manera.az
manera.az

Qızım bir gün öyrənsə ki... | MANERA.AZ

Qızım bir gün öyrənsə ki... | MANERA.AZ
Şəfaqət Cavanşirli

"Qızım"
(hekayə)


Yoldaşımla aramızdakı soyuqluğu qızım son günlərdə hiss etmişdi. Əslində, soyuqluğun səbəbini ikimiz də bilmirdik, sözlərimiz bir-birimizə xoş gəlmirdi. Ali təhsilli, yaşı qırxı keçmiş, həyat görmüş insanlardıq. On beş yaşlı qızımız olmasaydı, ailə xətrinə də olsa, savadımızın iki kəlmə sözü bir-birinin ardınca qoşub danışmağa gücü çatmazdı.

Nişanlı olanda atam mənə bir kişinin ailədə rolunun nədən ibarət olduğunu uzun-uzadı, ata-oğul kimi yox, iki kişi kimi izah etmişdi. Ruhun şad olsun, ata! Səndən tez-tez eşitdiyim cümləni hələ də unuda bilmirəm. “ İnsan məişət həyatının məsuliyyətini daşımağa hazırdırsa, sevginin tükənməsinə şübhə ola bilməz”

Qızımın anasına qarşı bugün sevginin qığılcımlarından söhbət gedə bilməzdi. İllər keçdikcə dərk elədik; nə o qadın kimi, nə də mən kişi kimi xoşbəxt ola bilmədik. Savaş həddinə çatan yersiz qısqanclıqlar sonralar bir-birimizdən uzaqlaşmağımıza səbəb oldu.

Bəxtimiz gətirmişdi, qızımız oxumağa meyilli, tərbiyəli qız idi. Valideyinləri tərəfindən verilməyən tərbiyədən korluq çəkən qızımın yaşıdları az deyildi. Biz isə, mühafizəkar valideyinlərik. Nurayımı məktəbə hər səhər özüm aparardım, çatdıra bilmədiyim günlərdə anasıyla evə qayıdardı.
Ata olaraq başqa bir xoşbəxtliyim; qızımla sabah eyni gündə doğum günümüzü qeyd edəcəyik.
Sözlərlə ifadə edə bilməyəcəyim bu sevinci mənə yaşatdığı üçün arvadıma ömür boyu minnətdar olmaya bilmərəm.
“Vicdan ədalətin tərəzisidir”- deyirlər. Əlimi vicdanıma qoyuram, ilk etirafımı edirəm; İlk bir gecəlik xəyanətimdən sonra evə qayıtdım. Yatağımızda hər şeydən xəbərsiz yatan yoldaşımın yanında uzananda özümü alçaq adam kimi hiss etmişdim. Adətkar deyildim, bir günlük, həyatıyla maraqlanmadığım, sadəcə, kişini fərqli tərəfdən əyləndirməyi bacaran qadınlarımın sayı artmışdı.
Kənardan ikinci qadınla uzun müddətlik münasibət qurmaq ürəyimdən keçirdi, çəkinirdim. Kişi kimi razı ola bilməzdim, sevsəm belə, ailəm dağılsın, ən dəhşətlisi, qızımı itirim.

Qızım gələnəcən maşını qızdırırdım. Beş dəqiqə keçməmişdi, anasıyla qapının ağzında görüşdülər. Yeyin qaçışlarla mənə tərəf gəldi. Qapını açdı, ön tərəfdə əyləşdi: - İndi gedə bilərik.

Yolda ikimizdə danışmırdıq. Qızım radionu qoşdu. Radionun xodunu azaltdım ki, dostlarımın sabahkı ad günümə görə bu gecə edəcəkləri sürprizi açıq-aşkar olmasa da, iş adıyla qızıma izah edim, anasına çatdırsın: - Axşam ola bilsin rayona çıxdım.
Qızım təəccübünü gülümsəməklə gizlətdi: - Aaa, nə vaxt qayıdacaqsan?
Gülümsədim: - Narahat olma, ad günümüzdə günortayacan evdəyəm.

- Sinif yoldaşlarım da gələcəklər. Anam danışıbdı.
- Tort almayın, özüm alacam.
- Şokoladlı olsun
- Yaxşı
- Sənin dostların da gələcək?
- Mən qocalmışam. Ad günü uşaqlar üçündür.

Qızım məsum gözlərini mənə dikdi. Zarafatımı başa düşməmişdi: - Yaxşı, sənsən daha. Şamları bir yerdə söndürərik. Neçə yaşın olur?

Qızım ədayla cavab verdi: - Buda atam. On beş tamam olur, on altıya keçirəm.

Qızımı şad edəndə ürəyim açılır. İnsan şəhvət hisslərinə aludə olmasa, əslində, şükür ediləsi anlar çoxdur.
Maşını məktəbin qarşısında saxladım. Hər gün dediklərimi bu gün də təkrarlamağı özümə borc bildim: - Dərs qurtaranda anana zəng et. Anan“ qapının ağzındayam” deməmiş binadan çıxmırsan. Eşitdin?
Qızım ufuldadı. Onu bu qədər qorumağımızın arada onu bezdirdiyinin fərqindəydim. Uşaq olmasaydı izah edərdim: - bir gün ərə getsən də, boyu boyuna çatan uşaqların olsa belə, mənim qızımsan. Atalar isə, qızlarını qoruyan mələklərdir.

Qızımın xoşuma gəlməyən hərəkəti də var; tez-tez yanaqlarımdan tutar, dartar, sonra öpərdi. “Yumru yanaq, toppuş atam” – deyərdi. Bəzən düşünürəm, görəsən, qızım gələcəkdə nəvələrimin yanında yanaqlarımdan dartacaq?
Qızım məktəbin binasına girənəcən gözlədikdən sonra işə yox, birbaşa dostumun Novxanıda yerləşən ikimərtəbəli bağ evinə gəldim. Özüm öz işimin müdiri olduğum üçün istədiyim vaxtda gedə bilərdim. Soyuq aprel ayında bağ evində dincəlmək ağlabatan hərəkət deyildi. Dörd dost bir günlük kişi məclisini bugünə salmışdıq. Ev sahibi Rüfət bir gün əvvəlcədən gəlmişdi, lazım olan hazırlıqları görmüşdü. Darvazaya çatanda dostumuz Eminin maşınını gördüm. Gəldiyimi bildirmək məqsədilə siqnal verdim, maşından düşdüm. Çox keçmədi, Rüfət darvaza qapısının bir tayını açdı: - Axır ki! Qəhrəmanımız gəldi. Dostlarımın gülüş səslərinə qarışan yad qadın səsləri də eşitdim. Rüfətlə görüşdükdən sonra içəri keçdim. Haqlı idim, Eminin yanında iki qadın vardı. Təəccblənmədim, Kişi məclisinin ən maraqlı tərəflərindən biridə qadınlardı.
Evə girəndə başqa qadın da gördüm. Aydın idi, bu gecə dörd kişi üç qadın əylənəcək, səhəri diri gözlə açacaqdıq. Anladım ki, Rüfət bir həftə əvvəl “ Ad gününü unudulmaz edəcəyik” deyəndə nəyi nəzərdə tutubmuş.
Qadınlarla tanış olduqdan sonra ilk araq badələrə süzüldü. Rüfət, Emin, Cəbrayıl, mən badələri toqquşdurduq, birnəfəsə başımıza çəkdik. Süfrəyə düzülən nemətlərin arasından hərəmiz götürdüyümüz turşunu yedik, oturduq. Qadınlar hərəsi dostlarımla yanaşı oturmuşdular.Dostlarıma başqa , xoşagəlməz baxışlarla baxmalı oldum. Deyəsən, hamısı o mənanı başa düşmüşdülər; - Mənə qadın yoxdu?
Gülüş sədaları bir-birinə qarışdı. Rüfət qolumdan tutdu, məni pilləkanlara tərəf çəkdi; - gəl ey, gəl. Heç ürəyim də razı deyil, tək qalasan. Çıx, sağdan ikinci qapıya yaxınlaşarsan. Tox qarına kef olmur.

Utanmışdım, qızım demişkən, “yumru” yanaqlarım hər utananda qızarardı. Söz demək mənasızıydı, ağır-ağır pilləkanları qalxdım. Rüfət isə, arxamca məsləhətlər verirdi: - Televizoru yandırarsan. Qonşulardan ayıbdır.
Qonşuların bu vaxt olmadığını yaxşı bilirdim. Qadınlar gülüşdülər. İkinci qapıya yaxınlaşanda köynəyimin iki düyməsini açdım. Qapını iki dəfə döydüm, səs gəlmədi. Təkrar döyməyə hazırlaşanda qapı üzümə açıldı. Açıldı...və mən məyus oldum. Qarşımdakı qadın boyu hündür, beli incə ola bilərdi. Üzünə baxmasan qadın bədəni kimi formalaşmış qəd-qamətlə səhərə qədər doymazsan... Lakin... Üzünə baxdım, qadın yox, uşaq idi. Uşaq məni gülərüzlə içəri dəvət etdi; - Qapının ağzında dayanmayın, buyurun.
Dilim-dodağım qurumuşdu, başımı aşağı saldım, otağa keçdim, içimdə Rüfətə qarşı qəzəb yarandı; - Ay əclaf, gətirəndə görmədin bu uşaqdı, ya ...ya qadın?
Özümü itirmişdim, köynəyimin düymələrini bağladım, çarpayıda oturdum. O da danışmırdı, yanımda, bir az mənə yaxın əyləşdi. Əl uzatdı, köynəyimin düymələrini açmaq istəyirdi, qəflətən ayağa qalxdım. Yaxşı fikir vermədim, deyəsən, qorxutdum onu. Otaqdan çıxmaq, Rüfəti əzişdirmək istəyirdim.
Mənim həyatımdakı qadınların əksəriyyəti mənimlə yaşıd olublar. Ən kiçiyinin yaşı otuzdan aşağı olmazdı. Qaldı ki, qızım yaşında ola; - Neçə yaşın var? – yaşının on səkkizdən artıq olmayacağına əmin idim.
Üzümə baxırdı, sualımı təkrar verməyə məcbur oldum: - Eşitmirsən? Neçə yaşın var?
- On yeddi.
Elə bil başıma qaynar su tökdülər. Dörd divar arasında əsir edildiyi qəfəsdə çırpınan quş kimiydim. Havalı adamlardan seçilmirdim. Otağın o tərəfinə, bu tərəfinə gedirdim. Televizora gözüm sataşdı: - Yandır televizoru.
Səssizcə dediyimi elədi. Rüfəti yaxşı tanıyırdım, aşağı düşsəydim, bu qızın mənlik olmadığını desəm də, zamanı gələndə kişi kimi zəif damarıma basacaqdı. Kişi kimi o cümlələri götürməzdim.
On dəqiqə sakitləşəndən sonra , özümdə bilmədim niyə, çarpayının üstündə, onun yanında oturdum. Əlindən tutdum: - Bağışla, bu yaşda olduğunu bilsəydim, bura qədər sənə əziyyət verməzdim.
Qız gülümsədi: - Narahat olmayın, bu mənim işimdir..
Qıza acıqlandım, səsimi qaldırdım; - Sənin işin indi oxumaqdır, fahişəlik deyil. Hanı sənin böyüyün?
- Mən yetiməm. Kiçik bacım var.
Üstünə acıqlanmağıma peşman oldum.
- Bağışla, əsəbiyəm. Adama deyərlər, kişisən, gücün çatırsa apar, təmənnasız bax. Qınamaq asandı.

Qızımdan iki yaş böyük idi. Yox... Yenə də qızım yaşındaydı: - Nə vaxtdan məşğulsan?
Gözlərimin içinə baxdı, utanmadan: - Bir ildir – dedi.
- Bacının neçə yaşı var?
- Səkkiz.
- Nə işlə məşğul olduğunu bilmir, məlum məsələdir.
- Bütün gecə danışacağıq?
Uşaqdı ki, uşaq...Elə bilirdi ona toxunacam.
“Heç kim özüylə qəbrə sirr aparmır” – deyərdi atam. Aparsaydı, açılmış tarixi sirrləri oxuya-oxuya böyüməzdik. Qızım da bir gün öyrənsə ki, uşaqla yatmışam, üzümə tüpürər. Qarşımda dayanıb məndən digər kişilər kimi hərəkət gözləyən bu uşağın fahişə olması mənim günahım olmaya bilər. Yatsaydım çiyinlərimə ağır bir yükün qoyulduğunu ömür boyu hiss edəcəkdim.
- Səninlə ancaq danışa bilərəm.
Haqlı olaraq susurdu. Onunla səhərəcən nələrisə aydınlaşdırmağa məndə də həvəs yoxuydu. Ayağa qalxdım, pəncərəni açdım. İsti deyildi, əsəbin bədənimə gətirdiyi hərarət məni boğurdu. Qız üşüdü, əlləriylə çılpaq qollarını ovuşdururdu. Heçnə demədim, pəncərənin bir gözünü bağlayıb, digər gözünü biraz aralı saxladım. Mənə yaxınlaşdı, çiynimə toxundu: - Yaxşı adamsız.
- İnsan da demək olardı. Neçənci sinifə qədər oxumusan?
- Anam öləndə doqquzuncu sinifdə oxuyurdum.
- Qohum-əqraban yoxdur?
Cavab vermədi. Susmaqda haqlı idi. Kişilər qadınların danışması üçün pul ödəmirdilər.
- Keçirdiyim ad günümə bax!
- Bugün sizin ad gününüzdü?
- Sabahdı
- Bilmirdim.
- Hardan biləcəkdin?
- Sabah mənim də ad günümdür.

Üzünə baxdım. Gülümsəyirdi, gözlərinin içində qəribə parıltı vardı. İndi uşağa daha çox bənzəyirdi. Qızımla eyni gündə doğulmuşdu. Mənə “nə axmaq adamdır” deyəcəksiniz, istər-istəməz qızımı onun yerinə qoydum. Mənə elə gəldi ki, qarşımdakı qızımdır. Dodaqlarımı gəmirdəcək əsəb gəldi canıma. Hələ uzun müddət özümə gələ bilməyəcəkdim. Dəhşət idi, qızımı bu qızın yerinə qoymaq istəmirdim, düşüncələrim isə, kişi ləyaqətimi üstələyirdi.

- Sabah qızımın da ad günüdür.

Gözləmədiyimiz vəziyyətdə külək pəncərələri açdı, ikimiz də qorxduq, qız qışqırdı. Özümdən asılı vəziyyət olmadı, qızı qucaqladım.
- Qorxma qızım, qorxma. Qorxma qızım!

Sonra başından öpdüm. Birinci mərtəbəni qızın qışqırığını yozan dostlarımın, yanındakı qadınların gülüşü bürüyəndə, sükut öz hökmüylə ikimizə hakimlik etmişdi. Qız səssizcə ağlayırdı.

O gün yer üzündə özümdən çox nifrət edəcəyim ikinci varlıq yox idi. Bir kişi kimi uzun müddət heç bir qadına da lazım olmadım...


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930