manera.az
manera.az

Cümhuriyyət dövrü ədəbiyyatına bir baxış

Cümhuriyyət dövrü ədəbiyyatına bir baxış
Cümhuriyyət dövründə ədəbiyyatın hər tərəfli inkişafını təsdiqləyən amillərdən biri də həm, müxtəlif janrlarda əsərlərin yazılması, həm də ədəbi qurumların fəal olmasıdır. Seyid Hüseynin rəhbərliyi altında təşkil olunan "Yaşıl qələm” birliyi "Hop-hopnamə”ni nəşr etmək istəmiş, həmçinin "İsmailiyyə” binası mövzusunda yazı müsabiqəsi elan etmişdir. O dövrdə "Ədəb yurdu”, "Türk ocağı” kimi milli ədəbi dərnəklərlə yanaşı, onlara alternativ olaraq 1919-cu ildə bolşeviklər tərəfindən "Qırmızı qələm” cəmiyyəti də yaradılmışdır.

Deməli, yaradılmış demokratik şərait düşüncə tərzindən asılı olmayaraq bütün yazarlar üçün eyni olmuşdur. Hətta xarici ölkələrdə çap olunan kitablar da həmin dövrün ədəbi əlaqələri haqqında müəyyən təəssürat yaradır. 1919-cu ildə Ceyhun Hacıbəylinin Parisdə fransız dilində "İlk müsəlman respublikası Azərbaycan” kitabının çap olunması ədəbi baxımından olduğu kimi, siyasi baxımdan da böyük hadisə idi. Eyni zamanda Yusif Vəzir Çəmənzəminlinin 1919-cu ildə İstanbulda "Azərbaycan ədəbiyyatına bir nəzər” monoqrafiyasının nəşri də qardaş ölkələrdə Azərbaycan ədəbiyyatının təbliğinə xidmət edirdi. Bunlardan əlavə, o dövrün nəşrləri barəsində Adilxan Ziyadxanın 1919-cu ildə çap etdirdiyi "Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat” kitabı və "Milli şərqilər” almanaxı da müəyyən təəssürat yaradır.

Müasir dövrdə Cümhuriyyət dönəminin ədəbiyyatını daha çox o vaxtlar yayımlanan mətbu orqanlarından toplamaq mümkündür. Həmin dövrdə 90-dan artıq mətbu orqanın 42-nin türkcə, 44-nün rusca, qalanlarının isə başqa dillərdə fəalliyyət göstərməsi məqbul hal idi. Bu orqanlar içində "Azərbaycan”, "İstiqlal”, "İttihad”, "El”, "Doğru yol”, "Millət”, "Məktəb”, "Türk sözü”, "Bəsirət”, "Açıq söz”, "Övraqi nəfisə”, "Qurtuluş” kimi milli yönümlü, "Kommunist”, "Gənc işçi”, "Haqq”, "Zəhmət”, "Əxbar” kimi bolşevik yönümlü qəzetlər kifayət qədər tədqiq olunmuşdur. Lakin Asif Rüstəmlinin "Zirədən başlanan yol” kitabında o dövrün mətbuatı haqqında da bir sıra yeni məlumatlar toplanıb. İlk dəfə olaraq "Gənclər yurdu” haqında ətraflı bilgilər yer almışdır: "Gənclər yurdu” məcmuəsinin ilk sayı 1918-ci il iyulun 23-də Tiflisdə fəaliyyət göstərən "Şərq” mətbəəsində daş basması üsulu ilə işıq üzü görür. Bu nəşri Mirzə Balanın 20 yaşının tamam olmasına qeyri-adi töhfə də adlandırmaq olar. Dərginin ilk oxunduğu və yayıldığı məkan Tiflisin Müsəlman Qiraətxanası idi”. (səh. 40) Daha sonra bir sıra təzə informasiyalarla tanış oluruq: "Gənclər yurdu” məcmuəsinin ilk sayında Mirzə Balanın "Azərbaycan Cümhuriyyəti” analitik yazısı,
"Əksinqilabçılar” hekayəsi, "Dilimizdə işlədilən özgə sözlər” məqaləsi, Fikrət Ziyanın "Türk yurdu” məcmuəsindən alınmış "İmamın qanunları” nəzmi, Əhməd Cavadın "Qara dəniz”, "Dilimiz” şeirləri, Azər Ellinin "Türk teatrosu”, "F.T.” imzalı müəllifin (Firudun Tofiq oğlu Hacızadə – A.R.) "Qadınlara haqq” yazısı, "Acı sevgi” romanından bir parça, Rəbiyyə Xanımın "Altun çiçəklər”, eləcə də, "Türk dünyası” adlı dövrün xəbərlər bloku və b. materiallar verilmişdir. "Gənclər yurdu” məcmuəsinin ilk sayının sonuncu səhifəsində redaktorlar yerində: "Çıxaranlar: M.Bala Məhəmməd, F.Hacızadə” – yazılmışdır. (səh. 45) Sitatda indiyə qədər az tədqiq olunmuş müəlliflərin və əsərlərin adları da yer almışdır.

Bu tipli, oxuculara az təqdim olunan həmin dövrün nasirlərinə misal olaraq Tağı Şahbazinin, M.Rəfizadənin, İ.Oruczadənin, İ.Qəmbəroğlunun adlarını çəkə bilərik. Eyni zamanda daha az müraciət edilən müəlliflərdən və əsərlərdən biri də Ağababa Yusifzadənin "Sınıq qanad” əsəridir. Lakin həmin dövrün mükəmməl nəsr əsərləri içərisində indiyə kimi kifayət qədər araşdırılımış və yayımlanmış əsərlər də var. Bunlar Cəlil Məmmədquluzadənin "Nigarançılıq”, "Konsulun arvadı”, "Xanın təsbehi”, "Qəssab”, "Rus qızı”, "Zırrama”, Əbdürrəhim bəy Haqverdiyevin "Şair” ("Mirzə Səfər”), "Süleyman əfəndi”, Abdulla Şaiqin "Əsrimizin qəhrəmanları” romanının bir hissəsi, Seyid Hüseynin "Həzin bir xatirə”, "İslamiyyə”, Cəfər Cabbarlının "Parapetdən Şamaxı yoluna qədər”, Abbas Səhhətin "Qaragünlü Həlimə” əsərləridir

Cümhuriyyət dövründə nəsr sahəsində olduğu kimi dramaturgiya sahəsində də əsas ağırlıq yükünü tanınmış imzalar çəkmişlər. Həmin müəlliflərə və əsərlərə nümunə olaraq Cəfər Cabbarlının "Ədirnə fəthi”, "Trablis müharibəsi, yaxud Ulduz”, "Aydın”, "Bakı müharibəsi”, "Nəsrəddin şah”, "Oktay Eloğlu”, Hüseyn Cavidin "İblis”, C.Məmmədquluzadənin "Anamın kitabı”, "Kamança”, Mirzə Bala Məhəmmədzadənin "Bakı uğrunda müharibə” pyeslərini misal göstərə bilərik. Dövrün dramaturgiyasına təsir edən amillərdən biri də 1919-cu ildə Azərbaycan Dövlət Teatrının yaranmasıdır. Eyni zamanda "Teatr xadimləri cəmiyyəti”, "Müsəlman Mühərrir və Ədiblər Cəmiyyəti” kimi qurumların da fəaliyyəti ədəbi prosesə təsirsiz ötüşmürdü.

Cümhuriyyət dövrü ədəbiyyatında nisbətən daha aktiv nəzərə çarpan sahə poeziya idi. Professor Bədirxan Əhmədov "XX əsr Azərbaycan ədəbiyyatı tarixi”nin I cildində dövrün poetik nümunələrini belə qruplaşdırır:

1. Cümhuriyyət, istiqlal, müstəqillik və bu atributlardan doğan təəssüratların milli inikası
2. Milli düşüncədən uzaq, mövzu və problem etibarı ilə dövrlə səsləşməyən poetik parçalar.

Qeyd edək ki, müəllif ikinci tip əsərlərə M.S.Ordubadinin "Zavallı əcəmistan” və Ə.Qəmküsarın "Əlaman” şeirlərini nümunə göstərir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bölgünün birinci hissəsinə aid əsərlər daha çoxdur. Bunlar o dövrdə işıq üzü görmüş Hacı Kərim Sanlının "Yeni şərqilər” kitabında və Feyzulla Sacidinin "Fəryad” kitabında da əksini tapıb. Həmin illərdə fəaliyyət göstərən, lakin indiyə kimi tədqiqatçıların nisbətən az müraciət etdiyi şairlərdən Əli Misanı, Əli Şövqini, Sənan Yayılı Kərimi, Feyzulla Sacidi qeyd edə bilərik. Həmçinin Dərdli Sairin "Yürəklərə”, Ə.Bağırlının "Yüz il idi”, Mətləb oğlu Abutalıbın "Türkün dərdi”, Şərafəddinin "Azərbaycana xitabən”, Mürşüdün "Ağlayırdım, gülürəm, güləcəyəm”, Abbas ağa Qayıbov Nazirin "Miralay Cəmil Cahid bəy mədhində”, Cəlal Sahirin "Qafqaz türküsü”, Məhəmməd Ümid Gəncəlinin "Azərbaycan”, "Vətən şərqisi”, Əbdürrəhman Dainin "Bir yaralı əsgərin dilindən” kimi müəlliflər və əsərlər də geniş oxucu kütləsinə o qədər də məlum deyil. Cümhuriyyət dövründə Əli Kamalın qələmə aldığı "Vətən məni yetişdirib bu yerlərə göndərdi” misralarıyla başlayan "Marş” şeiri daha məşhur olsa da, müəllifi haqqında geniş informasiyalar yayılmayıb. Salman Mümtazın "Öyün, millət” şeiri isə Nuru Paşanın Şəkiyə gəlişi zamanı bədahətən söyləmiş, şeirdə milli özünəinam ifadə olunmuşdur:

Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü
Tuturdu şişəyə hərdən şərabi nab tək qanın.
Qızılgültək açıl, gül, gör ki, Türkün şanlı ordusu
Rəvaq-ərşə nəsəb etmiş Böyük Osmanlı ünvanın.

Digər az tanınan şair İbrahim Şakirin irihəcmli "Türk ordusuna” şeirində də həm törədilən qətllər, həm də türk ordusunun xilaskarlıq missiyası pafoslu təntənə ilə əks etdirilmişdir. Şeirin əvvəlində "Fəhtiniz qıldı bizləri dilşad, Cümleyi-islama sizsiniz imdad” misralarındakı sevincin səbəbləri şeirin sonrakı misralarında bəlli olur; "Həpimiz pək əlil və nalandı, Malımız zalimanə talandı... Etdilər bihesab qaratlər, Başaçıq qaldı cümlə övrətlər”. Bu müsibətlərin erməni daşnak birliyi tərəfindən törədildiyini qələmə almaqla şair tarixi həqiqəti gələcəyə olduğu kimi bədii dillə ötürmüşdür. Şeirdə əsas mətləb bu misralarda cəm olunub: "Qandılar türkün ol zaman gücünü, Gördülər çünki süngülər ucunu”. Bundan əlavə Ə.Müznibin 1919-cu ildə nəşr etdirdiyi "Yuğ qığılcımı” şeiri də eyni mövzuda yazılmışdır. Şeir belə başlayır: "Altun yurdum qalmış idi bir zaman, Qan içici düşmənlərin əlində”. Bunun səbəbinin də düşmənlərin, türklüyü və islamı yox etmək niyyəti olduğu etiraf edilir. Vəziyyət nə qədər mürəkkəb olsa da, Əmir Teymur nişanlı Məhəmməd Tofiq bəyin fədakarlıq edərək imdada yetişməsini şair şeirin sonunda belə təsvir edir: "Ulu tanrı "Tofiq”ini göndərdi, Gavurluğu islamlığa döndərdi”.

Cümhuriyyət dövrünün milli məzmunlu digər şeirlərinə Davud Ağamirzadənin "Məqsədimiz”, "Əsgər şərqisi”, "Bir əsgərin xitabı”, "Azərbaycan ordusuna”, "Atalara”, "Millətimə”, Əliyusif Rainin "Azərbaycanlıya”, "Bayraq”, "İdeal”, "Getmə”, "Öpər, kim bilir, bəlkə bir xülya”, "Bir türk yolçusu deyir ki” əsərlərini də nümunə göstərə bilərik.

Həmin dövrdə də xüsusi əzmkarlıqla yazıb-yaradan məşhur şairlərimizdən olan Məhəmməd Hadi "Əlvahi-intibah, yaxud insanların tarixi faciəsi” poemasını cümhuriyyət illərində tamamlamışdır. Bu illərdə yazdığı digər əsərlərə "Əsgərlərimizə, könüllülərimizə”, "Məfkureyi-aliyyəmiz”, "Türkün nəğməsi”, "Məmayi-kainat”, "Həyati-hazirəmizin ilhamları”, "Mühtab şəffa”, "Qürbət yellərdə yadi-vətən”, "Vaxtın səsi və həyatın özü” şeirləri misal ola bilər. Onun 1919-cu ildə çap olunmuş "Şühədayi-hürriyyətimizin ərvahinə ithaf” şeiri "Sizin məzarınız iştə qülubi-millətdir” sətri ilə başlayır və şeirin sonrakı beytlərində bunun səbəbləri açıqlanır: "Sizinlə buldu bu millət şərfli istiqlal, Sizinlə buldu bu millət həyati püriqbal”,

Digər aktiv şairlərimizdən Abdulla Şaiqin "Marş” ("Türk ədəmi mərkəziyyət firqəsi "Müsavat”a ithaf), "Neçin böylə gecikdin?”, "Vətənin yanıq səsi” kimi əsərləri diqqəti cəlb edir. Onun 1920-ci ildə "Qurtuluş” məcmuəsində çap olunmuş irihəcmli "Arazdan Turana” şeirində nisbətən süjet elementləri də hiss olunur. Şeirdə diqqəti çəkən əsas məsələ Araz və Kür çaylarının türkün problemlərini Quzğun dənizinə söylərkən istifadə edilmiş bədii priyomlar və kodlaşdırmalardır. "Girmiş sehrli divlər qızıl alma bağına, Qara quzğun ötüşmüş soluna və sağına” – tipli misralar daşıdığı məcazi mənalarla yanaşı imperialistlərin ifşasına yönəldilmişdir.

Cümhuriyyət dövrü poeziyasından bəhs edərkən o zamanlar gənc şair olan Cəfər Cabbarlının "Azərbaycan bayrağına”, "Sevdiyim”, "Sevimli ölkəm”, "Dün o gözlərdə”, "Yaşamaq” kimi şeirlərini xüsusilə qeyd etmək lazımdır. O, 1920-ci ildə çap olunmuş "Salam” şeirini Mirzəbala Məhəmmədzadəyə töhfə olaraq qələmə almışdır. "Od yurdunun yavruları dilindən Turan ellərinə salam söyləyin” – sətirləri ilə türk birliyinin arzularını ifadə edir.

Azərbaycanın dövlət himninin müəllifi Əhməd Cavad "Dalğa” kitabını AXC dövründə çap etdirir. Şairin həmin illərdə yazdığı "Bən kiməm”, "Türk ordusuna”, "Azərbaycan bayrağına”, "Elin bayrağı”, "Gəlmə”, "Bakı deyir ki...”, "İngilis”, "Bismillah”, "Röyasını görmüşdüm”, "Mən bulmuşam”, "Al bayrağa”, "Qardaş”, "Milli bayrağımıza”, "O qıza”, "Qalx”, "İstanbul” şeirləri milli məfkurəyə xidməti ilə fərqlənir. Onun "Ey əskər” şeirindən gətirdiyimiz nümunə də türk ordusunun qurtuluş qələbəsinə həsr olunub:

Şu qarşıkı duman çıxan bacalar
Sən gəlmədən iniltilər çıxardı.
Geciksəydin məzlumların fəryadı
Yeri, göyü kainatı yaxardı...

"Şəhidlərə” şeiri isə Azərbaycandakı osmanlı şəhidlərinə ithaf edib. "Sənin qanındanmı, düzlərdə söylə Qüdrət bitirmişdir sayısız lalə” – misralarında həm axıdılmış türk qanları həm də o qanların cücərib əbədiyaşarlılıq qazanması ifadə olunmuşdur.

Dövrün digər diqqət çəkən şairlərindən biri də Ümgülsüm Sadıqzadədir. Onun "Əsgər anasına”, "Çəkil dəf ol”, "Səs verəlim”, "Bir qız üçün” "Bu yilki mayısda” şeirləri də istiqlal sevincini əks etdirir. Onun 1917-ci ildə qələmə aldığı "Turan düdüyü” şeirində "Bir sahil yoxmudur çıxa gəmimiz, Ağlaşır analar duyan nərədə?” – tipli misralarla bədbinlik ifadə olunsa da, 1918-ci ilin fevralında çap olunmuş "Ey türk oğlu” şeirində "Səmalardan seçilməz Türkün mavi bayrağı Yenə əski şan ilə Türk yurduna dikilsin” – sətirlərində gerçəkləşəcəyinə inandığı arzuları ifadə olunub. Nəhayət, 1919-cu ildə çap olunmuş "Yolunu bəklərdim” şeirində isə "Heç ölçüyə sığınmayan dərdlərimi ovutdun, Qara günüm hilalıyın işığıyla parladı” – söyləməklə artıq arzularının gerçəkləşdiyini ifadə etmişdir./artkaspi.az/

Gülnar Səma,
AMEA-nın kiçik elmi işçisi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930