manera.az
manera.az

Sərxoş köpüklərin acı məzhəkəsi- Hekayə

Sərxoş köpüklərin acı məzhəkəsi- Hekayə


Şəhla Nihan
(hekayə)

Özünə ilğımlardan Bisutun qurmuşlara

12-nin köpüklərdən zəhləsi gedirdi. O balaca olanda anası onu kirli paltarları yuduğu böyük bir təknədə boğmaq istəmişdi. Onlar çox kasıb idilər və qadın qonşular üçün paltar yumaqla balalarına çörək pulu qazanırdı. Təknə paltarlar, çirkli su və suyun üzündə qabarıb dayanmış yüzlərlə sabun köpüyü ilə dolu idi. Bu köpüklər çöldə, günəş şüaları altında rəngdən-rəngə boyanıb, bərq vurur, şişib partlayırdılar. Anası paltarları evdə yuyurdı və komanın miskin mənzərəsindən sabun köpüyü riqqətə gəlmirdi ki, bərq də vura. Elə sadəcə öləziyib qalırdı. O vaxt 12 balaca, dəcəl, burnu fırtıqlı qızcığaz idi. Özü üçün bir adam idi, anası üçün isə sadəcə 14 dənədən 12-cisi. Uşaqlara ad qoyulmamışdı, onların hərəsinin öz sıra nömrəsi vardı. Bizim qəhrəmanı da 12 deyə çağırırdılar. Onun ən çox xoşladığı məşğuliyyət anasının ayaqlarına dolaşıb, şapalaq yemək idi. Və belə dolaşmaların birində 14 əcinnəyə (özü belə deyərdi) sahib olan qaqın dözmür və bizim 12-nin saçlarından yapışıb, başını təknəyə, köpüklü suyun içinə salır. Anası suya müxtəlif ağardıcı məhlullar tökürdü. Onlar ucuz və keyfiyyətsiz idilər. Qadının əlləri bu məhlullardan dağım-dağım olurdu. Bu vasitələrin beyinə xüsusi opiat təsiri olmamış deyildi. Çünki bu sudan udmuş qızcığazda sonra qəribə qallyusinogen əlamətlər başlamışdı. Bu hadisə 12-nin yaddaşında silinməz iz buraxmışdı. Odu-budu bədbəxt qızcığaz köpük görəndə elə bil ölümünü görürdü. Bir tərəfdən ölümdən qorxur, digər tərəfdən o qəribə vəziyyəti bir də yaşamaq istəyirdi...

Sabun qabarcıqları onun üçün qadağa bir mövzu idi. Bu “heç nə” səviyyəsində gördüyümüz köpücüklər 12-nin həyatında əlahiddə rol oynayırdı. Məhz köpüklər, bu şişkin, mənasız, içi boş heçnələr ona həyatının bütövlükdə onlar kimi bir heç nə olduğunu sübut etmişdi. Məhz başı ilə onların talesiz dünyasına baş vuranda anlamışdı ki, bir HEÇ NƏdir və bu dünyanın üstü ilə irəliləməsə heç kəsin vecinə də olmayacaq. Onda özü üçün ölmüşdü. Ona avara əyyaşa, kobud, söyüngən arvadbaza ərə getməyi təklif edəndə də heç fikirləşmədən razılıq vermişdi. Bu əyyaşın özü kimi axmaq, əxlaqsız və daim sərxoş, üst-başının kirindən cin hürkən dostlarının tərbiyəsizliyinə və kobudluğuna da dözəsi olurdu. Onun həyatı köpükcük idi. Köpükcük üçün isə fikir çəkməyə dəyməzdi..


12 çox gözəgəlimli qadın idi. Ağappaq əndamı, gözəl biçimli ayaqları, şux sinəsi və yumru ombaları heç kəsi laqeyd buraxmırdı. Upuzun xurmayı saçları kürəyində qıvrılıb açılır, büzdümünə qədər enirdi. Gözlərinin isə çalardan-çalara düşən çox qəribə rəngi vardı.

İndi, bu şıltaq payız gecəsində o, pabdadır. Çirkli, divarına mənhus iylər hopmuş şüşəsiz-pəncərəsiz əyyaşlar ocağında. Burada tək-tük qadınlara da rast gəlmək olur, amma əsasən kişilər yığışır bura. Ya ətraf tikintilərdə işləyən fəhlələr, ya da işsiz-gücsüz avara tüfeylilər. Ərinin vaxtını keçirdiyi əsas məkan. Oturub 12. Taxra sınıq masa arxasında oturub, ərinin dostları ilə kart oynayır. Kartı pula oynayır. Ona pul lazımdır. Ağlı bu sərxoş axmaqlardan daha iti işləyir və bəzi firildaqlar üzrə mahir ustadır. Həyat özü ona hər şeyi öyrədib. Az qoyub çox götürməyi… O udmalıdır. Mütləq udmalıdır və evə pul aparmalıdır. Yenə masanın altında hansısa axmaq ayaqlarına sürtüşməkdə… Bəzən iki-üç tərəfdən toxunurlar ona, onda 12 ayaqlarını çəkib, onların masanın altında qovuşmalarına, bu sərxoş sarsaqlara ürəyində gülür..

Onunla çox qaba hərəkət edərdilər və öz sərt davranışlarından cuşa gəlib hırıldaşardılar. 12 bu axmaqların lal olmasını istərdi. İstərdi ki, onların boş, mənasız, şit sözlərini, zarafat və lətifələrini eşitməsin… ya da özünün kar olmasını...

O udmalıydı. Mütləq. Uduzmağa ixtiyarı yox idi.

O oynayırdı. Artıq gecə yarıdan keçmişdi. Eşikdə isə yağış yağırdı.

Uşağı can üstədir. Həkim lazımdır. Əri evi dolaşır. Qadını gözləyir əbləh. O evə gələn kimi qazandıqlarını tutub alacaq əlindən. Həkimin pulunu üstünə atıb (dərmanlara pul çatmayacaq onsuz da), yerdə qalanını götürüb üz tutacaq həmən o paba, bayaq qadınının ayaqlarına sürtüşən dostları ilə qumar oynamağa və sərxoşluq etməyə. Yox, hərgah qadın evə az pulla dönsəydi, ərinin sözü ilə “əliboş” (uduzmasından heç söhbət belə getmirdi. 12 o cür zəngin təcrübə ilə heç vaxt uduzmurdu)... onda vaveyla!... əzişdirilib, qolu-bədəni sıyrılmış halda yenə göndəriləcəkdi, bu dəfə başqa ünvana. 12 isə istəmirdi başqa ünvana...

Bu şəhərdə çox iyrənc bir yer vardı – kirli, ucuz, yöndəmsiz bir əxlaqsızlıq yuvası. Dəhşətli bir yer idi və həmin bu məkanın sahibəsi – bığlı, bayağı, pozğun, üzü ət xalları ilə dolu şişman eybəcər qadın onun sarsaq ərinin yaxın rəfiqəsi idi. Onun 12-yə gözü düşmüşdü və qızı bura gətirtmək üçün dəridən-qabıqdan çıxır, dostunu öz xeyrini bilməməkdə suçlayırdı. “Göndər onu bura, heç nəyə ehtiyacın olmayacaq, ağa kimi dolanacaqsan” deyirdi. 12 bütün bunları bilir, var qüvvəsi ilə çalışırdı ki, udsun, müəyyən məbləği götürsün, heç olmasa həkim pulunu... Həkim dedikləri adam əslində veterinar idi. Bu yoxsul fəhlə qəsəbəsinin həm pediatrı, həm terapevti, həm də qinekoloq və stomatoloqu idi. Savadsız da olsa hər sahədən azacıq başı çıxırdı. Bu ac, yoxsul qara camaat ücün isə böyük bilici idi. Və o çox pul almazdı xəstələrindən. Hamının vəziyyətini başa düşürdü, cünki özü də eyni taleyə məhkum idi.

Budur, oyun bitir. 12 istədiyi məbləği götürüb kətili kənara itələyir və ayağa qalxır. Yanındakı da qalxıb sərt hərəkətlə onun qolundan yapışır, ağzını qulağına dayayıb nəsə pıçıldayır ona, sonra sual dolu nəzərlərini qadının üzünə dikir. Qadın nifrətlə onun üzünə baxıb başı ilə yox deyir, dönüb bu iylənmiş pisliklər ocağından çıxır. Tərk edir buranı, başqa bir kirli-paslı ocağa, öz yurduna dönmək üçün. Eşikdə isə... eşikdə yağış havanı tam təmizləmiş, insanların pislik və əclaflıqlarını qabağına qatıb yuyub aparmış küçələrdən. Sərin havanı ciyərlərinə çəkir.....Yüngülcə başı gicəllənir, ürəyi bulanır. Elə yağışın altındaca bir ağac kötüyü tapıb oturur. Saçlarını yana darayıb sinəsini açır. Yağış sillələyir üzünü, sinəsini....ona xoşdur... sanki təmizlənmək, göylərin göz yaşında, bu saf kosmik suda çimmək istəyir... Qalxır, evinə doğru tələsir, pulu çatdırmalıdır.

12 həmişə özünü ovundurmaq üçün nəsə tapırdı. O heç vaxt məyus olmurdu, heç vaxt. O bilirdi, bilirdi ki, evdə ərindən gizli, mətbəxin bir küncündəki köhnə, sınıq-sökük divar şkafında yixarıdan ikinci ləmədə, köhnə, cəng atmış samovarın arxasında qara əskiyə bükülmüş çox qiymətli bir şey onu gözləyir. Ah... bunu düşünəndə gözləri qıyılıb axıb-gedir - bir şüşə rom...

O bütün dərdini bu şüşədə boğurdu. Onu çox əzizləyirdi və qənaətlə içirdi. Amma o qədər içirdi ki, unuda bilsin hər şeyi. 12 üçün bu bir dünya sevincin özü idi. Əvvəllər özündən ayrılmaq istəyəndə bir tabaq götürüb içinə sabun atardı və anasının işlətdiyi məişət kimyəvi vasitələrindən tökərdi ora. Sonra əli ilə suyu qarışdırıb, köpük əmələ gələnə qədər gözlərdi və başını suya salıb azacıq udardı bu sudan. Keçmişinə qayıdardı, anasını xatırlardı, uşaqlığını... Tam o vaxtlar olduğu kimi qallyusinasiyalar başlardı, beyni dumanlanardı, yüngülcə başgicəllənmə, səntirlərdi. Əlləri əsməyə başlardı, tənəffüs tezləşərdi, sonra isə....sonra özünü unudardı. İllyuzor, qallyusinator pozğunluqlar, eyforiya başlardı. Qəribə mənzərələr durardı gözünün qabağında. Ən çox gördüyü iri yun yorğan olardı. Bu yorğanın ölçüləri durmadan artardı. 12 ona əli ilə toxunardı və heç vaxt heç yerdə duymadığı bir yumşaqlıq hiss edərdi. Bulud yumşaqlığı. Sanki yorğan sadəcə bir qaz topası idi. Sonra bu yorğanı nəm-nazik bir iynənin bapbalaca gözündən keçırərdi, ipək parça kimi. Keçirərdi və keçirib qurtaranda ayaqları yerdən üzülərdi.

Bir şey vardı ki, bu təcrübə ona sonra çox pis təsir göstərərdi, müxtəlif anlaşılmaz ağrılar sarardı bədənini, uzun müddət özünə gələ bilməzdi. O vaxtlar hələ çağası da körpə idi. Başa düşürdü ki, belə halda uşağa süd vermək olmaz, amma uşaq kasıbçılıq nə olduğunu bilmirdi axı, elə hey çığırırdı. Əri evdə olduğu zaman isə körpənin səsi çıxmamalıydı, ona görə vəziyyətindən asılı olmayaraq uşağı südsüz qoymazdı...

Özü üçün gizlin yığdığı pula rom almışdı. Düzdür, içki narkotiklərdən aldığını yaşatmasa da, hər halda aparırdı onu, uzaqlaşdırırdı, hər şeydən və hər kəsdən - dünyadan, ehtiyacdan, məşəqqətdən, təhqirlərdən, oyundan, çağasından, ən əsası özündən. Bu bəs idi ona..

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930