

Boynuma hayandan dolandi bu qol?
Mənim xəyallarım ,xatirəm sən ol.
Çırpı eləmişəm özümü min yol,
Xumar baxışların oduna görə.

Yolunda qoymağa daha can,keçib,
Can,deyib gördüm ki şöhrət-şan keçib.
Bir qızın gözünün yaşından keçib,-
Dünya gözəlləşib qadına görə.

Duman dağ başında kəlağayıdır,
Durnalar yolunu kəsə qayıdır.
Elə ayrılıq da bir eşq payıdır,-
Ünvanına görə,adına görə.

AZADLIQ RƏSMİ

Taxtım eşq olanda,tacım var idi,
Göz yaşı qovuran sacım var idi.
Məcnunluq eləyən saçım var idi,
Güzgüdə nazlanan daraq şəklinə.

Qabarlı əllərim qırış gətirib,
Qəpiyə,quruşa duruş gətirib.
O sünbül dən tutub,barış gətirib,
Xırmanda asılan oraq şəklinə.

Azadlıq rəsmidir dünyada birdi,
Bir ozan saz tutub yuxuma girdi.
Zəvvarı eşq olan ocaqdı,pirdi,-
Hayandan baş əyim bayraq şəklinə?!

ŞUŞADA HIÇQIRAN VƏTƏN DAĞLARI

Zəvvarı gəlməyən ocağam,pirəm,
Durub ha sayasan,birəm ki birəm.
Hayandan bağrıma basım bilmirəm,
İçimdə boy verib bitən dağları.

Qurumuş bir arxda heykələm selə,
Saz döşə yatmayır,mizrab da telə.
Hər gecə yuxuda tapıram elə,-
Dumana bürünüb itən dağları.

Sərhəd dirəkləri durub yeridi,
Bir qərib boynunu burub yeridi.
Bu qanlı tarixin qürub yeridi.-
Şuşada hıçqıran Vətən dağları.

HAYANDAN BAXASAN,DİVANƏLİKDİR...

Çəkdin pəncərənə ahımı pərdə,
Məlhəmi eşq olan,dözməz bu dərdə.
Məni islatdığın xatırələrdə,-
Nə bulud payın var,nə yağış yerin.

Bu cığır tərsinə qalxdığım dikdir,
Gəl sən də bu dikdə bir qala tikdir.
Hayandan baxasan,divanəlikdir,-
Bir sevda rəsmidir hər baxış yerin.

Belə ayrı vədə,bu başqa dəm ki,
Kirpiyin nə gözəl çəkibdir nəm ki.
Hər gün səndən ötrü öləcəyəm ki,-
Olsun son mənzilim qoy ağuş yerin.

HARA DÜŞÜM GÖZÜNDƏN...

Qanadından zəncirlənmiş quş idim,
Şehə batmış gülə baxıb üşüdüm.
Yol da yoxdur,ayaq səsi eşidim,
Zalım,belə hara düşüm gözündən?

Bu qurumuş arxa gələn su məlhəm,
Son nəğməylə eşqə tapdı Qu,məlhəm.
Mənə belə neyləyəcək bu məlhəm?
Ürəyimə yara düşüb gözündən.

...Bu ömür də belə keçdi təlaşda,
Duman tutan zirvələrdə dolaş da.
Bir xatirə düzəltməyə bu yaşda,-
Qoy çəkilim dara,düşüm gözündən!

PAYIZ QIROVUNU ŞAM TUTAN ÇİÇƏK

İlahi,heç belə əyilməmişdim,
Məni bu bəxtəvər qız sındıracaq.
Payız qırovunu şam tutan çiçək,-
Qışın yaxasında buz sındıracaq.

Məni də bu eşqin tutdu xəbəri,
Ayrılıq rəsmidir baxışın,pəri.
Başıma dolandır xatirələri,-
Görək kim üstümdə göz sındıracaq?

Nə zili bəllidir,nə də ki pəsi,
Hayandan bağrıma basım bu səsi?
Əlirza Həsrətin sükut nəğməsi,-
Dilimin ucunda söz sındıracaq.

BİR BAĞBAN RƏSMİYƏM ÇİÇƏKSİZ BAĞDA

Bir bağban rəsmiyəm çiçəksiz bağda,
Çevrilib yağışa,gğzümdən yağ da.
Ruzusu qayada,yuvası dağda,-
Xınalı kəkliyin hində nə işi!

Ucalmaq istəsən sən xırda-xırda,
Zirvələr olacaq yerin axırda.
Qoyunum sürüdə,danam naxırda,
Gələn yalquzağın məndə nə işi?

Ahından köz götür ha yan şairin,
Divanə ruh mənim,bu can şairin.
Tanrısı məhəbbət olan şairin,-
Üz tutub getməyə dində nə işi?

QƏRİB BEŞİYİDİR YÜKÜM DAĞLARIN

Dumanı,çiskini məlhəmdir elə,
Bu təbib dağların,həkim dağların.
Can qurban deməyə bu gözəlliyə,
Hünər bizimkidir,hökm dağların.

Hələ göz dağıdır Laçın,Kəlbəcər,
Apar bu sevdanı Şuşada becər.
Hanı Qaçaq Nəbi,hardadır Həcər,
Qərib beşiyidir yüküm dağların!

Dağlardan süzülən elə nə qandır?
Qan dedim,gözümü tutdu bu andır.
Hər axşam ahınla bir lələk yandır,
Özüm keşiyini çəkim dağların!

QƏRİB SÜFRƏSİNƏ GƏLƏN AZ OLUR

Sevda çeşməsidir hər gülün təri,
Ovcunu bir az da yaxın tut,pəri.
Sən hardan biləsən,qış gecələri,-
Bizim tərəflərdə çox ayaz olur.

Gəl şəkil çəkdirək quzey qarına,
Bəlkə bu xatirə gələr karına.
Güvənmə dağların qar sularına,
Seli çöp gətirən arx dayaz olur.

İdrak yolçusuyam,haqqa çatıram,
Gərək bu döyüşü qansız yatıram.
Vətən torpağına tikə batıran,-
Qərib süfrəsinə gələn az olur.

MƏNƏ BU MƏHƏBBƏT DAĞLARDAN KEÇİB

Tutub zirvələrin əlindən elə,
Hayana dartınır bu bala dağlar?
Sürüşüb başından duman örpəyi,
Nə gözəl yaraşır bu hala,dağlar.

Kərəm eşq dilində salıb qan,keçib,
Əsli qansızlara verib can,keçib.
Mənə bu məhəbbət dağlardan keçib,
Gəlməz bu sevgidən zavala,dağlar.

Dilimin ucunda göynədi bu söz,
Ayrılıq payıdır bu eşq,sən də döz.
Qürub Günəşindən köz götürüb,köz,
Tikibdir özünə bir qala,dağlar.

YARI QUŞ YUVASI,YARI QANADAM...

Yarı quş yuvası,yarı qanadam,
Torpağa qəribəm,göylərə yadam.
Arzusu çarmıxa çəkilən adam,-
Dözməyi bacarsa,qəhrəmandır o.

Yol çəkən gözllərdə nəmə bax,nəmə,
Qanın qaynadısa,bir də qoy dəmə.
Qocalan gözəldən vəfa gözləmə,
Şirin xatirəylə mehribandır o.

Nə deyək bu gözəl elə,oymağa,
Bir ömür nədir ki eşqdən doymağa.
Aşiq yarasına məlhəm qoymağa,-
Lalənin bağrında gör nə qandır o?!

MƏNİM HƏSRƏTİMİN İKİ CANI VAR

Dan üzü rəsmidir yanaqların ki,
Hələ qürubu var,gün batanı var.
Biri eşq payıdır, biri ayrılıq,-
Mənim həsrətimin iki canı var.

Ahıma söykənib dağlar ki burda,
Mən duman şehiyəm,sən qar ki burda.
Ayrılıq çəkməyə nə var ki burda,
Hayana baxırsan,sevgi qanı var.

Sünbül yaxasında gülümsəyir dən,
Gəl sərhəd telindən düzəldək Vətən.
Nə belə ruh gördüm,nə elə bədən,
Harda belə gözəl eşq dastanı var?!

ÇİÇƏKLƏR ÜSTÜMƏ SİLƏRDİ TƏRİN

Ovcunu qanına tutub qab,eşqin,
Gətirdin zülmünə əcəb tab,eşqin.
Başıma çəkdiyim bu şərab eşqin,-
Ləzzəti olasan,tamı olasan.

Əllərin üşüyən quzey qarımı?
Yığdın ətəyinə düşən barımı.
Çırpı elədim ki qanadlarımı,-
Sən də bir pərvanə şamı olasan.

Atlayıb keçəndə qonşu çəpərin.-
Çiçəklər üstümə silərdi tərin.
Qoluna girdiyim xatirələrin.-
Aynası olasan,camı olasan.

ƏLLƏRİN ÇİYNİMDƏ MƏLƏK QANADI

Batırdım qələmi çiçək tərinə,
Qulaq as könlümün nəğmələrinə.
Ürək qalamışam ocaq yerinə,
Tüstüsü adamın başından çıxır.

Əllərin çiynimdə mələk qanadı,
Başqadır vədəsiz uçmağın adı.
Xırmanın sevdası,toxumun dadı,
Torpağa əkinçi xışından çıxır.

Son nəğmə rəsmidir Qu ayrılığın,
Sevib günahını yu ayrılığın.
Tumurcuq fəslisən bu ayrılığın,
Ürəyim ilk eşqin qışından çıxır

QƏRİB BEŞİYİDİR ŞUŞADA DAĞLAR

Gördüm dəymir gözə gəlib-gedəni,
Urranmış xırmandan yığdım bu dəni.
Atıb gəldiyimiz yurdu,vətəni,
Qalıbdır yaşada-yaşada dağlar.

Rəngsiz açılıbdır bu gül,bu çiçək,
Üstündə şeh də yox,bir udum içək.
Çəkir buludların nazını şimşək,
Açıb ağuşunu gürşada dağlar.

Ahını şam tutub gül üstə arı,
Bura yolçuların düşməz güzarı.
Çarmıxa çəkilib dumanı,qarı,
Qərib beşiyidir Şuşada dağlar.

NƏ GÖZƏL TƏKSƏN

Dağ düşüb eşqinə dumanın,çənin,
Ahım quş rəsmidir üstündə dənin.
Aldım gözlərinin qadasın sənin,-
Sənin baxışların xəbər tutunca.

Düymələ yaxanı,uzaq dur mehdən,
Xatirə payısan bəlkə bu behdən.
Çiçək də məst olur bir udum şehdən,
Gecənin gözünü səhər tutunca.

Nə gözəl qəribsən,nə gözəl təksən,
Qanadın çıxmamış lələk-lələksən.
Arxanca bu kəndi çarmıxa çək sən,
Özünə sən ayrı şəhər tutunca

SOLĞUN XATİRƏLƏR VERİB ƏL-ƏLƏ

Sərhəd dirəyində yuva bağlayıb,-
Saçına min yerdən düşüb dən,quşun.
Uçmağa mənim də qanadlarım var,
Ruhum göylərindir,bu bədən quşun.

Gəl heykəl düzəldək eşqə düşənə,
Qorxuram bu çiçək şehdən üşənə.
Azadlıq nəğməsi yatmaz döşünə,-
Qəfəsdə çarmıxa çəkilən quşun.

Yaşanmış günlərdir çiynimdə şələ,
Solğun xatirələr verib əl-ələ.
Qərib süfrəsindən ruzusu gələ,-
Ahından asıla bu Vətən quşun...

AHINLA SIĞAL ÇƏK ARZULARIMA

Qərib süfrəsidir sinəmdə ürək,
Ruzumu mən bölə-bölə gəlmişəm.
Cırır yaxasını qəfəs quşları,
Götürüb canımı belə gəlmişəm.

Dağları bu duman,çən tuta-tuta,
Sünbül gözəlləşir dən tuta-tuta.
Kərəmin külündən mən tuta-tuta,-
Məcnunun getdiyi yola gəlmişəm.

Nə çoxdur daş atan dəymiş barıma,
Çəkilib könlümün simi tarıma.
Ahınla sığal çək arzularıma,-
Qolunu boynuma dola,gəlmişəm.

SƏN DE...

Çarmıxa çəkildim yol ayrıcında,
Döşümə yatmadı bu tuzaq yeri.
Sinəmin gör hansı dağından düşüb,-
Bu çovğun,bu duman,biu sazaq yeri?

Niyə qarşılıaşdıq qərib çağımda?
Dolmuşam,çətir tut,bir az yağım da.
Sən de,--təkliyimdə,tənhalığımda,-
Hardandır bu qədər yalquzaq yeri?

Son nəğmə rəsmidir Qu ayrılıqda,
Sığal çək,bu ömrü yu ayrılıqda.
Sənin eşq payındır bu ayrılıq da,
Əlimi buraxıb,ha uzaq yeri!

ƏLLƏRİM

Dayağım olsa da söykəndiyim dağ,
Əlimdən su içib bu bostan,bu tağ.
Üzümü hər yerdə ağ eləyib,ağ,
Evimə qulluqçu,nökər əllərim.

Sahibsiz xırmanda saxladınsa dən,
De,bundan nə fayda götürər Vətən?
Yaxşı adamların məhəbbətindən,-
Yenilməz bir qala tikər əllərim.

Əlimin qabarı ruhuma cansa,
Bu eşq ocağıdır ahımdan yansa.
Nadan süfrəsinə bir gün uzansa,-
Bax,onda belimi bükər əllərim!

ÇARMIXA ÇƏKİLDİM SƏNİN YERİNƏ

Beşikdə uyuyur bir qərib ahı,
Bir gözəl yalandan bələk oynadır.
Sərhəd dirəyində yuva quran quş,-
Yolub qanadını,lələk oynadır.

Nədir bu tumurcuq,nədir bu pöhrə?
Açılan çiçəkdir burda hər çöhrə.
Göydə Fatma nənə əyirir çəhrə,
Əlçim buludları külək oynadır.

Dağlar gəl-gəl deyir duman pirinə,
Biri eşq payıdır,görək biri nə?
Çarmıxa çəkildim sənin yerinə,
Dedilər,bəxtəvər ürək oynadır.

TUTUM XATİRƏNDƏN ŞƏLƏ,AYRILAQ

Qolimu hayandan salım boynuna,
Bilmirəm nə deyim belə,ayrılaq?
Aşıq sinəsinə basıb sazını,
Mizrab toxunmamış telə,ayrılaq.

Çoban sürüsüylə kəndə çəkilib,
Köhnə dəyirmanda dən də çəkilib.
Bu eşq də çarmıxa məndə çəkilib,
Tutum xatirəndən şələ,ayrılaq.

Daha tay-tuşlarım yaman seyrəlib,
Yollarda izim də aman,seyrəlib!
Dağda qar əriyib,duman seyrəlib,
Gəl dönək bu arxda selə,ayrılaq.

AHINI ŞAM TUTAN BAĞBAN RƏSMİYƏM

Çılpaq ağacların dodağı qaçır,
Quşlar yuva qurub yarpaq yerində.
Tumurcuq fəslisən bu ayrılığın,
Verim ürəyimi yar bax,yerində.

Zəvvarı gəlməyən qəribdir bu pir,
Gəl biz də eşq nəzir eləyək bir-bir.
İlahi,nə boyda dağ çəkilibdir,
Bu yurdun boş qalmış torpaq yerində.

Nə gözəl götürüb kirpiklərin nəm,
Bəlkə ney səsinə məlhəmdir bu qəm?!
Ahını şam tutan bağban rəsmiyəm,
Çiçəyi urranmış hər bağ yerində.

PƏRDƏ-PƏRDƏ AYRILDIQ

Mən bilirdim səndən mənə yar olmaz,
Yaman vaxtda,yaman yerdə ayrıldıq.
Xatirəydin eşq heykəli şəklində,
Gözün aydın!-deyib dərdə,ayrıldıq.

Unutmuşdu dağda duma-çən məni,
Gözlərimdən tutdu şumda dən məni.
Öz ahımla kökləmişdin sən məni,-
Niyə belə pərdə-pərdə ayrıldıq?

Üşütməz ki bu sazaq,qar könlümü,
İstəyirsən parçala,yar könlümü.
Bağışlarsan daha zəvvar könlümü,
Nəzir qoyub eşqi pirdə ayrıldıq.

GƏL DUMAN TƏRƏFƏ

Xatirə çəpəri olub sevgimiz,
Ahımı şam tutum,keç mən tərəfə.
Qərib ocağına gələn az olar,
Elə hey boylanar Vətən tərəfə.

Dərilmiş çiçəksən,əldə dəstəsən,
Dilimin ucunda bir şikəstəsən.
Məni zirvələrdə görmək istəsən.-
Gəl duman tərəfə,gəl çən tərəfə.

Hanı eşq yolunda canından keçən?
Elə susamışam,qan da yox ,içəm.
Xırmanda ruzumu itirmiş köçəm,
Ay quşum,bir lələk sal dən tərəfə.

SİNƏMDƏ DAĞLARIN SIRASINA BAX

Göy üzü mələklər toxuyan hana,
Qaçmış ilmələri ahınla sana.
Qar qara qarışıb,duman dumana,
Sinəmdə dağların sırasına bax.

Sahibi yox daha köşən könlümün,
Qayıt,ayağına döşən,könlümün.
Gündə bir sevdaya düşən könlümün,-
Məlhəm götürməyən yarasına bax.

Arxamca qar atır hələ bu çilə,
Mən fikir söyləyim,sən arzu dilə.
Bir də şirin-şirin ayrılaq elə,
Bu yetim sevdanın mirasına bax.

BELƏ HARA TƏLƏSİRDİ BU PAYIZ

Dağ döşündən şəklimizi çəkir qar,
Dodağımda qəmli nəğmə payım var.
Qol götürüb yenə çılpaq budaqlar,
Qırx tilsimli bir qəsrdi bu payız.

Zirvələrin yaşmağıdır çən-duman,
Durna köçü,başım üstə qanadlan!
Gözəlliyə,gözələ bax,ay aman!
Möcüzədi,belə sirrdi bu payız.

...Fatma nənə buludları sağırdı,
Göy qurşağı oğrun-oğrun baxırdı.
Bu ayrılıq məni hardan çağırdı,-
Belə hara tələsirdi bu payız?

EŞQƏ AYRILIQLA QƏSD ELƏMƏZLƏR

Dumana bürünmüş zirvəydim onda,
Sevgiydi hər küncüm-bucağım mənim.
Eşqə ayrılıqla qəsd eləməzlər,
Nədir bu işgəncə,qoçağım mənim?

Bu gülün canında hələ su qalıb,
Yalandan yozmağa yuxusu qalıb.
Bizim aramıza eşqi qu salıb,
Qərib beşiyidir qucağım mənim.

Yaşanmış günlərdən çatmışam şələ,
Qolumda qandal var,yolumda tələ.
Ruhum yer axtarır özünə hələ,
Hardasan,küsgünüm,qaçağım mənim?

QÜRBƏT ÇİÇƏYİ

Olmadı könlümə heç ayaq basan,
Keçilməz bu qərib yolları asan.
Mən sevgi daxması,sən eşq damısan,
Ayağın çatmayan Yer sənə neylər?

Belə nə möcüzə,nə sirrsən elə,
Əlləri qoynunda gəzirsən elə.
Bu eşqə ad olmuş nəzirsən elə,
Zəvvarı olduğun eşq sənə neylər?

Qürbət çiçəyidir gözlərimdə nəm,
Belə nə zil düşür səsimə,nə bəm.
Divanə qolunda zəncir rəsmiyəm,
Ahımla qurduğum tor sənə neylər?

BU YOLDA ÖLÜM VAR,AYRILIQ YOXDUR

Mənə də o güldən şeh süz bir udum,
Bəlkə pöhrələndi solğun umudum.
Səni yarı sevim,yarı unudum,-
Desinlər,məhəbbət bəlasıdır bu!


Ocağım torpaqdır,vallah,pirim dən,
Sünbül saçlarımdan kimə verim dən?!
Bir yetim nəğmə tək sözsüz yerimdən,-
Qırıldım,dedilər,Qu yasıdır bu!

Ömür saatını ha tərsinə qur,
Yaşanmış günlərə əl tut,dayaq dur.
Bu yolda ölüm var,ayrılıq yoxdur,
Eşqin ən gözəli,əlasıdır bu!

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930