Adını pıçıldasam yanar, dodağım yanar...- Şeirlər
Manera.az gənc şair Anar Gülümsoyun şeirlərini təqdim edir:
ANA
Ana, ana,
mənə corab toxuma!
əllərinin zəhmətini
ayağıma necə geyim?
Ana, mənə papaq toxu,
ona başımın tacı deyim.
QUŞLAR ŞAİRLƏRİN QANADLARIDIR
Bir yaş da qocalır, bir yaş da artır
Hər şeir yazanda şairin yaşı.
Götürüb başını qaçar hamıdan,
Şeirə qarışanda şairin başı.
Quşlar şairlərin qanadlarıdı
Gəzər göy üzündə tanrıya yaxın.
Bəzən də bir qərib yolçuya dönər
Bükər varaqlara tozun, torpağın.
Bəzən ahıl olur, bəzən də müdürk
Qızıl xırdalayır dodağı, dili.
Bəzən də bir dəcəl uşağa dönür,
Elə bilirsən ki, dəlidir, dəli.
Basır üz- gözünü saçı, saqqalı
Köhnə şeirlərin gizlətmək üçün.
Bir də şairlərin bir adəti var:
Ölürlər adamı gözlətmək üçün.
Bəzən də bir yerdə qərar tutanmaz,
Bir də görürsən ki, od aldı getdi.
Saatı qolundan qırıb tullayıb,
Yenə vaxtsızlaşıb yadplanetli.
Şair var bir yaşı olmaylb hələ,
Şair var, min yaşın eləyib tamam.
Şeirlə doğulur, şeirlə ölür
Bax, belə yaşayır şairlər, atam.
AĞ DİV
Görən yox yıxılanı,
Bir qızın ağ yalanı,
Yedi yazıq oğlanı,
Ağ yalan- ağ divdi, div!
Nədir soyuq görüşün,
Bu gedişin, dönüşün?
Ürək düşün, ruh düşün
Düşündüyün cibdi, cib
Nə qədərki gec deyil
Günü sev, gecə deyil.
Sevgiki cücə deyil
Çağırasan: cip-cip-cip.
TANRIM MƏNƏ AĞIL VER
Taleyi bəd əldəyəm
Düyündəyəm, bənddəyəm
Mən ağılsız bəndəyəm
Tanrım mənə ağıl ver
Duyammıram ağrımı
Qaradımı, ağdımı?
Gizləmişəm ağlımı
Tanrım mənə ağıl ver
Ömür-gün öz köçündə,
Ruh boğulur içimdə.
Ağıllılar içində
Tanrım mənə ağıl ver.
ÇARMIXA ÇƏKİLƏN EŞQ...
əllərinə toxunsa
uçar, əllərim uçar.
sinəmdə döyünməyin,
susmağın, coşmağın var
və bir də şıltaqlığın.
ağrı kimi yaxınsan,
ürək kimisən, ürəəək...
daranır, eşqin daranır,
aynanın içindəsən.
buludların üstündə,
küləklərin qanadında
saçlarımın fərqindəsən.
külək kimisən, küləəək...
bu ətirlə, bu saçla
danışar, ruhum danışar.
çimər şehində bir az,
sevər, arılar kimi
ləçəyinə darışar.
yarpağını öpər heey...
ətrindən də ölər eeey...
çiçək kimisən, çiçəək...
gecələr cismimdəsən,
gündüzlər əlim çatmaz.
adını pıçıldasam
yanar, dodağım yanar.
min il getsəm çatmaram,
bir addımlıq yolun var.
sehirim,sirrim gəl eey...
pıçıltın, nəfəsintək
heyif, yaxın deyilsən.
mələk kimisən, mələəək...
ayı bölər həsrətin,
keçər, dəryadan keçər.
çarmıxa çəkilən eşq
kiçildikcə böyüyər.
gülər dar ağacında
soyulduqca bu adam.
agaclar oxuyar,
daşlar oxuyar.
çiynimdə çiçəklər,
başımda quşlar oxuyar:
hu-hu-hu...
qovuşmağa qoymazsan.
sən Tanrıyla ruhumun
arasındakı yolsan,
fələk kimisən, fələəək.
ÇÖRƏK QIRIĞI
gör nə boyda günahkaram,
üstündən kecmişəm, koram.
diz çökürəm, yalvarıram:
-bağışla, çörək qırığı!
yerdən yığıl, gözümə dol,
ömrüm boyu gözümdə ol,
qayıtmışam gözüm dolu;
bağışla, çörək qırığı!
tez ol, dur çıx ürəyimə,
vermə acıq ürəyimə,
məni qırıq ürəyimə
bağışla, çörək qırığı!
BİGANƏ
kədərə, qüssəyə doğulmadım, yox!
bu dərdi kəsməyin, doğramağın yox,
mənim bu şəhərdə doğmalarım yox,
sən varsan, sən də ki ehh...
hanı bu hicranın əvvəli, axrı,
kim qazıb aradan su kecən arxı?
bax gör ürəyimdə kim var, kim axı?!
sən varsan, sən də ki ehh...
güvənmə bu günə, güvənmə cox da ,
donub xatirəyə qalar uzaqda.
gözüm aynasında qalan otaqda
sən varsan, sən də ki ehh...
HA-HA-HA...
mən bu şəhərə ogey,
bu şəhər mənə doğma.
ay şəhər qızı, eheey...
mənə qəribtək baxma,
yad deyiləm!
nə etsən də, səngimir
qəlbimin “sən, sən...” səsi
calışma sondurməyə
ha-ha-ha... mən sonəsi
od deyiləm
ehh, önümdə qış durub,
bu ömrümə yaz haram.
dəli kimi qışqırıb,
dərdimi ya yazaram,
ya deyərəm...
Kürdəmir