manera.az
manera.az

Nihat Piri: "El gözü sindromu"

 Nihat Piri:  "El gözü sindromu"

Bir gün Molla Nəsrəddin, arvadı və eşşəyi harasa gedirlərmiş. Molla Nəsrəddin eşşəyin belində, arvadı isə piyada. Görənlər başlayırlar mollanı qınamağa. Ki "utanmır, özü eşşəyi minir, arvadı qalıb ayaqda". Bunu eşidən molla eşşəkdən düşür və arvadını mindirir eşşəyin belinə, özü isə piyada yoluna davam edir. Bu dəfə də onları görənlər başlayırlar danışmağa ki, "utanmır, ağsaqqal kişidi, arvadı eşşəyin belində, özü yerdə". Molla bu dəfə arvadını da düşürür eşşəkdən və hər ikisi piyada yol almağa başlayırlar. Görənlər isə bu dəfə deyir ki, "bu mollada da ağıl yoxdu, yanlarında eşşək, amma özləri piyada gedirlər". Təngə gəlmiş molla axır alır eşşəyi belinə, deyir, görüm indi buna nə deyəcəklər?!

Bizim hamılıqla sevə-sevə özümüzdə bəslədiyimiz bir xüsusiyyət var- tənqid. Bu tənqid haqlı ya haqsız, yerli ya yersiz olmasından aslı olmayaraq, hamıda özünü ən yüksək şəkildə göstərir. Adamın dili də gəlmir ki, nəyisə inkar eləsin. O dəqiqə "elin gözü tərəzidir" məsəli düşür ortaya. Lətifəni boş yerə misal gətirməmişəm. Biz adət eləmişik ki, özümüzə görə yox, ətrafdakılar və onların verdiyi qiymətə görə yaşayaq. Ona görə hansısa bir addımı atmamışdan qabaq birinci qonşu Müzəffər kişi yada düşür. Ki birdən bizi qınayar, ayıbdı. Bu Müzəffərdən də hər evin qonşuluğunda var. Hər kəsə sosial qiymət verək kəsdir o, özü isə sosial sözündə yalnız "s" hərfinə qədəri haqq edir.

Mənim bir qonşum var. Dəqiqləşdirirəm: mənim kasıb bir qonşum var. Sözün əsl mənasında çörəyi daşdan çıxanlardandı. Həyat yoldaşı vaxtsız vəfat edəndən sonra iki yetim ilə qaldı baş-başa. Tozdan-torpaqdan çörək çıxaran kişi və iki azyaşlı körpə. Aydın məsələdir ki, bu körpələrin nazı ilə oynayası bir "ana" lazım idi. Qonşuma bu məsləhəti verəndə yazıq dedi ki "vallah camaatdan ayıbdı, qınayarlar". Deməyinə, düz deyir, qınayarlar hətta yeri gəlsə söyərlər də. Çünki bizim camaatın bacardığı bircə şey var: qınamaq. Amma o camaat dərk eləmir ki, bu uşağı yedirmək üçün çörək lazımdı, çörək üçünsə səhər tezdən evdən çıxıb, gecə evə qayıtmaq. Bəs uşaqlar? Hə, əgər bu suala qədər onlar da gəlib çıxsalar, onda heç bu suala cavab verməyə də gərək qalmaz.

Baxıram elimizə, baxıram elimizin gözünə və o tərəzi məsələsinə yatanda da, duranda da qadın olaraq doğulmadığım üçün o gözəgörünməzə şükür edirəm. Dostumuzun biri yazıb ki, "bizim cəmiyyətdə it olmaq daha asandır, nəyinki qadın olmaq". Necə də kobud səslənir, eyni zamanda da doğma. Söhbət itdən gedir, hansı ki həyatı boyunca ikicə məqsəd güdür: bircə tikə sümük tapıb, gəmirmək və sahibinə xoş getsin deyə həyətə hər girənə "ham-ham" eləmək. Vəssalam. Nə qınayan var, nə müzakirə edən, nə soyundurub maşın yuduzduran, nə də " niyə şortik geyinmisən deyən"...

Kimdir qadın bizim cəmiyyət üçün? Əgər gecə küçədə tək görünürsə az qala fahişə damğası vurulan, mətbəxə keçdisə qulluqçu, uşaq dünyaya gətirdisə baxıcı, yatağa girdisə min cür pozaya girməyə məcbur edilən bədbəxt. Deyəsən, fahişə məsələsi bir az ağır oldu axı. Qaşınız boş yerə çatmayın, o nəticəyə mən gəlməmişəm. Bu da gözünə döndüyüm o "ikigözlü tərəzi"nin verdiyi qiymət.

Cəmiyyət müxtəlif fərdlərdən ibarətdir ki, bu fərdlərin də hər birinin özünə görə dünya görüşü və ondan doğan fikirləri var. Biri küçədə soyunarsa, əmin olun ki, yüz nəfərdən azı 10 nəfər sırf ömür boyu görmədiyi şeyi görüb deyə heç də onu qınamayacaq. Əksinə, baxıb ləzzət alacaq. Elə ona görə də kimin nə düşündüyü məni qətiyyən maraqlandırmır. Bir sözlə, elin gözü də qələt edir, tərəzisi də...

O ki qaldı mollaya, camaat bu dəfə də onu ağılsız adlandırıb, lağa qoydu. Əslində haqlı idilər, çünki normalda insan eşşəyi belinə alıb aparmaz. Amma ora kimi olanlar heç kəsi maraqlandırmırdı.

Özünüzü qoruyun!

Fikirlər müəllifə aiddir.
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930