manera.az
manera.az

Yol gedirəm, yol olanadək... - Nurəngiz Günün şeirləri

Yol gedirəm, yol olanadək... - Nurəngiz Günün şeirləri
Manera.az Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, unudulmaz Nurəngiz Günün 80 illiyi münasibətilə şeirlərini təqdim edir:


YOL GEDİRƏM

Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək.

Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir... varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim...
Yol gedirəm, yol olanadək.
1984

MƏNƏ SOYUQDUR, GÜNƏŞ...

Günəş!.. Mənə soyuqdur
Axı mən qütbə gedən tək gəminin
məzlum mənzərəsinə dözümsüz oluram.
Axı üşüyürəm mən hərdən
azad qanad yoluna atəş açan
zalım ovçu üzündən.
... Günəşim! Tez-tez röyalarımdasan!
Bir dəfə də xəyalımda
səninlə öpüşəndə,
qucaqlaşıb demişdim:
Məhvəşim! Atəşim! Sahib dur!..
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar, apar!......
Yerdə mənə yaman soyuqdur, Günəş!

BİLMƏZ İDİM

Bilməz idim eşq nədir, qəm nədir,
Bilməz idim gül nədir, şəbnəm nədir.
Bilməz idim kiprik nədir, nəm nədir,
sən öyrətdin, qaytar apar, istəməm!

Bilməz idim ay necə dolanarmış,
Bilməz idim ay gecə dolanarmış,
Bilməz idim sinəm belə yanarmış,
sən öyrətdin, qaytar apar, istəməm!

Bilməz idim üzün belə dönükmüş,
Bilməz idim eşqin belə sönükmüş,
Sevdamıza yağış da, qar da çökmüş
bilməz idim, qaytar apar, istəməm!

BİZ Kİ QU QUŞLARIYDIQ

İkimizə bir yuva,
İkimizə bircə dən... Bəs idi.
Qonşularımız idi yaşıl göllər.
Amma dimdiyimizə sıxılan
“o tək damla”
demə təsəlli imiş göylərdən. Bəs idi.
Biz ki, qu quşlarıydıq.
Bizim öz mahnımız vardı,
Sədasına üfüqlər oyanardı...
Biz vardıq. Biz asimandaydıq.
Biz buludları yarırdıq,
qıyy vururduq, yorulmayırdıq!
Günəşi çətir tutub başımız üstünə
Kimdən ki, qorunduq?
Biz ki, qu quşlarıydıq!...
Başımız “cənnət ağacının” budaqlarında,
üzümüz “Xədicə çiçəyi” dodaqlarında,
dilimiz üstündə buğda duası öldük.
Təəssüf yox idi ölümümüzdə,
O imiş deyirəm gördüklərimiz.
Nə dəryaz var idi, nə xırmanımız,
Aman, ovçu!!!
İndi, qov kimi bu boşluqda
Hey uçur, hey uçar...
Günahsız ruhumuz, xəyallarımız.
Ah, biz ki, qu quşlarıydıq!?.

APAR MƏNİ, APAR

Mən gedirəm axar çaya deyəm ki,
Mənim sadiq yarım ol,
Al məni də qoynuna,
apar get.

Mən gedirəm axar çaya deyəm ki,
Mən burda darıxıram, ögey kimiyəm sanki.
Apar məni uzaqdakı məcrana,
Ört üstümü çınqıl-mərcanlarınla,
Apar, get.
Könül yaman sıxılır...

Apar get, ən dərin dəryaçana
O sözü də...pıçılda sən ona.
De ki, asimanla aranızda qalacaq
Mənim sənə sonuncu dediklərim.

Apar get...
Apar, apar,
Yadlardan yorulmuşam, aşiyan ol,
Sərinlik istəyir can...
Apar, məni də apar,
Daha könül qəhr edir.
Apar, apar!
Axar çay...

MƏNİ MƏNƏ VERMƏDİLƏR

Nə dərd, nə ələm bildilər,
Nə istədim vermədilər.
Əslində nə istədim ki?
Düzləri görmək istədim -
ürək üçün.
Bir veyl külək istədim -
seyr edib yer üzünü,
azadə nəfəs dərib,
asudə ölmək üçün.
Vermədilər.
Könlüm bir könül istədi
könlümü kiritməyə.
Quyu suyu istədi
bu susuz ciyərimə
qurtum-qurtum çəkməyə.
Bir ovuc torpaq... istədi
sinəm ilə bərabər
dərdlərinə çökməyə!
Vermədilər.

Yol istədim, at istədim,
bir bəyaz həyat istədim,
Yollarımı hördülər
məni məndən aldılar,
məni mənə vermədilər.
Hey yandım, hey çırpındım,
çırpındım fəğan eylədim,
Vermədilər, vermədilər,
məni məndə görmədilər,
məni mənə vermədilər.

ÜRƏYİMİ EŞİT, DÜNYA

Dünya çiyinlərimdə,
çiynim dünyadan ağır,
endirdim başımı çiynimin üstə
gördüm qollarım yoxdur.
İki qolum - iki budaq.
İki qolum ikisi də dirəndilər göy
üzünə.
Baxdım bədən torpaq üstə,
iki qolum ikisi də
üzür keçir göy üzündən.

Ürəyimi eşit, dünya!
Qollarım hövl eyləmiş.
Torpaq iki haçadır,
Körpu heyrət içində,
Məftillər qocalıbdır,
gör haçandır
iki yol arasında
qollar naçar qalıbdır!
Dünya, mənə həyan ol,
Göyləri səksəndirmə,
qollarım yol gedəsidir,
Onu həsrət uçurub,
qollarıma ana ol,
qollarım yorulubdur,
qollarımı ovundur!

Dünya, mənə yiyə dur!
O sahilə... baxınca
ürəyim suya dönür,
Bədən qolsuz çırpınır,
yerə-göyə sığınmır
Dağlar boy vermir mənə,
barı Allah göyündə
qollarıma yol eylə!

Dünya, özün cavab ver!
Mənim bədənsiz qollarım
gül-çiçək çələngini
görən necə tutacaq?
Dönüb bir cüt quş olunca
ağarıb göy üzündəcə
bədənsiz necə uçacaq?
Ömrü darda, başı qalda,
o təklənən torpağımı...
görən, havax, hansı üzlə
hansı təşviş içində...
necə, nə cür qucacaq?!.

BOŞLUQ

Bomboş bir səssizlik,
bomboş
Boşluqda nə sevgi, nə nifrət, nə səadət,
nə hiss, nə səs!
Atlıydım. Bəs hanı? Qamçım vardı,
bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm
bu boşluğu!

SƏN SAXLA, TANRIM

Pəncərəmin üzü Günəşə.
Sən saxla tanrım! Bəs bəxtimə nə vaxt gün düşə?
Pəncərəmdə şeh damlalanır.
Sən saxla tanrım! Damla damla üstdən hara damlanır?
Pəncərəmi yağış yuyur, qərar tutmur bu şırşır.
Sən saxla tanrım! Alıb apardı məni zalım şırhaşır.
Pəncərəmə xısın-xısın bir rüzgar sarındı.
Sən saxla tanrım! Tale özü qənimimmiş bu cür sarıdı.
Pəncərəmdə şər qarışıbmış.
Sən saxla tanrım! Şər mənimlə doğulandan qarşıymış.
Ey vah!!! Pəncərəmdən beynimə səslər doluşdu.
Sən saxla tanrım! Qanad açan bu ağlım quş oldu uçdu!...
1984

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031