manera.az
manera.az

Nə yaxşı ki xəyalın var - Rəsmiyyə Sabirin şeirləri

Nə yaxşı ki xəyalın var - Rəsmiyyə Sabirin şeirləri

ANA TORPAQ TUTAR MӘNİ

Bu tale dərdimi çəkməz,
Yorulanda atar məni.
Ömür‐gün də naşükürdü,
Әzrayıla satar məni.

Üz tutubdur ölümgilə,
Dönüşü yox bilə‐bilə,
Tələsərək son mənzilə
Aparır bu qatar məni.

Bəxt salıb məni kəməndə,
Döndəribdir zəif bəndə,
Qocalıb əldən düşəndə
Ana torpaq tutar məni.

GEDİRƏM

Ömür adlı bir dənizdə,
Qəvvas tək dalıb gedirəm.
Cavanlaşan dərdlərimlə,
Hər gün qocalıb gedirəm.

Dərdlərimə yanan Ana,
Tale məni yığıb cana,
Bilinməyən bir ünvana,
Bir məktub salıb gedirəm.

Əl çəkməyir məndən qada,
Bir kimsə yetməyir dada,
Hər şey satılan dünyada,
Başımı alıb gedirəm.

SÖZLƏ SAVAŞ

Bir ilahi SÖZ bilir,
Özünə simsar məni.
Qoymur özümdən gedim,
Qoymur bu hasar məni.

Ömrümün gülşən çağı,
Qəm oldu başım tacı,
Dərdlərim dar ağacı,
İçimdə(n) asar məni.

Qələm – külüng,
söz – bir dağ,
Qazdıqca qazıyacaq,
Əldən düşəndə torpaq,
Bağrına basar məni.

SÖZ

Axan isti göz yaşlarım,
Soyuq əllərimdə solur.
Mən min il də gözləyərəm,
Ancaq gözlərim yorulur.

Əl üzmüşəm dünənimdən,
Bəxtim baxıb keçir gendən,
Heç bir xəbər yoxdur səndən,
Xəyalın təsəllim olur.

Sevinc mənə olub haram,
Qəm yeyirəm aram-aram,
Ürəyimi boşaldıram,
Axıb yerinə söz dolur.

YORDU MƏNİ

Ayrılığın əsən yeli
Xəzantək sovurdu məni.
Sənsizliyin qəm sacında
Qor kimi qovurdu məni.

Nə yaxşı ki, xəyalın var,
Həsrət hər gün məni yoxlar,
Hicranın atdığı oxlar
Ürəyimdən vurdu məni.

Çox getdim, yolu bulmadım,
Ha qoydum, boşum dolmadı,
Olmadı, vallah, olmadı,
Bu dözümlər yordu məni.

İLAHİ

Sən tökdüyün dərdləri,
Mən yığıram, İlahi.
Qəlbimdə qəm çoxalır,
Sıxılıram, İlahi.

Bir ömürdə min bir sirr,
Ahım daşları dəlir,
Dərdim üst-üstə gəlir,
Çıxılıram, İlahi.

Zamansız yağdı qarın,
Saçıma narın-narın,
Soyuyur insanların,
Yaxılıram, İlahi.

Səni duyduğum andan,
Razıydım keçəm candan,
Çıxdığım nərdivandan,
Yıxılıram..., İlahi...

ÜRƏYİMİ

Min ildir gözüm yoldadır,
Gümanlar məni aldadır,
Həsrətin döyüb ağladır,
Xısın-xısın ürəyimi.

Hicran nə yaman acıdır,
Gözlərimi hey acıdır,
Bədənim dar ağacıdır,
Dərdim asıb ürəyimi.

Bu nə barış, bu nə dava,
Dağıldı qurduğum yuva,
Dərdi-qəmim qova-qova,
Küncə qısıb ürəyimi.

Qulağımda addım səsi,
Gəlmədi ölən həvəsim,
Üstündə «hicran» kəlməsi,
Eh, toz basıb ürəyimi.

ÖZÜMÜ NEYLƏYIRƏM

Sənsiz dünyanı görən,
Gözümü neyləyirəm?
Hər dərdə sinə gərən,
Dözümü neyləyirəm?

Əzablardır bitməyən,
Taleyimdən getməyən,
Yandırıb isitməyən,
«Közümü» neyləyirəm?

Ömrü ölüm alacaq,
Qəlbimdən yol salacaq,
Məndən sonra qalacaq,
«İzimi» neyləyirəm?

Ömür axan, qalmayan,
Yeri heç cür dolmayan,
Sənə gərək olmayan,
Özümü neyləyirəm?

SƏNSİZ

Sən getdin, mənsə arxanca,
Gəlmədim, yaşadım sənsiz.
Bu həyatın mənasını
Bilmədim, yaşadım sənsiz.

Tale çox oynatdı məni,
Hər gün bir dərd verdi yeni,
Gözlərimdəki əksini
Silmədim, yaşadım sənsiz.

Bəxt olmadı məndən yana,
Ömür sürdüm yana-yana,
Fələyin oyunlarına
Gülmədim, yaşadım sənsiz.

Səni andım hər an, hər dəm,
Könlümə sirdaş oldu qəm,
Sanırdım, sənsiz ölərəm,
Ölmədim, yaşadım sənsiz.

YAŞ GƏLİR

Qaçıb gizlənməyə ümid yeri yox,
Dörd yandan həsrətin mənə tuş gəlir.
Nə zaman göndərsəm sənin arxanca,
Xəyalım qayıdıb əliboş gəlir.

Fələk bu sevginin durub qəsdinə,
Bilmirəm mənimlə, axı, qəsdi nə?
İllərin saçıma səpdiyi dənə,
Arabir səadət adlı quş gəlir.

Bu qəm bazarına hey baxa-baxa,
Bir cəza aldım ki, ölümdən baha,
Mənim göz yaşlarım quruyub daha,
Qələmin gözündən indi yaş gəlir.

BOŞ QALIB

Yazımı, yayımı alıb getmisən,
Ömür baxçasında payız, qış qalıb.
Yağışdan sonrakı nəm torpaq kimi,
Gözlərimin dibi hələ yaş qalıb.

Yeriyib bu yolda düşdüm izimə,
Dünyadan yan keçib döndüm özümə,
Dayanıb bir anlıq baxdım gözümə,
Gördüm bu gərdişə gözüm çaş qalıb.

Bir ölüm gizlənir ömrün «var» ında,
Bəzən çiçək solur ilk baharında,
Ömrümün hörülən dörd divarında,
Yerini tapmayan bircə daş qalıb.

Keçdiyim yollardan izlərim getmir,
Bəxtim qədərimə yoldaşlıq etmir,
Ömrü xərcləyirəm qurtarmır, bitmir,
Hələ kisəsində bir az yaş qalıb.

Bu ömrü üstümdən gərək ataydım,
Eşqin dəryasında rahat batardım,
Qəlbimin içini yeyib qurtardım,
Odur ki, ürəyim indi boş qalıb.

İSTӘYİRӘM

Bir səma istəyirəm,
göyləri buludsuz.

Bir günəş istəyirəm,
işığı tükənməyən.

Br zirvə istəyirəm,
enişi olmayan.

Bir zaman istəyirəm,
insanı qocaltmayan.

Bir rüzgar istəyirəm,
yer üzündəki bütün pislikləri
uçurub apara bilən.

Bir yağış istəyirəm,
dünyadakı bütün dərdləri yuyub aparsın.

Bir vicdan istəyirəm,
bütün haqsızlıqlara sinə gərən.

Bir adam istəyirəm,
Adam kimi adam.

XATIRLAMIRAM

Unutdum
Səninlə bağlı hər şeyi.
Xatırlamıram.
İlk dəfə rastlaşanda
əlində tutduğun çəhrayı rəngli
çətiri belə unutdum.
Unutdum,
xatırlamıram.
Həyətinizin baxçasındakı
üçillik salxım söyüdləri.
(onlar mənə hüzür verirdi)
Unutdum,
xatırlamıram.
Hirsləndiyin zaman
sol qaşının ucunda
yaranan kiçicik çöküntünü.
Unudum,
xatırlamıram
bahar nəfəsli səsini.
Biz kəlməsi əvəzinə
Mən və Sən
deməyini belə.
Unutdum,
xatırlamıram.
Unutdum.
Unutdum,
Unutdum.
Unutdum Səni və Məni.
Ovutdum icimdə
ağlayan həzin bir nəğməni.


***
Mən burdayam –
ola bildiyim yerdə.
Tanrıdan gələn
hər cür bəlanı gözləyirəm.

Mən burdayam –
yerin üstündə,
dərdlərin altında
“Allaha şükür” deyirəm.

Mən burdayam.
Ac ümidlərimlə
min bir arzu bəsləyirəm.

Mən burdayam –
Ömür adlı
bir qorxunun içində,
bütün sevinclərin xaricində
sizləri səsləyirəm.
Siz, siz haradasınız,
yaşaya bilmədiyim
gözəl günlərim?!.

Rəsmiyyə SABİR,
iqtisadiyyat üzrə fəlsəfə doktoru,dosent
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031