manera.az
manera.az

Hansı həqiqətə inanırsan? - Günel Eyvazlının tərcüməsi/ MANERA.AZ

Hansı həqiqətə inanırsan? - Günel Eyvazlının tərcüməsi/ MANERA.AZ


O, nadir antik kitab nümunələrinin kolleksioneri idi. Qədim kitabları ölümdən xilas edər, unudulmuş imzalara ikinci həyat bəxş edərdi.
Nodenin nağıllarının arxasından daima müdriklik və həqiqət boylanır.

Böyük Fransa burjua inqilabı başlayanda Şarlın doqquz yaşı var idi. O, uşaq yaşlarından “möcüzəli uşaq” adını artıq qazanmışdı. Şarl Node doğma Bezanson şəhərinin mərkəzi meydanında inqilab yönümlü fikirləri ilə çıxış edər, eyni zamanda öz şeirlərindən parçalar söyləyərdi.

Şarl inqilabdan sonra da gizli təşkilatlarla əlaqə saxlayar, bu təşkilatlar onu özünə cəlb edərdi.

On yeddi yaşı olarkən Bezansonda gizli təşkilat yaratmışdı. Təşkilat üzvlərinin əsas işi təbiətin və ətraf aləmin tədqiqatı ilə məşğul olmaqdan ibarət idi. Beş ildən sonra Node Parisdə gənclərdən ibarət bir başqa gizli birliyə üzv olur. Gənc meditatorlardan ibarət olan bu gizli birliyin əsas məqsədi sivilizasiyadan uzaqlaşaraq “antik müdriklər” adı altında qardaşlıqlar yaratmaq idi.

Şarl Nodenin çılğın gəncliyi macəra ilə zəngin idi. Zindanda yatmasının əsas səbəbi isə Napaleonun şərəfinə yazmış olduğu satirik odası idi. Ardıyca, imperatorun həyatına sui-qəsd planını gerçəkləşdirməkdə də suçlu bilinən Node polis orqanları tərəfindən axtarılırdı. Polislərdən qaçan Şarl dağlara çəkilmiş və açıq səma altında gecələyərdi. Bütün bunlar onun həyat tərzinə birbaşa olaraq təsir göstərirdi. Xaraktercə inqilabçıya çevrilən Şarl ömrünün sonuna qədər belə qalır. Bu isə hər adama məxsus olan xüsusiyyət deyil.

Onun yazıçılıq fəaliyyəti “Həşəratların bığcıqlarının əsas funksiyası və onların eşitmə orqanları” adlı tədqiqat materialından başlamışdı. Bu iş entomologiya sahəsində yazılmış tədqiqat yazısı kimi Nodenin ilk çap əsəri idi. Elə onun təbiətə vurğunluğu da buradan başlamışdı. Bütün həyatı boyu Şarl Node kəpənəklərin tədqiqatı ilə məşğul olar və onları çox sevərdi.

“Mülahizələrin...” ardından “Kiçik həşəratların biblioqrafiyası” kimi yazıları yazılmağa başladı. Ardınca daha təkmil yazılar gəlməyə başladı. Node “Fransız lüğətlərinə tənqidi baxış”, “Linqvistikanın başlanğıcı” kimi dəyərli yazılar yazmağa başladı. Du şəhərində isə onun fəlsəfə, gerçək tarix mövzularında açıq mühazirələri təşkil olunurdu.

Şarl özünü bütün sahələrdə sınaqdan keçirirdi. Ədəbiyyat onu hər gün daha çox özünə cəlb edirdi. Bütün bunlar zəngin təfəkkürlü ingilisi tərcümələr etməyə də sövq edirdi. O, Laybax (indiki Lyublyana) şəhər kitabxanasına müdir təyin olunduqdan sonra Qoratsiyanın tərcüməsi ilə məşğul olur.

Node çoxşahəli şəxsiyyət idi. Bir insanda linqivist, entomoloq, biblioqraf, tarixin bilicisi, nağıl yazarı, romançı, tərcüməçi və.s kimi keyfiyyətlər cəmləşmişdi.

Bəs qələmi necə, rəngarəng idimi?
Onun qələmi sentimental və romantik idi. Məhz bu üsluba malik qələm Avropada dünyamiqyaslı bestsellerlər yaratdı.

Xeyirxah quldur obrazı - Jan Sboqare dünyaca məşhur personajlardan biridir. Xaraktercə şən və ironik olan Node, yaradıcılığının ilk vaxtlarında bədbəxt sonluqla bitən məhəbbət mövzularında, cəmiyyət üzvləri arasında konfliktlərlə əhatələnmiş əsərlərin yazılmasını da sınaqdan keçirmişdi. Onun satirası isə zaman keçdikcə daha çox müdrikliklə, aqilliklə, dərinliklə zənginləşirdi.

O, özünü “Dərin düşüncəli satirik” adlandırırdı. Amma Nodenin ironiyası ağrı və kədər ilə əhatələnmişdi. “Texniki inkişafın köməkliyi ilə insanlığın, bəşəriyyətin gələcəyini qurmaq mümkün deyil. Yeni kəşf olunmuş əşyanın taleyi kimin əlinə düşməsindən asılıdır.”

Bəzən Node sanki dünyanın qurtaracağına gəlirdi. Harada görünüb ki, dəlicəsinə işinə vurğun olan kolleksioner, bibliofil birdən birə, müasir mədəniyyət Qutenberqin (ilk alman kitab çapının ixtiraçısı) layiqli davamçısını hələ tapmayıb, söyləyir.
Sərt deyilibmi? Şərhsizdirmi?
19 –cu əsrin 30-cu illərində Fransada hər gün bir roman işıq üzü görürdü. Bir-birinə bənzər və müasirliyə can atan eyni üslublular həqiqəti unudurdular. Nodeni də narahat edən başlıca səbəb elə bu idi.
O yazırdı: “Hər xalqın özünün poeziyası var. Bütün uşaqlara nağıl lazımdır... Məhz bu nağıllarda xalqın düşüncə tərzi, xarakteri yaşayır. Bizim tutqun təfəkkürümüz və pedantlığımız bu tip kitabları didik-didik edir. Əslində isə bütün bu kitablar sadə qəlbli keçmişimizin arxividir, saxlancıdır. Onlarda hər şey var, keçmişimizi bizə xatırladacaq, hər şey.”

1824-cü ildə Şarl Node Paris Arsenalında kitabxanaçı postuna təyin edilir. Bu vəzifəni o, ömrünün sonuna qədər, 20 il davam etdirir.
Tezliklə Nodenin kitabxanası Fransanın “bütün romantik poeziya nümayəndələrinin” görüş yerinə çevrilir. Viktor Hüqo, Stendal, Teofil Qotye, Jerar de Nerval, Merime və Myusse – onların hamısı Şarl Node ilə dostluq edər və buraya gələrək onun əyləncəli əhvəlatlarını dinləyərdilər.

Aleksandr Düma öz xatirələrində belə yazır: “Node keçmiş hadisələri elə nəql edərdi ki, elə bil bütün bu hadisələrdə özü şəxsən iştirak edirb. O, hamını tanıyırdı - Dantonu, Şarlotta Kordeni, III Qustavı, Kaliostronu, II Yekaterinanı, Böyük Frisrixi... sanki o, dünyanın yaradılışında belə iştirak etmişdi. Əsrləri özü arxada qoymuşdu”.

Node kitabları çox sevirdi. Elə bil bu məhəbbət onun qanında axırdı. Bu kitabların arxasında keçmişi, tarixi, milliliyi, xalqın, ölkənin gəldiyi yolu görürdü. Əslində inqilabdan sonra bütün qədim heykəllərin, kitabların qorunmağa, xilas olmağa ehtiyacı var idi. İnsanlar onları düşünmədən, onların qiymətini, zəngin xəzinə olduğunu bilmədən məhv edirdi. Sonra bu kitabların yırtılmasından yeni əcaib sənət növü meydana gəldi. Bahalı üzlüklü kitablar cildindən ayrılaraq qadın tuflilərinin hazırlanmasında istifadə olunurdu. Xarab olmayan səhifələri isə məhsulları yığmaq üçün baqqallara verərdilər.

Node kitabların xilaskarı kimi ilk olaraq meydana atıldı. Sonralar isə bu işi onun müasiri Viktor Hüqo da davam etdirdi.
Node əsl cəngavər idi. Mehriban, sadə bibliofil. Günün necə başlanmasından asılı olmayaraq o, hər gün Sena çayının ətrafında toplaşan bukinistlərin yanına yollanardı.
Gah onun qarşısına tamamilə yararsız hala düşmüş kitablar çıxar, gah nadir ekzemplyarlara rast gələr, gah da qayğıkeç sahibindən məhrum, təklikdən saralıb-solmuş kitablar rast gələrdi. Əlbəttə, bu kitablar kifayət qədər baha qiymətə satılırdı. Node bu kitabları hər yerdən - konditer evlərindən, baqqal dükanlarından, dəri emalatxanalarından xilas edərdi. Bu tapıntılardan uşaq saflığı ilə sevinərdi. Sonralar isə kitabları bərpa etmək üçün böyük məhəbbətlə basma üsulunu öyrənmişdi. Hər bir işarəyə diqqət yetirən Şarl onların dərin mənalarını anlayar və qiymətini bilərdi.

Node nəinki kitabları unudulmuş, yaddaşlardan silinmiş imzaları da xilas edirdi. Onun və dostu Viktor Hüqonun köməyi ilə müasirləri, Fransua Rable, Sirano de Berjerakanı yenidən xatırlayaraq qiymətləndirməyə başladılar.
Nodenin özü isə adının tarixə qalacağından xəbərsiz idi. O, özünəməxsus ironik tərzi ilə belə yazırdı: “Budur! Mən kədərli düşüncələrə dalıram. Öz-özümə beynimdə axtarışlar edirəm. Bütün bu əziyyətlərimdən sonra məndən geridə nə qalacaq? Əslində yaradıcı insanı ən çox düşündürən və onu bu mərhələyə gətirib çıxaran əsas məqamlardan biridir. Yazıçının yaşamaq uğrunda bir növ çabalarıdır. Dəyərmi bu qədər yazmağa! Axı mən Dante kimi sürgündə idim, Tassu kimi məhbus idim, Petrarkadan betər aşiq olurdum. Tezliklə ilahi Homer və Milton kimi göz nurumu itirəcəyəm. Mən Bayrondan az axsayıram, amma ondan fərqli olaraq hədəfə daha yaxşı atəş açıram. Gerçək tarixi Hötedən az bilmirəm, qədim kitabları öyrənmək baxımından Volter Skottdan pis deyiləm və hər gün Volterdən bir fincan çox qəhvə içirəm. Bütün bunlar – mübahisəsiz faktlardır. Bəlkədə dediklərim haqqında mənim nəslim bir kəlmə belə eşitməyəcək. Əlbəttə, əgər nəslim olacaqsa. Belə bir şəraitdə nəyinsə çatışmadığını hiss edirəm. Bəli, məndə iki nəsnə çatışmır! – bir neçə dəqiqədən sonra öz-özümə pıçıldayıram. Məndə həm şöhrət gətirən istedad yoxdur, həm də bu şöhrəti gətirəcək uğurlu günüm yoxdur”.

Əslində Node çox doğru deyirdi. İndinin özündə də Fransada mütəxxəsislərdən savayı heç kim onun məqalə, roman və nağıllarını oxumayır. Yalnız “Çörək qırıntılarının feyası” nağılı onun məşhur yazısı sayıla bilər.
Balzak onun haqqında belə deyirdi: “Siz bizim əsrimizə qeyri-adi fikir, baxış sərgiləmisiniz. Yazılarınızdan boylanan fəlsəfi fikirləriniz isə ağrılı düşüncələrə sövq edir”.
O, ömrünün sonuna qədər əfsanələr, nağıllar yazır və bütün ömrü boyu optimist olaraq qalır. Node bu qənaətə gəlmişdi ki, nağıllar bütün həyatımızı işıqlandıra bilər. Çünki onlar bizə dürüst, mehriban, özümüzdən daha çox yaxınlarımız haqqında düşünməyi öyrədir. Sevməyi və sevgi uğrunda mübarizə aparmağı öyrədir. Axı bütün bu xüsusiyyətlərsiz yaşamağın nə mənası var?

“Çörək qırıntılarının feyası” nağılı sehrli və olduqca şən təəssüratı yaradır. Amma daxildə kifayət qədər ironiya mövcuddur. Nağılda dəri əlcəkli köpəklər, tutuquşu səsli və meymun hərəkətli vəkillər obraz olaraq görünür. Nağıl həm güldürür, həm ağladır, həm də düşündürür.

Nodenin nağıllarını bütün nağıllar kimi oxuyub, kənara qoyub unutmaq olar. Həm də dərindən düşünmək olar. Hər sətirdən həqiqət görünən bir nağılda mehribanlıq harada ola bilər? Nədən yazıçı bu həqiqətləri nağıl arxasında gizlədir?

Node daima öz oxucusunun başını gicəlləndirirdi, həmişə seçim qarşısında qoyurdu, labirintə salır və hər yol ayrıcında yeni yollarla tanış edirdi.

Məgər bütün həyatımız belə deyilmi? Sehrli nağıla bənzəmirmi?
Şarl Node oxucusuna daima eyni sualı ünvanlayır: hansı həqiqətə inanırsan?

Tərcümə etdi, hazırladı: Günel Eyvazlı
Mənbə:
“Sərhədsiz insan” jurnalı, İlya Buzukaşvili
Литературная энциклопедия. Т. 8. — 1934 (Ədəbi ensiklopediya)
Lib.ru - Şarl Node
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930