manera.az
manera.az

Ömrün rəngləri, ”Rənglər”in ömrü

Ömrün rəngləri,  ”Rənglər”in ömrü
İnsan dünyanı rənglə görür, tanıyır. Hər bir adamın öz doğma boyası, rəngi vardır. Həmin boyanı evinin qapısında, pəncərəsində, divarında və s. görməkdən məmnun qalır. Həmin rəngdə özünə geyim, ev avadanlığı axtarıb tapır. Rəng bütöv bir toplumun simvoluna çevrilir. Bayraqları bir-birindən ayırır. İdeologiyaların mahiyyətini özündə əks etdirə bilir. Və rəng anlayışı bu baxımdan daha çox mücərrəd məzmun kəsb edir.

Fəlsəfi düşüncələrdən ayrılıb qısaca olaraq deyim ki, rəng ədəbiyyatın predmetinə çevriləndə daha çox maraq doğurur.Dünya ədəbi incilərindən olan saysız-hesabsız əsərlərin yazılmasında görmə, eşitmə, toxunma təəssüratlarının rolunun əvəzsizliyindən danışmağa lüzum yoxdur. Bədii yaradıcılıqda vizual təsirlərin rolu daha çoxdur. Məsələn, gözəl təbiət, insan gözəlliyi və sair. Səs, yaddaş, melodiya, hiss təəssüratları incəsənətdə, o cümlədən, ədəbiyyatda kifayət qədər ifadəsini tapmışdır. Rəng assosiasiyaları da bədii yaradıcılıqda keçmişdə də, indi də stimuledici dəyərini qoruyub saxlamaqdadır. Elə bizim milli poeziyada, nəsrdə “hər cür rəngə” rast gəlmək mümkündür.

1962-ci ildə xalq şairi Rəsul Rzanın “Rənglər”i mətbuatda nəşr olundu. O vaxt yazıçını mücərrəd olmaqda tənqid edənlər onu modern yox, abstraktsionist adlandırırdılar.

”Rənglər”in o şəkildə tənqidi əslində, sosialist realizmi məkanında onun yenilikçi şair kimi bir daha təsdiqi idi. Zira, “Rənglər” çox mürəkkəb və təzadlı insan psixikasına,onun zəngin mənəvi dünyasına, qənaət və dəyərlərinə işıq tutan, yenisi ixtira olunmayan – hələlik ən mükəmməl hesab oluna bilən cihazı xatırladır.

“Rənglər”də Azərbaycan xalqının milli, etnik, coğrafi varlığı, həyat tərzi, düşüncə mədəniyyəti, təfəkkür səviyyəsi, əxlaqi-estetik baxışlar məcmusu bədii sözün çox orijinal dil və təsvir elementləri ilə improvizə edilmişdir. Bu üslub və ifadə tərzi, zənnimcə, “təvəccöh nöqtəsi” Əli Kərim, sonralar R.Rövşən yaradıcılığı ilə bəlirlənən çox möhtəşəm və istedadlı bir ədəbi “kursun” formalaşmasına müsbət təsir göstərdi.

Özündən sonrakı, yeniliyə can atan Azərbaycan seiri üçün uvertüra sayıla bilən Rəsul Rza poeziyasında onun “Rənglər”silsiləsi xüsusi yer tutur. Bu şeirləri bütövlükdə rənglər haqqında poema da adlandırmaq olar. Əslində, insan həyatının ayrılmaz bir parçası olan rəng haqqında şairin özünün qənaət və düşüncələri də bir daha bunu təsdiq edir. “Uvertura” adlı hissədə ifadə olunan “...hərəsi bir sınaqla bağlıdır. Biri həsrətimizi xatırladır, biri dərdimizi, biri arzumuzu. Hərəsində bir məna arayıb, bir səbəb görən var”, yaxud “Qara matəm rəmzi də ola bilər, məhəbbət rəmzi də,nifrət rəmzi də”, yaxud “Rənglər könlümüzdən keçir isti, sərin küləklər kimi”, yaxud “Gördüyümüzdən artıq görmək istəməsək, hər rəng adicə boyadır” kimi misraların doğurduğu təəssür ondan ibarətdir ki, rəng kimi “Rənglər” də başdan-başa həyati bir səciyyə daşıyır. Axı bu rənglilik, rəngsizlik bütün atributları ilə insanın həyatı və yaşayışı fonunda üzə çıxır. Qətiyyət və simasızlıq, doğru və yalan, şübhə və inam, irtica və humanizm, xeyir və şər, həyat və ölüm və s.
“Rənglər” palitrasında bu mənzərəni seyr edən hər kəs öz rəngini tapa bilir.
Məsələn,

şəxsən mən “püstəyi”nin
“Yaz başında dəniz.
Yuxudan kal oyanmış bahar.
Ehtirasla açılmış dodaqlar
Qəzəllər,
Gözəllər.
İnsan baxışı.
Salxım söyüd budaqlarında
İlk yarpaqların naxışı.
Ala gözlərdə kədər.
Gənclik düşüncələrindən səhifələr”i
İfadə etdiyini qəbul edirəm.

Böyük rus tənqidçisi V.Q. Belinskinin təbirincə desək, bu misralarda hisslərin həqiqəti vardır. “Rənglər”də fantaziya nə qədər zəngindirsə, hisslər də bir o qədər real¬dır. Məsələn, gümüşü rəngin təəssüratlarına diqqət yetirək. Bu rəng adı gümüş olan metalın rəngi ilə bağlı olduğu üçün həmin metalın, yəni gümüşün insan məişətindəki həm tarixi, həm bugünkü yerinin gümüşü rəngin məzmununa təsiri (bu təsirin olduğuna şübhə yoxdur) nəzərə alınmaya bilməzdi. Gümüş qablar, gümüş pullar, muzeylər üçün səciyyəvi olan gümüş xəncərlər və digər məmulatlar insanın indiki həyatında aktiv yer tutmur. Ancaq həmin əşyalar suvenir, antikvar kimi hər an dəyərli hesab olunur. Eyni zamanda, öz rəngi də daxil olmaqla bu metal cəmiyyətin bir qrup kimsələri üçün elə bir əhəmiyyət də kəsb etmir və gümüşü belə “realizə” edilir:

“...Bizə ilkin əlifba öyrədən müəllimin
zaman arxasında qalmış surəti.
Köpüklü ləpələr.
Baba, nənə haqqında xatirələr.
Dumanlarda oyanan səhər...
...Küləyə qərq olmuş
Qovaq yarpaqlarının
Gizlənqaç oynaması.
Gəlin aynası...
... Yorğun bir yolçuya qüvvət verən
uzaq tüstü...”


Bu misraların emotiv təsirininin, lirikasının sirri təkcə orijinal, rəngarəng obrazlarda deyil, həm də bu cür poetik rəsmlərin təbiət müstəvisində əks etdirilməsindədir. Təbiət özü rənglidir. Daha doğrusu, rəng təbiətin əsas atributla¬rındandır. Bax bu nöqtədə rəng konkret və əşyavi mahiyyətini daha yaxşı ifadə edə bilir. Tarix boyu fəlsəfə üçün “xam material” rolunu oynayan təbiət – insan tandeminə Rəsul Rzanın tez-tez müraciət etməsi (dəniz, torpaq, duman, səhər, yol, səs və s.) çox vaxt onun yaradıcılığının intellekt poeziyası kimi səciyyələndirilməsinə səbəb olmuşdur. İntellektuallıq və poeziyaya xas duyğusallıq R. Rza şeirində güclüdür. Onun poeziyasının mütaliəsi adamdan daha çox intuisiya, fəhm, hissiyyat və zövq tələb edir.

Rənglərin içində mavinin, sarının, qırmızının, qaranın, ağın – əsas rənglərin hər birinin öz “izahı”, təəssüratları vardır. Məsələn, mavinin gözlə görünən yerləri (“dalğalanan dəniz” , ”səmanın dərinliyi”, “gözlərin dincliyi”, “buz adasında su küçələri”...) ilə yanaşı, “Deqanın rəqqasələri”, yaxud “Sarı”nın “Debüssinin “Kürən saçları”, “Qızılı”nın “Van Qoqun “Günəbaxanları” kimi məna araşdırması tələb edən yerləri də vardır.

Avropa mədəniyyətində on doqquzuncu yüzilliyin sonlarında yaşayıb-yaratmış “impressionizm” cərəyanının nümayəndələrinin, onların əsərlərinin adının çəkilməsi R.Rzanın ruhən, həm də üslubca bu yaradıcılıq metodologiyasına yaxınliğı ilə bağlıdır. Bu üslub 19-cu yüzillikdə Fransada rəssamlıqda (E. Deqa və başqaları ), musiqidə (K.Debüssinin yaradıcılığında), daha sonra ədəbiyyatda geniş yayılmağa başlamışdır. 20-ci yüzillikdə dünya incəsənətində, o cümlədən, Rusiyada rəssamlıqda, ədəbiyyatda da impressionistlərin yaradıcı fəaliyyətindən geniş söhbət açmaq mümkündür. Təkcə “Rənglər”də deyil, bütövlükdə R. Rza yaradıcılığında onun dünya mədəniyyətinin tərkib hissəsi olduğunu təsdiq və təsbit edən nümunələr çoxdur.

“Rənglər”in qəhrəmanı ilə oxucusunu eyni maddi-mənəvi mühit, eyni həyat, məişət, əxlaq və düşüncə tərzi birləşdirir. Burada insanların sevgi və nifrətləri, səbr və çalışmaları, etdikləri mübarizə və uğradıqları zülmlər, ədalətsizliklər də öz rəngində görünür. Məsələn:

Arxadan vurulmuş bıçaq.
Bahalı buxov-qolbaq.
Tünd-mavidə gizlənmiş yaşıl:
Kiçiyin ögey qardaşı.
Günəş boyalı saçlar.
Cənublu ağaclar.
Suda boğulanın
pənah gətirdiyi saman.
Tək-tək insan


“Rənglər”də həzin lirika, kəskin ictimai məzmun eyni dərəcədə diqqəti cəlb edir, insanı düşündürür. Məsələn, bu cür: “Riyakar çeşməyi”, “Məhəbbətə ləkə salan cingiltili metal”, “Sallaqxana qapısından girən qafil öküzlər”, Ölümdən qaçmışın məzəndəli başı”, “Həm elə, həm belə adam”, “Ağrıdan ulayan ölkələrin Səkinəsi, Səlmanı,Əhmədi”, Cəfər Cabbarlının Bakısı”, Söz eşidə bilməyən qulaqlar”, “Dili ali məclislərdən qovulan qolları buxovlu olan qəbilələr, xalqlar”, “Təcrübəli meymunlar”, “Məqsədli alqışlar”, “Toydan yasa, yasdan toya tələsən adamlar” və bu kimi ifadələr sosial məzmun kəsb edərək insanın taleyini – dərdini, faciəsini, ağrı-acılarını dilə gətirir. Eyni zamanda həzin bir lirizm də bu misraların ayrılmaz hissəsidir.

“Rənglər” tək R. Rza yaradıcılığında deyil, ümumilikdə milli poeziyamızda rəngi heç vaxt solmayan: sənətdə solmayan, dildə solmayan, yaddaşlarda solmayan möhtəşəm söz abidəsidir../Qobustan.-2014.-N2.-S.80-81/

Zakir MəmmədБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031