manera.az
manera.az

Adam ölür, ev tikilir...- Şeirlər

Adam ölür, ev tikilir...- Şeirlər
MANERA.AZ Tural Turanın şeirlərini təqdim edir:


Maqnit tərkiblidir

müharibə dövrü uşaqlarının alın yazısı.
Ya gülləni özünə çəkər, ya günəşi –
Hansı qarşılarına daha tez çıxarsa.

Axşama Heynrix Bölldən bir kitab oğurla gətir –
Ürəyim pomidor qayğanağı istədi,
Qorxma, onun balaban ürəkli sahibi
Daha sənə heç nə deməyəcək –dedim
Buyurduğum balaca Milnerə.

“O illərin çörəyi” elə indi də eyni dadır...

Fərqi yoxdur ya acından, ya içindən
Uşaqların öldüyü müharibədə.
Arxa cəbhə olmur, güllə Ata!
Bütün savaşların formulu eyni –
Adam ölür, ev tikilir...
Bunkerdəki ümid dolu nağıllar öldürür adamı;
Bom-bom səsləri yox.

Gurultularla uşaq qığıltıları
Necə gözəl sinfoniyasıymış, İlahi!
Adına layiq düşünübsən...
İlahi, ayağım yoxdur
Qalxıb baxa bilmirəm.

...Kitab oğurluğuna göndərdiyim
Uşaq geri dönmədi.
Sən yuxarıdasan, bir bax;
Gör hansı gurultuda ilişib qalıb.

Gümüş çay qaşıqları

Bütün zabit rütbələri
sabahın alın yazılarına duzlu qəhvə hazırlayan
gümüş çay qaşıqlarıdır.
Səmaya qucaq açanlar
Yalnız və yalnız onların çiynində
“qızıl ulduz”a çevrilir;
Nəfəsli dəyirman çarğının omuzlarında.
Ulduzlar insan çiyninə qonmağı xoşlamaz,
“ulduz sahibi”.
Eşitməmisənmi, göydən bir ulduz əksiləndə
Yerdə birininki sönür?!
Və ya əksinə;
Torpaq üstündə
insan buxarladanda da aqibət eynidir...
Bütün savaşlar uşaqlara həsr olunur

Bütün savaşlar uşaqlara həsr olunur –

səhnələri ailələrə.
Atasızlar ssenari müəllifi, rejissorları atalar...
Analarsa həmişə tibb bacısı rolundadır.

Güllələr göz qırpımında uçur,
nişanlandığı yuvaya.
Ömürsə damcı daşından süzülməyə başlayır.
Cəmi iki dəqiqə və son...
Uşaqlar yaxşı bilər, ölümdən öncə
barıt qoxuları da həyat dadır.

Müharibələrdə insanı ölüm yox,
Yaşamaq qorxusu aldadır, uşaqlar.
Əslində dava bitincə başlayır
Uçuq divarların gilyotinliyi –
Cırıq paltar, yanıq şəkil, bir də cəsəd iyi –
Yığışır dörd divar arasında atasız-anasız
Uşaqların başına, hər gün bir az dəfn edir...
Hara ölürsünüz yavrular,
gələn müharibədə ana olacaqsınız.
Qorxulu röya görüncə
Analarınızı söyməyə tələsməyin gecələr.
Sabahkı savaşda siz qoyub qaçacaqsınız övladınzı...
Bütün savaşlar uşaqlara həsr olunur –
səhnələri ailələrə.
Bir dubla çəkilir bütün səhnələr.

O Adamın sevgisi

Hər şərab şüşəsində hamilə qalıram sənə,
Möhtəşəm sözünün üstündə iki yazır gözlərin.
Babamın müharibə hekayələrində səninlə
yaralı əsgərləri sarığa bürüyürük səngərlərdə;
səndən və ondan xəbərsiz...
Söyüd ağacının altında otura – otura sevgimizə söyüd əkdin.
Uzaqdan keçən qatarlara baxıram – hamısı sən...
Arxa-arxaya köynəklərinizdən tutub qaçırsınız məndən.
Mənsə əlimdəki nərgizin suyunu sıxıb içirəm gülə- gülə...
Həmişə mən əl sallayıram o qatarlara,
Nə olar bir dəfə də sən əl elə.
Ağaca bağladığım köynək belə çürüyüb düşüb.
Hələ də səni torpağın üstündə gözləyirəm, gəl...
Mən özgəsi deyiləm, əlimi buraxdığın adamam -əcəl..

Söyüd bürcündə doğulanlar


Yaradanın yer üzünə səpələdiyi
taykeşik ayaqqabılarıdır
müharibə uşaqları.
Gül əmdikləri yerdə
ağızlarına bir “lə” şəkilçisi də dürtdülər.
Dəmir ləbləbi deyib
mədələrindən, başlarından uddurdular
metal noxudları.

Üzərlərindəki “asfalt örtükləri” deşib
cücərdilər, böyüdülər yavaş –yavaş.
Axtarmadan, aramadan
yenə bir-birlərini tapdı bu uşaqlar.
Kimisi müştüklərinin ucunu öpüşdürüb
ocaq qalayırdı, kötük-kötük,
kimisi də...
ağ saçlarından kəsib gəlinciyinə saç tikirdi
iynə-sapla...
Onlar,
söyüd bürcündən idilər,
növbəti savaşlarda doğulacaqdı uşaqları.
Qopmuş qollarında,
şikəst ayaqlarında itmişdi alın yazıları.

Salam qara çadır, günaydın olsun!

Göy çadırın tikişləri sökülür,
Salam qara çadır, günaydın olsun!
Göydən yerə ağ zəhirmar tökülür,
Salam qara çadır, günaydın olsun!
Saflaşmadıq-göyərmədik, ağardıq.
Kökümüzə naxış salır ağ, artıq.
Gözümüzdə kölgələndi ağartı,
Salam qara çadır, günaydın olsun!
Sel gətirmir ana arxlar, axaclar.
Pilə çayır, bərtəklənər, ağaşlar.
Sarı-sarı uşaq salır ağac da,
Salam qara çadır, günaydın olsun!
Göyün də var "ala" yönü, "boz" yönü,
Uşaq yeri- oğul yönü, qız yönü.
Çəkisizlər saz üstündə söz yonur,
Salam qara çadır, günaydın olsun!
Söküləndən "qonaq olduq" təkməyə.
Dözəmmirəm dovşanpəncə çəkməyə...
Adam qaldır göy çadırı tikməyə,
Salam qara çadır, günaydın olsun!

Tanrı, Zəhranın oyuncaqlarını bol elə...

Uşaqların gicgahından öpüb
canını alır güllələr.
Yarım metr torpaq can verir bir körpənin altında.
Bir cənazə önündə hamı ata olur,
Bir top arxasında ata ölür
Bir anın içində.
Gördünüzmü,
Gicgahına qəlpələr ay işarəsi çəkib Zəhranın.
Bayrağımızdakı ayı da çıxarıb verin ona,
bu dünyada bir gördüyünü,
o dünyada qoşa görsün.
Tanrı, oyuncaqlarını çox eylə,
dostları gələnə kimi başı qarışsın…
Hələ çox “qızılı ay”lar çəkiləcək bu gedişlə
qığıltı dillilərin alnına.
Ya da gücün çatsa
Tanrı,
bütün silahları oyuncaq elə.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930