manera.az
manera.az

Ülvi Həmzə Ağababa: "Təsadüf"

Ülvi Həmzə Ağababa: "Təsadüf"
Bu isti günlərdə bir qədər sərinləmək üçün dənizə getmək istəyirdim. Nigar Camalova-bərabər yaşadığım orta yaşlı dul, sarışın, azca dolu bədənli, balaca boylu qadında tez-tez qollarını boynuma dolayıb dənizə getməyimizi xahiş edirdi amma heç pulum yox idi. Nəsə yazıb qəzetlərin birindən qonarar alaram deyə düşünürdüm amma, bayırda isti, evdə Nigar Camalovanın əlindən bir şey yaza bilmirdim. Sonra bir xəbər oxudum və köhnə bir söhbəti xatırladım. Söz vaxtına çəkər, yenə belə isti günlərin birində həmsöhbətimlə vaqonda rastlaşmışdım, diqqətimi çəkən ilk şey elə boğanaqda yaylıq bağlaması idi. Həmin söhbəti olduğu kimi yazıb redaksiyaya apardım. Söhbət belə idi:

“ -Ucqar bir kənddə, çoxuşaqlı kasıb ailədə böyümüşəm. Atam yük maşını sürücüsü, anamsa alaqçıydı. Sakit, səssiz ailəmiz vardı. Çox vaxt bir-birimizi adımızla səsləmirdik. Adım səslənəndə gündəlik vərdişlərimizə aid olmayan nəsə xüsusi bir hadisənin baş verdiyini sezir təlaşlanırdım. Bu vərdişlərin nə iləsə pozulmasına yaman əsəblənirdim. Valideynlərim demək olar ilin üç fəslini sabahdan axşama qədər evdə olmurdular. Ev işlərini biz-uşaqlar aramızda bölüşmüşdük. Ən çox sevdiyim meşədən odun daşımaq idi, amma, heç vaxt cürət edib cığırın hər iki tərəfindəki yaşıllığa çıxmamışdım; şələni çəkə-çəkə bacımın ardınca gedirdim. Böyük bacım odun daşıyanda acıqlı olur, durmadan yüksək səslə deyinirdi. Sonra mən də səhənglə su daşıyanda deyinməyə başladım. Tez-tez dava edərdik; bacım məni möhkəmcə çimdikləyərdi; nahara qədər ağlayardım. Gün ərzində yaşadıqlarımızı həmişə valideynlərimizdən gizlədərdik. Bu gizli anlaşma idi, amma, yenə də günahkarlar əvvəlcə bir qədər narahat olardılar.
Atam çox vaxt sərt və əsəbi olurdu. Onun xarakteri idi ya qəsdən belə edirdi, amma, doğmalarının arasında bu qədər şübhəci, sayıq, izzəti-nəfsinə mənasız dərəcədə düşkün olması nəyinə gərək idi anlamırdım. İşini yaxşı bilirdi, amma, evdə sərxoş sürücü kimi olardı; həmişə “keçib getsin deyə divarın dibinə qısılıb gözləyirdim”. Anamsa hər şeyi kəsib istəyən nifrət dolu qarayanız bir qadındı; çox tez əsəbləşib özündən çıxa bilirdi; həmişə cəzalarımda layiq olduğumdan çox daha artıq qəzəb hiss edirdim. Ən mənasız şeylərdən tez-tez dava edərdilər; məsələn yeməyin yağına və ya duzuna görə. Bu, bizi səmimiyyətlə eyni otaqda toplayan nadir zamanlar idi; kiçiklər böyüklərin üzünə baxır, böyüklər gözlərini yayındırırdılar. Valideynlərimin davaları, yaxud bizim cəzalanmalarımız heç vaxt yaşanmamış kimi, sonrasında haqqında qətiyyən danışılmayan şeylər idi. Evdə adətən vəzifələrimiz, görməli olduğumuz işlər, davranmalı olduğumuz tərzlər haqqında danışılardı. Bir evin altında bir-birimizin əsl məninə toxunmadan yaşayırdıq. Görünməz qırmızı halqalarla çevrələnmiş və qeyri-müəyyən bir məqsədə xidmət edən bu sıxıcı və mənasız cəmiyyətciyəz kimə gərəkdi anlamırdım. Yaxud valideynlərimin dinləməmək istəyində belə israrına məna verə bilmirdim. Doğrunu, yanlışdan cəza və hökmlə yayındırmaqla qazanmaq kimi bir üsul seçmişdilər.

Kimisə təmsil etdiyim düşüncəsi canıma elə hakim kəsilmişdi ki, bayırda olanda dayanmadan davam edən bu gərginlikdən alnım həmişə balaca-balaca tərləyərdi. Bu vəziyyətdə səhv edə biləcəyimin instinktiv dərkinə görə ətrafa qarşı daima içinəqapalı, sərt və təcavüzkar olurdum. Qısa və kəskin danışır, küt və acıqlı baxırdım. Yaşım ötdükcə cəza qorxum cəza və dava-dalaş hadisələrindən, öncəsi və sonrası abu-havasından canadoymuşluqla əvəzləndi, amma təlaşım və gərginliyim azalmadı, əksinə, daha da çoxaldı. Məktəb illərimin ən böyük kabusu nəyəsə görə sözümün evimizə qədər gedib çıxması idi. Atam qızlarının sözünü eşitməyə dözə bilməyən adam idi; o dəqiqə üzün rəngi qaralardı. Hətta söhbət tərifdən getsə belə utanar, sıxılar, mövzunu tez dəyişmək istəyərdi. Anamsa ömrü boyu çəkdiklərindən qazandığı nifrət duyğusu və hər zaman həsrətində olduğu əzmək istəyilə gücünü təkcə bizə göstərərdi.
Məktəb illərində tez-tez söhbət mövzumuz ailələrimiz olurdu. Mən cürbəcür yalanlar uyudurur, bir çox məsələdə gerçəyi gizlətməyə çalışırdım. Bütün bunları ailəmi qorumaq istədiyim üçün yox, sadəcə mənasız izzəti-nəfsimi qorumaq və utanmamaq adına edirdim. Yaşadıqlarımdan ruhuma toplananlar beynimi daima məşğul edir, xatirələr heç vaxt silinib getmirdi. Çalışsamda onları ən çox şüuraltına qədər qova bilirdim.
Dərslərimdə qətiyyən uğurlu deyildim. Köhnə fikirlərlə yüklənmiş düşüncələrim zamanla beynimi bəhərsiz hala gətirmiş, ruhumdakı qara enerjinin qəsvəti şüurumu qıc etmişdi. Bundan savayı ailəm də təşviqdə olmazdı və məktəbə niyə getdiyim haqqında heç bir fikrim yox idi. Hər şeydə olduğu kimi, burda da koranə bir davranış vardı. Ailəmin, xüsusən də atamın nəsə bir zəif yeri olduğumu hiss edirdim. Gələcəklə bağlı heç bir parlaq düşüncəm olmazdı. Zamanla azar eşitdiyim soba başında əzilən qəlblə oturmağa möhtac hala gəlmişdim.

Daima bir şeyləri qorumaq duyğusu, başqalarının məsuliyyətsizliklərinə, özünə söz keçirə bilməməkliklərinə görə də mühakimə ediləciyim düşüncəsi, hər zaman davam edən narahatlıq və gərginlik, ailədə açıq-aşkar əskik görüldüyümü hiss eləməyim, içimdə güvənəcəyin, güc verən bir biliyin, inamın, ümidin olmaması, ürəyimə yığılan kin-küdurət, əskikliyimi çarəsizcə hiss eləsəmdə yaşamağa davam etməyim məni şikəst edilmiş dilənçi gününə salırdı. On yeddi yaşım tamam olanda ev işləri görə bilən, qısqanc, həsədcil, avam, bədəni və ruhu da daxil olmaqla çevrələndiyi şeylər haqqında çox az bilən yarı-insan idim. O qədər dar düşüncəli idim ki, indi bunu düşünmək sonsuz davam edən bir əzab verir. Məktəbi bitirdikdən sonra sahib olduqlarımla dəhşətli bir yaşlanmışlıq hiss edirdim.

Amma bir gün bütün həyatımı dəyişdirən bir xəbər eşitdim; kənddən bir nəfər mənə elçi düşmüşdü. Bilinən ailə idilər, ortanca oğullarına məni layiq bilmişdilər. Oğlanı tanımırdım, bir neçə dəfə boşboğaz rəfiqələrdən adını eşitmişdim. Yaşca məndən xeyli böyük idi. Amma atamgil məni verməyə qərarlıydılar. Nə yalan deyim, elə özüm də istəyirdim. Bu xəbər sehir təsiri yaratmışdı, hər yanımda bir canlanma, oyanma, ümid vardı. Kimsə mənə xüsusi nəzər etmişdi, şəxsimi diqqətə almışdı, varlığımı görmüşdü. Bu sevinc verirdi; bir şeyin tamamlanması üçün mənim varlığımın da vacibliyi, sıra sevgi zamanlarının, cinsi xəyalların, yeni və bilinməz, xoşbəxtliklər diyarının təsəvvürü çox xoş idi; yanaqlarıma istilik axırdı; gizli-gizli qızarırdım.
Amma heç nə gözlədiyim kimi olmadı; elə ilk gündən sərxoş və kobud bir ər; yanında olduğum halda bərəlmiş və vəhşi gözləri ilə içimdən keçib hara baxdığını, nəyi görmək istədiyini anlamırdım.

Daha böyük bir tələyə düşmüşdüm; çox keçmədən ərim “qarşısındakı uşağı tərbiyyələndirmək kimi həyati bir qərar”a gəldi və davranışlarımda bəyənmədiyi cəhətləri budayıb atmağa başladı; toyumdan üç ay sonra ilk silləmi yemişdim. Sonra həyat tutduğu yolla davam elədi. Yemək bişirən, ev yığışdıran, uşaq doğan, birindən az birindən çox bir varlıqdım. Susmaq, içinə atmaq kimi vərdişlərim daha çoxaldı çünki ərim dediyindən dönməyən, zərrə qədər mübahisə-müzakirə taqəti olmayan küt öküz kimi bir şey idi. Zamanın sürətinə çata bilmədən, yaşadıqlarımı düşüncələrimdə rahatlamadan övladlarıma ana, ərimə arvad olmuşdum. Yaşamalı olduqlarımın əsl şəxsiyyətimi basdırmasına dözmək asan deyildi. Başa düşürəm ki, bu üsyankar duyğuyla məni nə tanrı, nə də ciblərini dolduran insanlar üçün qurduqları cəmiyyəti hər şeydən qorumağa hazır düşüncələr qəbul edər. İçimdə yaşadıqlarıma görə intiqam almaq hissim yoxdur, yaxud, fədakarlığıma görə peşman deyiləm. Amma təkcə ehtiyacım olan sevginin, diqqətin olmaması, üzümə baxan insanların daima sağı-solu, irəlini-gerini görməsi, bütün ömrüm boyunca doğmalarımla bir dəfə “göz-gözə” gələ bilməmək ruhumda əbədi bir sızıltı yaradıb. İyirmi yaşlarımda dəfələrlə intihar haqqında düşünmüş, öz-özümə kaş ki, heç doğulmazdım demişdim. Ailə həyatım əvvəlcədən müəyyənləşdirilmiş nöqtələrdə olmaqdan və bəzi vəzifələri yerinə yetirməkdən ibarət idi. Subaykən xidmətində anası dayanan, cinsi istəyini isə orda-burda təmin edən bir adam indi bütün bunları mənə yükləmişdi və əvəzində minnətdarlıq duymur, əksinə məni yaşatdığı üçün minnət edirdi. Hərdən yediyim çörəkdən iyrənir, cinsi əlaqələrimin cüzi həzzinə görə özümə nifrət edirdim. Yeganə duyğusal bağım övladlarımla idi ki, qəlbimi dolduran nifrət, çarəsizlik və qorxaqlıqdan hər gün daha da artan qəsvətdən zamanla onlarla da kinli olmağa başlamışdım. Elə uşaqların da bizdən qazandığı ən çox kin-küdurət idi.
Nə edə bilərdim, boşanmaq? Mümkün deyildi. Atam dəfələrlə ən səmimi söhbətlərində ordan ancaq ölün gələr deyərdi. Boşanıb belə bir cəmiyyətdə tək başına yaşaya bilmək asan deyildi. Savadsız və bacarıqsız bir qadındım. Hər zaman hər cür istismar təhlükəsi var idi. Siz bunun nə demək olduğunu anlaya bilməzsiniz.

-Mən..., hə... yəqin ki-dedim, özümü itirmişdim.

-Təsəvvür edə bilməzsiz. Sizinçün daima mövcud olan zorakılığa məruz qalmaq qorxusu yoxdur. Bir qadınsa həmişə bu qorxunu özüylə daşıyır. Tanrının buna sadəcə soyumuzun davam etməsi üçün vəsilə olduğuna və dözdüyünə inana bilmirəm. Ərim ikinci azad təfəkkürün təsirilə yaranacaq polemikanın ağırlığına dözə bilməyəcək qədər cılız bir adamdır və problemi həll etmək üçün bildiyi tək çarə fiziki təsir, duyğuların ədəbsizcəsinə istismarından ibarətdir. Adətən kişilərimiz özləri üçün hər cür mənəvi və maddi rahatlıq təmin etmək məsələsində çox hiyləgər olurlar. Qadınları ta uşaqlıqdan özləri üçün münasib hala gətirməyi yaxşı bacarırlar. Yaxşı at özünə qamçı vurdurmaz kimi ata sözləri, qadınları daha dərində basdırmaq, yaxud ərləri tərəfindən bağışlanmayanları tanrının da bağışlamayacağı kimi əslinə kitabda rastlanmayan dini anlayışlardan tutmuş, həyatın hər sahəsini ehtiva edən bu cür duyğu, hiss istismarı, hər cür qorxu vasitəsilə, mənəvi və zehni rahatlıqlarına xidmət edən anlayışlarla davranış və azadlıq dairələrini kiçildirlər. Şəxsiyyətinizin analıq vəzifələrindən, qadınlıq vəzifələrindən, arvadlıq vəzifələrindən, aşpazlıq, qulluqçuluq bacarıqlarından, ərinizin, atanızın namus və qeyrət təəssübkeşliyindən, ailənin vəhdətini qorumaq məcburiyyətindən və sairə bu qədər şeydən aşağıda qalması və mükafat kimi sevginin olmaması insanı gündə yüz dəfə öldürür. Başqalarının təkidlə görmədiyi şəxsiyyətinlə yanlız sənə görünənin arasında bir müddət sonra şizofren olub gedirsən. Sonra bir də namus məsələsi var. Namus, qeyrət anlaşıylarının sadəcə qadınlar üzərindən bir tərəfli inkişafı, fahişələrlə oturub-duran kişilərin çılğınca bakirəlik davası, namus üstündə xəyali tanrıları yolunda baş kəsməyə hazır qəzəbləri və özlərini haqlı sanma davranışları sadəcə patriot cəmiyyətin pul qazanan əsas qüvvəsi kişilərin ərköyünlükləridir. Bütün həyatları yanlış içində keçənlərin ən adi qadın səhvinə göstərdikləri dözümsüklük ikrah doğurur. Mən az kitab oxumuşam amma Mışkinə Nastasya Filipovnaya evlilik təklif edəndə aşiq olmuşam. Bizdəsə belə nümunələrə rast gəlmək olmaz. Əksinə, qürurları və şüurları qıc edilmiş qadınlar kəmağıl övladlar yetişdirirlər, sonra da ölkənin icmtimai-siyasi, mədəni və elmi səviyyənin dünya standartlarında geri qalmasına görə gileylənirik. Yaşım əllini keçib amma cəmisi bir neçə ildir tək başıma səyahət edə bilirəm. Mən inqilablar edəcək, bütöv bir xalqı ardınca inkişafa daşıyacaq övladları necə yetişdirə bilərdim? Oğlanlarım atalarına, qızlarımsa mənə bənzəyirlər. Allaha qızım olmasın deyə çox dua edirdim amma dualarımı eşitmədi.
-Bəs adınız nədir?-deyə birdən soruşdum.
-Mələk-dedi, sonra da gülümsədi.”

Ülvi Həmzə Ağababa


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930