manera.az
manera.az

Ürəyim eşqinin oduna düşüb.. - ŞEİRLƏR

Ürəyim eşqinin oduna düşüb.. - ŞEİRLƏR
Manera.az tanınmış şair Əsəd Təhləlinin şeirlərini təqdim edir:

SƏNİN XƏTRİNƏ

İnciyib getsəm də, sıxma qəlbini
Qayıdıb gələrəm sənin xətrinə.
Lap elə ən çirkin qızları belə
Sevgiyə bələrəm sənin xətrinə.

Sinəmə dağ üstən dağ dağlasam da,
Könlümə dərd adlı bağ bağlasam da,
İçimnən hönkürüb, qan ağlasam da,
Gözümnən gülərəm sənin xətrinə.

Qılınc, qalxanlıdı hicran savaşı,
Nə ağır olurmuş ayrılıq daşı?!
Duzu yanağımı yandıran yaşı
Sil desən, silərəm sənin xətrinə.

Tək-tənha sığmaram bu yerə, göyə,
Dönərəm quzu tək mələyən neyə.
Son qoyub dünyada vallah hər şeyə,
Öl desən, ölərəm sənin xətrinə.

SƏN GƏLİN KÖÇƏLİ...

Baharımı dolu döydü, qış aldı,
Yerin, göyün gözlərini yaş aldı.
Ürəyimin ürək yaşı boşaldı
Sən gəlin köçəli, ay zalım qızı!

Çəpərlərdən boy boylayan olmadı,
Arx daşdı, lək sulayan olmadı.
Yoncamızı ayaqlayan olmadı
Sən gəlin köçəli, ay zalım qızı!

Görüş yeri qoşa çinar nə gündə,
Allah bilir nələr çəkir içində?!
Xısın-xısın gaplaşan yox dibində
Sən gəlin köçəli, ay zalım qızı!

Əsəd daha yandırmadı, yaxmadı,
Dəli Kür tək sağa, sola axmadı.
Get rahat ol, bir göyçəyə baxmadı
Sən gəlin köçəli, ay zalım qızı!

ÖZÜMDƏN SAVAYI DİL BİLMİRƏM MƏN

Qürbət ha od olsun isitməz canı,
Üşüdər xəyalı, dondurar qanı.
Mənim yorğun könlüm, atəşin hanı?
Daha qor tanımır, kül bilmirəm mən.

Göydə buludlarım hönkürüb axar,
Dərd-qəmim uludu, içimi yaxar.
Qara gün ağ güldü saçımnan baxar,
Özgə rəngli çiçək, gül bilmirəm mən.

Tamahım çox şeydən üzdü əlini,
Əritdim nəfsimin buz heykəlini.
Ay zalım, neynirsən mən tək "dəli"ni,
Özümdən savayı dil bilmirəm mən.

OLMADI

Sənin saçlarına dəyən əllərim
Sənin saçlarına daraq olmadı.
Bu dəli həsrətin boy göstərməyən
Otunu biçməyə oraq olmadı.

Fikir xışma-xışma, söz xışma-xışma,
Kövrək xəyalımın üstündən aşma.
Necə deyim bulaq gözümə daşma,
Çox dözdü, heç səndən soraq olmadı.

Təhləli can verib, can ha almayıb,
Hər gülöyşə nara nöyüs salmayıb.
Könlümdə sağ-səlləm bir yer qalmayıb,
Dərdi gözə yazdım, varaq olmadı.

ƏLİMİ HAVADA QOYMA

Elə də böyük döy sənnən istəyim,
Keçsin aramızdan hava da, qoyma.
Genə çəkilirsən əl uzadanda,
Quruyar, əlimi havada qoyma.

"Dəlilik" kişinin adına düşüb,
Gözəllik, göyçəklik qadına düşüb.
Ürəyim eşqinin oduna düşüb,
Yanır lopa kimi "yavada", qoyma.

Qoruyan qoynum var yeldən, sazaxdan,
Bəlkə alın yazım sənsən qız, haxdan.
Hərdən oğrun-oğrun baxıb uzaxdan,
Gözümü gözünlə davada qoyma.

ELƏ DARIXIRAM OLMUYAN KİMİ

Anam və bacım Bakinazın əziz xatirəsinə

Səsim avazsızdı, sözüm şirəsiz,
Min yerdən qırılıb könlümün simi.
Ana axtarıram, bacı gəzirəm,
Elə darıxıram olmuyan kimi.

Sinəmdə şimşək tək çaxır ürəyim,
Ağrı səyahətə çıxıb içimi.
Hər yanım bomboşdu, havam çatışmır,
Elə darıxıram olmuyan kimi.

Özgə nəvazişi yetməz dadıma,
Həsrətin alovu qarsıb dilimi.
Laylalı günlərim düşür yadıma,
Elə darıxıram olmuyan kimi.

Ömrün şimal vaxtı qalıb dünəndə,
Kim sevər bu qırış-qırış şəklimi?
Sizə yalvarıram, ey anam, bacım,
Gəlin sığallayın qırov kəklimi,
Elə darıxıram olmuyan kimi...

GÖZMUNCUĞU İDİ ADIM ÜSTÜNDƏ

O vaxt ürəyimin dör başındaydın,
Tutmurdu yağış, qar, qəm-kədər səni.
Məni oda salan tər yaşındaydın,
Heç kəs sevəmməzdi mən qədər səni.

Gözmuncuğu idi adım üstündə,
Cürətə dolmazdı pis göz, yad nəfəs.
Çəksən bu dünyadan ağır gələrdi
Məndəki dəli eşq, ehtiras, həvəs.

Su calanan köz tək qaraldı rüzgar,
Sənsiz ayım, ilim solaxay dindi.
Sən düşdüyün payız geydi yaz donu,
Bəs mən nə geyindim, gəl una indi...

NƏ DANIŞIRDI

Axar arx qaşında oturan qoca
Görən, öz-özünə nə danışırdı?
İçində ağlayan xatirələrdən
Bu aya, bu günə nə danışırdı?

Yastıq yoldaşını verib torpağa
Yaz yağışa dönür, payız yarpağa.
Unamazdı yayda belə qar yağa,
Bürünüb kürkünə, nə nə danışırdı?

Köksündə fələyin ox şəkli qalıb,
Könlündə sevincin "yox"şəkli qalıb,
Dərdin, su gözündə çox şəkli qalıb,
Qoca, su gözünə nə danışırdı?

UNUDAM GƏRƏK

Bəsdi həsrətinlə gün keçirdiyim,
Mən səni, mən səni unudam gərək.
Yetər ayrılığa qan köçürdüyüm,
Mən səni, mən səni unudam gərək.

Düşüb urvatından eşqin idimi,
Xəyal qayçı olub kəsir içimi.
Pisliyə etdiyim yaxşılıq kimi
Mən səni, mən səni unudam gərək.

İstədiyim ay, il ağ yoldan enib,
Gecəmə tutduğum şam çoxdan sönüb.
Verdiyin dərdlərin başına dönüb,
Mən səni, mən səni unudam gərək.

Qəm nədi o qıza tanıtmamaqçün,
O qızın könlünü qanatmamaqçün,
Sən məni ömürlük unutmamaqçün
Mən səni, mən səni unudam gərək.

Dİ GET DAŞ ADAMLA SƏNİN NƏ İŞİN

Könül sarayımda çəksəm də başa
Qədrimi bilmədin, döndərdin daşa.
Di get daş adamnan aralı yaşa,
Di get, daş adamla sənin nə işin?

Ağıl özgə ağıl, sin başqa sindi,
Ömrün hər addımı döngədi, tindi.
Noolsun buz olub, soyuyub indi,
Soyuyan odamla sənin nə işin?

Üzünə açılmaz gülüm-gülzarım,
Gedib çəməninə qonmaz yaz, arım.
Biz ki, qurtarmışıq, dərdim-azarım
Dəryadı, ya damla, sənin nə işin?

MƏN HƏSRƏT SUYUNA ÖYRƏNCƏLİYƏM

Quş qanadı kimi açıb qolunu,
Yüz naza qurşanıb üstümə gəlir.
Görəsən, başımdan çıxan tüstümə,
Yoxsa, can üşüdən istimə gəlir?

Gün təki aydındı, o hər kimdisə
Adım yazılmayıb sol "varağında".
Mənim yaz havalım görünmür hələ,
Qışam, gözləyirəm yol qırağında.

Köksümə köz düşüb, od ələnsə də,
Səbr hasarını keçə bilmirəm.
Mən həsrət suyuna öyrəncəliyəm,
Neynim, özgə sudan içə bilmirəm.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930