manera.az
manera.az

"Bildiklərimi açıqlasam məni də öldürə bilərlər" - Qan Turalı | MANERA.AZ

"Bildiklərimi açıqlasam məni də öldürə bilərlər" - Qan Turalı | MANERA.AZ

Manera.az-ın "Oxucu sualı" layihəsində "Doqquz hekayə" kitabı əsasında hazırlanmış sualları müəllif Qan Turalı cavablandırır:

- “O qız və oğlanın hekayəsi” mənim üçün lap göydəndüşmə oldu. Neçə vaxtdır dostlarımı inandıra bilmirəm ki, təsadüf hər şeyi dəyişsə də, o təsadüfün özü heç də “təsadüfən” baş vermir. Təsadüfə gətirən səbəblər bir ömür boyu hazırlanır. “O qız”ın həyatını tar-mar edən video çəkdirməsi olub. Amma buna qədər də o artıq məhv yolunu tutmuşdu – içirdi, əxlaqsızlıq edirdi. Və məlum sonluq baş verdi. Elədirmi?

Əxlaqsızlıq deyəndə siz Gülayın sevgilisi ilə sevişməyini nəzərdə tutursunuz? Mən buna əxlaqsızlıq deməzdim. Məncə, çoxluq da deməzdi. İstəməzdim ki, bu hekayəm azadlıq əleyhinə olan bir mətn kimi qavranılsın. Burda məsələ insanların necə öz həyat eşqini, azadlıqlarını itirmək haqqındadır. Gülay azad bir insan idi, onu ürəyi istədiyi kimi davranmaqdan məhrum edən isə bir oğlanın əclaflığıydı. Azadlıqların bu cür heysiyyatsızcasına manipulyasiyaları əlbəttə mümkündür. Lakin mühafizəkarlıq bu mənada daha çox manipulyasiya doğurmurmu? Mən dünən sosial şəbəkələrəd subay bir oğlan özünə siğə yoldaşı axtarmasını oxudum. Hansı daha pisdir siğə yoxsa qadının sevdiyi kişi ilə sevişməsi? Gülayın ilk səhvi bu oğlana inanmasıdır, ikinci səhvi o qıza inanmasıdır və üçüncü səhvi isə bu səhvlərdən yanlış nəticə çıxartmasıdır.

Lakin sizin bu hekayədən çıxartdığınız nəticə də doğrudur. Çünki hər bir mətn müxtəlif şərhlər doğurmalıdır. Və bütün şərhlər haqlıdır. Bir-birinə zidd olsalar belə haqlıdırlar.

- “Şahmat məktəbinin direktoru” hekayəsi adi təhkiyə üslubunda yazılmışdır. Sizin vərdiş etdiyiniz dəyişkən sujetli, qeyri-ənənəvi quruluşlu yazılarınızdan fərqli olaraq oxucu burada sanki gözlədiklərini tapa bilmir. Bəlkə bu bir janrdan digərinə keçid vaxtı yazının ruhunu tuta bilməməkdən irəli gəlir? Bəs sizdə necədir, hansı yazı üslubu daha rahatdır?

Məncə, hər bir mətn öz formasını diqtə edir. Bəzən uzun adamlara qısa pencək geyinirlər və bu gülməli görünür. “Şahmat məktəbinin direktoru” bu tutaq ki “Kafka” kimi yaza bilməzdim. Bəzi mətnlər görürəm öz paltarında deyil. Bəzi paltarlar var, öz mətnində deyil.

Bu hekayə isə yazılış tarixinə görə kitabdakı ilk hekayədi. Sabah bu cür başqa hekayələr də yaza bilərəm.

- “Şaxta babanın qətli” hekayəsində maraqlı bir olay təsvir olunur. Yoldaşları tərəfindən qızışdırılan Elman nahaqdan qətl törədir. Günahkar kimdir, böhtançı dostlar, arvadını burda tək qoyub Moskvada alver edən, əyyaşlıq edən, pozğun həyat sürən Elman, yoxsa yenə də içki? Bəs Nailənin gününə düşməmək üçün oxucu hansı nəticəni çıxarmalıdır?

Günahkar insandır. Və insanı yaradan mühitdir. O mühitdəki ki, Nailə universitet oxuya bilmir, aktyor istedadını reallaşdıra bilmir. Elman da mühitin qurbanıdır. Hamı qurbandır və hamı günahkardır.

- «Bir-birini sevməkdən qorxan iki adamın hekayəsi»ndə açılmır qorxunun səbəbi, kitab arasından tapılan yazıda gənclər eşqin mahiyyətini izah etməyə girişirlər. Belə məlum olur ki, onlar mücərrədlikdən uzaqlaşmalı, hamı kimi bir-birinə real sevgi bəsləməlidirlər, ya da bunu bacarmırlarsa Çexovun qəhrəmanlarından öyrənməlidirlər. Bu belədirsə, sual yaranır: insan fitrətində təbii sevgi hisslərini Çexovdanmı öyrənməli?

İnsanlar niyə sevgilidən və sevgidən qaçırlar. Bunun çox səbəbi ola bilər. Lakin biri belədir: İnsan yorulur sevməkdən. O yükü çəkməkdən yorulur. Təkliyin bölüşməkdən yorulur. Aldanmaqdan yorulur. Dəyirman eşşəyi kimi bütün yükləri daşımaqdan yorulur. İnanın ki, cəmiyyətin inkişafı ilə, kapitalistləşmənin yüksəlişi ilə sevgi də azalacaq cəmiyyətdə. Demirəm yoxa çıxacaq, amma azalacaq.

İnsan sevgini öyrənməlidir. Necə ki, velosiped sürməyi öyrənməlidir.

- “Darıxanlar” hekayəsində müasir gəncliyimizin daha bir xarekteri əks olunmuşdur. Darıxmaq-özü də oxucu inanır ki, onlar da elə darıxmalıdırlar. Cüzi maaş naminə mənəviyyatlarını qurban verən gənclərin heç bir arzuları yoxdur. Amma doğrudanmı, heç bir çıxş yolu yoxdur və onların qəlbində, heç bir ümid, qığılcım, qalmamışdır? Bəlkə də siz bu yolu oxucuya göstərməyi müəllif borcu hesab etmisiniz və Marksın adını çəkməklə işarə vurusunuz ki, əvvəlcədən kapitilizmə hazır olmaq lazım idi?

Kapitalizm dövrü başlayanda mən lap uşaq idim, amma o uşaq yaşımda oxuduğum bir cümlə yadımdadı. Asif Atanın cümləsiydi, deyirdi ki, bəşəriyyətin heç bir dahisi kapitalizmi öyməyib.

Bu hekayədə insanlara qəribə gələn şeyin nə olduğunu mən hələ də müəyyən edə bilməmişəm. Axı bu elə bizim həyatımızdır. Burdakılar elə özümüzük. Bu bizik.

Çarə? Çətin sualdır. Çox çətin. Çünki bir addım atmaq da iradə istəyir. Onlar öz həyatlarını əlbəttə ki, dəyişə bilərlər. Lakin sındırılmış iradə ilə hara qədər? Lakin mən kapitalizm cəmiyyətində də insanın xoşbəxt olacağına inanıram.

- «Kafka» hekayəsində də həyatın dibində çabalayan, əyyaşlıq edən iki oğlandan bəhs olunur. Oxuyub qurtaranda məlum olur ki, Kafka adı söz gəlişi işlənibmiş, bu avaralara dahi yazıçının heç bir dəxli yoxdur. Amma oxucuda bir şübhəli ehtimal da oyadır ki, burada dahiliklə dəlilik, sərxoşluq haqqında təzad yaradılmışdır.

Dahilik və dəliliyin yaxınlığı barədə çoxlu araşdırmalar var. Bu hekayə isə ümidsizlik haqqındadı. Siz deyən kimi həyatın dibi haqqında. Ümidsizlərin uydurduğu nağıllardı... Yox, Kafka, yox Selincer... Siz sadəcə mutsuzsunuz, o qədər...

- “Füzulinin qayıdışı” əsərini alternativ komediya adlandırsanız da, oradakı, Füzuli obrazı tanıdığımız filosof-şairdir çox istərdim ki, onun şərab içməsi, siqaret çəkməsi kimi səhnələri olmayaydı. O boyda nəhəng alimin adi bir polisə sevginin varlığını sübut edə bilməməsi də adamı çaşdırır…

Dövr dəyişib. Füzuli XIV əsrin şairidir. O dövrün paradiqması ilə düşünür. Ona görə indi bir polisin əlində acizdir. Onun şərab içməsi niyə sizi narahat edir? İndi demokratiyadı. Kim nə istəyirsə içə bilər...

- "Çılğınlar” hekayəsində gənclik illəri boyunca tez-tez görüşən və qəribə hərəkətləri, çılğınları ilə ətrafdakıları təəccübləndirməyi sevən iki nəfərdən danışılır. Sonda onlar, yaşlı vaxtı, dənizdə üz-üzə durub öpüşürlər və siz qeyd edirsiniz ki, bu onların heç kəsə bəlli olmayan ilk çılğınlığı idi. Belə çıxırmı ki, onlar artıq evlənməyə qərar verirlər?

Yenə evlənmək? Niyə elə düşünürsünüz ki, onlar mütləq evlənməlidir. Mütləq hər hekayənin bir küncündə ZAQS idarəsi olmalıdır. Onlar bir-birlərini sevdiklərini hiss edirlər. Bu uzun zamandır gizlənmiş sevginin qəfil partlayışıdır. Sizdə heç elə olmayıb? Tutaq ki, qəfildən kimdən ötrüsə darıxdığınızı hiss etməmisiniz?

- “Prokurorun üç günü” povestini çox uğurlu əsər hesab edirəm. Məncə ona detektiv povest də deyilə bilər. Düzdür, cinayəti araşdıran orqan işçiləri naməlum qatillər və gizli təşkilat qarşısında məğlub olaraq heç nə eləyə bilmirlər, amma prokuror obrazı çox dolğundur. Heyf ki, əsl düşmən təsvir olunmur və heç kəs də ifşa olunmur. Belə çıxır ki, Firudin bəy Köçərlilər hələ çox məhv olunacaqdır. Siz özünüz necə, elmin, ədəbiyyatın inkişafına belə mütəşəkkil əngəl törədəcək təşkilatların varlığına inanırsınızmı?


Belə bir təşkilat doğrudan da var. Lakin çox məxfidir. Bildiklərimi açıqlasam məni də öldürə bilərlər...

Layihə rəhbəri: Şəhla Aslan
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031